Məhkəmə qərarları › İş №2(006)-1650/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1650/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1650/2021 10.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, 3-cü şəxslər Azərbaycan Respublikası Mərkəzi Bankına, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Cavabdeh4 MMC-yə qarşı “kompensasiyanın hesablanması, kredit borcunun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx.xx.2019-cu il tarixli Fərmanına əsasən, onun Ləğv prosesində olan "Cavabdeh1" ASC-də qalıq əsas kredit borcunun güzəştli şərtlərlə illik 1% olmaq şərti ilə, 5 il (1 il güzəşt müddəti ilə) müddətinə Ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu arasında restrukturizasiya olunması; xx.xx.2014-cü il tarixli, №190005844 saylı kredit müqaviləsi üzrə Ləğv prosesində olan "Cavabdeh1" ASC-nin Lənkəran filialından onun götürmüş olduğu 6370 ABŞ dolları məbləğində kredit borcunun xx.xx.2015-ci il tarixə qalıq əsas borcu üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən kompensasiyanın yenidən hesablanması; Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ona məxsus müəyyən olunmuş yeni kompensasiya məbləğinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən nəzərdə tutulan dövlət zəmanətinin rəsmiləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi; ayrılmış kompensasiyanın onun Ləğv prosesində olan "Cavabdeh1" ASCdəki kredit borcunun əsas məbləğindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirdi və izahatında göstərdi ki, ləğv prosesində olan "Cavabdeh1" ASC-nin Lənkəran filialına təsərrüfatının genişləndirilməsindən ötrü kredit üçün müraciət etmişdir. Müraciəti müsbət dəyərləndirilərək, xx.xx.2014-cü il tarixində kreditorla №190005844 saylı kredit müqaviləsi bağlayaraq, ona 32% olmaqla, 24 ay müddətinə 6370 ABŞ dolları məbləğində kredit verilmişdir. Belə ki, bankdan krediti götürdüyü müddətdən 3 ay keçdikdən sonra, yəni, xx.xx.2015-ci il tarixində ölkədə Azərbaycan manatı devalvasiyaya uğrayaraq öz dəyərini 34% itirmiş və məzənnə 1 ABŞ dolları=0.78 manatdan 1 ABŞ dolları=1.05 manatadək qalxmışdır. Devalvasiya nəticəsində ödəniş qabiliyyəti aşağı düşdüyündən, banka müraciət edərək, aylıq ödənişlərinin də, aşağı məbləğə salınmasını xahiş etmişdir. Bank, daxili kreditləşmə şərtləri çərçivəsində, xx.xx.2014-cü il tarixli kreditinə, xx.xx.2015ci il tarixli əlavə saziş müqaviləsi tərtib edərək, 5359.12 ABŞ dolları qalıq kredit borcunu restrukturizasiya etmişdir. Buna baxmayaraq, ölkədə ikinci dəfə devalvasiya baş verərək, Azərbaycan manatı bu dəfə öz dəyərini 47% itirərək, məzənnə 1 ABŞ dolları=1.05 manatdan 1 ABŞ dolları=1.55 manatadək yüksəlmişdir. Artıq ödəniş qabiliyyətini tamamən itirdiyindən və kreditor bank tərəfindən də, hər hansı bir güzəştli şərt borclulara təqdim olunmadığından, aylıq kredit ödənişlərini ödəyə bilməmişdir. Belə olduğu təqdirdə kreditor təşkilat aidiyyatı üzrə Lənkəran rayon Məhkəməsinə müraciət edərək, cəmi 5828.86 ABŞ dolları məbləğində borcun ondan və qeyrilərindən alınaraq, "Cavabdeh1" ASC-yə ödənilməsini xahiş etmişdir. İddia xx.xx.2017-ci il tarixində, 2(049)-1018/2017 saylı qətnamə ilə qismən təmin edilərək, ondan və qeyrilərindən cəmi 5498.57 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq, tələbkar "Cavabdeh1" ASC-yə ödənilməsi qət edilmişdir. Bütün bu ürək ağrıdıcı hadisələrin fonunda, müasir Azərbaycan dövlətinin yaradıcısı Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və cənab X6 tərəfindən uğurla davam etdirilən düşünülmüş və uzaqgörən siyasətin nəticəsi olaraq, "Azərbaycan Respublikasında fiziki şəxslərin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28.02..2019cu il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi saytından (pk.cbar.az) "kompensasiya məbləğinin sorğulanması" bölməsindən çıxarış əldə edərkən görülür ki, ləğv prosesində olan "Cavabdeh1" ASC-nin Lənkəran filialından götürmüş olduğu əsas kredit borcu üzrə, devalvasiya ilə bağlı artmış hissəsinə onun üçün 3215.47 manat məbləğində kompensasiya hesablanmışdır. Hesablanma qaydasına nəzər yetirərkən, rəsmilərin yalnışlığa yol verdiklərini aşkar şəkildə görmək olar: Ləğv prosesində olan "Cavabdeh1" ASC-nin Lənkəran filialından xx.xx.2014-cü il tarixində 6370 ABŞ dolları məbləğində kredit götürməyinə baxmayaraq, xx.xx.2015-ci il tarixində baş vermiş devalvasiyanın əhatə dairəsinə sözügedən kredit borcunun düşməsinə rəğmən, kompensasiya sorğulanması bölməsində görürük ki, onun 6370 ABŞ dolları kredit öhdəçiliyi barədə ümumiyyətlə qeydlər aparılmamışdır. Buna da səbəb, Cavabdeh4 MMCdən əldə etdiyi çıxarış əsasında deyə bilər ki, ləğv prosesində olan "Cavabdeh1" ASC-nin Lənkəran filialından götürmüş olduğu xx.xx.2014-cü il tarixli 6370 ABŞ dolları kredit borcu barədə X1 Kredit Reyestri Xidmətinə məlumatın ötürülməməsi olmuşdur. Daha sonra cavabdeh, qalıq əsas borcunun restrukturizasiyası barədə xx.xx.2015-ci il tarixli 5359.12 ABŞ dolları məbləğində olan əlavə sazişi təqdim etmişdir. Hətta çıxarışdan aşkar şəkildə görünür ki, kredit müqaviləsi xx.xx.2015-ci il tarixində bağlanmasına baxmayaraq, səhvən 5359.12 ABŞ dolları məbləğində olan kreditin verilməsini xx.xx.2014-cü il kimi qeyd etmişlər. Hesab edir ki, cavabdehdən götürmüş olduğu xx.xx.2014-cü il tarixli 6370 ABŞ dollarlıq kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixində qalıq əsas borcu, ödəniş cədvəlinə əsasən qeyd edə bilər ki, 5775.688 ABŞ dolları təşkil edib. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına istinad etsək görülür ki, xx.xx.2015-ci il tarixinə xarici valyutada mövcud olan kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0.25 manat (0.15 ABŞ dolları) kimi kompensasiya qiymətləndirilmişdir. Amma təəssüflər olsun ki, sərəncamın 1.1-ci bəndi bank əməkdaşlarının səhlənkarlığı nəticəsində ona şamil olmamışdır. Halbuki, qeyd olunan riyazi hesablamaya nəzər yetirsək (5775.68*0.25) görmək olar ki, onun kompensasiyanın üzərinə 1443.92 manat gəlməli imiş. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx.xx.2019-cu il tarixli Fərmanının 6-10 –cu bəndləri üzrə Ləğv prosesində olan "Cavabdeh1" ASC-nin Lənkəran filialından götürmüş olduğu xx.xx.2014-cü il tarixli 6370 ABŞ dolları kredit borcu, güzəştli şərtlərlə illik 1 faiz olmaq şərti ilə, 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunmali idi. Sərəncamın bu hissəsindən də kənarda qaldığını görərək, silsilə şəkildə Mərkəzi Banka və Ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ardıcıl və rəsmi şəkildə müraciətlər etməyə başlamışdır. Alınan cavabların heç biri bir-birini tamamlamırdı. Hətta yüksək zümrəli Vüqar Abdullayevdən və Habil Məmmədovdan cavab alarkən, verdikləri cavab məktublarına görə gülünc qınağına çevrilirdilər. Görünür adlarını qeyd etdiyi ziyalılar, qarşılarına qoyulan məktubları oxumadan və imzalarının hansı mahiyyəti kəsb etdiyini düşünmədən bu addımları atmışlar. Nə yaxşı ki Ali hakimiyyət orqanı olan – Məhkəmə xx.xx.2017-ci il tarixində, 2(049)-1018/2017 saylı qətnamə ilə borcuna hüquqi qiymət vermişdir. Yuxarıda geniş şəkildə qeyd etdiyi hüquq pozuntularının bərpasından ötrü dəfələrlə aidiyyatı orqanlara müraciət etməyinə baxmayaraq, bu günə qədər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx.xx.2019-cu il tarixli Fərmanının əhatə dairəsindən əsasız şəkildə kənarda qalmışdır. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin edilməsini Məhkəmədən xahiş etdi. Cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun, 3-cü şəxslər Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin, Cavabdeh4 MMC-nin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci madəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ASC ilə İddiaçı arasında 24 ay müddətinə illik 32 faiz olmaqla 6370 ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2(049)- 1018/2017 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər İddiaçı və X4 müştərək qaydada əsas borc 5298.44 ABŞ dolları, faiz borcu üzrə 160.13 ABŞ dolları və cərimə borcu üzrə 40 (qırx) ABŞ dolları, cəmi 5498.57 ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumuna görə 28.2 manat tutularaq iddiaçı "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər İddiaçı və X4 tutulacaq 5498.57 ABŞ dolları məbləğində kredit borcu Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablanması qət edilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla xx xxxx 2019-cu il tarixdə ********** nömrəli Qərarla Palata tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (xx.xx.2015- ci və xx.xx.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə xx xxxx 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə X3 tərəfindən bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği qırx beş gün müddətində müəyyən edilməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan qanunvericiliyə əsasən ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin (kompensasiyanın) məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikasının Maliyyə X2 (hazırda Mərkəzi Bankın) səlahiyyətinə aid edilmişdir. Banklar isə Palatanın (hazırda Mərkəzi Bankın) müəyyən etdiyi pul məbləğini siyahıya alınmış şəxslərə ödənilməsini təmin edirlər. Beləliklə, kompensasiyanın məbləğini və ödəniləcək şəxslərin siyahısını Banklar müəyyən etmirlər. Buna görə də məhkəmə hesab edir ki, iddia ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə təmin edilməməlidir. Məhkəmə iddia tələblərinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, 3-cü şəxslər Azərbaycan Respublikası Mərkəzi Bankına, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Cavabdeh4 MMC-yə qarşı “kompensasiyanın hesablanması, kredit borcunun silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, 3-cü şəxslər Azərbaycan Respublikası Mərkəzi Bankına, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Cavabdeh4 MMC-yə qarşı “kompensasiyanın hesablanması, kredit borcunun silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar