Məhkəmə qərarları › İş №2(006)-1664/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1664/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1664/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X1 və iddiaçının vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmanət məbləğinin geri qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «əmanət məbləğinin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə “xxxx” ASC-nin “Gəncə” filialı ilə iddiaçı arasında 2-251858-2 09.2018 nömrəli bank əmanəti müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı cavabdeh bankda illik 3 faiz ödənilməsi şərtilə 12 ay müddətinə 12500 ABŞ dolları əmanət yerləşdirmişdir. Əmanət müqaviləsi bağlanan anda iddiaçıya məxsus əmanət məbləği qanunla tam sığortalı əmanət kateqoriyasına aid olmuş və dövlət tərəfindən tam sığortalanmışdır. Belə ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 8.1.20-ci maddəsinə əsasən, qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Həmin dövrdə Mərkəzi Bank tərəfindən xarici valyutada qoyulmuş əmanətlərin dövlət tərəfindən sığortalanmış hesab olunması üçün əmanət faiz maksimum 3 (üç) faiz ola bilərdi.xx.xx.2019-cu il tarixdə sözügedən əmanət müqaviləsinin müddəti bitmiş və beləcə müqavilənin 4.3-cü bəndi işə düşmüşdür. Həmin bəndə əsasən, müqavilənin 4.1-ci bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu günədək əmanət əmanətçi tərəfindən tələb olunmazsa, növbəti gündən etibarən müqavilə eyni müddətə uzadılmış hesab olunur, şərtlə ki, bank müqavilənin uzadılmasına razı olsun. Bank müqavilənin müddətinin uzadılmasına razı olmadıqda müqaviləyə xitam verilir və 4.2-ci bəndi ilə müəyyən olunan qaydada əmanət əmanətçiyə qaytarılmaqla əmanət hesabı bağlanılır. Qeyd olunan bəndə uyğun olaraq, əmanət müqaviləsi avtomatik olaraq bank əməliyyat sistemi tərəfindən prolonqasiya olunmuş - yəni müddəti uzadılmışdır. Həmin ərəfədə iddiaçı əmək fəaliyyəti ilə bağlı olaraq Rusiya Federasiyasında olmuşdur. Qeyd olunan səbəbdən əmanətçi kimi bu barədə iddiaçıya heç bir məlumat verilməmişdir. Təbii ki, yeni müqavilənin şərtləri barədə məlumatı olsaydı buna razı olmazdı. Çünki ilkin əmanət müqaviləsinin müddətinin bitdiyi və prolonqasiya olunduğu anda artıq dövlət tərəfindən xarici valyutada yerləşdirilmiş əmanətlərin sığortalanması üçün müəyyən edilmiş faiz dərəcəsi dəyişmiş və 2,5 faizə düşmüşdür. Nəticədə iddiaçıya məxsus əmanət məbləği sığortalı əmanətlər kateqoriyasından çıxmışdır. Nəticədə 2020-ci ilin aprel ayında sığorta hadisəsi baş vermiş - xxxx ASC-nin fəaliyyətinə xitam verilmiş və bankla bağlı ləğv proseduruna başlanılmışdır. Kompensasiya məbləğinin alınması üçün Kapitalbank ASC-yə yaxınlaşdıqda isə iddiaçıya bildirmişlər ki, müqavilədə qeyd olunan məbləğlə hesabdan çıxarışda qeyd olunan məbləğ uyğun gəlmir. Kolliziya ondan ibarətdir ki, əmanət yenidən rəsmiləşdirilərkən əvvəlki əsas məbləğlə deyil, faizlərlə bir yerdə rəsmiləşdirilmişdir. Halhazırda bank əməliyyat sistemində qeyd olunan əsas məbləğlə əmanət müqaviləsində qeyd olunan məbləğ arasında da fərq də mövcuddur. Bank tərəfindən əmanətçinin hüquqları pozulduğundan hesab edir ki, əmanət və ona hesablanmış faiz məbləği cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Çünki bank əmanəti müqaviləsinin 2.2.2-ci bəndinə əsasən, bankın vəzifəsidir ki, əmanət hesabı ilə eyni vaxtda əmanətçiyə cari hesab açsın. Bu tip cari hesabların açılması müəyyən vəzifəyə xidmət edir. Müqavilənin 4.2 bəndinə əsasən, müqavilənin 4.1-ci bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu gün əmanət məbləği hesablanmış faizlərlə birlikdə əmanətçinin cari hesabına köçürülür. 12 aylıq müddətin sonunda həmin məbləğ mənim cari hesabıma köçürülsəydi və prolonqasiya olunmasaydı, iddiaçının əmanəti indi sığortalanmış olardı. Halbuki, bankın yeni sığortalı faiz dərəcələrindən xəbəri var idi və 4.3-cü bəndinə əsasən müqaviləyə xitam verə bilərdi. Belə ki, Mülki Məcəllənin 947.4-cü maddəsinə əsasən, əmanətçinin müddətli əmanətin məbləğini müddət qurtardıqdan sonra və ya başqa qaytarma şərtləri ilə qoyulmuş əmanətin məbləğini müqavilədə nəzərdə tutulmuş hallar baş verdikdən sonra qaytarmağı tələb etmədiyi hallarda müqavilə tələbli əmanətin şərtləri ilə uzadılmış sayılır, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın. Müqavilədə isə bu cür şərt nəzərdə tutulmuşdur. Belə ki, 9.1-ci bəndinə əsasən, xxxx ASC Əmanətlərin Sığortalanması Fondunun iştirakçısı olaraq Fonda sığorta haqqı ödəyir. 9.7-ci bəndinə əsasən isə, Fond tərəfindən hər bir iştirakçıya bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində kompensasiya ödənilir. Kompensasiya məbləğinin sığorta hadisəsi baş verən anda geri alınması üçün isə əmanətin sığortalı olması lazımdır. Bank isə iddiaçının əmanətini sığortalı olmayan faizlə yenidən rəsmiləşdirmişdir. Hal-hazırda iddiaçının “xxxx” ASC-dəki hesabında 12999 ABŞ dolları əsas əmanət, 45,36 ABŞ dolları faiz məbləği, cari hesabında isə 0,13 ABŞ dolları qalıq məbləği mövcuddur. Göstərilənlərə əsasən, iddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 2-251858-209.2018 nömrəli bank əmanəti müqaviləsinə əsasən hesablanmış 12999 ABŞ dolları əsas, 45,36 ABŞ dolları faiz məbləğinin, eləcə də cari hesabında olan 0,13 ABŞ dolları qalıq məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddianın vəkili iddiaya uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi iclasa gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan “xxxx” ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2- 251858-2 09.2018 saylı Bank əmanəti müqaviləsindən görünür ki, iddiaçı bankın depozit hesabına müqavilənin bağlandığı tarixdən 12 aylıq müddətə, yəni xx.xx.2019-cu il tarixədək 3 faizlə 12500 ABŞ dolları məbləğində əmanət qoymuşdur. xx xxxxxx 2020-ci il tarixli hesabdan çıxarışlardan görünür ki, iddiaçının əmanət hesabında 12999 ABŞ dolları, 0,13 ABŞ dolları və 45,36 ABŞ dolları pul vəsaiti vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, “xxxx” ASC ilə iddiaçı arasında xx.xx.2018-ci il tarixli 2-251858-2 09.2018 saylı əmanət müqaviləsi bağlanmış və bu müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən 12500 ABŞ dolları məbləğində pul vəsaiti 12 ay müddətinə illik 3% dərəcəsi ilə banka əmanət qoyulmuşdur. Hazırda iddiaçının əmanət hesabında 12999 ABŞ dolları, 0,13 ABŞ dolları və 45,36 ABŞ dolları pul vəsaiti vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun: 2.1.1-ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir; 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir; 2.1.2.6-ci maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir; 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət-qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya-sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir; 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir; 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir; "Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır; 5.1-ci maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun- iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Məhkəmə qeyd edir ki, “xxxx” ASC ilə iddiaçı arasında bağlanmış müqavilənin müddəti bitdiyi zaman iddiaçı tərəfindən əmanət geri götürülməmiş və xx.xx.2020-ci tarixinə kimi həmin müqavilənin 4.3-cü bəndinə əsaslanaraq müqavilə bank tərəfindən uzadılmışdır. Lakin bank tərəfindən həmin müqavilə uzadılarkən illik faiz dərəcəsi 2.5% olmuşdur. Halbuki, Müqavilənin 4.4-cü bəndinə görə, əgər əmanətçi 4.3-cü bəndinə əsasən eyni adlı əmanət növü üzrə müqavilənin davam etdirilməsinə təşəbbüs edərsə, əmanət müqaviləsi Bankın həmin günə faiz dərəcəsini və digər şərtləri tənzimləyən mövcud qüvvədə olan qaydasına əsasən yeni əmanət müqaviləsi bağlanmadan uzadılır. Əmanətlərin Sığortalanması Fondunun X4 Bazarlarına nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla xx xxxxxxxx 2016-cı il tarixdən etibarən fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanır. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla x xxxx 2019-cu il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%, xarici valyutada isə 2,5% müəyyən etmişdir. İş materiallarından göründüyü kimi, “xxxx” ASC ilə iddiaçı arasında əmanət müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlanmış, əmanət üçün illik 3 faiz dərəcəsi müəyyən edilmişdir. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, məhkəmə hesab edir ki, iddiaçının əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aid olmuş və müqavilənin 9.7-ci bəndinə əsasən Fond tərəfindən hər bir iştirakçıya bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində kompensasiya ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 2-251858-209.2018 nömrəli bank əmanəti müqaviləsinə əsasən hesablanmış 12999 ABŞ dolları əsas, 45,36 ABŞ dolları faiz məbləği, cari hesabda olan 0,13 ABŞ dolları qalıq məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. "Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış 2-251858-209.2018 nömrəli bank əmanəti müqaviləsinə əsasən hesablanmış 12999 ( on iki min doqquz yüz doxsan doqquz ) ABŞ dolları əsas, 45,36 ( qırx beş dollar, otuz altı sent) ABŞ dolları faiz məbləği, cari hesabda olan 0,13 (on üç sent) ABŞ dolları qalıq məbləği , ümumilikdə 13.044, 49 (on üç min qırx dörd dollar, qırx doqquz sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar