Məhkəmə qərarları › İş №2(006)-1669/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1669/2024

24.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1669/2024 24.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X21 oğlunun katibliyi, İddiaçı X4, Cavabdeh iştirakları ilə İddiaçı X4 Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X7 Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə kəsilmiş alimentin miqdarının iddiaçının xeyrinə dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində uşağa hər ay 235 (iki yüz otuz beş) manat alimentin və cavabdehdən əlavə xərcə cəlb olunması qaydasında 3933 (üç min doqquz yüz otuz üç) manat iddiaçı tərəfindən çəkilmiş xərcin yarısı olan 1966 (bir min doqquz yüz altmış altı) manat məbləğində pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X7 Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X11 anadan olmuşdur. Tərəflərin ailə münasibətləri pozulduğu üçün onlar ayrı yaşayırlar və uşaq iddiaçının yanında yaşayır. Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə uşağın saxlanılması üçün 220 manat aliment qət edilmiş və həmin aliment məbləği ilə uşaq saxlamaq çox çətindir. Belə ki, uşaq böyüdükcə tələbatları daha da çoxalır. Odur ki, aliment məbləği artırılmalı və ölkə Prezidentinin sərəncamına uyğun olaraq aliment məbləği yaşayış minimumunun 2024-cü il üçün müəyyən edilən 235 manat məbləğində təyin edilməlidir. Bundan başqa xx.xx.2009-cu il təvəllüdlü X11 xəstə olduğundan mütəmadi olaraq müalicə olunur. Ona görə də cavabdeh əlavə xərclərə də cəlb olunmalıdır. Belə ki, xx.xx.2009-cu il təvəllüdlü X11 bel və döş fəqərələrinin skolioz (İİİ dərəcə) diaqnozu üzrə müalicələr aldığına görə ona korset alınmalıdır. Bundan əlavə X6 psixolojii dərslərə də ehtiyacı vardır. Uşağa qoyulan diaqnoz ilə əlaqədar müalicə üçün iddiaçının maddi imkanı yoxdur. Buna görə də iddiaçı cavabdehdən uşağın müalicəsi ilə əlaqədar əlavə xərc kimi çəkilən 3933 (üç min doqquz yüz otuz üç) manat pulun yarısını təşkil edən 1966 (bir min doqquz yüz altmış altı) manat məbləğində pulun tutulmasını tələb edir. Məhkəmə iclasında iddiaçı X7 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib izahatında bildirdi ki, xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay ödənilməli olan 220 manat məbləğində alimenti müntəzəm olaraq ödəyir. Lakin iddiaçının tələb etdiyi aliment məbləğinin və əlavə xərclərin ödənilməsinə maddi imkanı yoxdur. Hələ bir aydır ki, işə düzəlmişdir, aylıq maaşı isə 800 manat təşkil edir. Qeyd etdiklərinə əsasən, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: AZE seriyalı 12961317 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü Nəbiyeva Zəhranın atası Cavabdeh, anası isə Abdulaeva Lianadır. Doğum haqqında AZ-İİ seriyalı 862396 nömrəli şəhadətnamədən görünür ki, X8 12 mart 2012-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası X9r. Doğum haqqında AZ-İİİ seriyalı 286916 nömrəli şəhadətnamədən görünür ki, X10 25 fevral 2014-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası X9r. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, optik şüşə-çərçivə (eynək) üçün 110 manat məbləğində pul ödənilmişdir. “HB Güven Klinik” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli müayinənin nəticəsinə dair sənəddən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü Zəhra Nəbiyevanın bel oma fəqərələrinin 2 pr. çəkilmiş R-qrammalarında S-ə bənzər skolioz qeyd olunur, bağlayıcı lövhəciklər sərtləşib. R-ji diaqnoz: “Bel və döş fəqərələrinin skoliozu”. xx.xx.2023 və xx.xx.2023-cü il tarixli təhvil vərəqələrindən və qəbzlərdən görünür ki, bel korseti (30 smart brace) almaq üçün 250 manat beh, 1100 manat ödəniş edilməklə, cəmi 1350 manat məbləğində; ayaq korseti almaq üçün isə 70 manat və 50 manat olmaqla, cəmi 120 manat məbləğində xərc çəkilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(006)- 2061/2023 nömrəli qətnaməsindən görünür ki: - Cavabdeh iddia tələbini qəbul etməyərək, işsiz olduğunu, işsiz kimi qeydiyyatda olduğunu, bundan əlavə, daha iki azyaşlı övladı olduğunu bildirmişdir; - AR “TƏBİB” PHŞ tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələri AR NK-nın xx.xx.2020-ci il tarixli, 5 nömrəli Qərarı ilə təsdiqlənmiş Xidmətlər Zərfi çərçivəsində olan tibbi xidmətlərin sığorta olunanlara göstərilməsini təmin edir. Müraciətdə qeyd olunan şəxsin diaqnostika nəticə hesabatı əsasında təyin edilmiş İİ dərəcəli S-vari Skolioz (Lippoman Cobba görə) xəstəliyinin beynəlxalq protokollara uyğun olaraq müalicə prosesi və təyin olunacaq prosedurlar ixtisaslı həkim təyinatına əsasən instensiv fizioterapiya, masaj, korset və müalicəvi idman hərəkətləri ilə aparılır. Həmin xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində korset və müalicəvi idman hərəkətləri istisna olmaqla qarşılanır. Vətəndaş TƏBİB-in tabeliyində olan tibb müəssisəsinə yaxınlaşaraq tibbi xidmətdən yararlana bilər; - xx.xx.2009-cu il təvəllüdlü X6 da mənafeyini diqqətdən kənar qoymamaq ilə yanaşı, cavabdehin yenidən ailə qurması, ikinci nikahdan da iki azyaşlı uşağın saxlanması kimi vəzifəsinin olması da nəzərə alınmışdır; - iddia tələbinin qismən təmin edilməsi, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-8026/2021 saylı qətnaməsi ilə tutulan aliment miqdarının artırılaraq, hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində müəyyən edilməsi və həmin pul vəsaitinin bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, Cavabdeh hər ay sabit pul məbləğində tutularaq Liana Abdulaevaya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-6061/2023 nömrəli qətnaməsindən görünür ki: - “Elektron məhkəmə” informasiya sistemindən çıxarışlardan həm iddiaçının, həm cavabdehin qüvvədə olan əmək müqaviləsinin mövcudluğu aşkarlanmamışdır; - AR “TƏBİB” PHŞ tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələri AR NK-nın xx.xx.2020-ci il tarixli, 5 nömrəli Qərarı ilə təsdiqlənmiş Xidmətlər Zərfi çərçivəsində olan tibbi xidmətlərin sığorta olunanlara göstərilməsini təmin edir. Müraciətdə qeyd olunan şəxsin diaqnostika nəticə hesabatı əsasında təyin edilmiş İİ dərəcəli S-vari Skolioz (Lippoman Cobba görə) xəstəliyinin beynəlxalq protokollara uyğun olaraq müalicə prosesi və təyin olunacaq prosedurlar ixtisaslı həkim təyinatına əsasən instensiv fizioterapiya, masaj, korset və müalicəvi idman hərəkətləri ilə aparılır. Həmin xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində korset və müalicəvi idman hərəkətləri istisna olmaqla qarşılanır. Vətəndaş TƏBİB-in tabeliyində olan tibb müəssisəsinə yaxınlaşaraq tibbi xidmətdən yararlana bilər; - iddiaçı Liana Abdulaevanın apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(006)-2061/2023 nömrəli qətnaməsinin “xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-8026/2021 saylı qətnaməsi ilə tutulan aliment miqdarının artırılaraq, hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilərək, həmin məbləğin 220 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 2(006)-254/2024 nömrəli qətnaməsindən görünür ki, iddia ərizəsinin təmin olunması, Cavabdeh ilə X7 arasında xx.xx.2008-ci il tarixdə Bakı nikah evində bağlanmış və 3508 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından anadan olan xx.xx.2009-cu il təvəllüdlü X6 anası X3 yanında saxlanılması qət edilmişdir. Bakı 16 saylı Mediasiya Təşkilatının mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/16/2024-00140 nömrəli arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, X7 60 manat mediasiya xərci (50 manat İMS və 10 manat poçt xərci) ödəmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin 1 mart 2024-cü il tarixli, 3-17-7/2- N-12217/2024 nömrəli arayışından görünür ki, Cavabdeh (FİN xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə əsasən hazırda adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, S-05/24 nömrəli cavab məktubundan görünür ki, pasient 31 oktyabr 2009-cu il təvəllüdlü X11 11 iyul 2022-ci il tarixdə həmin MMC-nin tərkibində fəaliyyət göstərən X13 və Reabilitasiya Mərkəzində skolioz diaqnozu ilə ilk konsultasiyada olmuşdur. Pasientə 21 seans fizioterapiya və reabilitasiya kursu təyin olunmuş, müalicə 13 iyul 2022-ci il tarixdə başlamaqla 08 iyun 2023-cü il tarixdə bitmişdir. Sonuncu dəfə pasient 15 mart 2023-cü il tarixdə konsultasiyada olmuşdur. Pasientin almış olduğu konsultasiya və müalicə kursu ilə əlaqədar ümumilikdə 1360 (bir min üç yüz altmış) manat vəsait ödənilmişdir (hər bir konsultasiya üçün 50 manat, 21 seans müalicə, hər bir seansın qiyməti 60 manat olmaqla, 1260 manat). Qeyd olunan vəsaitin kim tərəfindən ödənilməsinə dair məlumat, Mərkəzdə bütün növ qeydiyyat aparılmadığından, bu məlumatı təqdim etmək imkan xaricindədir. “X19” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli S-05/24 nömrəli cavab məktubundan görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X11 xx.xx.2023-cü il tarixində Vertebra Dr. X17 müraciəti əsasında həkim müayinəsindən keçmişdir. Müayinə nəticəsində (RQ-ə əsasən) Skolioz diaqnozu aşkarlanmış və müalicə kursu məsləhət görülmüşdür. Bu səbəbdən xx.xx.2009-cu il təvəllüdlü X11 xx.xx.2023-cü il tarixindən klinikada kompleks müalicəyə başlayaraq xx.xx.2023-cü il tarixində bitmişdir. Kompleks müalicəyə miostimuliyasiya, masaj, fiksasiya, kineziterapiya prosedurları daxildir. xx.xx.2009-cu il təvəllüdlü X11 müayinə üçün 50 (əlli) AZN, 12 seans müalicə prosedurları üçün kineziterapiya 150 (bir yüz əlli) AZN, masaj 150 (bir yüz əlli) AZN, miostimuliyasiya 150 (bir yüz əlli) AZN, fiksasiya 150 (bir yüz əlli) AZN olmaqla, ümumi olaraq 600 (altı yüz) AZN ödənilmişdir. X2 anası X7 tərəfindən ödənilmişdir. Bütün bu məlumatlarla yanaşı xəstə X6 ambulator tibbi müayinə kartını və valideyn X7 ilə bağlanmış tibbi müqavilənin kopya forması təqdim edilmişdir. Ödəniş qəbzi xx.xx.2023-cü il tarixində valideyn X5 təqdim olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Xidmətgöstərən) ilə xəstə-azyaşlı X6 valideyni X7 (Sifarişçi) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “tibbi xidmətin göstərilməsi haqqında” müqavilədən görünür ki, sifarişçi onurğa problemlərinin müalicə edilməsi məqsədilə tibbi xidmətlərin göstərilməsini sifariş verib xidmətgöstərənə razılaşdırılmış xidmət haqqı ödəməyi, xidmətgöstərən isə sifarişçiyə lazımi tibbi xidmət göstərməyi öhdəsinə götürür. xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, "xxxx" MMC-nin hesabına 100 manat, 200 manat və 300 manat olmaqla, cəmi 600 manat məbləğlərində ödənişlər edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki: - X7 ilə bağlanmış əmək müqaviləsi və onun gəlir yeri yoxdur; - Cavabdeh "xxxx" QSC-də mülki tikinti/santexnika qurğuları üzrə texnik vəzifəsində işləyir, əmək haqqı 898,29 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı X4 Cavabdeh ilə olan birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X11 anadan olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Nəbiyeva Zəhranın saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılaraq hər ay 220 manat məbləğində müəyyən edilmişdir. Hazırda iddiaçı xx.xx.2009-cu il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin uşağın tələbatının ödənilməsi üçün kifayət etmədiyini bildirərək və ölkə üzrə yetkinlik yaşına çatmayanların yaşayış minimumunun artırılmasına istinad edərək, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment məbləğinin miqdarının artırılaraq, hər ay 235 manat sabit pul məbləğində alimentin, eyni zamanda uşağın xəstəlikdən əziyyət çəkməsini və uşağın müayinəmüalicə xərclərinin qarşılanması üçün çəkdiyi 3933 manat çəkdiyi xərcin yarısı olan 1966 manat məbləğində pulun onun xeyrinə tutulmasını tələb edir. Cavabdeh isə Nəbiyeva Zəhradan başqa yetkinlik yaşına çatmayan digər iki övladının doğum haqqında şəhadətnamələrini, hazırki həyat yoldaşının xəstəliyi barədə sənədləri təqdim edərək, 220 manat məbləğində alimenti müntəzəm ödədiyini, lakin tələb olunan məbləğdə alimenti və əlavə xərcləri ödəməyə imkanının olmadığını bildirərək, iddianı qəbul etmir. Cavabdeh əvvəllər işsiz olsa da, məhkəmə araşdırmaları zamanı yeni işə girdiyini və aylıq 800 manat əmək haqqı aldığını inkar etmir. Məhkəmə iddia tələbinin “alimentin artırılması” hissəsi ilə əlaqədar hesab edir ki, iddiaçı əvvəllər müəyyənləşdirilmiş alimentin uşağın tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 ödənilməsini müəyyənləşdirərkən məhkəmə yaşayış minimumunun məbləğini əsas götürmüş, həmçinin, tərəflərin işləməməsini nəzərə almışdır. Hazırda yaşayış minimumunun məbləği artırılmış, ən əsası isə cavabdehin maddi vəziyyətində müsbət dəyişiklik baş vermiş, belə ki, ötən dövr ərzində o, rəsmi əmək müqaviləsi əsasında işləməyə başlamışdır. Cavabdehin aylıq əmək haqqı 898,29 manat təşkil edir. Göstərilən bu hallar məhkəmə tərəfindən alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qiymətləndirilir. Məhkəmənin qənaətinə görə uşağın iddiaçının himayəsində qalması uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərcləri həddində məbləğin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsasdır. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, onun başqa iki yetkinlik yaşına çatmayan uşağının olması barədə dəlili hazırki iş üzrə preyudisiya təşkil edən qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qəbul edilən zaman məhkəmə tərəfindən nəzərə alınaraq, cavabdehdən həmin il üçün yaşayış minimumu həddində sabit pul məbləğində alimentin tutulması barədə qərar qəbul edilmişdir. Məhkəmə göstərilənlərə əsasən bu dəlilə əlavə qiymət verməyi zəruri saymayaraq, dəlili əsassız hesab edir. Cavabdehin arvadının xəstə olması barədə dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, bu hal onun yetkinlik yaşına çatmayan uşağının qarşısında yerinə yetirməli olduğu öhdəlikdən – minimum dolanacaq xərci həddində sabit pul məbləğində aliment ödəməkdən yayınması üçün əsas hesab oluna bilməz. Məhkəmə cavabdehin dəlillərini həm də ona görə qəbul etmir ki, uşaq tam olaraq hər iki valideynin qayğısı və sevgisi ilə əhatə olunmadığından, başqa sözlə, uşaq yalnız anası ilə birgə yaşadığından, onsuz da az qayğı ilə əhatə olunan və hər iki valideyni ilə birgə yaşamaq hüququndan məhrum olan uşağın maddi vəziyyətini bir qədər də ağırlaşdıracaq qərarın qəbul edilməsi yolverilməz hesab olunmalıdır. Göstərilən bütün diqqətəlayiq halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-6061/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması ədalətli və məqsədə müvafiqdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun: 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür; 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin “xx.xx.2009-cu il təvəllüdlü X6 müalicə-müayinə olunması ilə əlaqədar cavabdehdən əlavə xərcə cəlb olunması qaydasında 3933 manat çəkdiyi xərcin yarısı olan 1966 manat məbləğində pulun onun xeyrinə tutulması” hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş üzrə preyudisial əhəmiyyətə malik olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsində istinad edilmiş AR “TƏBİB” PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin AR NK-nın xx.xx.2020-ci il tarixli, 5 nömrəli Qərarı ilə təsdiqlənmiş Xidmətlər Zərfi çərçivəsində olan tibbi xidmətlərin sığorta olunanlara göstərilməsinin təmin edilməsi, müraciətdə qeyd olunan şəxsin diaqnostika nəticə hesabatı əsasında təyin edilmiş İİ dərəcəli S-vari Skolioz (Lippoman Cobba görə) xəstəliyinin beynəlxalq protokollara uyğun olaraq müalicə prosesi və təyin olunacaq prosedurların ixtisaslı həkim təyinatına əsasən instensiv fizioterapiya, masaj, korset və müalicəvi idman hərəkətləri ilə aparılması, həmin xidmətlərin icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində korset və müalicəvi idman hərəkətləri istisna olmaqla qarşılanması, vətəndaşın TƏBİB-in tabeliyində olan tibb müəssisəsinə yaxınlaşaraq tibbi xidmətdən yararlana bilməsi müəyyən edilmişdir. Bu məktubda qeyd olunanlar əsas götürülməklə məhkəmə iş materiallarında olan tibbi sənədləri və ödənişlərə dair qəbzləri tədqiq edərək müəyyən etmişdir ki, iddiaçı tərəfindən uşağın müayinə və müalicəsi üçün çəkilmiş xərclərin 2030 manat hissəsi zəruri xərc olduğundan və icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsi ilə əhatə olunmadığından, məhz bu məbləğ tərəflər arasında bərabər şəkildə bölünməlidir. Belə ki, iş materialları əsasında müəyyən edilir ki, 14 yaşlı Zəhra Nəbiyevanın görməsində zəiflik olduğundan, ona daimi olaraq eynək taxması tövsiyə edilmiş və iddiaçı eynəyin alınması üçün 110 manat məbləğində xərc çəkmişdir. Məhkəmə hesab edir ki, məktəbli uşağın görmə problemindən irəli gələn bu xərcin çəkilməsi onun normal həyat şəraiti və dövlət tərəfindən təminat verilən kontitusion təhsil hüququnun realizə edilməsi üçün zəruri olduğundan, həmçinin, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə bel korseti üçün ödənilmiş cəmi 1350 manat, ayaq korseti üçün ödənilmiş cəmi 120 manat, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə "xxxx" MMCnin hesabına ödənilmiş 600 manat məbləğin müalicəvi idman hərəkətləri (patenti həmin həkimə məxsus olan kineziterapiya üçün 150 manat, miostimuliyasiya üçün 150 manat, fiksasiya üçün 150 manat) üçün olan 450 manat hissəsi isə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsi ilə əhatə olunmadığından (qalan 150 manat masaj üçün ödənilmişdir, hansı ki, masaj icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsinə daxildir), məhkəmə iddianı məhz çəkilmiş 2030 manat hissəsinin bölünməsi və 1015 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı hesab edir. İddianın təmin edilməyən hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, instensiv fizioterapiya və masaj icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsinə daxil olsa da, iddiaçı məhz öz seçimi ilə uşağa dair həmin məsələlərlə əlaqədar ödənişli xidmət aldığına görə, cavabdehdən həmin məbləğin yarısının tutulması ədalətli hesab olunmur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia bu hissədə qismən təmin edilməli, çəkilmiş əlavə xərclərə görə 1.015 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı X5 verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Ailə Məcəlləsinin: 29-cu maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar; 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər; 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə görə, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə qeyd edir ki, övladın saxlanılması valideynin borcudur. Əgər valideynlər ayrı yaşayırlarsa və onların birgə nikahlarından olan övladları bir valideynin yanında yaşayırsa, digər valideyn buna görə həmin uşağın saxlanılması üçün aliment ödəməlidir. Valideyn övladının saxlanılmasında aliment öhdəliyindən əlavə bir sıra hallarda övladının saxlanılması üçün əlavə xərclərə də cəlb edilə bilər. Bu hallardan biri də övladın xəstə olması və həmin xəstəliyin müalicəsi üçün zəruri vəsaitin ödənilməsinin valideyn tərəfindən qarşılanmasıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6061/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 verilməli, çəkilmiş əlavə xərclərə görə 1.015 (bir min on beş) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı X5 verilməli, iddia qalan hissədə təmin edilməməli, alimentin hazırki qətnamə ilə müəyyən edilmiş qaydada tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə iddia tələbinin “mediasiya xərci” hissəsinə münasibətdə hesab edir ki, iddia qismən təmin edildiyindən, məhkəmə xərcinin 30 (otuz) manat hissəsi Cavabdeh alınaraq iddiaçı X5 verilməli, qalan hissəsi iddiaçı X5 aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6061/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 verilsin. Çəkilmiş əlavə xərclərə görə 1.015 (bir min on beş) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı X5 verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinin 30 (otuz) manat hissəsi Cavabdeh alınaraq iddiaçı X5 verilsin, məhkəmə xəclərinin qalan hissəsi iddiaçı X5 aid edilsin. Alimentin hazırki qətnamə ilə müəyyən edilmiş qaydada tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar