Məhkəmə qərarları › İş №2(006)-1675/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1675/2024

15.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1675/2024 15.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının dəyişdirilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-4128/2020 saylı qətnaməsi ilə onunla Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 üçün heç bir maddi kömək göstərməmişdir. Buna görə də, o, aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 4128/2020 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 170 manat aliment məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda X8 8 yaşı var. Nəsimi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də, məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də, aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, halhazırda işsizdir. Bundan başqa məhkəmənin nəzərinə çatdırır ki, o, övladının yaşaması üçün zəruri olan hərəkətləri görür. Övladına lazım olan bütün paltarlarını alır və onun bütün xərcini çəkir. Sonuncu dəfə övladına 580 manat məbləğində paltar almışdır. Övladı onun yanına gələndə paltarları çirkli idi. Bu da onu göstərir ki, iddiaçı övladına yaxşı baxmır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-4128/2020 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, X6 ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış və Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 487 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olan xx.xx.2015-ci il təvəllüdlü X8 anası X3 yanında qalması, Cavabdeh övladı xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına şatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq X5 verilməsi qət edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh heç yerdə işləmir və adına qüvvədə olan əmək müqaviləsi mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olması, birgə nikahdan 1 övladlarının olması, uşağın iddiaçının yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 235 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Məhkəmə cavabdehin iddia tələbinə etiraz etməsinə və işsiz olmasına dair dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunun normaların mənasından da göründüyü kimi, valideynlər öz uşaqlarının saxlanmasında və uşaqları ilə bağlı bütün digər məsələlərin həll olunmasında (tərbiyə, təhsil və s.) bərabər hüquqlara malik olmaqla yanaşı, eyni həcmdə vəzifələr də daşımalıdırlar. Bu ona dəlalət edir ki, Cavabdeh bir valideyn kimi uşağının qayğısına qalmağa, onu maddi cəhətdən təmin etməyə borcludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-4128/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, qanunvericiliyə əsasən alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) tutulmalara başlama anı qətnamənin qanuni qüvvəyə mindiyi andan başlanılır. Bu səbəbdən, iddianın «alimentin iddia tələbi ilə müraciət edildiyi vaxtdan etibarən hesablanması» hissəsi əsassızdır və təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-4128/2020 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 235 manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar