Məhkəmə qərarları › İş №2(006)-1679/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1679/2024

27.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1679/2024 27.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Bədəlov Nurəddin Natiq oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən ona dəymiş 3500 manat maddi ziyanın və 55 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ailə üzvləri ilə birlikdə Tovuz rayonunun Qəribli kəndində yaşayır. Onların yeganə gəlir mənbəyi heyvandarlıqdır. İddiaçı xx.xx.2023-cü il tarixində özünə məxsus olan 5 baş inəyi otlamaq üçün həmkəndlisinə məxsus torpaq sahəsinə buraxmış, bir müddətdən sonra həmin torpaq sahəsinin üzərindən keçən elektrik naqillərinin qırılaraq sahəyə düşməsi nəticəsində 2 inək elektrik cərəyanının vurması nəticəsində ölmüş və bununla da iddiaçıya 3500 manat maddi ziyan dəymişdir. xx.xx.2024-cü il tarixli qərara əsasən, cinayət işinin başlanması rədd edilmiş, iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iclasının vaxtı yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəməyə gəlməmiş, ərizə ilə müraciət edərək, yolunun uzaq olması səbəbindən məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, iddiaçının ərizəsini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Azərbaycan Respublikası Tovuz rayon İcra Hakimiyyətçi başçısının Qəribli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini, özəl baytar-həkim və Tovuz rayonu Qəribli kənd sakini İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həqiqətən həmin tarixdə saat 11:00-da Qəribli kənd sakini İddiaçı təsərrüfatına məxsus iki baş iri buynuzlu malqarası qonşu X3 məxsus həyətyanı torpaq sahəsindən külək əsməsi nəticəsində keçən 0.4 kv-luq elektrik xəttinin qırılması ilə tələf olmuşdur. Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində yerləşən heyvan bazarının müdiri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Tovuz rayonu Qəribli kənd sakini İddiaçı dediyinə görə təbii fəlakət (cərəyan sızması) nəticəsində iki baş iri buynuzlu mal-qarası tələf olmuşdur. Heyvan sahibinin dediyinə görə həmin mal-qaralar 7 aylıq boğaz və iri gövdəli sveş heyvanlar olublar. Bugünki qiymətləndirməyə görə bazarla müqayisədə hər ikisi birlikdə 3500 manat dəyərində qiymətləndirilir. Beləliklə, heyvanların sahibinə ümumilikdə 3500 manat dəyərində zərər dəymişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Tovuz Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən Tovuz RPŞ-nin X7 ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 2azi nümayəndəliyinin Hətəmlər kənd sakini İddiaçı məxsus iki baş iri buynuzlu heyvan elektrik cərəyanı vurması nəticəsində tələf olmuşdur. Heyvanlara baytar mütəxəssisləri tərəfindən baxış keçirilmiş, akt, baytarlıq rəyi və yarma protokolu tərtib edilmişdir. Məktuba əlavə edilmiş: - Fərdi baytar X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli baytarlıq rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə Hətəmalılar kənd sakini İddiaçı məxsus iki baş iri buynuzlu cansız heyvan (birinin yaşı 5 (beş), qarnı boğaz, digər inəyin yaşı isə 4 (dörd), qarnı boğaz) bədəninə keçirilmiş baxış zamanı vizual olaraq bədənlərinin müxtəlif hissələrinin elektrik cərəyanı vurması nəticəsində zədələnməsi və bunun nəticəsində heyvanların ölməsi müəyyən edilmişdir. - Tovuz rayonu Qəribli sovetliyinin Hətəmallar kəndində özəl baytar-həkim, baytar köməkçisi və kənd sakinləri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həmin tarixdə saat 11:00-da İddiaçı təsərrüfatına məxsus iki baş iri buynuzlu mal-qarasını elektrik cərəyanı vurması nəticəsində həmin heyvanlar ölmüşdür. Hər iki heyvan boğaz olmuş, birinin yaşı 5, digərinin yaşı isə 4 olmuşdur. Heyvanların bədənin müxtəlif yerləri elektrik cərəyanı vurması nəticəsində yanmış, heyvan cəsədi üzərində deşilmiş yara olmuşdur. Yaşı 5 müəyyən edilmiş heyvan yarılmış, ürəyin çapıq yarası, eləcə də böyük artereya damarlarda qan laxtaları aşkar olunmuş, hətta ağciyərin parçalanması müşahidə edilmişdir. Həmin heyvan cəsədləri yer qazılaraq basdırılmış və həmin sahələr dezinfeksiya edilmişdir. - xx.xx.2023-cü il tarixli yarma protokollarından görünür ki, İddiaçı məxsus yaşı 5 olan sağlam yerli sives cinsli, ağ rəngli və ağ buynuzlu (ağca ləqəbli), yaşı 4 olan sağlam yerli sives cinsli, boz rəngli və boz qarmaq (boz ləqəbli) heyvanların ölümlərinə səbəb elektrik cərəyanı vurması olmuşdur (elektrik xətti heyvanların üzərində olmuşdur). Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09-11 aralığında Tovuz rayonu Qəribli kənd sakini İddiaçı məxsus olan 2 baş iri buynuzlu heyvanın qeyd olunan kənd ərazisində aşmış olan elektrik xəttindən yayılan elektrik cərəyanı vurması nəticəsində tələf olması və ona 3500 (üç min beş yüz) manat maddi ziyan dəyməsi ilə bağlı şikayət əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, İddiaçı Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etmək hüququna malik olması izah edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 55 (əlli beş) manat rüsum ödənilmişdir. "xxxx" ASC-nin 27 may 2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı 2 baş iri buynuzlu inəyinin elektrik cərəyanına düşməsi nəticəsində tələf olması ilə əlaqədar olaraq elektrik verilişi xətti "xxxx" ASC-nin balansındadır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixdə cavabdeh "xxxx" ASC-nin balansında olan elektrik xəttinin qırılaraq İddiaçı ümumilikdə 3500 manat dəyərində olan 2 baş inəyinin üzərinə düşməsi nəticəsində həmin heyvanlar tələf olmuşlar. Hadisə barədə kənd nümayəndəliyi tərəfindən akt tərtib edilmiş, heyvanları yaran baytar tərəfindən onların elektrik cərəyanı vurması səbəbindən ölməsi faktı müəyyən edilərək, bu barədə rəy verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş arayışla heyvanların ölümünə səbəb olmuş elektrik xəttinin onun balansında olması faktı öz təsdiqini tapmışdır. Hazırda iddiaçı heyvanlarının ölməsi səbəbindən ona dəymiş maddi ziyanın cavabdehin təqsiri olmasına istinad edərək, heyvanların dəyərini təşkil edən 3.500 manat məbləğində pulun və məhkəmə xərclərinin cavabdehdən tutulmasını; cavabdeh isə elektrik xəttinin onların balansında olmasına baxmayaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə, cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbini iş materiallarında olan sübutlar və tərəflərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək məhkəmə hesab edir ki, tələb əsaslıdır və iddiaçının dəlilləri mötəbər sübutlarla (aktlar, yarma protokolları, rəy, cavabdehin cavab məktubu) öz təsdiqini tapır. Cavabdeh isə iddianı qəbul etməsə də, iddia tələbinə etirazını müvafiq qaydada əsaslandırmamış və iddiaçının dəlillərini təkzib edən hər hansı mötəbər sübutları (hadisənin öz əməkdaşlarının səhlənkarlığı ucbatından baş verməsini təkzib edən) məhkəməyə təqdim etməmiş, yəni onun etirazı formal mülahizələrdən ibarət olmuş, bir sözlə, cavabdehin etirazında iddianın rədd edilməsi üçün heç bir əsas müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bundan başqa, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülkihüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu məsuliyyət yüksək təhlükə mənbəyinin sahibinin təqsirindən asılı olmayaraq yaranır. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, zərərin mövcud olması, cavabdehin hərəkətsizliyinin qanunsuz olması və zərərin məhz cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində baş verməsi, yəni səbəbli əlaqənin mövcud olması iş materiallarına əsasən öz təsdiqini tapmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 10.1-ci bəndinə əsasən, enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. 10.17-ci bəndinə görə, enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. 10.18.1-10.18.2, 10.18.8-ci bəndlərinə əsasən, enerjitəchizatı müəssisəsi öz idarəetmə ərazisində elektrik şəbəkəsinin təhlükəsiz, etibarlı və səmərəli işləməsini təmin edən yerli dispetçer xidmətini təşkil etməyə, ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə, qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyə borcludur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərərin əvəzi olaraq 3.500 manat (heyvanların dəyəri) məbləğində pul vəsaiti yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahiblik edən cavabdeh tərəfindən ödənilməli və beləliklə də, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçıya vurulmuş maddi ziyanın əvəzi kimi 3500 (üç min beş yüz) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən maddi ziyanın əvəzi kimi 3500 (üç min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar