Məhkəmə qərarları › İş №2(006)-1686/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1686/2024

29.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1686/2024 29.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X2 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan aliment məbləğinin artırılaraq hər ay 500 (beş yüz) manat sabit pul məbləğinin və ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 (altmış) manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 iyun 2017-ci il tarixli 2(006)-4110/2017 nömrəli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş və xx.xx.2015-ci il təvəllüdlü X6 iddiaçının himayəsinə verilmişdir. Həmçinin, xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli 2(006)-3661/2017 nömrəli qətnaməsinə əsasən 160 manat, 21 avqust 2021-ci il tarixli 2(006)-5260/2021 nömrəli qətnaməsinə əsasən 175 manat, 14 sentyabr 2022ci il tarixli 2(006)-3715/2022 nömrəli qətnaməsinə əsasən 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Uşağın bütün qayğısını və ehtiyacını iddiaçı və iddiaçının atası çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir, çünki iddiaçının atası təqaüdçüdür. xx.xx.2015-ci il təvəllüdlü X6 məktəblidir, onun məktəb və təhsil xərclərinə hər ay maddi ehtiyac yaranır. Belə ki, iddiaçı uşağının məktəb hazırlıqlarına xeyli miqdarda xərc çəkir, hərtərəfli inkişafı üçün övladını digər dərnəklərə, idmana və musiqiyə cəlb etmək istəyir. Ona görə də bu işdə cavabdeh də maddi köməklik etməlidir. Məhz buna görə iddiaçı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, o, xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay faktiki olaraq 200 manat aliment ödəyir. İddianı qismən qəbul edib, aylıq 210 manat məbləğində aliment ödəməyə imkanı olduğunu əlavə etdi. Buna görə də iddianın həmin hissədə təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Göygöl RHK tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş M/V seriyalı 053721 nömrəli vəsiqədən görünür ki, Cavabdeh Şahmalı oğlu müharibə veteranıdır. Doğum haqqında AZ-İİİ seriyalı 762284 nömrəli şəhadətnamədən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(006)-3715/2022 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5260/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq, hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı 11 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/11-2024-00015 nömrəli arayışından görünür ki, hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmiş, İddiaçı 50 manat rüsum, 10 manat xərc olmaqla, 60 manat məbləğində İMS xərcini ödəmişdir. Göygöl rayon İcra və probasiya Şöbəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 290774/22 nömrəli cavab məktubundan görünür ki, Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-3715/2022 saylı 14 sentyabr 2022-ci il tarixli icra sənədi üzrə 2022-ci ilin oktyabr ayından başlayaraq 2024-cü ilin yanvar ayı da daxil olmaqla hər ay 200 manat sabit pul məbləğində ödəniş etmiş, hal-hazırda, yəni 2024-ci il yanvar ayı daxil olmaqla aliment pulunu tam şəkildə ödəmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə edilmiş məşğulluq haqqında arayışdan görünür ki, Cavabdeh torpaq payı olan işaxtaran statusundadır. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə olan birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X6 anadan olmuşdur. Qanuni qüvvəsini məhkəmə qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X6 iddiaçının yanında saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Hazırda iddiaçı xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin uşağın tələbatının ödənilməsi üçün kifayət etmədiyini bildirərək, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment məbləğinin miqdarının artırılaraq, hər ay 500 manat sabit pul məbləğində alimentin və mediasiya xərcinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini tələb edir. Cavadeh isə iddianı qismən qəbul edərək, uşağın saxlanılması üçün hər ay yalnız 210 manat sabit pul məbləğində aliment ödəyə biləcəyini qeyd edir. Məhkəmə hesab edir ki, iddiaçı əvvəllər müəyyənləşdirilmiş alimentin uşağın tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla alimentin miqdarının artırılmasını tələb etməkdə qismən haqlıdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsini müəyyənləşdirərkən məhkəmə həmin dövrün həyat standartlarını, uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür. Hazırda isə uşağın böyüməsi ilə əlaqədar xərcləri artmış, həmçinin, ölkədə gündəlik tələbat mallarının qiymətləri və yaşayış minimumunun məbləği artırılmışdır. Göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Uşağın iddiaçının himayəsində qalması uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərcinin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsasdır. Minimum dolanacaq xərcindən daha artıq məbləğdə alimentin cavabdehdən tutulmasını tələb edən iddiaçı cavabdehin gəlirləri barədə sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3715/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması qanuni, ədalətli və məqsədə müvafiq olacaqdır. Məhkəmə iddia tələbinin “aliment məbləğinin iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən artırılaraq tutulması” hissəsinə münasibətdə qeyd edir ki, bu hissədə tələb təmin edilə bilməz. Çünki Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının tələbinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən) miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun: 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür; 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3715/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat məbləğində pulun 28 manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilməli, mediasiya xərcinin qalan 32 manat hissəsi İddiaçı aid edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3715/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Məhkəmə xərclərinin 28 (iyirmi səkkiz) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin, məhkəmə xərclərinin qalan hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin hazırki qətnamə ilə müəyyən edilmiş qaydada tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar