Məhkəmə qərarları › İş №2(006)-1703/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-1703/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1703/2023 26.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 90.000 manat məbləğində pulun, gecikdirilmiş vaxt üçün qətnamə icra edildiyi gün 90.000 manat məbləğində pulun illik 5 faizinin və dövlət rüsumu üçün ödənilmiş 360 manat pulun Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində İddiaçı və Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Aralarında bağlanmış kredit müqaviləsi Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiqlənmişdir. Müqavilənin 1-ci bəndinə əsasən iddiaçı cavabdehə 90.000 manat məbləğində borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən cavabdeh xx.xx.2022-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Həmin borc məbləği tam olaraq iddiaçıya qaytarılmalıdır. Lakin üstündən bu qədər müddət keçməsinə və iddiaçının cavabdehə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh ondan aldığı 90.000 manat pulu qaytarmaqdan imtina edir. İddiaçının ehtiyac içində olduğu bir vaxtda belə vəziyyətə düşməsi onu məhkəməyə müraciət etmək məcburiyyətində qoymuşdur. İddiaçı işin məhkəməyə verilməsi üçün 360 manat dövlət rüsumu ödəmişdir. Halbuki, cavabdeh öz öhdəliyini yerinə yetirsəydi, bu xərclər ortaya çıxmayacaqdı. Buna görə də məhkəmədən çəkilmiş xərclərin də cavabdehdən alınaraq iddiaçıya qaytarılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində iddia tələbinin azaldılaraq 90.000 (doxsan min) manat və ödənilmiş 360 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsini xahiş etməsinə dair iddia ərizəsində qeyd etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehin hələ də heç bir ödəniş etmədiyini qeyd etdi. Cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyi üçün mülki işə qiyabi icraat qaydasında baxılmasına və qiyabi qətnamə qəbul edilməsinə dair ərizə təqdim edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımınca xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə 2(006)-1703/2023 saylı qərardad qəbul edilərək, mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan 11 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 90.000 manat məbləğində pul borc vermiş, borc alan krediti xx.xx.2022-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqaviləni borc verən qismində İddiaçı, borc alan qismində isə Cavabdeh əvəzinə Bakı şəhəri 11 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə verilmiş 12113 reyestr nömrəli etibarnamə əsasında X2 imzalamışdır. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 360 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri 11 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 7E-12113 reyestr nömrəli etibarnamədən görünür ki, Cavabdeh X1 onu bütün dövlət orqanlarında, idarə və təşkilatlarda, banklarda, notariat ofislərində təmsil etməyi, onun adından borca pul almağı, kreditlə (borca) pul almağı ilə bağlı bütün işləri aparmağı, aldığı borca dair kredit müqaviləsi bağlamağı, kredit (borc) müqaviləsinə imza etməyi, borca aldığı pulu təhvil almağı, bankdan ona çatası qəbzləri almağı, imza etməyi, lazımi sənədləşdirmə işləri aparmağı, sənəd verməyi, sənəd almağı, sənəd imzalamağı, adından ərizələr verməyi və bununla bağlı digər hərəkətləri aparmağı etibar etmişdir. Etibarnamə 1 il müddətinə verilmiş və xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh əvəzinə etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 arasında xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, iddiaçı cavabdehə 90.000 manat məbləğində pulu borc vermiş, cavabdeh həmin pul məbləğini xx.xx.2022-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüş, lakin pulu iddiaçıya geri qaytarmamışdır. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 90.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirərək cavabdehə borc pul vermiş, lakin cavabdeh həmin müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməmiş, kredit müqaviləsində göstərilən müddətdə borcu geri qaytarmamışdır. Mülki qanunvericiliyin tələbləri baxımından cavabdehin hərəkətləri öhdəliyin pozulması kimi qiymətləndirilməli və buna görə də o, hərəkətsizliyinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalıdır. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tam qanuni və əsaslıdır, buna görə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 90.000 (doxsan min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 360 (üç yüz altmış) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 90.000 (doxsan min) manat məbləğində pul və ödənilmiş 360 (üç yüz altmış) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamə ona rəsmən təqdim edildiyi gündən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar