Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1729/2024 20.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonu Sərək kənd ərazisində elektrik cərəyanı vurulması nəticəsində bir baş inəyin ölməsi ilə bağlı 2000 manat məbləğində dəymiş ziyan və ödənilmiş 41 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Astara rayonun Sərək kəndində yaşayır. Fərdi təsərrüfatında mal-qara saxlayaraq ailəsinin maddi dolanışığını təmin edir. İki baş inəyini xx.xx.2023-cü il tarixdə səhər saat 10 radələrində Astara rayonun Sərək kənd ərazisində yerəşən örüş sahəsinə ötürərkən, inəklərin biri oradan keçən, yerə düşən elektrik xəttinə ilişərək elektrik vurması nəticəsində ölmüşdür. Həmin vaxt elektrik nəzarətçilərinə zəng vurmuş və onlar həmin yerə gəlmiş, elektrik xətlərini ayırıb və sonra çıxıb getmişlər. Həmin gün saat 13 radələrində AR DİN - nin 102 xidmətinə zəng edərək məlumat verilmişdir. İki nəfər polis əməkdaşı hadisə yerinə gəlmiş, müvafiq sənədləşmə işləri aparılmışdır. Astara rayon polis şöbəsi tərəfindən apaşdırma aparılmışdır. Astara rayon polis şöbəsinin araşdırma sənədləridə bir baş inəyin gündüz vaxtı elektrik cərəyanı vurulması nəticəsinə ölməsini təsdiq edən sübutlar hesab edilir və zərurət olarsa məhkəmə tərəfindən həmin sənədlər tələb edilə bilər. Ziyanla bağlı bir neçə dəfə şifahi şəkildə və sonra o, ərizə ilə "xxxx" ASC-nin X5 ərizə ilə müraciət etmişdir. Yazılı müraciətinə cavabda verilmişdir. Həmin cavab da həqiqəti əks etdirmir. Bir baş inəyin elektrik cərəyanı vurması nəticəsində ölməsi 3 nömrəli yarma protokolu ilə təsdiq edilir. Həmin protokolun 24-cü maddədə patoloji anatomik diaqnoz elektrik vurması 25-ci bəndində rəy: anamnez. klinikı və pataloji anatomik məlumatlara əsasən heyvanın ölümü yüksək gərginlikli elektrik cərvanın vurması səbəbindən olmuşdur. Bir baş inəyinin elektrik vurması nəticəsində ölməsi iddia ərizəsinə əlavə edilmiş sənədlərlə təsdiq olunur və bunlarda iddianın mübahisəsiz halları hesab edilməlidir. Bir baş inəyin elektrik cərəyanı vurulması ilə bağlı vurulmuş ziyanın ödənilməsi ilə bağlı aidiyyəti üzrə müraciət edilmiş və ziyanın vurulması ilə bağlı məhkəməyə müraciət edilməsi bildirilmişdir. Qeyd etmişdir ki, ona vurulmuş ziyan 2000 manat təşkil edir və həmin məbləğdə inəyin diri çəkisinə görə təyin edilir. Belə ki, inəyin diri çəkisi 300 kq olmuş və ət çıxarı təxminən 140-150 kq olmuş, bazar qiyməti 2000 manat təşkil edir. Vurulmuş ziyana görə bir baş inəyə görə 2000 manat tələb edilməsi əsaslı və qanunidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini etiraf etməyərək, izahatında qeyd etdi ki, inəyin yarma əməliyyatında onların iştirakı olmamışdır. Odur ki, ziyanın "xxxx" ASC tərəfindən vurulmasının sübut olunmadığını nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə fərdi baytar X2 tərəfindən tərtib edilmiş yarma protokolundan görünür ki, İddiaçı məxsus orta köklük dərəcəsində olan qara rəngli diri çəkisi təxminən 300 kg (140-150 kg ət çıxarı) olan 4 yaşlı dişi heyvan elektrik cərəyanı vurması nəticəsində ölmüşdür. İş materiallarında olan Astara rayon mərkəzi bazarın müdiri tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Astara rayon mərkəzi bazarında iri buynuzlu heyvan ətinin qiyməti 13 manat təşkil edir. İş materiallarında olan Cənub RETSİ X6 tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, X3 xidməti ərazisində yerləşən 35/10 kV-luq Ərçivan yarımstansiyasından çıxan 10 kV-luq Ərçivan hava xəttinin Şüvi budaqlanmasından qidalanan kodu ******* olan 160 kVA transformatordan fərdi yaşayış evi elektrik enerjisi ilə təmin olunur. Yaşadığı ünvanda saxladığı inəyin qeyri örüş yeri yəni meşə ərazisində sahibsiz olaraq gecələr qalması ucbatından baş verə biləcək hər hansı bir hadisə üçün cavabdehlik şəxsən onun üzərində qalır. Qeyri örüş yerində onun nəzarət edə bilmədiyi ərazidə inəyin ölməsini təyin edən həkim şəbəkəyə heç bir məlumat verməmişdir. İnəyin yarma əməliyyatında onların iştirakı olmamışdır. Vətəndaş inəyin ölməsi barədə həmin saatlarda X5 heç bir məlumat verməmişdir. İş materiallarından görünür ki, Astara rayon Polis Şöbəsi İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasını izah etmişdir. İş materiallarından olan məhkəmənin sorğusu əsasında Masallı rayonun “Mal bazarı” tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, Masallı rayonunun “Mal bazarı”nda qara rəngli dişi cinsindən olan 3-4 yaşlı diri çəkisi təxminən 400-500 kg sağılmalı inəyin bazar dəyəri alıcılar və satıcılar arasında 2200-2500 manat arasında dəyərləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmanı öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün dörd şərtin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2) əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqə hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı deyil. Belə ki, səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir (xx.xx.2024-cü il tarixli 2(102)-135/2024 nömrəli qərar) . İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçıya məxsus inək yerə düşən elektrik xəttinə ilişərək ölmüş, nəticədə iddiaçıya ziyan dəymişdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Elektrik qurğularının quraşdırılması Qaydası” haqqında xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, 1.2.24. Yaşayış, ictimai və digər məntəqələrdə cərəyan daşıyan hissələrin çəpərlənməsi və bağlanması üçün xidmət edən qurğular bütöv olmalıdırlar; ancaq ixtisaslı heyətin daxil olma hüququ olan otaqlarda yerləşməlidirlər, bu qurğular bütöv, tor şəklində və ya dəlikli ola bilərlər. 1.2.25. Çəpərləyici və bağlayıcı qurğular elə hazırlanmalıdırlar ki, onları yalnız açarlar və alətlərin köməyi ilə çıxarmaq və açmaq mümkün olsun. 1.2.26. Gərginlik 1 kV-dan artıq olduqda metal çəpərləyici və bağlayıcı qurğuların qalınlığı 1mm-dən az olmamalıdır. 1.2.27. Xidmət heyətinin və kənar şəxslərin təhlükəsizliyi 1.7-ci bənddə nəzərdə tutulmuş mühafizə tədbirləri, həmçinin aşağıdakı tədbirləri yerinə yetirməklə təmin olunmalıdır:a) cərəyandaşıyan hissələrə kimi müvafiq məsafəyə riayət etməklə və ya cərəyandaşıyan hissələrin çəpərləmək, bağlamaqla; b) aparatlara və çəpərləyici qurğulara bloklama tətbiq etməklə səhv əməliyyatlar və cərəyandaşıyan hissələrə toxunmanı aradan qaldırmaqla;c) xəbərdaredici siqnallamadan, yazılardan və plakatlardan istifadə etməklə; ç) elektrik və maqnit sahələrinin induktivliyini buraxılabilən qiymətlərə kimi azaltmaq üçün qurğular tətbiq etməklə; e) mühafizə vasitələri və alətlərindən, o cümlədən, induktivliyi buraxılabilən normadan yuxarı olan elektrik və maqnit sahələrinin təsirlərindən mühafizə üçün vasitələrdən istifadə etməklə. Beləliklə, məhkəmə hesab edir ki, elektrik naqillərinin quraşdırılması, onların təhlükləsizliyinin təmin edilməsi cavabdehin vəzifəsi olduğundan, iddiaçıya məxsus iribuynuzlu heyvanın elektrik cərəyanı vurması nəticəsində dəymiş ziyan cavabdeh tərəfindən ödənilməlidir. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə vurulmuş maddi ziyanın məbləğini müəyyən edərkən iş materiallarında olan yarma protokolu və Masallı “Mal Bazarı”nın arayışına əsaslanaraq hesab edir ki, həmin sənədlər sübut kimi qəbul edilməli, cavabdehdən vurulmuş maddi ziyana görə iddiaçının xeyrinə 2000 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından müəyyən edilir ki, iddia ərizəsinin verilməsi ilə bağlı iddiaçı tərəfindən 40 manat dövlət rüsumu və 1 manat xidmət haqqı ödənilmiş, buna görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən vurulmuş maddi ziyana görə 2000 manat, dövlət rüsumuna görə ödənilmiş 40 manat və 1 manat xidmət haqqı tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1729/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1729/2024
20.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver