Məhkəmə qərarları › İş №2(006)-1740/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1740/2022

12.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1740/2022 12.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «qanunsuz cinayət məsuliyyətinə cəlb edilmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «qanunsuz cinayət məsuliyyətinə cəlb edilmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz cinayət məsuliyyətinə cəlb edildiyinə görə, ona və ailə üzvlərinə dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən onun xeyrinə 78.678 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, X3 və sonuncunun nümayəndəsi X5 şikayətinə əsasən iki dəfə qanunsuz cinayət məsuliyyətinə cəlb edilmişdir. İlk dəfə X3 şikayətinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25.06.2018-ci il tarixli qərarına əsasən, onun barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsi ilə bəraətverici əsaslarla xitam verilmişdir. İkinci dəfə X3 nümayəndəsi X5 şikayətinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28.07.2021-ci il tarixli qərarı ilə barəsində verilmiş bəraət hökmü dəyişiklik edilmədən saxlanılmışdır. X3 və sonuncunun nümayəndəsi X5 şikayətinə əsasən iki dəfə qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsinə görə ona, iki azyaşlı uşaqlarına və faktiki nikahda olduğu həyat yoldaşı X1 maddi və mənəvi zərər dəymişdir və bu ziyanın əvəzi ödənilməlidir. Cinayət məsuliyyətinə cəlb edildiyi üçün, həm o, həm də ailə üzvləri aylarla ruhi-əsəb sarsıntısı və stress keçirmişlər. Həyat yoldaşı və uşaqları qanunsuz cinayət məsuliyyətinə cəlb edildiyinə görə gözü yaşlı qalmışlar, onların çəkdiyi əzablar ona da çox pis təsir etmişdir, günlərlə yuxusuz qalmışdır, hətta düşdüyü depressiyaya görə işləyə bilməmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, onun iki dəfə qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar ödənilməli olan mənəvi zərərin əvəzi müəyyən edilərkən aşağıdakılar nəzərə alınmalıdır: 1) İlk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmin cinayət böyük ictimai təhlükə törətməyən cinayət hesab edilir, 1 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur; 2) İkinci dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmin maddələr üzrə müvafiq olaraq 3 ilədək və 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yəni üst-üstə 8 ilədək həbs edilmək təhlükəsi ilə üz-üzə qalmışdır. Bu təhlükə real olmuşdur, o, polisdə saxlanılmışdır, azadlığı qanunsuz məhdudlaşdırılmışdır, faktiki olaraq məhkəmə hökmü olmadan həbsdə yatmışdır; 3) Hesab edir ki, Ölkə üzrə 2021-ci il üzrə orta aylıq əmək haqqının 728 manat 50 qəpik olmasını nəzərə alaraq, onun həbs təhlükəsi yaşadığı müddətlərin yuxarı həddi nəzərə alınmaqla ona ödənilməli olan kompensasiya miqdarı hesablansa, bu ədalətli olar və onun və ailə üzvlərinin qarşılaşdığı görülməmiş qanunsuzluqlar qarşısında çəkdiyi əzab-əziyyətin bir qədər xəfifləməsinə kömək edə bilər. İlk dəfə cinayət məsuliyyətinə cəlb edilməsinə görə 8.742 manat (12 ay azadlıqdan məhrum etmə təhlükəsi olmasına görə, aylıq 728 manat 50 qəpik, 12 aya vuraraq hesablanmışdır). İkinci dəfə cinayət məsuliyyətinə cəlb edilməsinə görə 69.936 manat (verilmiş ittihamla cəmi 8 il azadlıqdan məhrum etmə nəzərdə tutulduğuna görə), ümumilikdə 78.678 manat. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən: - Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 25 iyun 2018-ci il tarixli 1(102)-895/2018 saylı qərarından görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08.06.2017-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qazancının 20 faizi dövlət nəfinə pul tutulmaqla 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 16 avqust 2017-ci il tarixli qərarı ilə məhkum və zərər çəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08.06.2017-ci il tarixli hökmü dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 22 noyabr 2017-ci il tarixli qərarı ilə məhkum və zərər çəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 16 avqust 2017-ci il tarixli qərarı ləğv edilərək, cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 14 mart 2018-ci il tarixli qərarı ilə məhkum və zərər çəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08.06.2017-ci il tarixli hökmü dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 25 iyun 2018-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 14 mart 2018-ci il tarixli qərarı və bununla əlaqədar Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 iyun 2017-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı barəsində cinayət təqibinə CPM-nin 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə bəraətverici əsasla xitam verilmişdir. - Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli 1(003)-6/2021 saylı hökmündən görünür ki, İddiaçı cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə bəraət verilmiş və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 28 iyul 2021-ci il tarixli 1(103)- 798/2021 saylı qərarından görünür ki, zərər çəkmiş şəxsin apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə bəraət verilməsinə dair Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli 1(003)-6/2021 saylı hökmü zərər çəkmiş şəxsin apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. - Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 1(003)-6/2021 saylı məktubundan görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə bəraət verilməsinə dair Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli 1(003)-6/2021 saylı hökmü 28 iyul 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə istintaqa cəlb edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək, hüquqları məhdudlaşdırılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 5.000 (beş min) manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 5.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 5.000 (beş min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 5.000 (beş min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar