Məhkəmə qərarları › İş №2(006)-175/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-175/2024

10.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-175/2024 10.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı və Cavabdeh3 ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankı, "xxxx" X4 Səhmdar Cəmiyyəti və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı "restruktrizasiya tətbiq edilməklə borcun silinməsi, ödənişlərin geri qaytarılması və mərkəzləşdirilmiş kredit reyestrində müvafiq düzəlişlərin edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankı və "xxxx" X4 Səhmdar Cəmiyyətinə qarşı "restruktrizasiya tətbiq edilməklə borcun silinməsi, ödənişlərin geri qaytarılması və mərkəzləşdirilmiş kredit reyestrində müvafiq düzəlişlərin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC ilə 13 yanvar 2015-ci il tarixli kredit müqaviləsi bağlamışdır. İstehlak kreditinə əsasən 48 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 8000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmçinin, kredit müqaviləsində məbləğ xarici valyuta olan dollarla göstərilsə də, ona faktiki olaraq milli valyuta olan manatla pul verilmişdir. Lakin iddiaçıdan ödənişləri dollarla tələb edilmişdir. 13 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən götürülmüş pul məbləği xarici valyuta olan dolların 0,78 ekvalentinin olduğu zaman götürülmüşdür. Bundan sonra iddiaçı kredit borcunu vaxtlı-vaxtında ödəmiş və heç bir gecikmə olmamışdır. Lakin ölkədə baş verən devalvasiyalarla bağlı olaraq dolların ekvelantı əvvəlcə 1.05 və daha sonra 1.70 olduqda ödənişlərini tam şəkildə ödəyə bilməmişdir. Bununla əlaqədar olaraq dəfələrlə "xxxx" KB ASC-nin rəhbərliyinə müraciət etmişdir ki, kredit müqaviləsinə əsasən ödənişlərini 0,78 ekvalenti ilə ödəməyimə köməklik göstərilsin. Lakin heç bir müraciətinə müsbət cavab verilməmiş və ona bildirilmişdir ki, ödəniş gününün ekvalentinə uyğun olaraq ödəniş etməlidir. Buna görə də iddiaçı 1.05 və 1.70 ekvalenti ilə ödənişlər etməyə başlamışdır. İddiaçının "xxxx" KB ASC-yə 1.05 və 1.70 ekvalenti ilə ödədiyi pullara əsasən banka heç bir borcu qalmamış və hətta borcundan əlavə pullar ödəmişdir. 28 fevral 2019-cu il tarixli fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti Fərman vermişdir. Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsinin təmin etmək dövlətin sosialiqtisadi inkişaf konsepsiyasının prioritetlərindədir. Həmin Fərmanın 1.1-ci bəndinə əsasən 2015-ci ilin fevralın 21-nə kimi xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə —1 ABŞ dollarına 25 manat (0.15 ABŞ dolları) kimi hesablanmalıdır. Fərmanın 5.1-ci bəndinə əsasən fərman qüvvəyə mindiyi tarixə fiziki şəxlərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutda isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restruktrizasiyası edilməlidir. Bununla əlaqədar olaraq, iddiaçı yenidən "xxxx" KB ASC-nin rəhbərliyinə müracitə edərək, onun kredit borcunun cənab Prezidentin verdiyi sərəncama əsasən restruktrizasiya edilməsini tələb etdikdə ona bildirildi ki, onun krediti restruktrizasiyaya düşmür. Halbuki, fərmanda birbaşa göstərilmişdir ki, fiziki şəxslərin xarici valyutda əsas məbləği 10.000 ABŞ dollarınadək. Göstərilənlərə əsasən, 13 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcların restruktrizasiya tətbiq etməklə cavabdeh "xxxx" KB ASC tərəfindən silinməsi, iddiaçı tərəfindən ödənilmiş əlavə ödənişlərin "xxxx" KB ASC tərəfindən geri qaytarılması və Mərkəzləşdirilmiş Kredit reyestrinin çıxarışında iddiaçının adına olan gecikmə günlərinə dair düzəlişin Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsinə dair müvafiq qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin hazırki iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmiş, məhkəmənin iclas protokol-qərardadı ilə Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti cavabdeh qismində cəlb edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, 2015-ci il tarixdə cavabdeh knaḃ ınU" Kommersı̇ ya Bankı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ ndən 1 dolların milli valyutada ekvivalenti 0,78 olan vaxt, 8000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin kredit müqaviləsində götürdüyü məbləğ dollar kimi göstərilsə də, ona faktiki olaraq milli valyutada kredit verilmişdir. Lakin ondan ödənişlər dollarla tələb edilmişdir. O, 0.78 manat ekvivalenti ilə götürdüyü pul vaxtlı-vaxtında ödəmişdir. Daha sonra ölkədəki devalivasiya səbəbindən 1 dollar əvvəl 1,05 manat, daha sonra isə 1.7 manat olduğundan, həmçinin işdən çıxdığından ödənişləri ödəyə bilməmişdir. O, bununla bağlı dəfələrlə banka müraciət edərək, ödənişləri 0,78 manat ekvivalenti ilə ödəməyinə şərait yaradılmasını xahiş etsə də, onlar bunu qəbul etməmiş və məhkəməyə müracət etmişlər. Onun həmin məhkəmə barədə məlumatı olmamış və icra mərhələsində xəbər tutmuşdur. Bundan sonra icra qaydasında məhkəmə tərəfindən müəyyən olunan borc məbləği hər ay onun pensiyasından tutulmuş və borc ödənilmişdir. 28 fevral 2019-cu il tarixdə “fiziki şəxslərin problemli kreditlərlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı verilmişdir. Həmin fərmana əsasən 2015ci ilin 21 fevral tarixinə qədər xarici valyutada 10.000 ABŞ dollarındək məbləğdə mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dolları 0,25 manat kimi hesablanmalıdır. O, bununla bağlı knaḃ ınU" Kommersı̇ ya Bankı" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə şifahi formada müraciət etsə də, onlar bundan imtina etmişlər. Həmçinin onunla bank əməkdaşları əlaqə saxlasada o qeyd olunan restruktrizasiyanın faiz dərəcəsi ilə razılaşmamışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında Cavabdeh3 ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirərək qeyd etmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçıya aid kredit borcu ilə bağlı tələb hüququ xx.xx.2021-ci il tarixdə onlara ötürülmüşdür. Həmin tarixədək iddiaçı tərəfindən 1501 ABŞ dolları ödəniş edilmişdir. Tələb hüququ onlara keçdikdən sonra isə 851 ABŞ dolları vəsait ödəyib. Qalan borc isə ödənilməmiş qalmışdır. Məhkəməyə təqdim etdikləri hesabdan çıxarışdan da görünür ki, iddiaçının hesabına kompensasiya daxil olunmayıb. Bundan başqa, sistemdən çıxardıqları iddiaçı ilə danışıqların statistikasından görünür ki, ona məxsus olan “**********” nömrəli telefonla dəfələrlə əlaqə saxlanılmış və ona restrukturizasiya ilə bağlı məlumat verilmiş, lakin o, bundan imtina etmişdir. Onu da qeyd etmişdir ki, restrukturizasiya iki hissədən ibarətdir: kompensasiyanın verilməsi və yeni kreditin verilməsi. Həmin kompensasiyanı da Mərkəzi Bank həyata keçirir. Bank bununa bağlı məsuliyyət daşımır. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi əsasında Bank tərəfindən 8.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 yanvar 2017-ci il tarixli, 2(007)-132/2017 saylı qətnaməsinə əsasən cavabdeh Bankın xeyrinə ondan 7689,22 ABŞ dolları borcun tutulması qət edilmişdir. Hazırda iddiaçı Banka olan borcunu tam şəkildə ödədiyini, yalnız faiz borcunun qaldığını iddia edərək, həmin qalıq borca restruktrizasiya tətbiq edilməklə cavabdeh tərəfindən silinməsini, tərəfindən ödənilmiş əlavələrin ona geri qaytarılmasını və Mərkəzləşdirilmiş Kredit Reyestrində adına olan gecikmə günlərinə dair düzəlişin Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsini tələb edir.

b) Mülki işin materialları:

9. Mülki işin materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 yanvar 2017-ci il tarixli, 2(007)-132/2017 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə cavabdeh İddiaçı 7062,72 (yeddi min altmış iki dollar, yetmiş iki sent) ABŞ dolları əsas borc, 606,07 (altı yüz altı dollar, yeddi sent) ABŞ dolları faiz borcu, 20,43 (iyirmi dollar, qırx üç sent) ABŞ dolları cərimə borcu, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 7689,22 (yeddi min altı yüz səksən doqquz dollar, iyirmi iki sent) ABŞ dolları borc və dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğində pul vəsaitinin tutulması, cavabdeh İddiaçı 10 (on) nmanat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

10. Mülki işin materiallarında olan "xxxx" KB ASC STB filialı tərəfindən verilən İddiaçı aid hesabdan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixli, 149nkSTB/15 saylı kredit müqaviləsinə 8000 manat məbləğində kredit verilmişdir.

11. Mülki işin materiallarında olan tələb hüququnun satılması haqqında xx.xx.2021-ci il tarixli, 02/21 UB nömrəli müqavilədən görünür ki, tələbkar "xxxx" Kommersiya Bankı ASC Azərbaycan Respublikasının Məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarlarına əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə və ya elektron daşıyıcılarda qeyd edilən məbləğdə borc qalıqlarına dair irəli sürə biləcəyi tələbləri üzrə bütün hüquqlarını yeni tələbkar “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə satır.

12. Mülki işin materiallarında olan Cavabdeh3 ASC tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli, Boa-4345 nömrəli maliyyə arayışından görünür ki, onun borclu tərəf olduğu 149nkSTB/15 saylı kredit müqaviləsi üzrə “borc öhdəliyinin olub-olmaması barədə” maliyyə arayışının verilməsinə dair xx.xx.2024-cü il tarixli müraciətinə Cavabdeh3 ASC-də baxılmış və məlum olmuşdur ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-132/2017 saylı icra sənədinə əsasən ondan 7689.22 USD məbləğində kredit borcu və 20 manat məbləğində dövlət rüsumu tutularaq tələbkr bankın xeyrinə ödənilməlidir. Hazırda onun 149nkSTB/15 saylı kredit müqaviləsi üzrə 5358.49 USD kredit borcu qalmışdır. Həmin borcun qeyd olunan hesaba köçürülməsi xahiş olunmuşdur.

13. Mülki işin materiallarında olan İddiaçı ilə edilən telefon danışıqlarına dair çıxarışdan görünür ki, restruktrizasiyaya dair Bankın əməkdaşları tərəfindən iddiaçı ilə danışıqlar aparılsa da, şərtlərin uyğun olmaması səbəbindən iddiaçı bundan imtina etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Məhkəmə ilk növbədə iddia tələbinin tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış borca restruktrizasiya tətbiq edilməklə silinməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə tələb əsassızdır.

15. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən Fərmanda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi nəzərdə tutulmuşdur.

16. Hazırki iş üzrə iddiaçıya cavabdeh "xxxx" Kommersiya Bankı ASC tərəfindən xx.xx.2015-ci il tarixdə 8.000 ABŞ dolları məbləğində kredit verilmiş, lakin iddiaçı tərəfindən ödənişlər vaxtında həyata keçirilmədiyindən Bank məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 yanvar 2017-ci il tarixli, 2(007)-132/2017 saylı qətnaməsinə əsasən iddiaçıdan ümumilikdə 7689,22 ABŞ dolları borcun tutulması qət edilmişdir. Bundan iki il keçdikdən sonra Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən Fərmanı qəbul edilmişdir. Hazırda iddiaçı həmin Fərman əsasında banka olan borcunun restruktrizasiya tətbiq edilməklə silinməsini tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçı ilə edilən telefon danışıqlarına dair çıxarışlardan müəyyən edilmişdir ki, Bankın əməkdaşları tərəfindən iddiaçı ilə dəfələrlə əlaqə saxlanılmış, lakin iddiaçı restruktrizasiyaya dair şərtlərlə razılaşmamışdır. Bunu iddiaçı sonuncu məhkəmə iclasında sədrlik edənin sualına cavabında da etiraf etmişdir ki, bank əməkdaşı restruktrizasiya ilə bağlı ona məlumat vermiş, lakin orada qeyd edilən şərtlər onu qane etmədiyindən o, Bank əməkdaşına razı olmadığını bildirmişdir. Göründüyü kimi iddiaçının tələbinin əsası kimi istinad etdiyi Fərman qəbul edildikdən sonra Bank əməkdaşları tərəfindən iddiaçının borcuna restruktrizasiya tətbiq edilməsi təklif olunsa da, iddiaçı könüllü şəkildə bundan imtina etmiş, bundan 5 il müddət keçdikdən sonra isə iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Odur ki, hazırda iddiaçının Cavabdeh3 ASCyə qarşı həmin hissədə tələbi əsassız hesab edilməklə rədd edilməlidir (digər iki cavabdehlər isə subyektiv cavabdehlik daşımırlar).

17. Daha sonra məhkəmə iddia tələbinin iddiaçı tərəfindən ödənilmiş əlavə ödənişlərin cavabdeh "xxxx" KB ASC-dən alınaraq ona geri qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı hazırda Banka olan borcunu tam şəkildə ödəməsini, hətta Banka artıq ödənişlər etdiyini iddia etsə də, tələbini əsaslandıra biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmiş və məhkəmə tərəfindən də həmin hallar aşkar edilməmişdir.

18. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

20. Məlum olduğu kimi hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

21. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.

22. Hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı sübut etməlidir ki, onun tərəfindən həqiqətən də Banka artıq ödənişlər edilmişdir. Hazırki vəziyyətdə iddiaçı bunu sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz və həmin hissədə iddia tələbi cavabdeh "xxxx" KB ASCyə münasibətdə rədd edilməlidir (digər iki cavabdehlər isə subyektiv cavabdehlik daşımırlar).

23. Bundan başqa, məhkəmə iddia tələbinin digər hissəsinə, yəni iddiaçının Mərkəzləşdirilmiş Kredit Reyestrində adına olan gecikmə günlərinə düzəlişin edilməsinin Mərkəzi Banka həvalə edilməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də tələb əsassızdır. Belə ki, həmin tələb əvvəlki tələblərlə bağlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı borcunu vaxtlı-vaxtında ödəmədiyinə görə Bank məhkəməyə müraciət etmiş, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında ondan ödəmədiyi əsas və faiz borcunun tutulması qət edilmişdir. Bundan sonra yuxarıda qeyd edildiyi kimi iddiaçı xx.xx.2019-cu il tarixli Fərman əsasında restrukturizasiyanın qalıq borcuna tətbiq edilməsindən də könüllü şəkildə imtina etmiş və hal-hazırda iş materiallarına və eləcə də cavabdehin nümayəndəsinin də qeyd etdiyinə əsasən iddiaçının Banka ödənilməyən kredit borcu qalmaqdadır. Odur ki, iddiaçının Banka ödənilməmiş borcu hələ də qaldığından iddia tələbi həmin hissədə də cavabdeh Mərkəzi Banka münasibətdə əsassız hesab edilməklə rədd edilməlidir (digər iki cavabdehlər isə subyektiv cavabdehlik daşımırlar).

24. Beləliklə də məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankı, "xxxx" X4 Səhmdar Cəmiyyəti və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı "restruktrizasiya tətbiq edilməklə borcun silinməsi, ödənişlərin geri qaytarılması və mərkəzləşdirilmiş kredit reyestrində müvafiq düzəlişlərin edilməsi" tələbinə dair iddiası təmin edilməməlidir.

25. Bundan əlavə məhkəmə bildirir ki, bu halda (iddianın mahiyyətinə uyğun olaraq) subyektiv cavabdehlərin dairəsinin kim olmasının araşdırırlmasına da prosessual qənaət prinsipini nəzərə almaqla zərurət qalmamışdır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

29. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

32. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankı, "xxxx" X4 Səhmdar Cəmiyyəti və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı "restruktrizasiya tətbiq edilməklə borcun silinməsi, ödənişlərin geri qaytarılması və mərkəzləşdirilmiş kredit reyestrində müvafiq düzəlişlərin edilməsi" tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar