Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1750/2024 29.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin miqdarının artırılması və əlavə xərc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin miqdarının artırılması və əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə kəsilmiş alimentin miqdarının onun xeyrinə dəyişdirilərək, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay 235 manat alimentin və cavabdehdən əlavə xərclərə cəlb olunması qaydasında 300 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur və bu nikahdan xx.xx.2019-cu il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Münasibətləri əvvəl gündən yaxşı olmayıb. Belə ki, xasiyyətləri uyğun gəlməyib. Bu səbəbdən də evdə hər gün söz-söhbət yaranırdı. Lakin son vaxtlar münasibətləri daha da pozuldu, belə ki cavabdeh onu təhqir edirdi. Ailə münasibətləri pozulduğu üçün Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)- 3347/2020 saylı qətnaməsi ilə nikahı pozulmuş və uşaq onun yanında saxlanılmış, saxlanması iiçün onun xeyrinə uşaq üçün 160 manat aliment qət edilmişdir. 160 manat alimentlə uşaq saxlamaq çox çətindir. Ona görə də yaşayış minimumuna uyğun kəsilməsini istəyir. Bildirir ki, ona məhkəmə tərəfindən kəsilən alimentin artırılması istəyir. Ona görə ki, uşaqlar üçün yaşayış minimumu 2024-cü il üçün 235 manatdır. Uşaq böyüdükcə tələbatı daha da çoxalır. Ona görə də o, alimentin artırılmasını xahiş edir. Həmçinin, xx.xx.2019-cu il təvəllüdlü X4 autizm spektr (nitq ləngiməsi) diaqnozu ilə xəstədir və bu diaqnoz üzrə müalicələr alır. Onun müalicəsi xeyli pul tələb edir və aylıq xərci 500 manatdır. Bundan əlavə, onun nitqinin düzəlməsi üçün əlavə psixoloji dərslərə də ehtiyacı vardır. Birgə nikahdan doğulmuş oğlunun sözü gedən diaqnoz üzrə xəstəliyi ilə əlaqədar müalicəsi üçün onun maddi imkanı yoxdur. Buna görə də cavabdehdən əlavə xərc kimi 300 manat pulun ona verilməsini tələb edir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddianın uşağa hər ay 235 manat məbləğində aliment ödənilməsi hissəsində qəbul edir, əlavə xərclərlə bağlı isə iddianın təmin edilməməsini xahiş edir. Həmçinin bildirmişdir ki, nəvəsi Arif Səməndərovun nitq ləngiməsi müəyyən edilmişdir, özü də keçmiş gəlini Məryam ilə birlikdə uşağı müayinəyə aparmışdır. Lakin həmin müalicə üçün əlavə xərc kimi pulun tutulmasına eitraz edir. İş materialları: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3347/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, xx.xx.2019-cu il təvəllüdlü X2 ananın yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment ödənilməsi qət edilmişdir. Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 468234 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 354 nömrə ilə qeyd edilmişdir. Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməmişdir. “Brain Academy” ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, müqavilənin predmetini “Brain Academy” tərəfindən uşağa xx.xx.2023-cü il tarixindən etibarən təlim və tədris xidmətinin göstərilməsi, İddiaçı tərəfindən isə xidmətin təhvil alınması, xidmət haqqının ödənilməsi və digər öhdəliklərlə bağlı yaranacaq münasibətlərin tənzimlənməsi təşkil edir. Təlim Tədris xidmətinin haqqı 300 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8 nömrəli qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Eyni qərarın 8.7-ci bəndinin 2-ci cümləsində qeyd edilmişdir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması,eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqını ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Plenum qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin qiymətləndirməsi: Tərəflərin əvvəllər rəsmi nikahda olması, onların birgə nikahdan bir övladının olması, nikahın pozulması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən hər ay 160 manat sabit pul məbləğində aliment tutulması işin mübahisələndirilməyən hallarıdır. Hazırda iddiaçı uşağın tələbatlarının artmasını əsas gətirərək tutulan aliment məbləğinin 235 manat məbləğində müəyyən edilməsini məhkəmədən xahiş edir. Tərəflər arasında ilkin olaraq alimentlə bağlı məsələyə qiymət verilərkən cavabdehdən sabit pul məbləğində aliment tutulması qət edilmişdir və hazırda da iddiaçı yenə də cavabdehdən alimentin məhz sabit pul məbləğində müəyyən edilməklə artırılmasını xahiş etmişdir. Həmçinin cavabdehin nümayəndəsi də öz növbəsində alimentin 235 manat sabit pul məbləğində müəyyən edilməsini qəbul edir və bu hissədə iddia tələbinə etiraz etmir. Bundan başqa iş materiallarında olan sənədlərdən göründüyü kimi, uşağın mənafeyi ilə bağlı İddiaçı və təlim-tədris mərkəzi arasında xidmət haqqı 300 manat təşkil edən müqavilə bağlanmış, eyni zamanda iş materiallarına əlavə edilmiş həkim reseptlərindən də göründüyü kimi, birgə nikahdan olan uşağın sağlamlığı ilə dərman vasitələrinə ehtiyac duyulmaqdadır. Lakin nəzərə alınmalıdır ki, birgə nikahdan olan uşağın saxlanması hər iki valideynin borcudur. Məhkəmə iclasında iddiaçı uşağın əlavə xərclərinin təkbaşına ödənilməsinin onun üçün çətin olduğunu, cavabdehin də bu məsələdə ona dəstək olmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi də uşağın bəzi nitq qüsurlarının olmasını qismən etiraf etmiş və bununla əlaqədar iddiaçı ilə birlikdə uşağı müayinələrə apardıqlarını qeyd etmişdir. Göründüyü kimi uşağın nitqində olan bəzi qüsurların müəyyən müalicələrə ehtiyacı olduğunu cavabdeh tərəf inkar etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3347/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. Eyni zamanda uşağın əlavə xərclərinə münasibətdə hər ay 100 manat Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (235-160=75 manat, 75 x 12 = 900 manat) 1000 manatadək olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3347/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment və 100 (yüz) manat məbləğində əlavə xərclərə görə pul tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1750/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1750/2024
29.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver