Məhkəmə qərarları › İş №2(006)-1758/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1758/2021

24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1758/2021 24.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi ilə Cavabdeh iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin Əmanətlərin Sığortalanması Fondunin Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “Dəmir Bank” Açıq Səhmdar Cəmiyyətinin Lənkaran filialı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 5127K/K nömrəli kredit kartın verilməsi və istifadəsi müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 800 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq cərimələri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2020-ci il tarixə cavabdehin kredit üzrə cəmi borcu 1163.87 manat təşkil edir. Bundan 408.77 manat əsas, 690.24 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 64.88 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 3.1-ci, 3.4-cü və 3.5-ci bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********356 saylı xx.xx.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Göstərilənlərə əsasən, cəmi 1163.87, bundan 408.77 manat əsas, 690.24 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 64.86 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəməyə iddia verilərkən iddia ərizəsinin sonunda göstərilmişdir ki, qeyd olunan mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması xahiş olunmuşdur. Odur ki, məhkəmə işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, sonuncu ödəmə tarixində (2017-ci ilin yay aylarında) borcu təxminən 180-200 manat civarında olmuşdur. İddiaçı, onun kreditor “İddiaçı1’ ASC-nin Lənkəran filialı ilə arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 51227 K/K nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməməyimlə bağlı məhkəmədə iddia qaldırmışdır. İddia məbləği şişirdilməklə yanaşı iddia tələbi qanunvericilikdə nəzərdə tutulan iddia müddəti ötürüldükdən sonra verilmişdir. Belə ki, onunla kreditor İddiaçı1 ASC-nin Lənkəran filialı ilə arasında 36 ay müddətinə bağlanmış xx xxxxxx 2014-cü il tarixli 51227 K/K nömrəli kredit kartının verilməsi və istifadəsi müqaviləsinin icra müddəti xx xxxxxx 2017-ci il tarixdə qurtarmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən iddia müddətinin axımı xx xxxxxx 2017-ci il tarixdən başlanmış və Mülki Məcəllənin 369.1-ci maddəsinə əsasən xx xxxxxx 2020-ci ildə qurtarır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinə xx.xx.2021-ci il tarixi qoysa da, ərizə xx xxxxxx 2021-ci il tarixdə məhkəmədə qeydiyyatdan keçmişdir. Beləliklə, hər iki halda iddia müddəti ötürülmüşdür. Sonda cavabdeh iddia müddətinin tətbiq edilməklə iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan xx xxxxxx 2014-cü il tarixli 5127K/K saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə 800 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli **********203 saylı Maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 833021 saylı kredit müqaviləsi üzrə xx xxxxxxx 2020-ci il tarixinə cavabdehin borcu 408,77 manat əsas, 690,24 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 64,86 manat faiz olmaqla, ümumilikdə 1163,87 manat məbləğində borc təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2014-cü il tarixli 5127K/K saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə 800 manat məbləğində kredit xətti açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.1-ci və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1, 373.2-ci və 373.3-cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir”. Bundan başqa, həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli və Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarlarında göstərmişdir, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmış və hazırki tələbin həmin müqavilədən irəli gələn tələblə bağlı olmasını nəzərə aldıqda, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hazırki iş üzrə iddia müddətinin keçib-keçməməsini müəyyən etmək üçün ilk növbədə iddia müddətinin axımının başlanma anı araşdırılmalıdır. Tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 5127K/K saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqavilədən göründüyü kimi müqavilə 36 ay müddətinə, yəni xx xxxxxx 2017-ci il tarixədək bağlanmışdır ki, iddia müddətinin axımı həmin tarixdən başlanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə xx xxxxxx 2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilədən irəli gələn tələblər üzrə iddia müddətinin üç il olmasını nəzərə aldıqda, tərəflər arasında bağlanmış müqavilə üzrə iddia müddəti keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə məhkəmə tərəfindən qəbul olunmalı və iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin Əmanətlərin Sığortalanması Fondu-nin Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar