Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-177/2022 22.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh3 ASC-nin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı «ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə qarşı «ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Beyləqan rayonu ərazisində yaşayır. İddiaçı xırda sahibkarlıqla məşğul olur və qazanc əldə edir. Respublikada islahat gedərkən onlara da ailəlikcə pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini əkibbecərməklə və icarəyə verməklə dolanırlar. Həmin pay torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı, reyestr nömrəsi **********10 olan Çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestri Beyləqan Ərazi İdarəsinin reyestr nömrəsi Torpaq Sahəsinin plan və ölçüsü ilə 3.95 ha pay torpaq sahəsi qanuni qaydada sənədləşdirməklə mülkiyyətlərinə keçirmişlər. Həmin torpaq sahəsinə təzə vaxtlarda yonca məhsulu əkmişdir. Cavabdeh "xxxx" ASC, "xxxx" MMC iddiaçıya məxsus pay torpaq sahəsində yüksək gərginlikli elektrik xətti çəkməklə yeri və məhsulu məhv etmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X12 Filialı xx.xx.2021-ci il tarixdə müraciətindən sonra yerə baxış keçirmiş və iddiaçıya məxsus torpağa və əkilmiş bitkiyə ziyan vurulduğunu 28/21 E-007 aktla bir daha təsdiq etmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə etdiyi şəkillərdən də məlum olur ki, ağır tonnajlı maşınların təkərləri altında torpaq eroziyaya uğramış, yer bərkiyərək sıxılmış və əkilmiş bitki məhv edilmişdir. Beləliklə iddiaçıya məxsus pay torpaq sahəsində yüksək gərginlikli elektrik dirəyinin basdırılması və enerjinin ötürülməsi ilə torpaq sahəsi azalmış və ziyana məruz qalmışdır. 160 metr uzunluğunda, 4 metr enində torpaq və bitki kolları məhv edilmişdir. Belə məhv edilmiş əkin sahəsində iki hissə vardır. Ümumi ciddi ziyan dəyən sahə 0,13 ha pay torpaq sahəsi eroziya uğramışdır. 4 metr uzunluğunda, 0,95 metr dərinliyində iri tutumlu 2 ədəd əhəmiyyətli, əsas suvarma kanar məhv edilmişdir, nəticəsində bərpa edilməsi üçün 500 manat xərc tələb edir. Sahə içi 10 ədəd, 4 metr uzunluğunda, 0,40 metr dərinliyində, cəmi 40 metr uzunluğunda xırda suvarma kanalları (sahə içi) məhv edilmişdir, bərpası üçün 500 manat xərc tələb edir. Bu da videolarda açıq görünür. Sahənin digər hissəsində əkin sahəsində 60-70 metr uzunluğunda, 4 metr enində əkinin digər hissəsində ağır tonnajlı maşınların hərəkəti nəticəsində 280 kv.m. yerə zərərvurulması nəticəsində və həmin yerin bərpası 400 manat xərc tələb edir. İddiaçı 3,95 ha pay torpaq sahəsindən hr il 4 ton yonca toxumu götürdüyünü nzərə almaqla 0,13 ha pay sahəsindən il ərzində bir mövsümdə 121 kq yonca toxumu götürmək mümkündür. Yonca toxumunun 7 il məhsul verməsini nəzərə alsalar 121x7=847 kq yonca toxumu edir. Yonca toxumunun hazırda region bazarında 6 mnat olduğunu nəzərə almaqla 847x6=5082 manat edir. Əlavə bu hissələrin bərpa edilməsi üçün 600 manat əlavə xərc tələb olunur. Toxum bir ilin 4 ayının məhsuludur, yəni 90-100 günə yetişir. Toxumu sahədən götürdükdən sonra isə torpaq sahəsi növbəti mövsümə qədər payızlıq-qışlıq otarılması üçün heyvandarlıqla məşğul olan şəxslərə icarəyə verilir. Hər hektar bir sezon üçün 1000 manata icarəyə verilir. Beləliklə məhv edilən ərazinin, yəni 0,13 ha pay torpaq sahəsinin satış qiyməti isə 921 manatdır. Yonca bitkisini toxumluq toxumluq saxlanması üçün mövsümü 5 biçinin 1-ci biçildikdən sonra 90-100 gün ərzində, yəni iyun-sentyabr aylarında toxum tədarük edilir. Birinci biçi - may ayında olur, otyonca presinin hazırki bazar qiyməti 4.50-5 manat olmaqla hər hektardan iki yüz əlli pres götürmək mümkündür. 4 ha x 250=1000, 1000 x 5=5000 manat ziyan birinci biçində dəymişdir. Bundan əlavə toxum biçilib götürüldükdən sonra toxumaltı sayılan yonca bitkisində satılır ki, hazırki bazar qiymət 3 manatdır. Toxumaltı yonca presinin orta sayı 4 hektara 800 pres ola bilər. Bu da 800 x 3 = 2400 manat edir. Sahəsinə basdırılan dirək gələcəkdə enerji verilişi təmin olunduqdan sona yüksək gərginlikli (110 min kilovatlıq) xətt olduğu üçün bir tərəfdən 20 metr, ümumilikdə 40 metr mühafizə zolağı olmalıdır. Bu dayerin (40x160) 6400 kv.m. və ya 64 sot (0,64 ha) məhv edir. Yerin hazırki bazar qiyməti hazırda hər hektar üçün 25000 manat təşkil edir. 3.95 ha – 100.000 manatdırsa, 64 sotun qiyməti 16.202 manat təşkil edir. Yüksək gərginlikli elektrik xətti olduğu üçün enerji verilişi haqqında qanuna əsasən 110.000 kv-luq xəttə mühafizə zolağı mütləq lazımdır. Bu onların ailəsinin ümumi mülkiyyət payıdır və bunu nəzərə alsalar ki, istahatdan sonrakı 25 ildə onların ailəyə məxsus olubsa – ailə başçısını itirdikdən sonra iddiaçıya, ondan sonra bütün vərəsələrinə (uşaqlarına, nəvələrinə) mülki kimi gəlir gətirəcəyindən ümumi olaraq gələcəkdə nəzərə alınmaqla, dirəyin basdırılmağına torpağa dəyən ziyan 10.000 manat təşkil edir. Bundan əlavə gələcəkdə hər hansı bir qəza zamanı nəzərə alsalar ki, yüksək gərginlikli elektrik xəttinin altında insan işləyir yə yoxsul kəndlinin əməyi zamanı insan həyatı təhlükədir. Təhlükəni əvvəlcədən sığortalamaq düşünülməmişdir. Əkin sahəsində il uzunu iş gedir və bu elektrik xəttinin insan həyatı üçün təhlükəsi enerji mütəxəssisləri tərəfindən hesablanmalıdır. Qəzalardan sığortalanmaq üçün 10.000 manat iddia edir. İddiaçı bütün bu hesablamaları aqronom mütəxəssislə birlikdə araşdırmaqla aparmışlar. İddiaçı bir neçə dəfə cavabdehdən ona vurulan ziyanı istəsə də, onlar ödəməkdən imtina edirlər. Göstərilənlərə əsasən cavabdeh "xxxx" ASC-dən, "xxxx" MMC-dən və Cavabdeh3 ASC-dən müştərək qaydada iddiaçıya məxsus pay torpaq sahəsinə ümumilikdə vurulan 51.605 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, hal-hazırda hmin torpaq məhsul verə biləcək vəziyyətdə deyil və ekspertiza keçirilərkən ekspert da bunu şahidi oldu, lakin rəydə bununla bağlı bir qeyd görməmişdir. Həmçinin torpaq üzərindəki birgə payçıların da notarial qaydada tərtib olunmuş ərizələrini təqdim edərək bildirir ki, heç birinin iddiaçının hazırki iddianı qaldırmasına etirazları yoxdur. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, onlar quraşdırma işlərini hamıdan xəbərsiz və təkbaşına qərarları ilə həyata keçirməmişlər, onların podrat müqaviləsi olub. İddia ərizəsində qeyd olunan məbləğlər şişirtmədir və həqiqəti əks etdirmir. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh3 ASC-nin nümayəndəsi X13 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddianın onlarla heç bir əlaqəsi olmamış, podrat müqaviləsi əsasında "xxxx" MMC işləri həyata keçirdiyindən iddia tələbi Cavabdeh3 ASCyə münasibətdə təmin oluna bilməz.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Əvvəlki məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi ekspert X17 izahatında göstərmişdir ki, ekspertiza tam düzgün formada həyata keçirilib. 5 dirək müəyyən etmişlər və dirəklərin aralarındakı məsafə 50 metrdir. Ümumilikdə həmin ərazi 0,13 ha təşkil edir. Həmin ərazidə ekspert rəyində göstərdikləri qədər ziyanın dəyməsini müəyyən etmişlər. Suvarma kanalı da məhz dirəklərlə zəbt olunmuş əraziyə düşür və sahənin sulanmasına təsir göstərir.
8. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, CD disklərə baxış keçirərək, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il tarixli Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Beynəlxan şəhəri, Şitilçilik qəsəbəsində yerləşən 3,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə Nümayəndə3 (0,79 ha), X6 (0,79 ha), X2 (0,79 ha), İddiaçı (1,58 ha) xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.
10. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsünə əsasən Beyləqan rayon 1-ci DNK tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 2V-197 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə, ƏMDK-nin yanında DƏDRX-nin Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli ********** nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Beyləqan şəhəri, Şitilçilik qəsəbəsində yerləşən İddiaçı 3,95 ha kənd təsərrüfatlı torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı tərtib edilmiş və X27 kitabında uçota alınmışdır.
11. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı RƏF-nin Beyləqan rayon Qəbul Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı DSMF publik hüquqi şəxsin 10 saylı Regional Ərazi Filialından İİ dərəcəli əlil kimi ailə başçısını itirməyə görə 273,02 manat məbləğində əmək pensiyası alır. Əmək pensiyasının təyinat müddəti ömürlükdür.
12. İş üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini X3 filialı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci tarixli 28/21E-007 nömrəli aktın surətindən görünür ki, Beyləqan rayon sakini İddiaçı Energetika Nazirliyinə daxil olmuş şikayəti əsasında yerində araşdırma zamanı məlum olmuşdur ki, ailəyə məxsus pay torpağından yeni çəkilməkdə olan 110 kv-luq 2 dövrəli hava xətti keçir. Xəttin çəkisi zamanı 1 ədəd dayaq pay torpağında quraşdırılmışdır və xəttinin trası boyu ağır texnika işlədiyindən su kanalları dağılmış, yonca əkin sahəsinə ziyan dəymişdir. Pay torpağının 160 metr uzunluğu, 4 m enində olmaqla yararsız vəziyyətə düşmüşdür. Yararsız sahə 2 zonadır, ödənilməsini tələb edir.
13. İş üzrə "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Beyləqan rayonu, Şitilçilik qəsəbəsi ərazisində İddiaçı mülkiyyətində olan torpaq sahəsində quraşdırılmış dayağın ərazidən kənara çıxarılması barədə müraciəti ilə bağlı bildirirlər ki, "xxxx" MMC tərəfindən 110 kv-luq İİ Beyləqan hava xəttindən Şükürbəyli budaqlanmasının 2-ci dövrəsinin çəkilməsi üçün dayaqlar quraşdırılmışdır. Xəttin tikintisi, əkin torpağının zəbt edilməsi ilə bağlı bütün məsələlər, o cümlədən dəymiş ziyana görə kompensasiyanın ödənilməsi üçün qeyd olunan təşkilata müraciət etməsi daha məqsədəuyğundur.
14. İş üzrə Beyləqan rayon İcra hakimiyyəti başçısının birinci müavini tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC tərəfindən ailəyə pay torpağının daxilindən keçən yüksək gərginlikli elektrik xəttinin çəkilişi zamanı əkinlərinin bitki örtüyünə və torpaq qatına dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədova ünvanlanmış müraciəti baxmaq üçün rayon İcra Hakimiyyətinə göndərilmişdir. Müraciəti ilə əlaqədar olaraq müvafiq araşdırma aparmaq üçün X28 İnkişaf Mərkəzinin mütəxəssisi, iş icraçısı və vəkalətli nümayəndəsi olan oğlu Nümayəndə3 iştirakı ilə sözügedən əraziyə yerində baxış keçirmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, xüsusi mülkiyyətində olan 3,95 ha torpaq sahəsindəki yonca əkininə 110 kv-luq elektrik xəttinin çəkilişi zamanı texnikaların hərəkəti nəticəsində həqiqətən ziyan dəymiş və iki zolaqda uzunluğu 160 metr, eni 3 metr olmaqla 0,076 hektar sahədə bitki örtüyü yararsız hala düşmüşdür. Qeyd olunanlarla bağlı baxış aktı tərtib edilmiş və İddiaçı nümayəndəsi bu aktı imzalamaqdan imtina etmişdir. Məlumat üçün bildirirlər ki, torpaq mülkiyyətçilərinə dəymiş zərərin ödənilməsi ilə əlaqədar mübahisələrə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Odur ki, ərizədə göstərdiyi məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsini tövsiyyə olunur.
15. İş üzrə Beyləqan rayon İHB-si aparatının Sosial-iqtisadi inkişafının təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini X9, X28 X8 sektorunun müdiri X19, "xxxx" MMC-nin iş icraçısı X20, Beyləqan şəhər sakini İddiaçı, Beyləqan şəhər sakini X21, Beyləqan şəhər sakini X24 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, mülkiyyətçi Beyləqan şəhər sakini İddiaçı, mülkiyyətçi Beyləqan şəhər sakini X21, mülkiyyətçi Beyləqan şəhər sakini X24 Respublikanın direktiv orqanlarına müraciət edərək əkin sahələrinə dəymiş ziyanla bağlı ərizəyə baxış keçirilməsini xahiş etmişlər. Baxış keçirilən zaman müəyyən olunmuşdur ki, mülkiyyətçi Beyləqan şəhər sakini İddiaçı mülkiyyətində Reyestr nömrəsi **********14 olan 3,95 hektar yonca əkin sahəsinin uzunluğu 320 metr, eni 3 metr olmaqla 0,096 hektra, Beyləqan şəhər sakini mülkiyyətçi X14 mülkiyyətində Reyestr nömrəsi **********01 olan 3.16 hektar buğda əkin sahəsinin uzunluğu 120 metr, 3 metr eni olmaqla 0,036 hektar, mülkiyyətçi X16 mülkiyyətində Reyestr nömrəsi **********55 olan 3,73 hektar arpa əkin sahəsinin uzunluğu 200 metr, 3 metr eni olmaqla 0,06 hektar sahəsi 110 kv-luq elektrik xəttinin çəkilişi zamanı texnikaların hərəkəti nəticəsində yuxarıda göstərilən həcmdə bitki örtüyü yararsız hala düşmüşdür.
16. İş üzrə Beyləqan rayon İHB-si aparatının Sosial-iqtisadi inkişafının təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini X9, X28 X8 sektorunun müdiri X19, "xxxx" MMC-nin iş icraçısı X20 tərəfindən tərtib edilmiş imtina aktın surətindən görünür ki, Beyləqan şəhər sakini İddiaçı, Beyləqan şəhər sakini X21, Beyləqan şəhər sakini X7 aktına imza etməkdən imtina etmişlər.
17. İş materiallarında olan Beyləqan SSİ-nin rəis müavini V.Quliyev, Beyləqan SSİnin baş mühəndisi R.Məstanov, Beyləqan SSİ-nin sahə rəisi B.Tağıyev, Beyləqan SSİ-nin ərazi üzrə hidrotexniki T.Cəfərov, şikayətçi Beyləqan şəhər sakini İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi əraziyə baxış keçirilmiş və məlum olmuşdur ki, əkin sahəsinin daxili ilə yüksək gərginlikli elektrik şəbəkəsi çəkilmiş və əkin sahəsinin suvarma suyu ilə təmin edən bir neçə kiçik daxili suvarma arxı oradan keçən ağır tonnajlı maşınlar tərəfindən tapdalanmışdır. Şikayətçi tərəfindən həmin daxili arxlar suvarma üçün hazırlanmış və hazırda suvarma aparılır. Bundan başqa suvarma ilə bağlı ərazidə heç bir problem yoxdur.
18. İş üzrə X10 tərəfindən notarial qaydada yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, onun birgə pay torpaqlarına cavabdehlər "xxxx" ASC, "xxxx" MMC, Cavabdeh3 ASC-nin vurduğu ziyanla bağlı anası İddiaçı iddia qaldırması ilə bağlı heç bir etirazı və tələbi yoxdur.
19. İş üzrə X15 tərəfindən notarial qaydada yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, onun birgə pay torpaqlarına cavabdehlər "xxxx" ASC, "xxxx" MMC, Cavabdeh3 ASC-nin vurduğu ziyanla bağlı anası İddiaçı iddia qaldırması ilə bağlı heç bir etirazı və tələbi yoxdur.
20. İş üzrə Nümayəndə3 tərəfindən notarial qaydada yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, onun birgə pay torpaqlarına cavabdehlər "xxxx" ASC, "xxxx" MMC, Cavabdeh3 ASC-nin vurduğu ziyanla bağlı anası İddiaçı iddia qaldırması ilə bağlı heç bir etirazı və tələbi yoxdur.
21. İş üzrə «Sifarişçi» qismində Cavabdeh3 ASC ilə «Podratçı» qismində "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, TM/P-KH-20/1189 saylı podrat müqaviləsinin surətindən görünür ki, müqavilənin tərkib hissəsi sayılan Əlavə 1 «X1»da göstərilən 110 kv-luq 2 dövrəli 1-ci Beyləqan HX-dən 110/35/10 kv-luq Şükürbəyli YS-na budaqlanma sxemi ilə əlaqənin yenidən qurulması (L=51kv-1 dövrə) işləri ümumi ƏDV daxil olmaqla 2.850.051,28 manat həcmində «Podratçı» tərəfindən aparılacaqdır. «Podratçı» müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında bu müqavilənin tərkib hissəsi sayılan Əlavə 1 «X1»-da göstərilən işləri tam həyata keçirərək onun təhvil verilməsini öhdəsinə götürmüşdür. «Podratçı» tərəfindən yerinə yetirilmiş işlər onun tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmalıdır. «Podratçı» aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat vermişdir. «Sifarişçi» müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində işlərin «Podratçı»dan qəbul edilməsini və dəyərinin müqavilənin xüsusi maddəsində göstərilmiş qaydada ödənilməsini öhdəsinə götürmüşdür.
22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/537-9/4031 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən: - tədqiqata təqdim edilmiş Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubundakı aqronom rəyinə və Daşınmaz əmlakın reyestr № **********14 olan kənd təsərrüfatı təyinatlı əkin sahəsinə olan rəyə əsasən Beyləqan rayon sakini İddiaçı məxsus torpaq sahəsində yonca əkininə, suvarma kanallarına və müəyyən ərazidə torpağa münbit qatına ziyan dəymişdir və bunun səbəbi elektrik xəttinin çəkilişi zamanı olmuşdur (bioloji tədqiqat). - Tədqiqata təqdim edilmiş xx.xx.2021-ci il tarixli məktubundakı X11 aqronom rəyində və Daşınmaz əmlakın reyestr № **********14 olan kənd təsərrüfatı təyinatlı əkin sahəsinə olan rəydə və rəyin bioloji tədqiqat hissəssində göstərilənlərə əsasən yonca əkininə, suvarma kanallarına və müəyyən ərazidə torpağa münbit qatına ziyan dəymişdir. Lakin həmin mütəxəssis rəylərində dəymiş ziyanın məbləği və məhsuldarlığı barədə heç bir məlumat verilmədiyi üçün qərardda qoyulan «Yonca əkininə, suvarma kanallarına və müəyyən ərazidə torpağa münbit qatına ziyan dəymişdirsə (elektrik xəttinin çəkilişi ilə əlaqəlidirsə) hansı məbləğdə dəymişdir?» sualı üzrə tədqiqat işləri aparılmadı (əmtəəşünaslıq tədqiqat).
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2408 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə əsasən təqdim olunmuş mütəxəssis rəylərinə və AKT-ın göstəricilərinə əsasən müəyyən olunmuşdur ki, Beyləqan rayon sakini İddiaçı məxsus torpaq sahəsində yonca əkininə, suvarma kanallarına və müəyyən ərazidə torpağın münbit qatına dəymiş ziyanın səbəbi həmin sahədə yüksək gərginlikli elektrik xəttinin çəkilməsi səbəb olmuşdur.
24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1462-9/1538 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının və məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən: - Mülki iş materiallarında olan məlumatlara əsasən qərardadın sualı ilə bağlı qeyd olunur ki, hər biri 246 m uzunluqda 0,95 m. dərinlikdə 2 ədəd iri (əsas) suvarma kanalının içərisi təmizlənməklə yenilənməsi üçün görülməli işlərin dəyəri orta baza qiyməti uyğun olaraq 500 manat təşkil edir. Sahə içi 10 ədəd kiçik kanalın bərpası aqrotexniki iş olduğuna görə tikinti-texniki ekspertin səlahiyyətlərinə aid deyil. - İş materiallarında dəymiş ziyanla əlaqədar (torpağın münbit qatına və yonca sahəsinə) həmin sahə üzrə ixtisaslaşmış mütəxəssis tərəfindən tərtib edilmiş mütəxəssis rəyi olmadığından məhkəmə-əmtəəşünaslıq ekspertizası qarşısında qoyulmuş suala cavab vermək mümkün olmadı. Belə ki, qeyd edilən ziyanla əlaqədar görüləcək işlərin müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil.
25. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3,95 ha yonca əkin sahəsinə dəyən zərərin qiymətləndirilməsi rəyindən görünür ki, əkin yerinə və yonca məhsuluna maddi zərər dəymişdir. Beləliklə, baxış zamanı aşkar olunmuqdur ki, ağır tonnajlı texnikaların işlədiyi zaman torpaq eroziyaya uğramış, əkin sahəsi bərkiyətrək sıxılmış və əkilmiş məhsul (yonca) məhv olmuşdur. Aparılan işlər zamanı ölçüləri 160,0 m x 4,0 m 2 hissədən ibarət əkin sahəsi məhv edilmişdir. Ümumi ciddi ziyan 3,95 ha torpaq sahəsinə dəymişdir. 0,13 ha torpaq sahəsi eroziyaya uğramış. Uzunluğu 246,0 m olan 2 ədəd əsas suvarma kanalı; 10 ədəd uzunluğu 4,0 m, dərinliyi 0,4 m xırda suvarma kanalı tam yararsız vəziyyətə salınmışdır. Sahənin digər hissəsində 60-70 m. uzunluğunda, eni 4,0 m (280,0 kv.m.) əkinə yerinə ziyan vurulmuşdur. Yonca əkin sahəsinin 1,0 ha 750-850 kq toxum əldə edilir. Beləliklə 0,13 ha torpaq sahəsindən əldə olunan toxumdan gəlirliyə zərər dəymişdir. Həmçinin 0,13 ha əkin sahəsinin icarəyə vermək mümkün olmamışdır. Mövsüm ərzində yonca sahəsindən 5 biçim yonca məhsulu yığmaq olar. 1,0 ha yonca sahəsindən 250-300 ədəd bağlama yığmaq mümkündür. Bir biçim əldə etmək mümkün olmayıb. Elektrik xəttinin mühafizə zonası 160,0 x 40,0 m təşkil etdiyi üçün 0,64 ha torpaq sahəsi məhsuldarlığa yararsız sayılır. Elektrik xətti yüksək gərginlikli olduğu üçün mühafizə zolağı mütləqdir. Bu torpaq ümumi mülkiyyət payıdır və nəzərə alsaq ki, 25 il ərzində bu ailəyə məxsus olacaqsa – ailə başçısı itirildikdən sonra bütün vərəsələrə mülki kimi gəlir gətirəcəyindən ümumi olaraq gələcək gəliri nəzərə alsaq, elektrik dirəklərinin basdırılan torpaq sahəsinə dəyən zərər 9873,0 manat təşkil edə bilər. Beyləqan rayonu, Şitilçilik qəsəbəsi 3,95 ha yonca sahəsinə dəyən zərərin hesabatı:
1. Əsas suvarma kanalının yenidən çəkilməsi (2 ədəd) - 246 p/m, 2,30 manat (vahidin qiyməti), 565,80 manat (qiymət), cəmi 1131,60 manat;
2. 4 metr uzunluğunda suvarma kanalının doldurulması - 40 p/m, 2,00 manat (vahidin qiyməti), 80 manat (qiymət), cəmi 80 manat;
3. 4 metr uzunluğunda suvarma kanalının yenidən çəkilməsi - 40 p/m, 2,30 manat (vahidin qiyməti), 92 manat (qiymət), cəmi 92 manat;
4. Sahənin yenidən bərpası - 280 kv.m., 1,40 manat (vahidin qiyməti), 392 manat (qiymət), cəmi 392 manat;
5. 0.13 ha yonca əkin yerinin bərpası (şumlama) - 0.13 ha, 40,00 manat (vahidin qiyməti), 5,20 manat (qiymət), cəmi 10,40 manat;
6. 0.13 ha yonca əkin yerinin bərpası (mala çəkmə) - 0.13 ha, 40,00 manat (vahidin qiyməti), 5,20 manat (qiymət), cəmi 10,40 manat;
7. 0.13 ha sahədən toxumun məhsuldarlığı (7 il) - 682,50 kq., 5,00 manat (vahidin qiyməti), 3412,50 manat (qiymət), cəmi 3412,50 manat;
8. 0,13 ha torpaq sahəsinin icarəsi - 0,13 ha, 500,00 (vahidin qiyməti), 65,00 manat (qiymət), cəmi 455,00 manat;
9. Məhsuldarlığa (yonca) dəyən zərər (3,82 ha) - 840,00 əd.bağlama, 4,50 manat (vahidin qiyməti), 3780,00 manat (qiymət), cəmi 3780,00 manat;
10. Məhsuldarlığa (yonca) dəyər zərər (3,95 ha) - 790,00 əd.bağlama, 4,50 manat (vahidin qiyməti), 3555,00 manat (qiymət), cəmi 3555,00 manat;
11. Məhsuldarlığa (yonca) dəyən zərər (0,13 ha) - 143,00 əd.bağlama, 4,50 manat (vahidin qiyməti), 643,50 manat (qiymət), cəmi 643,50 manat;
12. Məhsuldarlığa (yonca) dəyən zərər (0,13 ha - 6 il) - 143,00 əd.bağlama, 4,50 manat (vahidin qiyməti), 643,50 manat (qiymət), cəmi 4504,50 manat;
13. Zərər dəyən torpaq - 64 sot, 200,00 manat (vahidin qiyməti), 12800,00 manat (qiymət), cəmi 12800,00 manat, cəmi 30.886,90 manat, 30.867,00 manat,
14. Vərəsəliyi nəzərə almaqla - 25 il - 2113,00 əd.bağlama, 4,50 manat (vahidin qiyməti), 9508,50 manat (qiymət), cəmi 9508,50 manat, yekun 40.375,00 manat təşkil etmişdir. Nəticədə Beyləqan rayonu, Şitilçilik qəsəbəsində yerləşən, mülkiyyətdə olan 3,95 ha torpaq sahəsində əkilmiş yonca sahəsinə və məhsuluna xx.xx.2022-ci il vəziyyətinə standartın tələbləri həddində aparılmış hesablamalara əsaslanan zərərin dəyəri 30.867,00 manat, nəzərə alsalar ki, 25 ildə torpaq sahəsi bu ailəyə məxsus olarsa və ailənin vərəsələrinə mülk kimi gəlir gətirəcəyi halda, elektrik xəttindən dəyən zərər 9.508,0 manat təşkil etmişdir. Beləliklə, ümumi zərərin dəyəri 40.375,0 manat məbləğində müəyyən olunmuşdur. Qeyd: Mülkiyyətçiyə bundan əlavə gələcəkdə nəzərə alsalar ki, əkin sahəsindən yüksək gərginlik elektrik xəttinin keçdiyi ərazidə insanlar işləyir və elektrik xətti insanlar üçün təhlükə yaradır. Əkin sahəsində il ərzində iş gedir və təhlükəsizliyi yüksək gərginlik xəttinə cavabdeh müəssisə nəzərə almalıdır. Bunun üçün mülkiyyətçi sığortalanmalıdır. Əkin sahəsində elektrik xəttinə görə qəza baş verərsə, həmin adama sığorta ödənilməlidir. Sığortanın məbləği təqribən 10.000 manat təşkil edə bilər. Göstərilən 10.000 manat sığorta məbləğinin əkin sahəsinə dəyən zərərə aidiyyəti yoxdur.
26. "xxxx" MMC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş 02-71/22 saylı, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətindəki Beyləqan rayonu, Şitilçilik qəsəbəsində Reyestr nöməsi **********14 olan 3,95 ha torpaq sahəsinə 110 kv-luq elektrik xəttinin çəkilişi zamanı dəymiş ziyanın məbləği aparılmış hesablamalar və təhlillərə əsasən xx.xx.2022-ci il tarixinə: Ümumi xərclər (1 ha üzrə): - Toxumluğun alınması - 10 kq., 10 manat, 1 ha-ya çəkiləcək xərc 100 manat, - Peyin - 100 kq, 0,2 manat, 1 ha-ya çəkiləcək xərc 20 manat, - Superfosfat - 250 kq, 0,53 manat, 1 ha-ya çəkiləcək xərc 132,5 manat, - Kalium - 170 kq., 0,2 manat, 1 ha-ya çəkiləcək xərc 34 manat; Ümumi əkin xərci: - Şusun aparılması - 1 ha, 40 manat, 1 ha-ya çəkiləcək xərc 40 manat, - Səpin - 1 ha, 20 manat, 1 ha-ya çəkiləcək xərc 20 manat, Toplam: 346,5 manat, cəmi xərclər ərazi üzrə 33,3 manat təşkil etmişdir. İstehlak miqdarı (ərazi üzrə): - 1 ha əraziyə - 1 ha, 2500 kq, - Zərər dəymiş ərazi - 0,096 ha, 240 kq, - Kiplənmiş məhsul - 1,0 kip, 20 kq, əldə ediləcək gəlir - 5 manat, - cəmi kip sayı - 12 kip, əldə ediləcək gəlir - 60 manat, Cəmi istehlak ərazi üzrə 60 manat, toplam - 90,3 manat, digər, cari xərclər, ümumi məbləğin 30%-i həcmində 121,24 manat təşkil etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
27. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsində yonca əkininə yüksək gərginlikli 110 kv-luq elektrik xəttinin çəkilişi zamanı texnikaların hərəkəti nəticəsində ziyan dəymişdir. Bu səbəbdən iddiaçı cavabdehlərdən müştərək qaydada ona məxsus torpaq sahəsinə vurulmuş 51.605 manat ziyanın ödənilməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
29. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
31. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.
32. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.
33. Məhkəmə qeyd edir ki, iddiaçı ona dəymiş ziyanı özü hesablasada bununla bağlı məhkəmə tərəfindən müstəqil qiymətləndirmə keçirilmiş, lakin qiymətləndirilmənin rəyində məbləğ qismən olaraq ağlabatan olmamışdır.
34. Belə ki, "xxxx" MMC tərəfindən gələcəyə münasibatdə ( vərəsəlik nəzərə alınmaqla 25 ilə 9508,50 manat, yonca əkimindən gələcək 7 illik məhsuldarlığa görə 3412,50 manat , torpaq sahəsinin icarəsinə 455 manat və s ) ehtimala əsaslanan məbləğlər müəyyən edilmişdir ki, buda iddia tələbinin əsasını təşkil edə bilməz. Həmçinin "xxxx" MMC tərəfindən tərtib edilmiş rəydə əsas iki suvarma kanllarının çəkilməsinə görə 1131,60 manat məbləğ müəyyən etsədə bunun əksinə olaraq AR Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 28 mart 2022-ci il tarixli rəyində həmin kanalların yenilənməsi üçün 500 manat məbləğ müəyyən edilmişdir.
35. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi vurulmuş ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyinin cədvəlindəki 1, 3, 4, 5, 6 və 11-ci abzasları qismən əsas götürülməklə ( 1-ci abzas üzrə əsas suvarma kanallarının yenilənməsi 500 manat, 3-cü abzas üzrə 4 metr uzunluğundakı kiçik suvarma kanallarının yenidən çəkilməsi üçün 92 manat, 4-cü abazasındakı sahənin yenidən bərpası üçün 392 manat, 5-ci və 6-cı abzaslarındakı 0.13 ha torpaq sahəsinin şumlama və mayalanması üçün 20 manat 80 qəpik, 11-ci abzasındakı 0.13 ha torpaq sahəsəsinin məhsuldarlığına dəyən ziyana görə 643,50 manat) iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinə vurulmuş maddi ziyana görə ümumilikdə 1648,30 manat məbləğində pul tutulmalıdır.
36. Məhkəmə iddia tələbinin vurulmuş ziyanın cavabdehlərdən müştərək qaydada tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb qismən təmin edilməlidir.
37. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh3 ASC ilə "xxxx" MMC arasında bağlanmış podrat müqaviləsinə əsasən 110 kv-luq 2 dövrəli 1-ci Beyləqan HX-dən 110/35/10 kv-luq Şükürbəyli YS-na budaqlanma sxemi ilə əlaqənin yenidən qurulması işləri "xxxx" MMC-yə həvalə olunmuşdur.
38. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi mübahisəli torpaq sahəsində onların şirkətdən başqa digər tikinti şirkətinin, həmçinin Cavabdeh3 ASC-nin məsuliyyəti olmamasını etiraf etmişdir.
39. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinə vurulmuş ziyana görə "xxxx" MMC məsuliyyət daşımalı, buna görə də dəymiş ziyan yalnız onun tərəfindən ödənilməlidir. Digər cavabdehlər isə Cavabdeh3 ASC və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı subyektiv cavabdehlər olmadığında onlara qarşı iddia tələbi təmin olunmamalıdır.
40. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə torpaq pay sahəsinə vurulmuş maddi ziyana görə 1648,30 (bir min altı yüz qırx səkkiz manat, otuz qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1678,30 (bir min altı yüz yetmiş səkkiz manat, otuz qəpik) manat məbləğində pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
41. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir.
42. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 200 (iki yüz) manat cavabdeh "xxxx" MMC-dən tutulub Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
45. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
46. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə torpaq pay sahəsinə vurulmuş maddi ziyana görə 1648,30 (bir min altı yüz qırx səkkiz manat, otuz qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1678,30 (bir min altı yüz yetmiş səkkiz manat, otuz qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 200 (iki yüz) manat cavabdeh "xxxx" MMC-dən tutulub Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov