Məhkəmə qərarları › İş №2(006)-177/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-177/2025

30.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-177/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Elvin Qəhrəmanovun iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona dəymiş zərərə görə 3100 manat, servisə ödənilmiş 300 manat cəmi 3400 manat və dövlət rüsumu üçün ödənilmiş 54 manat məbləğin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin sentyabr ayının 12-si onun idarə etdiyi Hyunday Tucson markalı 77HG571 qeydiyyat nömrəli nəqliyyat vasitəsi X1 idarə etdiyi Ford Transit markalı 77HF224 dövlət qeydiyyat nömrəli maşınla qəza törətmişdir. Yol-nəqliyyat hadisəsi baş verərkən o, dərhal cavabdehin nümayəndəsi ilə əlaqə saxlamışdır. Cavabdehin nümayəndəsini hadisə yerinə dəvət edərək nəqliyyat vasitəsinin şəkillərini çəkib sığorta ödənişi etmələrini xahiş etmişdir. Nümayəndə telefon əlaqəsində onun təqsirli olduğunu söyləmiş baxış yerinə gəlməkdən imtina etmişdir. Bundan sonra yol polisi hadisə yerinə gəlmiş və əsassız olaraq onun təqsirli olduğunu iddia edərək ona qarşı inzibati qərar qəbul etmişdir. Bundan sonra o, həmin qərardan Nərimanov Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayəti təmin olunmuş və BDYP-nin İXP5705456 saylı tarixli qərarı ləğv edilmiş, BŞDYPİ tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Son olaraq onun təqsirsiz olduğu anlaşılmışdır və digər avtomobilin sürücüsü barəsində xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati protokol tərtib edilmişdir. Hazırda onun təqsirsiz olması sübut edilmişdir. O, aradan keçmiş 5 ay ərzində nəqliyyat vasitəsiz qalmaması üçün avtomobilini təmir etdirmişdir. Bunun üçün o, 3100 manat xərc çəkmişdir. Yol nəqliyyat hadisəsi baş verərkən çəkilmiş foto şəkillərlə dırnaqarası qiymətləndirmə keçirirək ona ümumi olaraq 2002 manat zərər dəydiyini iddia edir. Halbuki, şəkildə görünməyən hissələr mövcuddur ki, onlar üçün təmir xərcləri ilə bağlı ödəniş etmişdir. Cavabdeh indi onun çəkdiyi xərcləri qarşılamaq istəmir. Özünün səlahiyyətinə aid olmayan məsələ ilə bağlı münasibət bidirib hadisə yerinə gəlməkdən çəkinməsinə baxmayaraq indi də onun dəymiş zərərini az hesablayır. Aralarında yaranmış mübahisə ilə bağlı o, servis mərkəzinə müraciət etmişdir. Avtomobilin qiymətləndirlməsi üçün 300 manat ödəniş etmişdir. Oradan verilən arayışa əsasən ona 2405 manat ziyan dəymişdir. Ancaq onun xərcləriyi məbləğ bundan da çoxdur. O, faktiki olaraq 3100 manat ödəniş etmişdir. Cavabdeh ona dəymiş ziyanı qarşılamaq istəmir. Cavabdeh iddiaya mülahizə təqdim edərək qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixində "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmış, İddiaçı idarə etdiyi Hyundai Tucson markalı ** HG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə X1 idarə etdiyi ** HF *** Ford Transit markalı avtonəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2024-cü il tarixində İddiaçı Cəmiyyətə ərizə ilə müraciət edərək sözügedən hadisə nəticəsində idarə etdiyi ** HG *** Hyundai Tucson markalı avtonəqliyyat vasitəsinə zərər dəydiyini bildirmişdir. Sığorta araşdırması çərçivəsində müəyyən olunmuşdur ki, Bakı şəhər BPİ DYPİ yol-nəqliyyat hadisəsinin baş verməsində İddiaçı təqsirli bilmiş, onun barəsində İXP ******* saylı İnzibati xəta haqqında Protokol tərtib edilmiş, TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. İddiaçı sözügedən Qərarla razılaşmamış, Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(005)-2978/23 saylı Qərarı ilə TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar ləğv olunaraq iş üzrə icraata xitam verilmişdir. Bakı şəhər BPİ DYPİ bu Qərardan narazı qalmış, Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(103)-2149/2023 saylı Qərarı ilə şikayət təmin edilməməklə Nərimanov Rayon Məhkəməsinin Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bunun davamı olaraq Bakı şəhər BPİ DYPİ xx.xx.2024-cü il tarixli Qərarı ilə İddiaçı barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Əlavə olaraq xx.xx.2024-cü il tarixində X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə İXP ******* saylı İnzibati xəta haqqında Protokol tərtib olunmuşdur. Məlumdur ki, Azərbaycan Respublikasının Mərkəzi X3 xx.xx.2022-ci il tarixli 25/2 Qərarı ilə təsdiq edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” Qaydada nəzərdə tutulmuş tələblər ödənildikdə zərərçəkənin zərərin əvəzinin ödənilməsi üçün öz sığortaçısına müraciət etmə imkanının mövcud olduğunu nəzərə alaraq, İddiaçı müraciəti üzrə zəruri addımlar atılmışdır. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən ** HG *** dövlət qeydiyyat nişanlı Hyundai Tucson markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 2002 manat məbləğində müəyyən edilmişdir. Hal-hazırki situasiyada İddiaçı avtonəqliyyat vasitəsinə 3100 manat xərc çəkdiyini iddia edir. Halbuki, elə özü rəsmi avtoservisə ("xxxx") müraciət etmiş, qiymətləndirmə həyata keçirilmiş, 2405 manat məbləğində müəyyən edilmişdir. Nəzərə alınsa ki, icbari sığorta müqaviləsi üzrə avtonəqliyyat vasitəsinin rəsmi avtoservisdə qiymətləndirilməsi/təmiri nəzərdə tutulmur, lakin buna baxmayaraq, rəsmi avtoservisin müəyyən etdiyi qiymətlə "xxxx" ASC-nin müəyyən etdiyi qiymət bir-birinə çox yaxındır, "xxxx" ASC-nin həyata keçirdiyi qiymətləndirmənin obyektivliyinə və həqiqəti əks etdirdiyinə dair hər hansı şübhə qalmır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında iştirak etmiş ekspert Elvin Qəhrəmanov izahatında birinci rəylə ikinci rəy arasında olan fərgi onunla izah etmişdir ki, ikinci rəy üzrə ehtiyyat hissələrinin qiymətləri yenidən internetə elan yerləşdirilməklə müəyyən edilmiş qiymətlərdir. Bu qiymətlər hadisədən sonrakı vaxta aid olmaqla, internet vasitəsi ilə əldə edilmiş və orijinal olmayan ehtiyyat hissələrin qiymətlərdir, birinci rəy üzrə isə həmin qiymətlər hadisə baş verən dövrə aid olan qiymətləri əks etdirməklə rəsmi servisdən əldə edilmiş, orijinal ehtiyyat hissələrin qiymətləridir. Birinci rəy daha çox reallığı əks etdirir. Bunula yanaşı internet vasitəsi ilə əldə olunmuş qiymətlər artıq istifadə olunmuş ehtiyyat hissələrinə aid olduğu üçün qiymətləndirmədə köhnəlmə faizi tətbiq olunmur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan X4 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Hyundai Tucson markalı ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilə 2405 manat ziyan dəymişdir. İş materiallarında olan "xxxx" ASC-nin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli hesabatdan görünür ki, Hyundai Tucson markalı ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilə 2002 manat ziyan dəymişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, "xxxx" ASC-də xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək Hyundai Tucson markalı ** HG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı mülki məsuliyyəti icbari sığortalanmışdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “Hyundai Tucson” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2455,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 1345,00 manat; təmir-bərpa işlərinin qiyməti -1110,00 müəyyən edilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Bakı şəhəri, Babək prospektində yerləşən avtohissələr satışı bazarında (4-cü sıra) olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “Hyundai Tucson” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1786,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 816,00 manat; təmir-bərpa işlərinin qiyməti - 970,00 manat. Nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Bakı şəhəri, Babək prospektində yerləşən avtohissələr satışı bazarında (4-cü sıra) olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “Hyundai Tucson” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2169,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 1059,00 manat; təmir-bərpa işlərinin qiyməti -1110,00 manat. Qeyd: avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. Qeyd: 2016-cı il buraxılışlı, “Hyundai Tucson” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrinin dəyəri işlənmiş, lakin təyinatı üzrə istifadəyə yararlı hissələrin qiymətlərinə müvafiq hesablandığına görə onların qiymətlərinə köhnəlmə faizi tətbiq edilmir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 933.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi sığorta ödənişi həyata keçirilir. İş materiallarından müəyyən olunur ki, “Hyundai Tucson” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti "xxxx" ASC-də icbari sığortalanmışdır. Odur ki, dəymiş zərər sonuncudan tutulmalıdır. Məhkəmə vurulmuş zərərin məbləğini müəyyən edərkən iş materiallarında rəyi əsas götürərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə əsasən qanunda başqa cür nəzərdə tutulmadığı hallarda icbari sığorta müqaviləsində azadolma məbləği müəyyən edilmir. Məhkəmə Ekspertiza Mərkəzinin rəyində “Hyundai Tucson” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2455 manat müəyyən edilməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, "xxxx" ASC-dən 2455 manat alınaraq iddiaçıya ödənilməlidir. İş materiallarında olan qəbzdən müəyyən edilir ki, iddiaçı tərəfindən servis haqqına görə 300 manat ödənilmişdir. Odur ki, həmin məbləğ də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu tutulur. Beləliklə, dövlət mədaxilinə daxil olan dövlət rüsumunun əvəzi olaraq iddianın təmin edilmiş hissəsinə müvafiq cavabdehdən 48 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməli, qalan məbləğ iddiaçının özünə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi-yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 100 manat cavabdeh "xxxx" ASC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 2455 manat sığorta ödənişi, 300 manat servis haqqı, ödənilmiş dövlət rüsumuna görə 48 manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 100 manatın cavabdeh "xxxx" ASC-dən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar