Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1783/2024 25.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay cavabdehin gəlirinin dörddə bir hissəsi qədər və yaxud 235 manat sabit pul məbləğindən az olmayaraq cavabdeh - Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuşdur. Cavabdeh onu uşağı ilə birgə xx.xx.2021-ci il tarixində evdən çıxartmışdır. Uşağı ilə birgə atasının evində yaşayır, yəni uşağı onun himayəsindədir. Birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 üçün heç bir maddi kömək göstərməmişdir. Buna görə də iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli iş № 2(006)-761/2023 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 193 manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Halhazırda X7 1 yaş 10 aylıqdır. Nəsimi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Onu da qeyd etmək istəmişdir ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də görə iddiaçı aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 235 manat sabit pul məbləğinin və 3 yaşadək uşağın baxımına görə anaya verilən əlli manatın artırılaraq üç yüz manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, onun təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, övladı Milana xx.xx.2022-ci ildə dünyaya gəlməsinə baxmayaraq iddiaçı guya onu xx.xx.2021-ci ildə azyaşlı uşağı ilə evdən çıxartdığını qeyd etmişdir. Həmçinin, iddiaçı alimentin artırılması barədə tələbini heç bir sübutla əsaslandırmamışdır. Onun maddi vəziyyətinin əvvəlki məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra yaxşılaşmasına dair heç bir sübut əlavə etməmişdir. Halbuki, onun iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Belə ki, o, iddiaçının yanında yaşayan azyaşlı uşağının maddi cəhətdən saxlanması üçün ödədiyim alimentdən əlavə Ağsu Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli qətnaməsi ilə 13 fevral 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş 170 manat aliment ödəyir. Bundan başqa o, yenidən ailə qurmuş və həmin evlilikdən 16 sentyabr 2023-cü il təvəllüdlü X8 adlı uşağı doğulmuşdur. Azyaşlı övladım Tuncay onun himayəsində yaşayır. O, hər ay hər iki övladının saxlanması üçün məhkəmə qətnamələri ilə müəyyən edilmiş alimenti belə çətinliklə ödəyir. Həm də himayəsində olan ailəsinin maddi cəhətdən saxlanması onun maddi vəziyyətini ağırlaşdırır. Aylıq əmək haqqı ilə güclə məhkəmə qətnamələri ilə müəyyən edilmiş alimenti ödəyir. Bundan başqa X9 da hazırda ona qarşı “Alimentin məbləğinin artırılması” tələbinə dair ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və hazırda mülki iş məhkəmənin icraatındadır. Belə olan halda alimentin məbləğinin artırılması onun ailə vəziyyətinin olduqca ağırlaşmasına, ailəsinin, X6 himayəsində olan yetkinlik yaşına çatmamış uşağının saxlanması üçün müəyyən edilmiş alimentin ödənilməsində onun üçün ciddi çətinliklər yaratmış olacaq. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayarq məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ünvanladığı etirazında yolun uzaqlığı və işlədiyi ilə əlaqədar məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etirazını və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-761/2023 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin və xx.xx.2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək iddiaçının saxlanılması üçün hər ay 50 manat, cəmi 243 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 ödənilməsi, alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablansı qət edilmişdir. Etiraza əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası X3r. “AzeMis” Elektron Məhkəmə Sistemində Cavabdeh əmək haqqı məlumatları sorğulanmaqla hazırda onun "xxxx" MMC-də direktor vəzifəsində işləməklə aylıq əmək haqqının 900 manat olması müəyyən edilmişdir. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin, bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən bugünədək həyat standartları və istehlak qiymətləri və.s dəyişmişdir. Həmçinin uşaq böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda iddiaçıya münasibətdə göstərilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Cavabdehin hazırda maddi qazancının tələb olunan miqdarda alimenti ödəmək üçün kifayət etməməsi, yenidən ailə qurması, həmin nikahdan azyaşlı uşağının olması, onun əvvəlki nikahından olan övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Eyni zamanda məhkəmə qeyd edir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin daha az məbləğdə müəyyən edilməsi üçün mütləq əsas kimi qəbul edilməməlidir. Bu baxımdan ananın yanında saxlanılan uşağın gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və.s dəyişməsini, uşağın böyüməkdə davam etməklə hər keçən müddətdə onun müvafiq olaraq tələbatlarının da artmasını, eləcə də ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə birgə nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatandək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artıraraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsi qanuni və ağlabatandır. Məhkəmə iddia tələbinin “3 yaşadək uşağın baxımına görə anaya verilən əlli manatın artırılaraq üç yüz manat pulun Cavabdeh tutulması” hissəsinə münasibətdə qeyd edir ki, qeyd edilən hissədə alimentin məbləği qismən artırılmaqla 70 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-761/2023 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, xx.xx.2022-ci il təvəllüdlü X2 yekinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 235 manat sabit pul məbləğində və xx.xx.2022-ci il təvəllüdlü X7 üç yaşına çatanadək Cavabdeh İddiaçı xeyrinə 70 manat aliment tutulmalıdır. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği 62 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 744 manat (62x12=744) müəyyən edildilməklə iddianın qiyməti 1000 manatadək olduğundan cavabdehdən Azərbaycan Respublikasının Dövlət Büdcəsinin mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-761/2023 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 235 manat sabit pul məbləğində aliment tutulsun. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X7 üç yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 70 manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1783/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1783/2024
25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver