Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1785/2024 15.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "dəymiş maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "dəymiş maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona məxsus olan, bank kartlarından oğurlanmış 4448,26 manat pul vəsaitinin ona ödənilməsi vəzifəsi qoyulması, cavabdehin üzərinə onunla bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********9 nömrəli "Tam kart çərçivə müqaviləsi"nə əsasən adına olan bank kartına 4830,27 manat məbləğinin bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması, cavabdehdən onun xeyrinə 1000 manat mənəvi zərərin əvəzinin tutulmasına dair qətnamə qəbul etməyinizi xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********9 nömrəli "Tam kart çərçivə müqaviləsi"nə əsasən bank onun adına ikitərəfli ödəniş kartını vermişdir. Bundan əlavə "xxxx" ASC tərəfindən ona verilmiş 4127 20811623 5523 nömrəli əmək haqqı kartından və 4127 2211 1078 2713 nömrəli pensiya kartından istifadə etmişdir. O, 2023-cü ilin avqust ayına qədər həmin bank kartlarından istifadə etmiş, bankla arasında heç bir narazılıq və anlaşılmazlıq olmamışdır. Lakin 2023-cü ilin avqust ayının 5-də ona "Tam kart çərçivə müqaviləsi"nə əsasən verilmiş bank kartına xaker hücumu olmuşdur, ona bank tərəfindən bu barədə məlumat verilməmişdir, 2023-cü ilin avqust ayının 13-də o gördü ki, onun bank kartlarından vəsaitlər onun sifariş olmadan silinir, o, dərhal 937 nömrəsinə (cavabdehə) və 102 (DİN) nömrəsinə zəng etmişdi. Cavabdeh həmin anda ona demişdi ki, onun kartlarında heç bir pul vəsaiti yoxdur. Halbuki pensiya kartında 931,35 manat, əmək haqqı kartında 3209 manat pul var idi, və "Tam kartımda" isə kredit hissəsində 4830,27 manat vəsait, debet hissəsində 307,91 manat pul var idi, həmin pul vəsaitləri onun məlumatı, razılığı olmadan, onun tərəfindən heç bir hərəkət edilmədən, OTP kodu göndərilmədən, onun tərəfindən OTP kodu təsdiq edilmədən çıxarılmışdır. Qeyd edilən hərəkətlər cavabdehin üzərinə qanunla və müqavilə ilə qoyulmuş öhdəliklərinə əməl etməməsi nəticəsində baş vermişdir. Onun tərəfindən heç bir bank əməliyyatı aparılmadan bank kartlarında olan 9274 manat vəsaitin təhlükəsizliyi qanunvericilik tələblərinə əsasən cavabdeh tərəfindən təmin edilməli idi. Belə ki, o, kart məlumatlarını heç kimə açıqlamamış, bank kartları oğurlanmamış, itirilməmişdir. Ona heç bir SMS, və ya OTP kodu gəlməmiş, və o, həmin kodları təsdiq etməməmişdir. Belə olan halda necə olur ki, bank birdən birə 9000 manatdan artıq pul vəsaitinin birdəfəyə çıxarılmasına məhdudiyyət qoymamış, bu hərəkət bankda şübhə doğurmamışdır, bank kartı bloklamamışdır. 2023-cü ilin avqust ayından cavabdehin təqsirindən, cavabdeh bankda olan pul vəsaitlərimin təhlükəsizliyini təmin etmədiyi üçün keçirdiyi stress nəticəsində 2023-cü ilin dekabr ayına qədər səhhəti ciddi şəkildə pisləşmiş, bir neçə ay intensiv müalicə qəbul etmiş, keçirdiyi mənəvi iztirabın əvəzində cavabdehin ona təzminat ödəməyini də zəruri hesab edir. Daha sonra cavabdeh "xxxx" ASC məhkəməyə ərizə ünvanlayaraq, iddianın rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli "Tam kart çərçivə müqaviləsi"nin (№ BPM**********99) 8.2.5-ci maddəsinə əsasən, müştəri ona təqdim olunan xüsusi kodun və özünün müəyyən etdiyi kod sözünün kənar şəxslərə açıqlamamağı öhdəsinə götürür və buna görə də məsuliyyət daşıyır. Həmin Müqavilənin 8.2.8-ci maddəsinə əsasən müştəri ona təqdim olunan xüsusi kodun və özünün müəyyən etdiyi kod sözünün kənar şəxslərə açıqlamamağı, həmçinin elektron poçt qutusunu və mobil telefonunu kənar şəxslərin müdaxiləsindən qorumağı öhdəsinə götürür və buna görə məsuliyyət daşıyır. İş materiallarında olan çıxarışda görünür ki, müştərinin +**********40 nömrəsinə (müqavilədə qeyd edilən) xx.xx.2023-cü il tarixində OTP-lər zöndərilmişdir və orada qeyd edilmişdir ki, "DİQQƏT! Təsdiq kodunuzu soruşurlarsa, məqsəd fırıldaqçılıqdır məxfi saxlayın. Mobil tətbiqə daxil olmaz üçün kodunuz *****. Tel 937". Buradan aydın olur ki, müştəriyə OTP kodlar göndərilsə də, o bunu inkar etmiş və məsuliyyəti bankın üzərinə atmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Hazırda iddiaçı cavabdeh "xxxx" ASC-dən bank kartlarından oğurlanmış 4448,26 manat pul vəsaitinin ona ödənilməsi vəzifəsinin qoyulmasını, cavabdehin üzərinə onunla bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********9 nömrəli "Tam kart çərçivə müqaviləsi"nə əsasən adına olan bank kartına 4830,27 manat məbləğinin bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmasını və cavabdehdən onun xeyrinə 1000 manat mənəvi zərərin əvəzinin tutulmasına istəyir. İddiaçı hesab edir ki, 2023-cü ilin avqust ayının 5-də ona "Tam kart çərçivə müqaviləsi"nə əsasən verilmiş bank kartına xaker hücumu olmuşdur və ona bank tərəfindən bu barədə məlumat verilməmişdir. Daha sonra iddiaçı 2023-cü ilin avqust ayının 13-də onun bank kartlarından vəsaitlər onun sifariş olmadan silinməsini görmüş və bu barədə dərhal cavabdehə və polisə müraciət etmişdir. İddiaçının pensiya kartında 931,35 manat, əmək haqqı kartında 3209 manat , "Tam kartımda" isə kredit hissəsində 4830,27 manat vəsait, debet hissəsində 307,91 manat pul olmasına baxmayaraq, həmin vəsaitlər onun məlumatı, razılığı olmadan, onun tərəfindən heç bir hərəkət edilmədən, OTP kodu göndərilmədən, onun tərəfindən OTP kodu təsdiq edilmədən çıxarılmışdır. Cavabdeh isə hesab edir ki, cavabdehin nömrəsinə xx.xx.2023-cü il tarixində OTP-lərin göndərilməsinə baxmayaraq, müştəri bunu inkar etmiş və məsuliyyəti bankın üzərinə atmışdır. b) Mülki işin materialları: Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********99 saylı “Tam kart çərçivə müqaviləsi”nə əsasən bank tərəfindən borcalana kredit limiti ayırmış, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 8.2.5-ci maddəsinə əsasən müştəri ona təqdim olunan xüsusi kodun və özünün müəyyən etdiyi kod sözünün kənar şəxslərə açıqlamamağı öhdəsinə götürür və buna görə də məsuliyyət daşıyır. Eyni Müqavilənin 8.2.8-ci maddəsinə əsasən müştəri ona təqdim olunan xüsusi kodun və özünün müəyyən etdiyi kod sözünün kənar şəxslərə açıqlamamağı, həmçinin elektron poçt qutusunu və mobil telefonunu kənar şəxslərin müdaxiləsindən qorumağı öhdəsinə götürür və buna görə məsuliyyət daşıyır. İş materiallarında olan “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xx.xx.2024-cü il tarixli İddiaçı məxsus 438750******7211 saylı, 338250******7199 saylı, 338810******7120 saylı hesablarıdan çıxarışlardan görünür ki, xx.xx.2023-cü il tarixində həmin hesablardan avqust ayında yüklü miqdarda pul vəsaiti silinmişdir. İş materiallarında olan “cinayət işi başlanması və icraata qəbul edilməsi” barədə 11 yanvar 2024-cü il tarixli qərara əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddi isə cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. İş materiallarında olan çıxarışdan görünür ki, müştərinin +**********40 nömrəsinə (müqavilədə qeyd edilən) xx.xx.2023-cü il tarixində, saat 22:21-də və 22:26-da OTP-lər göndərilmiş və orada qeyd edilmişdir ki, "DİQQƏT! Təsdiq kodunuzu soruşurlarsa, məqsəd fırıldaqçılıqdır. Məxfi saxlayın. Mobil tətbiqə daxil olmaz üçün kodunuz: *****08. Tel 937. İş materiallarında olan 29 may 2024-cü il tarixli icra qeydinnən görünür ki, "xxxx" ASC-nin xeyrinə İddiaçı BPM**********99 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 4540 manat 90 qəpik tutulsun. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçın Bank tərəfindən icra qeydinin ləğv edilməsi üçün AR Ədliyyə Nazirliyinin Bakı şəhəri 35 saylı notariat ofisinə müraciət etməsini xahiş etmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli Bakı şəhəri Suraxanı rayon prokuroruna ünvanlanmış məktubundan görünür ki, vətəndaş İddiaçı plastik kart hesabından pulunun oğurlanması ilə araşdırmanın obyektiv aparılmaması barədə müraciəti cinayət-prosessual qanunvericiliyə müvafiq olaraq baxılması üçün ona gönderilir. İş materiallarına İddiaçı məxsus TQS 044 nömrəli fizioterapiya şöbəsində müalicə olunan əstənin kitabçası, fərqli tarixli resept blankları, Mediland Hospitaldan diaqnostika nəticə hesabatı, tibbi kitabçalar əlavə edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdeh tərəfindən həqiqətən də bankın təhlükəsizlik sisteminin əlverişsiz olduğundan ona zərərin vurulmasını, bankın vaxtında öz öhdəliklərini yerinə yetirmədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, № BPM**********99 nömrəli "Tam kart çərçivə müqaviləsi"nin 8.2.5-ci maddəsinə əsasən, müştəri ona təqdim olunan xüsusi kodun və özünün müəyyən etdiyi kod sözünün kənar şəxslərə açıqlamamağı öhdəsinə götürür və buna görə də məsuliyyət daşıyır. Həmin Müqavilənin 8.2.8-ci maddəsinə əsasən müştəri ona təqdim olunan xüsusi kodun və özünün müəyyən etdiyi kod sözünün kənar şəxslərə açıqlamamağı, həmçinin elektron poçt qutusunu və mobil telefonunu kənar şəxslərin müdaxiləsindən qorumağı öhdəsinə götürür və buna görə məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclası zamanı izahatlarında bank tərəfindən ona heç bir OTP kodu göndərilmədiyini bildirilsə də, mülki iş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, müştərinin +**********40 nömrəsinə (müqavilədə qeyd edilən) xx.xx.2023-cü il tarixində, saat 22:21-də və 22:26-da OTP-lər göndərilmiş və orada qeyd edilmişdir ki, "DİQQƏT! Təsdiq kodunuzu soruşurlarsa, məqsəd fırıldaqçılıqdır. Məxfi saxlayın. Mobil tətbiqə daxil olmaz üçün kodunuz: *****08. Tel 937. Beləliklə məhkəmə hesab edir ki, əməliyyat zamanı bankın təqsiri müəyyən edilməmiş, iddiaçı məhkəməyə bankın təqsiri barədə sübut təqdim etməmişdir. Yuxarıdakılara əsasən iddiaçının hazırda maddi tələblə cavabdehdən pul tələb etməsi əsassız olmuşdur. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandırmadığı üçün, həmçinin maddi ziyan hissəsi təmin edilmədiyindən və cavabdehin bu mübahisədə heç bir təqsiri müəyyən edilmədiyindən iddia mənəvi ziyan hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "dəymiş maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "dəymiş maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1785/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1785/2024
15.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver