Məhkəmə qərarları › İş №2(006)-1787/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1787/2024

26.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1787/2024 26.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə İddiaçılar İddiaçı1 MMC-nin və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 MMC və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 barəsində açılmış əsassız cinayət işi üzrə direktoru olduğu İddiaçı1 MMC-nin fəaliyyətsiz qaldığı 2015-2021-ci illər üçün itirdiyi gəlirlərin əvəzi olaraq 6.600.000 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılardan İddiaçı2 12 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı Gəncə şəhəri Əziz Nəzərov küçəsi ev 9 mənzil 10 olan İddiaçı1 MMC-nin (VÖEN: **********) xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək direktoru vəzifəsində işləyərkən müəssisənin Nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olub vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 77.3, 78.1, 82, 104.2, 105. 124.1, 159.1, 177 ve 201-ci maddələrinin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğu vergi orqanına bəyənnamə təqdim etməyərək və təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə xeyli miqdar təşkil edən 51513,92 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmaqda ittiham olunmuş, İddiaçı2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Goranboy Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli 1(045)-03/2019 saylı hökmü ilə İddiaçı2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət hadisəsi olmadığına görə bəraət verilmiş, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dərhal ləğv edilməsi, iş üzrə 51513,92 manat məbləğində mülki iddia tələbinin təmin edilməməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyininn 12 saylı ərazi Vergilər Departamenti tərəfindən 19 mart 2015-ci il tarixdə və 15 dekabr 2015-ci il tarixdə İddiaçı1 MMC-nin "xxxx" ASC-də kod 505442, VÖEN: **********, müxbir hesab AZ61NABZ ********************, SWİFT BİK: RBTAAZ22 olan VÖEN: **********, hesab: AZ71RBTA ******************** saylı hesab üzrə bütün bank əməliyyatlarının dayandırılmasına dair **********1A nömrəli sərəncamla qoyulmuş qadağanın götürülməsi hökm edilmişdir. Həmin hökmdən mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Departamenti tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(104)-180/2019 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qərardan mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Şahin Eyyubov tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(102)-86/2021 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının səriştəsizliyi nəticəsində 19 mart 2015-ci il tarixdə və 15 dekabr 2015-ci il tarixdə İddiaçı2 direktoru olduğu İddiaçı1 MMC-nin "xxxx" ASC-də kod 505442, VÖEN; **********, müxbir hesab AZ61NABZ ********************. SWİFT BİK: RBTAAZ22 olan VÖEN: **********, hesab: AZ71RBTA ******************** saylı hesab üzrə bütün bank əməliyyatları dayandırılmışdır. Bunun nəticəsində həmin MMC-nin fəaliyyəti 2021-ci il tarixədək dayanmış, həmin müddət ərzində İddiaçı1 MMC gəlirlərindən məhrum olmaqla, maddi ziyana uğramışdır. Bundan əlavə, MMC-nin fəaliyyətinin dayandırılması, eyni zamanda İddiaçı2 barəsində cinayət işinin başlanması səbəbindən analoqu olmayan yeni ixtira üzrə həyata keçiriləcək layihə baş tutmamış, bununla da rəhbərlik etdiyi MMC külli miqdarda gəlirdən məhrum olmuşdur. Hansı ki, həmin layihələr qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçirilmiş, lisenziya əldə olunmuşdur. Lakin, əsassız cinayət təqibinə görə həm bank müəssisənin hesablarının dondurulması səbəbindən müvafiq 6 il ərzində layihənin həyata keçirilib həm müəssisənin əldə edəcəyi külli miqdarda gəlirdən, həm də bu gəlirlərdən dövlət büdcəsi vergi və digər ödəmələrdən məhrum olmuş, həm də hesablar açıldıqdan sonra da son bir il ərzində müəssisənin gəlirləri olmadığından bank təşkilatları kredit verməkdən imtina etdiyinə görə bu günədək həmin layihələr həyata keçirilə bilmir. Faktiki olaraq, bu günə qədər İddiaçı1 MMC-yə vurulan ziyan davam edir. Qeyd edilməlidir ki, İddiaçı1 MMC-nin 2015-ci ildən fəaliyyətinin dayandırılmasından əvvəlki son 3 il ərzində, yəni 2013-2015-ci illərdə müəssisənin əldə etmiş olduğu xalis gəlir 3.300.000 manat məbləğində olmuşdur. İddiaçı1 MMC-nin direktoru İddiaçı2 barəsində əsassız cinayət işinin başlanması səbəbilə 2015-2021-ci illərdə İddiaçı1 MMC-nin fəaliyyəti dayanmışdır. Müəssisənin fəaliyyətinin dayandığı müddətədək ətdə etmiş olduğu son 3 ilin xalis gəlirinə baxdıqda müəssisənin bir il ərzində əldə edəcəyi xalis gəlir orta hesabla 1.100.000 manat təşkil edəcəkdi. Beləliklə də, İddiaçı1 MMC-nin fəaliyyətinin dayandırıldığı 2015-2021-ci illər ərzində müəssisə əldə edəcəyi 6.600.000 manat gəlirlərdən məhrum olmuşdur. Beləliklə, ibtidai istintaq orqanının ətraflı araşdırma aparılmadan hər hansı cinayət hadisəsi olmadığı halda iddiaçının barəsində cinayət işinin başlanması nəticəsində direktoru olduğu İddiaçı1 MMC-yə 6.600.000 manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan əlavə, məşhur bir MMCnin direktorunun barəsində cinayət işinin başlanması İddiaçı2 işgüzar nüfuzunun zədələnməsinə, insanların müəssisəyə olan etibarının sarsılmasına, bununla da müəssisənin keçmiş və gələcək fəaliyyətinə ciddi zərbə vurulmuşdur. Həmçinin, əsassız cinayət təqibinə məruz qaldığı illər ərzində müəssisə iqtisadi rəqabətdə mövcudluğunu qorumaq və tamamilə fəaliyyətinə xitam verilməməsi üçün işçilərlə əmək münasibətlərini davam etdirmiş, əmək haqqlarını öz daxili imkanları hesabına ödəmiş, faktiki olaraq hərtərəfli maddi ziyana uğramışdır. Təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri, iş üzrə ədalətli və obyektiv ibtidai araşdırmanın aparılmamasının nəticəsidir ki, İddiaçı2 hüquqları pozulmuş, onun direktorunun barəsində əsassız olaraq cinayət işi açılmaqla öz tanışları arasında, yaşadığı yerdə işgüzar nüfuzu zədələnmişdir. Sonradan, iddiaçılar iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı2 barəsində açılmış əsassız cinayət işi üzrə direktoru olduğu İddiaçı1 MMC-nin fəaliyyətsiz qaldığı 2015-2021-ci illər üçün itirdiyi gəlirlərin əvəzi olaraq 6.600.000 manat maddi ziyan qismində və 100.000 manat pulun mənəvi ziyan qismində cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar növbəti ərizəsini onunla əsaslandırmışlar ki, məhkəmənin icraatında iddiaçılar İddiaçı1 MMC-nin və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunusuz hərəkətləri nəticəsində vrulmuş maddi ziyanının ödənilməsi tələbinə dair 2(006)- 1787/2024 saylı mülki iş vardır. Həmin mülki işə əsasən iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı2 barəsində açılmış əsassız cinayət işi üzrə onun direktoru olduğu İddiaçı1 MMC-nin fəaliyyətsiz qaldığı 2015-2021-ci illər üçün itirdiyi gəlirlərin əvəzi olaraq 6.600.000 manat pulun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsi istənilmişdi. Hazırda iddiaçılar İddiaçı1 MMC və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia tələbini artırmaq istəyirlər. Belə ki, iddia ərizəsinin tələblərindən də göründüyü kimi, iddiaçılar cavabdehə qarşı sadəcə maddi ziyan tələbini irəli sürmüşlər. Halbuki, iddiaçılardan İddiaçı2 qarşı əsassız ittihamın irəli sürülməsi, bu ittihamla əlaqədar qeyd edilən şəxsin uzun müddət istintaq nəzarətində olması, uzun müddət təqsirləndirilən şəxs münasibəti görməsi və həmin cinayət işi üzrə yekunda ittihamverici əsaslar olmadan bəraət alması, əsassız başlanan cinayət işinə görə direktoru olduğu İddiaçı1 MMC-nin fəaliyyətinin iflic vəziyyətinə düşməsi, ixtiraçısı və patent sahibi olduğu ağ naftalan məhsullarının istər xarici, istərsə də daxili bazarlara çıxa bilməməsi İddiaçı2 düşdüyü vəziyyətin nə qədərə gərgin olduğunu, onu saldığı ruhi sarsıntının miqyasını orta düşüncəli insan belə dərk edə bilir. Ömründə bir dəfə də olsun məhkumluğun nə olduğunu bilməyən, uzun illər ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq ölkə büdcəsinə külli miqdarda vergi ödəyən, sahibkarlığa dair keçirilən ölkə əhəmiyyətli tədbirlərdə yüksək qonaq statusu kimi bir münasibət görən bir şəxsi ahıl və yaşlı çağında şübhəli və təqsirləndirilən şəxs qismində cəlb etmək, ona ittiham vermək bu iş üzrə ibtidai istintaqı aparan şəxslərin “yüksək peşəkarlığından və obyektivliyindən” xəbər verir. 2017-ci ildən başlamaqla 5 ilə yaxın bir müddətdə şəxsi gərgin vəziyyətdə saxlamaq, dəfərlərlə əsassız olaraq istintaq orqanının çağırışlarına çağırmaq və nəhayət olaraq tərtib etdikləri ittiham aktının əsassızlığının məhkəmədə sübuta yetirilməsi hesab edirik ki, bir şəxsin mənəvi sarsıntı keçirtməsininin sübuta yetirildiyinin təsdiqi üçün yetəri qədər əsas təşkil edir. Ölkə büdcəsinə illərdir külli miqdarda vergi ödəyən bir sahibkarı vergi ödəməkdən yayınmaqda ittiham etməklə, cinayət işini aparan bir müstəntiqi cinayətkar olmaqda ittiham etmək arasında heç bir fərq yoxdur. Məntiq hər ikisində də eynidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına görə də, “Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri- əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. AR Konstitusiya Məhkəməsinin qərarından da göründüyü kimi, məhkəmələr mənəvi zərərlə bağlı məsələlərə baxarkən və mənəzi ziyanla bağlı məbləği müəyyən edərkən hər iki tərəfin statusunu və iqtisadi vəziyyətini nəzərə almalıdırlar. Bu səbəbdən müəyyən edilən mənəvi zərərin məbləği qarşı tərəfi bu hərəkətdən çəkindirəcək səviyyədə olmalıdır. Belə ki, mənəvi zərərlə bağlı müəyyən ediləcək aşağı həddi məbləğ gələcəkdə ibtidai istintaq orqanını belə hərəkətləri həyata keçirtməyə yenidən həvəsləndirə bilər. Yəni “mənəvi zərərin məbləği onsuz da aşağıdır, pulumu verərəm, yenə eyni hərəkətə yol verərəm” prinsipinə yol verilməməsi üçün məhkəmələr bu xüsusatları nəzərə almalıdırlar. Nəzərə alınsa ki, bəraət almış şəxs İddiaçı2 haqsız və qanunsuz olaraq təqsirləndirilməsinə səbəb olmuş ibtidai istintaqı aparan orqanın, həmin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorun addımları atarkən hər zaman dövlətin yəni Azərbaycan Respublikasının adından çıxış etmişlər. Hesab edirlər ki, yuxarıda mənəvi zərərə məruz qalmasına əsas olan halların tərəflərindən qeyd edilməsi, maddi və əmlak dəyəri ölçülməyən, şəxsə bilavasitə bağlı olan hüquqların ibtidai istintaq orqanı tərəfindən pozulması mənəvi zərərin tələb edilməsi üçün hüquqi əsas təşkil edir. Yuxarıda qeyd edilənlərdən və qanunvericiliyin tələblərindən də göründüyü kimi, İddiaçı2 rəhbəri olduğu İddiaçı1 MMC-nin barəsində vergi orqanı tərəfindən tərtib edilmiş əsassız səyyar vergi yoxlaması aktı və bu aktın əsasında MMC-nin direktoru İddiaçı2 haqqında açılmış cinayət işinin yekununda sonuncunun barəsində bəraətverici əsaslarla hökmün qəbul edilməsi və yuxarı instansiya məhkəmələri tərəfindən də bu hökmün qüvvədə saxlanılması onun məruz qaldığı maddi ziyanın və bununla yanaşı mənəvi zərərin məhkəmə qaydasında tələb edilməsi üçün faktiki və hüquqi zəmin vardır. İddia ərizəsində tələb edilən maddi ziyanla yanaşı mənəvi ziyan qismində cavabdeh orqandan 100.000 (bir yüz min) manat mənəvi zərərin də İddiaçı2 ödənilməsi üçün hüquqi əsaslar mövcuddur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra, iddiaçılar Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən sonuncu xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı2 barəsində açılmış əsassız cinayət işi üzrə onun direktoru olduğu İddiaçı1 MMC-nin fəaliyyətsiz qaldığı 2015-2021-ci illər üçün itirdiyi gəlirlərin əvəzi olaraq 6.600.000 manat pulun maddi ziyan qismində və 100.000 manat pulun mənəvi ziyan qismində cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəməyə iddiaya etiraz göndərərək bildirmişdir ki, İddiaçı1 MMC və İddiaçı2 Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən aydın olur ki, İddiaçı1 MMC və İddiaçı2 hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işinin başlanmasını və barəsində cinayət təqibinin aparılmasını qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi ziyanın əvəzi olaraq 6.600.000 manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı1 MMC və İddiaçı2 hüquq-mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar maddi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən ibtidai istintaq orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə»də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Digər tərəfdən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda «müvafiq icra hakimiyyəti», yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozunutusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. İddiaçının hüquqlarının pozulmasına səbəb olmuş qanunsuz hərəkətlər ilə bağlı vəzifəli şəxslər barəsində Cinayət-Prosessual Məcəllənin 355-ci maddəsinə əsasən dövlət orqanlarının vəzifəli şəxslərinin fəaliyyətindəki çatışmazlıqların və ya səhvlərin cinayətin törədilməsinə səbəb olduğunu müəyyən olunduqda məhkəmə tərəfindən həmin şəxslər barəsində xüsusi qərar çıxarıla və tabeçilik qaydasında müvafiq yuxarı dövlət orqanının rəhbərinə göndərilə bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə ziyan vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Eyni zamanda Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə maddi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı maddi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Bundan başqa iddia ərizəsindən görünür ki, iddiaçı fəaliyyəti zamanı hansı məbləğdə gəlir əldə etdiyini, cinayət məsuliyyətinə cəlb olunduğuna görə gəlirinin hansı həcmindən məhrum olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddia ərizəsinə əlavə olaraq göndərilmiş Goranboy rayon Məhkəməsinin 1(045)-03/2019 saylı hökmündə mötəbər sübut qismində qəbul edilmiş komisyon məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, İddiaçı1 MMC 2015-ci ildə 368.054.79 manat məbləğində zərərlə fəaliyyət göstərmişdir, iddia olunan «əldən çıxmış mənfəətin» müəyyən olunması və hesablanması qeyri-mümkündür. Bu baxımdan iddiaçının maddi zərərə görə kompensasiya tələb etməsi ağlabatan deyildir. Habelə, İddiaçı2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət hadisəsinin baş verməməsinə görə bəraət verilməsi ilə ərizəçinin iddia etdiyi maddi ziyan arasında heç bir səbəbli-əlaqə görünmür. Bundan başqa, iddiaçı barəsində cinayət işi başlandıqdan sonra İddiaçı1 MMC-nin fəaliyyətini dayandırmasını və bununla bağlı ona maddi ziyana məruz qalmasını qeyd etsə də, bununla bağlı məhkəməyə əsaslı sübutlar təqdim etməmişdir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Vergi Xidməti tərəfindən iddia tələbinə qarşı etiraz ərizəsi ünvanlanaraq bildirilmişdir ki, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı və Dövlət Vergi Xidmətinin üçüncü şəxs qismində göstərildiyi iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək İddiaçı1 MMC-nin fəaliyyətsiz qaldığ 2015-2021-ci illər üçün 6.600.000,0 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirlər ki, İddiaçı2 iddiası aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İddiaçı iddia tələbində İddiaçı1 MMC-nin 2013- 2015-ci illər ərzində xalis mənfəətinin 3.300.000 manat olduğunu, bir il ərzində isə xalis mənfəətin 1.100.000 manat olduğunu, buna görə də 6 il ərzində (2015-2021) müəssisənin itirdiyi xalis mənfəətin 6.600.000 manat olduğunu qeyd etmişdir. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergi tutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividendi, faiz, royaltı vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxan (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəət. Göründüyü kimi mənfəət ümumi gəlirlə ümumi xərc arasındakı fərqdən ibarətdir (Gəlirlər-xərclər mənfəət). İddiaçının 2013-cü il üzrə gəliri 1.226.940,09, xərc 1.200.206.79, mənfəəti 26.733,30, mənfəət vergisi 5.346,66 manat olmuşdur. 2014-cü il üzrə gəliri 438.909,00, xərci 395.018.00, mənfəəti 43.891,00, mənfəət vergisi 8.778,20 manat olmuşdur. 2015-ci il üzrə gəliri 1.618.180,10, xərci 1.611.863,69, mənfəəti 6.316.41, mənfəət vergisi 1.263,28 manat olmuşdur. Göründüyü kimi, müəssisənin xalis mənfəəti iddiaçının dediyi kimi illik 1.100.000 manat deyil. Həmçinin iddiaçının şəxsi hesab vərəqəsinə nəzər saldıqda əvvəlki dövrlərdə olduğu kimi 2015-2021-ci illər ərzində də vergi və digər icbari ödənişlərini ödəməkdən yayınmamışdır. Bu da onu deməyə əsas verir ki, vergi ödəyicisi barəsində ibtidai araşdırmanın aparılması, bank hesablarına sərəncam qoyulması onun fəaliyyətinə mənfi təsir göstərməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaya növbəti etiraz təqdim edərək izahatında bildirdi ki, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı və Dövlət Vergi Xidmətinin üçüncü şəxs qismində göstərildiyi iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək İddiaçı1 MMC-nin fəaliyyətsiz qaldığı 2015-2021-ci illər üçün 6.600.000,0 (altı milyon altı yüz min) manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı2 barəsində açılmış əsassız cinayət işi üzrə onun direktoru olduğu İddiaçı1 MMCnin fəaliyyətsiz qaldığı 2015-2021-ci illər üçün itirdiyi gəlirlərin əvəzi olaraq 6.600.000,0 (altı milyon altı yüz min) manat pulun maddi ziyan qismində və 100.000 (bir yüz min) manat pulun mənəvi ziyan qismində cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirlər ki, İddiaçı2 iddiası aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İddiaçı2 cinayət təqibi nəticəsində müəssisənin məhdudiyyətlərə məruz qaldığını və gəlir itirdiyini, İddiaçı1 MMC-nin 2013-2015-ci illər ərzində xalis mənfəətinin 3.300.000 manat olduğunu, bir il ərzində isə xalis mənfəətin 1.100.000 manat olduğunu, buna görə də 6 il ərzində (2015-2021) müəssisənin itirdiyi xalis mənəffətin 6.600.000,0 (altı milyon altı yüz min) manat pulun maddi ziyan qismində ona ödənilməli olduğunu iddia etmişdir. İddiaçının bu tələbi ilə bağlı bildirirlər ki, cinayət təqibi İddiaçı1 MMC-də vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktına əsasən cəmiyyətin özü barədə deyil, həmin cəmiyyətin direktoru vəzifəsində işləyən X4 barədə aparılmışdır. Aparılmış cinayət təqibi ilə İddiaçı1 MMC-nin fəaliyyətinə və müəssisənin mənfəət itirməsinə səbəb olacaq hər hansı bir məhdudiyyət qoyulmamışdır. Cəmiyyətin şəxsi hesab vərəqəsinə nəzər saldıqda əvvəlki dövrlərdə olduğu kimi 2015- 2021-ci illər ərzində də fəaliyyət göstərdiyi vergi və digər icbari ödənişlərini ödədiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı özü barədə başlamış cinayət işi ilə əlaqədar İddiaçı1 MMC-nin maddi ziyan çəkdiyini iddia etmiş, lakin bu iddiasını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Həmçinin bildirirlər ki, iddia tələbi ilə bağlı münasibətləri tənzimləyən “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun adından da göründüyü kimi, qanunla hüquqi şəxslərə deyil fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə münasibətlər tənzimlənir. Həmin Qanunun 5-ci maddəsinə əsasən fiziki şəxsə ödənilən ziyanın növləri aşağıdakılardır: məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğləri; vurulmuş fiziki və mənəvi ziyan. Göründüyü kimi, iddiaçının maddi zərər tələbi dəlillərlə əsaslandırılmamış, qeyd olunan Qanunun 5-ci maddəsinin tələblərinə əsasən hansı növ ziyanın vurulduğu göstərilməmiş, sadəcə olaraq hüquqi şəxs tərəfindən gəlir itirilməsi barədə fərziyyələrə söykənmişdir. Əlavə olaraq bildirirlər ki, iddiaçı iddia ərizəsində İddiaçı1 MMC-nin 2013-2015-ci illər ərzində xalis mənfəətinin 3.300.000 manat olduğunu, bir il ərzində isə xalis mənfəətin 1.100.000 manat olduğunu qeyd etmişdir. Bununla bağlı olaraq bildirirlər ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan Goranboy Rayon Məhkəməsinin 1(045)-03/2019 saylı hökmündə mötəbər sübut qismində qəbul edilmiş ekspert rəyindən görünür ki, İddiaçı1 MMC 2015-ci ildə 368.054,79 manat məbləğində zərərlə fəaliyyət göstərmişdir. Qeyd olunan bu hal müəssisədə vergidən yayınma faktı əsasında aparılmış cinayət işinə görə X1 bəraət almağına səbəb olmuşdur. Göründüyü kimi, müəssisənin 2015-ci il ərzində zərərlə işlədiyi məhkəmə hökmü ilə müəyyən edilsə də iddiaçı heç bir əsas olmadan il ərzində müəssisənin xalis mənfəətinin 1.100.000 manat olduğunu qeyd etmiş, özünün bəraət almasına səbəb olmuş müəssisənin zərərlə işlədiyindən vergidən yayınma halının mövcud olmadığını sübut edən mötəbər sənədlərin əsaslılığını şübhə altına almaqda ziddiyədli olan iddia tələbi irəli sürmüşdür. İddiaçının işgüzar nüfuzun zədələnməsi hissəsi ilə bağlı bildirmək istəyirlər ki, iddiaçının ona dəymiş mənəvi zərərlə bağlı hər hansı təsdiqedici sənədlərə istinad etməmişdir və bununla da iddiaçıya hər hansı mənəvi zərər dəyməsi faktı sübut olunmur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Bununla yanaşı “mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini aydınlaşdırmalıdır. Lakin iddiaçının mənəvi əzab çəkməsini, barəsində mənfi fikrin formalaşmasını sübut edəcək faktlar (sənədlər) təqdim etməmişdir. Buna görə də, iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsi barədə iddiası əsassız və qanunvericiliyinin tələblərinə tamamilə ziddir. İddia ərizəsinə etirazı müdafiə edir. Məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və 3-cü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia İddiaçı2 iddiasına münasibətdə qismən təmin edilməli, digər iddiaçının iddiası isə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Goranboy Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli 1(045)-3/2019 saylı hökmündən görünür ki, İddiaçı2 Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət hadisəsi olmadığına görə bəraət verilmiş; barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dərhal ləğv edilmiş; iş üzrə 51.513,92 manat məbləğində mülki iddia tələbi təmin edilməmiş; Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı ərazi Vergilər Departamenti tərəfindən 19 mart 2015-ci il tarixdə və 15 dekabr 2015-ci il tarixdə İddiaçı1 MMC-nin "xxxx" ASC-də olan müvafiq hesab üzrə bütün bank əməliyyatlarının dayandırılmasına dair **********1A nömrəli sərəncamla qoyulmuş qadağa götürülmüşdür. Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 1(104)-180/2019 saylı qərarı ilə mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı ərazi Vergilər Departamentinin apellyasiya şikayəti təmin edilməmiş, Goranboy Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli 1(045)-3/2019 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1(102)-86/2021 saylı qərarı ilə mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı ərazi Vergilər Departamentinin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 1(104)- 180/2019 saylı qərarı mülki iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, iddiaçı barəsində cinayət işi açılmış, uzun müddət istintaq və məhkəmə araşdırmaları aparılmış, nəticədə iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız olaraq başqa yerə getmək hüququndan istifadə edə bilməmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü maddəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci maddəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci maddəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. http://eqanun.az/files/framework/data/5/c_f_5104.htmBu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və İddiaçı2 xeyrinə ədalətli həddə, yəni 5.000 manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə İddiaçı2 ödənilməli mənəvi ziyanın həcmini 5.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edildiyi kimi, İddiaçı2 barəsində cinayət təqibi aparılmış, eləcə də başqa yerə getməmək haqqında iltizam tətbiq edilmişdir. İşdə olan sənədlərə əsasən sonda bəraətlə nəticələnən cinayət təqibinin aparılma müddəti 7 ay, iltizamın tətbiq edildiyi müddət isə 12 ay təşkil etmişdir. Məhkəmə qanunsuz cinayət təqibinə məruz qalmış şəxslərin mənəvi ziyan tələblərinə baxılması nəticəsində yuxarı instansiya məhkəmələrində formalaşmış mövqeyə müvafiq olaraq iddiaçı barəsində aparılmış cinayət təqibi müddətinə görə mənəvi ziyan məbləğini 1400 manat (hər ay 200 manat olmaqla, 7 ay x 200 manat), eləcə də başqa yerə getməmək haqqında iltizamın tətbiq edildiyi müddətə görə 3600 manat (hər ay 300 manat olmaqla, 12 ay x 300 manat) olmaqla, ümumilikdə 5000 manat müəyyən edilməsini ədalət baxımından mümkün hesab edir. Məhkəmə qeyd edir ki, iddiaçıların digər bir tələbi də maddi zərərin ödənilməsi ilə əlaqədardır. Məhkəmə mənəvi ziyan tələbi ilə qismən razılaşıb, yuxarıda qeyd edilən həcmdə vəsaitin İddiaçı2 ödənilməli olması qənaətinə gəlsə də, maddi zərər tələbinə münasibətdə hesab edir ki, iddia tələbi kifayət qədər əsaslandırılmamışdır. Belə ki, iddiaçılar maddi ziyan tələbini İddiaçı2 barəsində ibtidai araşdırmanın və məhkəmə istintaqının aparılması zamanı sonuncunun direktoru olduğu müəssisənin bank əməliyyatları üzrə qadağanın qoyulması nəticəsində maddi itkilərə məruz qalması və müəssisənin illik gəlirindən məhrum olması ilə əlaqələndirmişlər. Əvvəla qeyd edilməlidir ki, İddiaçı2 həm özünə, həm də direktoru olduğu müəssisəyə maddi zərər dəydiyinə istinad etsə də, təqdim etdiyi iddia ərizəsindən aydın olur ki, ərizədə müəssisəyə dəymiş ziyandan bəhs edilir. Yəni iddiaçının şəxsən özünə dəymiş maddi ziyanın nədən ibarət olması iddia tələbi ilə aydın deyil. Digər tərəfdən işin yuxarıda araşdırılmış halları ilə müəyyən edilmişdir ki, cinayət təqibi məhz müəssisənin direktoru barəsində aparılmış, iltizam İddiaçı2 barəsində tətbiq edilmiş, yekunda İddiaçı2 barəsində aparılmış araşdırma bəraət hökmünün qəbul edilməsi ilə nəticələnmişdir. Bu araşdırmaların aparıldığı dövrdə müəssisənin bank əməliyyatları üzrə qadağa tətbiq edilmiş olsa belə, müəssisə barəsində ayrıca bir araşdırmanın aparılması və yaxud cinayət hüquqi-tədbirlərdən hər hansı birinin tətbiq edilməsi müəyyən olunmur. Bununla belə maddi zərər tələbinin obyektiv araşdırılması baxımından məhkəmənin sorğusu əsasında İddiaçı1 MMC-nin 2013-2021-ci illər ərzində mənfəəti barədə aidiyyəti qurumun məktubu təqdim edilmişdir. Məktuba baxış keçirdikdə İddiaçı1 MMC-nin illər ərzində əldə etdiyi xalis mənfəəti barədə məlumatlar öz əksini tapmış, müəyyən dövr ərzində məbləğlərdə fərq müəyyən olunsa da, bank əməliyyatları üzrə qadağanın tətbiq edildiyi dövrdə müəssisənin fəaliyyətsiz qalması öz təsdiqini tapmamışdır. Bununla da, məhkəmə hesab edir ki, İddiaçı2 dəymiş maddi zərərin nədən ibarət olması əsaslandırılmadığı kimi, müəssisəyə də dəymiş ziyanın nədən ibarət olduğu məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə onu da qeyd edir ki, maddi ziyan tələbinin əsassızlığı həmçinin ondan ibarətdir ki, müəssisəyə və onun direktoruna dəymiş maddi ziyan kifayət qədər yüksək məbləğdə tələb edilsə də, müəssisəyə və onun direktoruna dəymiş ziyanın məbləğləri ayrı-ayrılıqda göstərilməməklə yanaşı, sonda ödəniləcək maddi ziyan məbləğinin müəssisəyə deyil, təkcə İddiaçı2 ödənilməsi tələb edilmişdir. Bununla da hər iki iddiaçının maddi ziyan tələbləri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı2 iddiası qismən təmin edilməli, İddiaçı2 vurulmuş mənəvi zərərə görə 5.000 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddiaçı2 iddiası qalan hissədə təmin edilməməlidir. İddiaçı1 MMC-nin iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı2 iddiası qismən təmin edilsin. İddiaçı2 vurulmuş mənəvi zərərə görə 5.000 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddiaçı2 iddiası qalan hissədə təmin edilməsin. İddiaçı1 MMC-nin iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar