Məhkəmə qərarları › İş №2(006)-179/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-179/2024

14.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-179/2024 14.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X4 və X7, X2 Agentliyinin mütəxəssisi X6 iştirakları ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X21 Təchizatı və Satışı İdarəsinin təqsirli hərəkətlərindən mənzillərində yararsız vəziyyətə düşmüş qiyməti 3750.00 manat olan 1 ədəd istilik sistemi - “Termet” markalı kombi aparatı, qiyməti 850.00 manat olan 1 ədəd Sony Xperia M2 markalı mobil telefon, qiyməti 300.00 manat olan 1 ədəd su motoru və qiyməti 30.00 manat olan 10 ədəd led lampaları olmaqla, ümumilikdə 4930.00 manat pulun və ödənilmiş 70.00 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzilin sahibidir, qızı İddiaçı1 ilə birlikdə həmin ünvanda yaşayırlar. 26 yanvar 2023-cü il tarixdə iddiaçıya məxsus mənzildə işıqlar birdən közərməyə başlamış və bir neçə saniyədən sonra elektrik verilişi gücləndiyindən bütün asılqanların lampaları süd kimi ağarmışdır. Belə olan halda İddiaçı2 təcili mətbəxdə yerləşən soyuducunu, İddiaçı1 isə telefonu söndürmüş, lakin evdə olan digər elektrik və məişət əşyalarını elektrik yuvasından çıxara bilməmişlər. Çünki həmin vaxt İddiaçı1 məxsus Sony Xperia M2 markalı mobil telefon enerji yığması üçün elektrik yuvasında taxılı olmuş və onlar telefona baxanda ekranın qaraldığını görmüş, telefonu yandırıb söndürsələr də məlum olmuşdur ki, telefon artıq yanıb. Bundan sonra İddiaçı2 İddiaçı1 ilə tələsik evin digər elektrik və məişət əşyalarını yoxlayan zaman aşağı mərtəbədə yerləşən su motorunun (gidropor) və istilik sistemi “Termet” markalı kombi aparatının da işləmədikləri məlum olmuşdur. İddiaçılar baş vermiş hadisə ilə bağlı qonşulardan ətraflı maraqlandıqda onlara bildirilmişdir ki, həmin hal, yəni işığın gah güclənib, gah da sönməsi onların mənzillərində də baş vermişdir. Həmin gün mənzildə baş vermiş işıq sistemində gərginliyə görə iddiaçılar naharat olmuş və qorxmuşlar ki, bu hadisə nəticəsində mənzildə yanğın hadisəsi baş verə bilər, buna görə də onlar məcbur olub elektrik ustası çağırmışlar. Usta iddiaçılara məxsus mənzilə gəlib baxdıqdan sonra bildirmişdir ki, mənzilin daxili elektrik sistemində heç bir nöqsan yoxdur, yaranmış gərginlik ancaq çöldəki elektrik dirəklərində olan elektrik naqillərində cərəyanın artması və azalması səbəbindəndir. Bundan sonra növbəti gün, yəni 27 yanvar 2023-cü il tarixdə iddiaçılar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X21 Təchizatı və Satışı İdarəsinə müraciət edərək, hadisə baş vermiş mənzildə işıq sistemində gərginlik yarandığından (gah közərir, gah da həddindən artıq güclü yanır) mənzilin məişət avadanlıqları - 1 ədəd istilik sistemi olan “Termet” markalı kombi aparatı, 1 ədəd Sony Xperia M2 markalı mobil telefon, 1 ədəd su motoru və 10 ədəd led lampalarının sıradan çıxdığını bildirmişlər. Həmin qurumdan iddiaçıya bildirilmişdir ki, bu barədə rəsmi ərizə yazıldıqdan sonra əməkdaşlar iddiaçının mənzilinə baxacaqlar. İddiaçı2 27 yanvar 2023-cü il tarixdə X21 Təchizatı və Satışı İdarəsinə rəsmi qaydada ərizə yazaraq müraciət etdikdən sonra ona cavab veriləcəyi bildirilmişdir. Daha sonra belə hallar bir neçə dəfə təkrar olaraq baş vermiş, elektrik sistemində yaranan gərginlik baş verən zaman mənzildə heç bir məişət əşyası işləməmişdir. İddiaçılarda artıq qorxu yaranmışdır ki, mənzildə olan digər məişət əşyaları da sıradan çıxa bilər. Lakin çarəsiz qalaraq bu barədə heç bir tədbir görə bilməmişlər. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X21 Təchizatı və Satışı İdarəsinə edilən müraciətə vaxtında baxılmadığı, bu problem aradan qaldırılması və işıq idarəsinin əməkdaşları iddiaçının mənzilinə gəlib baxmadıqları üçün digər İddiaçı1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 199 “Qaynar–xətt” əlaqə mərkəzinə müraciət etsə də, ona məxsus mobil telefona SMS göndərilmiş və bildirilmişdir ki, sizin müraciətiniz qeydə alındı. Baxmayaraq ki, iddiaçılar 199 “Qaynar–xətt” əlaqə mərkəzinə dəfələrlə müraciət etmişlər. İddiaçı2 məxsus mənzildə işıq sistemində gərginlik yarandığından həmin mənzildə olan məişət avadanlıqları - 1 ədəd istilik sistemi olan “Termet” markalı kombi aparatı, qiyməti 850.00 manat olan 1 ədəd Sony Xperia M2 markalı mobil telefon, qiyməti 300.00 manat olan 1 ədəd su motoru və qiyməti 30.00 manat olan 10 ədəd led lampalar yanaraq sıradan çıxmış və nəticədə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X21 Təchizatı və Satışı İdarəsi tərəfindən iddiaçılara 4930.00 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının mənzilində olan əmlaklar yararsız vəziyyətə düşmüşdür. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında digər İddiaçı1 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X16 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X2 Agentliyinin mütəxəssisi X13 bildirdi ki, X15 tərəfindən məhkəməyə təqdim edilmiş məktubda da qeyd edildiyi kimi, aşağı keyfiyyətli elektrik enerjisi verilərkən elektrikqəbuledicilərin zədələnməsi və yararsız hala düşməsi mümkün olur. Gəncə Şəhər Məhkəməsində şahid qismində dindirilmiş "xxxx" ASC-nin işçisinin ifadəsi ilə tanış olaraq əlavə etdi ki, "xxxx" ASC-yə məxsus elektrik xəttinin qoşulduğu sayğac və vətəndaşın evinə qədər olan hissədə quraşdırılmış avtomat yanırsa, bu zaman elektriklə işləyən məişət avadanlıqları sıradan çıxır, əks halda isə həmin avadanlıqlar sıradan çıxa bilməz. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin eksperti X1 verdiyi rəyi müdafiə edərək bildirdi ki, hadisənin baş verməsindən uzun müddət keçsə də, iddiaçıların evinə quraşdırılmış sayğaca çəkilmiş elektrik xəttinə, sayğaca, sayğacın çıxış xəttinə, evin elektrik yuvaları və açarlarına baxış keçirilmişdir. Baxış zamanı qısaqapanmaya xarakterik olan əlamətlər aşkar edilməmiş, evin daxili elektrik xətləri isə görünməz üsulla (suvaqaltı, tavanın yuxarı hissəsi) çəkildiyindən, həmin xətlərə baxış keçirilməsi mümkün olmamışdır. Ərazidə yaşayan qonşulara müraciət edilmiş, qonşular həmin gün onların evində işıqla bağlı heç bir problem olmadığını bildirmişlər. Qeyd etdiklərinə əsasən, səbəbli əlaqənin müəyyən olub-olmamasının müəyyən edilməsi məsələsinin məhkəmənin səlahiyyətinə aid olduğunu nəzərə alaraq, iddianın təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə təqdim etdiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №-li Çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, DOS-6-da istifadədə olan 0.0154 ha torpaq sahəsində yerləşən 64 nömrəli, 1 mərtəbəli binanın 4-cü girişində, 1-ci mərtəbəsində yerləşən 26.8 kv.m. ümumi, 16 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı 4 nömrəli mənzil (reyestr nömrəsi: **********00- 05101-093001) tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: 1********) xx.xx.2006-cı il tarixdə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 117 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat tarixi: xx.xx.2006-ci il, qeydiyyat nömrəsi: 1********). xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Gəncə şəhəri, DOS-6, 64 ünvanında yerləşən mənzilin sahibi İddiaçı2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X21 Təchizatı və Satışı İdarəsinə müraciət edərək, işıq sistemində gərginlik olduğundan (gah közərir, gah da güclü yanır) məişət avadanlıqları (istilik sistemi – kombi, su motoru, 1 ədəd mobil telefon və led işıqlar) sıradan çıxmışdır. Bununla əlaqədar ən qısa müddətdə tədbir görülməsini, ona vurulan maddi ziyanın ödənilməsini xahiş etmişdir. "xxxx" ASC tərəfindən göndərilmiş 08-xx.xx.2023, xx.xx.2023-cü il tarixli SMS-lərdən görünür ki, İddiaçı1 müraciətinin qeydə alınması və müraciəti ilə bağlı məsələnin həll edilməsi məzmunda cavab verilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 70 (yetmiş) manat məbləğində rüsum ödənilmişdir. Videoyazılardan görünür ki, evdə işıq artıb-azalmış, bir nəfər şəxs “problem bizlikdir” demişdir. Qərb RETSİ tərəfindən verilmiş xidməti məlumatdan görünür ki, İddiaçı2 xx.xx.2023-cü il tarixli məktubu araşdırılaraq xx.xx.2023-cü il tarixdə cavablandırılmışdır. xx.xx.2023-cü il tarixdə vətəndaşın yaşadığı ərazini elektrik enerjisi ilə təmin edən 6 kV-luq “5-ci şəhər” hava xəttində və ******* saylı 2x630 kVA transformator məntəqəsində heç bir qəza halı baş verməmişdir. Gərginliyin qiymətində dəyişiklik olmamışdır. Gərginliyin artıb-azalması ilə bağlı həmin ərazidən başqa heç bir şikayət daxil olmamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 13-13/2-1/16-4797/2023 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixində ünvan 3 ünvanında yerləşən mənzili və həmin ərazini elektrik enerjisi ilə təmin edən 6 kV-luq “5-ci Şəhər” hava xəttində və ******* saylı, 2 x 630 kVA transformator məntəqəsində heç bir qəza halı baş verməmiş, eləcə də gərginliyin artıbazalması barədə "xxxx" ASC-yə məlumat daxil olmamışdır. Ərazidə olan elektrik xətlərinə təsdiq edilmiş qrafik üzrə mütəmadi baxış keçirildiyi əlavə olaraq qeyd edilmişdir. Zərurət olduğundan məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə müvafiq şəxslərin şahid qismində dindirilmələri və mütəxəssis rəyinin alınması məqsədilə Gəncə Şəhər Məhkəməsinə məhkəmə tapşırığı göndərilmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyi Gəncə Filialının xx.xx.2023cü il tarixli, 3-15-2-2/2-265/2023 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilin və həmin ərazinin elektrik enerjisi təchizatı 110/6 kV-luq “Mərkəz” yarımstansiyasından çıxan 6 kV-luq “5-ci Şəhər” hava xəttindən qidalanan ******* saylı, 2x630 kVA transformator yarımstansiyasının 0,4 kV-luq tərəfindən çəkilmiş kabel xətti vasitəsi ilə təmin olunur. Göstərilən mənzilə gedən elektrik xətlərində gərginliyin artıb-azalması kimi nasazlığın (elektrik xətlərində hər hansı digər qüsur və problemlər) baş verməsi barədə xx.xx.2023-cü il tarixində, həmçinin, həmin tarixdən sonra X11 müraciət və ya məlumat daxil olmamışdır. xx.xx.2023-cü il tarixi ərəfəsində həmin ərazidə elektrik xətlərinə filial tərəfindən baxış keçirilməmişdir. İstehlakçıya buraxılmış aşağı keyfiyyətli (bir və ya eyni zamanda bir neçə göstərici üzrə) elektrik enerjisinə görə elektrik qəbuledicilərin zədələnərək yararsız hala düşməsi mümkündür. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, şahid qismində dindirilmiş: - X17 ifadəsində göstərmişdir ki, o, 1992-ci ildən "xxxx" ASC Qərb RETSİ Gəncə EŞ-də operativ personal işləyir, yəni təbii fəlakət, yükləmə və qırılma zamanı yüksək gərginlikli xətlərin təmirini və əməliyyatını həyata keçirir. Gəncə şəhəri, Dos-6 qəsəbəsinə çəkilmiş yüksək gərginlikli xətt də onların nəzarətindədir. Həmin xətt mərkəzdən “5-ci şəhər”in üstündədir, transformator nömrəsi 2185-dir. İl ərzində bəzən heç vaxt, bəzən isə ən çoxu 3-4 dəfə qısaqapanma olur. Evdə elektriklə işləyən məişət əşyaları sayğac xarab olanda sıradan çıxır. Qoruyucu sıradan çıxmamışdırsa, məişət əşyalarına heç bir ziyan dəymir. xx.xx.2023-cü ildə həmin qəsəbədə qısaqapanma olub-olmamasını xatırlamır. Lakin o, bir neçə ay əvvəl iddiaçıların evinə məxsus sayğaca gedən xəttin fazasını bağlamışdır. Belə ki, sayğaca baxış keçirərkən yazının olmadığını görmüşdür. Xəttin sıradan çıxmasının səbəbi isə müqavimət, yaxud qısaqapanma ola bilərdi. Baş verənlərin hansı tarixdə olmasını xatırlamır. - X19 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri ərazisində kombi və elektriklə işləyən məişət texnikalarının ustası kimi fəaliyyət göstərir. Kombidə yaranmış nasazlıqla əlaqədar 2023-cü ilin qış aylarında iddiaçıların evinə çağırılmış, elektrikli məişət əşyalarının elektrik cərəyanından ayrılmasını, əks halda onların sıradan çıxacağını bildirmiş, bundan 2 gün sonra İddiaçı1 ona zəng edərək, kombinin işləmədiyini demişdir. O, kombini yenidən yoxlayan zaman platasının sıradan çıxdığını görmüşdür. - mütəxəssis rəyinin alınması mümkün olmamışdır. İş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədi ilə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti olduğundan məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2024-cü il tarixli 3-16-16/2-10/9300-9/9513 nömrəli ekspert rəyindən görünür ki: - ünvan 4 ünvanına ekspertin və tərəflərin iştirakı ilə baxış keçirilən zaman evin elektrik sayğacına çəkilmiş elektrik xəttində, sayğacın üzərində, sayğacın çıxış xəttində və evin elektrik rozetkaları, həmçinin, açarları üzərində elektrik qəza hallarından (qısa qapanma və s.) yaranması üçün xarakterik olan əlamətlər aşkar edilmədi. Evin daxili elektrik xətləri görünməz üsulla (yəni suvaqaltı, tavanın yuxarı hissəsi və s.) çəkildiyi üçün xətlərin həmin hissələrinə baxışın keçirilməsi mümkün olmadı. 18 dekabr 2023-cü il tarixli vəsatətdə göstərilmiş, yəni qərardadda sadalanan elektrik qurğularının elektrik şəbəkəsində gərginliyin artması nəticəsində sıradan çıxmasını özündə əks etdirən mütəxəssis rəyi təqdim edilmədiyinə görə, baxışda təqdim edilmiş kombi qurğusunun və su nasosunun hansı səbəbdən sıradan çıxmasını müəyyən etmək mümkün olmadı (ekspert Əlihüseyn Süleymanov). - Analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərardadda və iş materiallarında göstərilən malların orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: - 1 ədəd “Sony Xperia M2” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq – 150.00 manat; - 1 ədəd “Vicounte 0,6 kw 850Wmax” markalı su nasosu – 80,00 manat. Digər qərardadda göstərilən 2 adda mallar haqqında ətraflı məlumat (markası, modeli, istehsal yeri, istismar müddəti və digər texniki göstəriciləri) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qeyd: tədqiqat obyekti tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir (ekspert Vüsalə Şıxəliyeva). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2024-cü il tarixli 9/2523 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş və iş materiallarında göstərilən malların istifadədə olması nəzərə alınmaqla təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: - 1 ədəd “Sony Xperia M2” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla – 150.00 manat; - 1 ədəd “Vicounte 0,6 kw 850Wmax” markalı su nasosu – 80,00 manat. - 1 ədəd 36 kw “Termet” markalı kombi cihazı - 850,00 manat. - 10 ədəd led lampa - 60,00 (10 ədx6man) manat. Qeyd edilən malların istismara yararlı olub-olmamasının müəyyən edilməsi məhkəməəmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil (ekspert Vüsalə Şıxəliyeva). Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 yaşadıqları ünvan 5 ünvanında yerləşən 4 nömrəli mənzil İddiaçı2 mülkiyyətindədir. xx.xx.2023-cü il tarixdə İddiaçı2 cavabdehin müvafiq region üzrə idarəsinə ərizə ilə müraciət edərək, işığın artıbazalması ilə əlaqədar kombinin, su motorunun, mobil telefonun və 10 ədəd led lampanın sıradan çıxdığını bildirmiş, məsələ ilə əlaqədar tədbir görülməsini xahiş etmişdir. Həmçinin, digər İddiaçı1 fevral ayında cavabdehin qaynar xətt nömrəsinə müraciət etmiş, ona müraciətinin qeydə alınması və məsələnin həll edilməsi məzmununda cavab verilmişdir (SMS vasitəsilə). Hazırda iddiaçılar işığın artıb-azalması nəticəsində həmin vaxt elektrik yuvasına qoşulu olan əşyaların (kombi, mobil telefon, su motoru, 10 ədəd led lampa) dəyəri olan 4.930 manat məbləğində maddi ziyanın və dövlət rüsumunun cavabdehdən tutularaq onlara verilməsini; cavabdeh isə iddiaçıya ziyan dəyməsində cavabdehin təqsirinin sübuta yetirilmədiyini bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. İddia tələbi ilə əlaqədar qeyd edilməlidir ki, iddiaçılara məxsus əmlakların yararsız hala düşməsi ilə onların maddi ziyana məruz qalmaları məhkəmə araşdırmaları nəticəsində iş üzrə müəyyən edilmiş mübahisəsiz hal olmuşdur. Lakin bu ziyanın məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində yaranması və ziyanın məbləği mübahisəli olduğundan, cavabdehin hər hansı təqsirli hərəkət və ya hərəkətsizliyinin, onunla dəymiş ziyan arasında səbəbli əlaqənin olubolmaması, dəymiş ziyanın məbləği və s. digər vacib xüsusatların araşdırılması zərurəti yaranmışdır. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən, hər bir tərəf öz iddiasının və etirazlarının əsasları kimi istinad etdiyi fakt və halları sübut etmə vəzifəsi daşıdığından, məhkəmə tərəfindən ilk öncə müvafiq sübutların təqdim edilməsi iddiaçılara təklif edilmiş, iddiaçılar tərəfindən isə məhkəməyə evdə işığın artıb-azalmasını və bir nəfər şəxsin “problem bizlikdir” deməsini əks etdirən videogörüntülər təqdim edilmişdir. Həmin videogörüntülərdən birində “problem bizlikdir” sözlərini deyən şəxsin cavabdehin əməkdaşı – X17 olduğunu cavabdeh tərəf təsdiqləsə də, dediyi sözün doğru olmadığını, onun belə deməsinin səbəbinin nə olduğunu bilmədiklərini bildirmişdir. X12 və iddiaçının göstərdiyi başqa şəxsin – ustanın şahid qismində dindirilməsi, həmçinin, mütəxəssis rəyinin alınması zərurəti olduğundan məhkəmə tərəfindən müvafiq prosessual hərəkətlər edilməsi üçün aidiyyəti məhkəməyə tapşırıq göndərilmişdir. Məhkəmə tapşırığının icrası məqsədilə Gəncə Şəhər Məhkəməsində şahid qismində dindirilmiş – cavabdehin əməkdaşı X17 iddiaçıların evində sayğac və qoruyucunun xarab olmadığı halda, elektrik yuvasına qoşulu olan əşyaların sıradan çıxmasının mümkün olmadığını, həmin tarixdə ərazidə qısaqapanma və s. kimi elektrik qəzasının baş verib-verməməsini xatırlamadığını bildirmiş, digər şahid – usta X5 yaranmış nasazlıqla əlaqədar 2023-cü ilin qış aylarında iddiaçıların evinə çağırıldığını, onlara elektrikli məişət əşyalarının elektrik cərəyanından ayrılmalı olduğu, əks halda onların sıradan çıxacağı barədə xəbərdarlıq etdiyini, bundan 2 gün sonra İddiaçı1 ona zəng edərək, kombinin işləmədiyini dediyini bildirmişdir. Həmin məhkəmə tərəfindən mütəxəssis rəyinin alınması mümkün olmamışdır. İddia tələbinin hərtərəfli araşdırılması məqsədilə məhkəmə tərəfindən müvafiq sorğular yazılmış, müxtəxəssis və ekspert rəyləri alınmaqla yanaşı, onların məhkəmə iclasında dinlənilməsi təmin edilmiş, tərəflərin izahatları isə iş materialları ilə müqayisəli şəkildə tədqiq edilmişdir. Məhkəmə sorğularına cavab olaraq təqdim edilmiş cavabdehin regional idarəsi tərəfindən verilmiş xidməti məlumatda xx.xx.2023-cü il tarixdə iddiaçıların evinin yerləşdiyi ərazini elektrik enerjisi ilə təmin edən hava xəttində və transformator məntəqəsində heç bir qəza halının baş vermədiyi, gərginliyin qiymətində dəyişiklik olmadığı, gərginliyin artıb-azalması ilə bağlı həmin ərazidən başqa heç bir şikayətin daxil olmadığı qeyd edilmişdir. Həmçinin, cavabdeh tərəfindən məhkəmə sorğusuna cavab olaraq göndərilmiş məktubda həmin xidməti məlumatda qeyd edilənlərlə yanaşı, qeyd olunan ərazidə olan elektrik xətlərinə təsdiq edilmiş qrafik üzrə mütəmadi baxış keçirildiyi də bildirilmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyi Gəncə Filialının məhkəmə sorğusuna verdiyi cavab məktubunda iddiaçıların mənzilinin yerləşdiyi ərazidə mənzilə gedən elektrik xətlərində gərginliyin artıb-azalması kimi nasazlığın (elektrik xətlərində hər hansı digər qüsur və problemlər) baş verməsi barədə xx.xx.2023-cü il tarixində, həmçinin, həmin tarixdən sonra onlara müraciət və ya məlumat daxil olmadığı, göstərilən ərəfədə filial tərəfindən elektrik xətlərinə baxış keçirilmədiyi, istehlakçıya buraxılmış aşağı keyfiyyətli (bir və ya eyni zamanda bir neçə göstərici üzrə) elektrik enerjisinə görə elektrik qəbuledicilərin zədələnərək yararsız hala düşməsinin mümkünlüyü qeyd edilmişdir. Hazırkı məhkəmə iclasında iştirakı təmin edilən X2 Agentliyinin mütəxəssisi də məktubda göstərilənləri təsdiq edərək şahid kimi dindirilmiş əməkdaşın ifadəsinə aydınlıq gətirərək bildirmişdir ki, "xxxx" ASC-yə məxsus elektrik xəttinin qoşulduğu sayğac və vətəndaşın evinə qədər olan hissədə quraşdırılmış avtomat yanırsa, bu zaman elektriklə işləyən məişət avadanlıqları sıradan çıxır, əks halda isə həmin avadanlıqlar sıradan çıxa bilməz. İş üzrə təyin edilmiş ekspertizanın nəticələrinə dair məhkəməyə təqdim edilmiş ekspert rəyində iddiaçılara məxsus evin elektrik sayğacına çəkilmiş elektrik xəttində, sayğacın üzərində, sayğacın çıxış xəttində və evin elektrik rozetkaları, həmçinin, açarları üzərində elektrik qəza hallarından (qısa qapanma və s.) yaranması üçün xarakterik olan əlamətlər aşkar edilmədiyi, daxili elektrik xətlərinin isə görünməz üsulla (yəni suvaqaltı, tavanın yuxarı hissəsi və s.) çəkildiyi üçün xətlərin həmin hissələrinə baxışın keçirilməsinin mümkün olmadığı, kombinin və su nasosunun hansı səbəbdən sıradan çıxmasını müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. Məhkəmənin hazırkı iclasında iştirakı zamanı ekspert verdiyi rəyi müdafiə edərək əlavə etmişdir ki, hadisənin baş verməsindən uzun müddət keçsə də, iddiaçıların evinə quraşdırılmış sayğaca çəkilmiş elektrik xəttinə, sayğaca, sayğacın çıxış xəttinə, evin elektrik yuvaları və açarlarına baxış keçirilmişdir. Baxış zamanı qısaqapanmaya xarakterik olan əlamətlər aşkar edilməmiş, evin daxili elektrik xətləri isə görünməz üsulla (suvaqaltı, tavanın yuxarı hissəsi) çəkildiyindən, həmin xətlərə baxış keçirilməsi mümkün olmamışdır. Ərazidə yaşayan qonşulara müraciət edilmiş, qonşular həmin gün onların evində işıqla bağlı heç bir problem olmadığını bildirmişlər. Qeyd edilməlidir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair ekspert rəyi də məhkəməyə təqdim edilmiş, lakin rəyi verən ekspert məhkəmə iclasın dəvət olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. Yuxarıda göstərilənləri müqayisəli şəkildə tədqiq edərək məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin əsasını təşkil edən halların sübut edilməsi vəzifəsi iddiaçıların üzərində olsa da, göründüyü kimi, onlar müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi yeganə sübut videogörüntülər olmuşdur, hansı ki, həmin videogörüntülər bütün digər sübutlarla yanaşı qiymətləndirildikdə iddianın təmin edilməsinə əsas verən sübut hesab edilmir. Belə ki, iş materiallarında olan bütün digər sübutlar cavabdehin təqsirli hərəkətinin müəyyən edilmədiyini təsdiq edir. Videogörüntüdə problemin cavabdehə aid olduğunu deyən əməkdaşın məhkəmə iclasındakı ifadəsi isə onu deməyə əsas verir ki, o, həmin vaxt heç bir sübuta əsaslanmadan, ətraflı araşdırma aparmadan belə bir söz demişdir. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi bu videogörüntüdə deyilənin doğruluğunu təsdiq etməmişdir. Digər videogörüntülərdən isə evdə işığın artıb-azalması müəyyən edilsə də, həmin məsələnin məhz cavabdehin hərəkət və ya hərəkətsizliyi ilə səbəbli əlaqəsini müəyyən etmək mümkün olmur. Belə ki, ekspert tərəfindən verilmiş rəy və izahat iddiaçılara məxsus evin içindəki elektrik xətlərinin görünməz olduğunu və onlara baxış keçirilməsinin mümkün olmadığını, həmin ərazidə yaşayan digər şəxslərin evində anoloji hadisənin baş vermədiyini müəyyən etməyə əsas verir. Beləliklə, cavabdehin təqsirli hərəkətləri (hərəkətsizlikləri), həmçinin, iddiaçılara dəymiş zərərlə onun hərəkətləri arasında səbəbli əlaqə müəyyən edilmədiyindən, hazırki işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı məlum olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tələb əsassız olduğundan və iddiaçıların dəlilləri tam sübuta yetmədiyindən, iddia təmin edilməməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096-cı maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunun bu normalarının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə müvafiq olaraq, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan, dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 70 (yetmiş) manat məbləğində pul İddiaçı1 geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.2-ci maddəsinə əsasən, ... dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır... 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 70 (yetmiş) manat məbləğində pul İddiaçı1 geri qaytarılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar