Məhkəmə qərarları › İş №2(006)-1798/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1798/2023

05.07.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1798/2023 05.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X22 Zahid oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi CCC-nin iştirakı ilə İddiaçı AAA oğlunun cavabdeh Azərbaycan Respublikası ** Nazirliyinə qarşı, Azərbaycan Respublikasının Baş Prokurorluğu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla "daşınmaz əmlakın üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı AAA oğlu cavabdeh Azərbaycan Respublikası ** Nazirliyinə qarşı, Azərbaycan Respublikasının Baş Prokurorluğu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla "daşınmaz əmlakın üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 (indiki Gəncə şəhəri Nizami və Azərbaycan Bayrağı küçələrinin kəsişməsi) ünvanında yerləşən ümumi sahəsi 225,1 m2 olan qeyri-yaşayış sahəsi xx.xx.2013-cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən (Seriya RN № 0158502) verilmiş 08 may 2013-cü il tarixli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Adı çəkilən qeyri-yaşayış sahəsinə dair xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın Texniki Pasportu da mövcuddur. İddiaçı həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsini 2006-2007-ci illərdə dostu Məmməd Zeynalovdan 20.000 manata rəsmiləşdirmədən, məbləğini hissə-hissə ödəyərək almışdır. M.Zeynalovun vəfatından sonra isə onun varisi Samir Zeynalovla rəsmi 24 may 2013-cü ildə alqı-satqı müqaviləsi bağlayaraq qeyri-yaşayış sahəsini öz mülkiyyətinə keçirmişdir. 2016-cı ildə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən yolun genişləndirilməsi ilə əlaqədar həmin əmlakın ön hissəsi sökülmüşdür. Lakin anidən və heç bir məlumatı olmadan iddiaçı adı çəkilən ünvanda yerləşən əmlak üzərinə həbs qoyulduğunu öyrənmişdir. İddiaçı bir neçə hüquqşünasın köməyi ilə aydınlaşdırmışdır ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 5(009)- 237/2016 saylı, 04 mart 2016-cı il tarixli qərarı ilə həyat yoldaşı X2 qardaşı BBB oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işinin istintaqının davam etdiyi müddət ərzində BBB oğlunun qohumlarına məxsus bir sıra əmlaklar, o cümlədən ona məxsus adı çəkilən əmlak üzərinə həbs qoyulmuşdur. Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, 23 aprel 2018-ci il tarixli hökmü ilə BBB oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, habelə ona məxsus olan əmlakın yəni, ünvan 2 (indiki Gəncə şəhəri Nizami və Azərbaycan Bayrağı küçələrinin kəsişməsi) ünvanında yerləşən ümumi sahəsi 225,1 m2 olan qeyri-yaşayış sahəsinin də məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı xx.xx.2018-ci il tarixli hökmü maraqlı şəxs kimi ona təqdim edilməsə də, sonradan onun surətini əldə edərək, əmlakının xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hissəsindən apellyasiya şikayəti vermişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 1-1(103)-40 saylı 18 oktyabr 2018-ci il tarixli qərarı ilə hökmdən maraqlı şəxs qismində verdiyi apellyasiya şikayəti icraata qəbul edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 383-cü maddəsində məhkəmənin hökmündən apellyasiya şikayəti vermək səlahiyyətinə malik olan şəxslərin dairəsi konkret göstərilmiş və həmin normaya əsasən məhkəmə hökmündən maraqlı şəxslərin apellyasiya şikayəti vermək hüququna malik olması öz əksini tapmamışdır. Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı 23 aprel 2018-ci il tarixli hökmündən məhkum BBB oğlu tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 1-1(103)-01 saylı 08 fevral 2019-cu il tarixli qərarı ilə təmin edilməmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. Beləliklə, iddiaçının konstitusion xarakterli mülkiyyət hüququ Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı 23 aprel 2018-ci il tarixli hökmü və həmin hökmü qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 1-1(103)-01 saylı 08 fevral 2019-cu il tarixli qərarı ilə kobudcasına pozulmuşdur. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 1-1(103)-01 saylı 8 fevral 2019-cu il tarixli qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasına təqdimat verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 may 2019-cu il tarixli 3h-30/2019 nömrəli məktubu ilə Bakı Apelyasiya Məhkəməsinin 1-1(103)-01 saylı 8 fevral 2019-cu il tarixli qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasına təqdimat verilməsindən imtina edilmiş, məhkum BBB oğlu barəsində olan cinayət işi üzrə çıxarılmış məhkəmə qərarlarından məhkum F.Əliyev və müdafiəçisi tərəfindən cinayət işi ilə bağlı kassasiya şikayəti verildiyini və bu kassasiya şikayətinə baxıldığı zaman əmlaklarla bağlı dəlillərin qiymətləndiriləcəyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 1-1(102)-2/2021 saylı 08 iyun 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 08 fevral 2019-cu il tarixli qərarı və Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmü qüvvəsində saxlanılmış, ona məxsus əmlak məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlaklar siyahısından çıxarılmamışdır. Göstərilənlərə əsasən mülkiyyətində olan ünvan 2 (indiki Gəncə şəhəri Nizami və Azərbaycan Bayrağı küçələrinin kəsişməsi) ünvanında yerləşən ümumi sahəsi 225,1 m2 olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi, həmin əmlakın müsadirə siyahısından çıxarılaraq, əmlakın üzərində iddiaçı AAA oğlunun sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlərə son qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edərək bildirmişdir ki, iddiaçı sözügedən əmlakı 2006-2007-ci illərdə almış, dəyərini hissə-hissə ödəmişdir. Alınmış əmlak 2013-cü ildə iddiaçının adına rəsmiləşdirilmişdir. Bu əmlak Əliyev Füzulinin cinayət işi üzrə qəbul edilmiş hökmlə müsadirə olunmuşdur. Əmlakın Əliyev Füzuliyə aid olması ilə bağlı heç bir sübut olmamışdır. Əliyev Füzulinin cinayət əməli 2014-cü il tarixdən başlasa da, faktiki olaraq iddiaçı tərəfindən 2006-2007-ci ildə, rəsmi olaraq isə 2013-cü ildə əldə edilmiş əmlak da əsassız olaraq müsadirə edilmişdir. İddiaçı həmin hökmdən şikayət versə də tərəf olmadığı üçün şikayəti icraata qəbul edilməmişdir. Ona görə hazırda əmlakın üzərindən həbsin götürülməsi mülki məhkəmə icraatı qaydasında mübahisələndirilir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndəsi CCC iddia tələbinə etiraz edərək bildirdi ki, sözügedən əmlak üzərinə Baş Prokurorluğun İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə məhkəmə tərəfindən həbs qoyulmuş, sonradan Bakı Hərbi Məhkəməsi tərəfindən həmin əmlak müsadirə edilmiş, hökmdən verilmiş şikayətlərə baxmayaq Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən müvafiq qərarlarla həbs saxlanılmaqla müsadirə siyahısından çıxarılmamışdır. Hazırda həmin əmlakın xüsusi müsadirəsi ilə bağlı icra tədbirləri həyata keçirilir. İcra hərəkətlərini gecikdirmək üçün iddiaçı tərəfindən məhkəməyə hazırkı iddia ilə müraciət edilmişdir. Sözügedən əmlak AAA oğlunun adına 2013-cü ildə rəsmiləşdirilsə də məhkəmə baxışı zamanı sübuta yetirilmişdir ki, əmlak BBB oğluna məxsus olmuşdur. Hansı ki, həmin şəxs ağır cinayətlərin törədilməsində görə təqsirli bilinərək müvafiq cəzalara məhkum edilmişdir və hal-hazırda cəza çəkir. Əmlakla bağlı ibtidai istintaq dövründə İddiaçı ifadəsi alınmış, əmlaka baxış keçirilmiş, qiymətləndirilməsi aparılmışdır. Əmlakın müsadirəsi və həbsi ilə bağlı həmin şəxsin şikayət vermək imkanı olmuşdur. Bütün istintaq və əməliyyataxtarış zamanı toplanmış məlumatlardan görünür ki, əmlak BBB oğluna məxsus olmuşdur. Ona görə də məhkəmə tərəfindən əmlak müsadirə edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə göndərərək başqa məhkəmə işləri ilə bağlı hazırkı məhkəmə iclasında iştirak edə bilmədiyini, əvvəlki məhkəmə iclasında verdiyi izahatlarının çıxışı kimi qəbul edilməsini bildirirək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası ** Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən işə həmçinin cavabdeh Azərbaycan Respublikası ** Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X1 şəhəri Kəpəz rayonu Taqi Arani küçəsi 65 ünvanında yerləşən ümümi sahəsi 227,4 m2 olan qeyri-yaşayış sahəsini alıcı AAA oğlunun mülkiyyətinə vermişdir. RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsi üzrə xüsusi mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə AAA oğlunun adına qeydiyyata alınmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 01 aprel 2016-cı il tarixli 5(009)-325/2016 saylı qərarından görünür ki, Füzuli Əliyevin bacısının əri AAA oğlunun adına rəsmiləşdirilmiş ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2016-cı il tarixli 5(103)-25/16 saylı qərarından görünür ki, müdafiəçi X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18 mart 2016-cı il tarixli 5(009)-294/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. 09 sentyabr 2016-cı il tarixli şahidin dindirmə protokolundan görünür ki, AAA oğlu sözügedən cinayət işi üzrə şahid qismində dindirilmiş və ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyət məsələləri ilə bağlı ona suallar verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli 1- 1(102)-01 saylı qərarından görünür ki, Bakı Hərbi Məhkəməsinin məhkumlar X6, BBB oğlu, X13, X5, X9, X14, X3 və qeyrilərinin haqqındakı 23 aprel 2018-ci il tarixli hökmü məhkumlar S.Qurbanov, F.Əliyev, Z.Məmmədov, N.Alıyev, T.Quliyev, F.Atayev və A.Şirəliyev aid hissədə dəyişdirilmədən və apellyasiya şikayətlərinin təmin edilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən AAA oğluna və digərlərinə ünvanlanmış 20 may 2019-cu il tarixli, 3h-30/2019 nömrəli məktubda göstərilmişdir ki, F.Z.Əliyev və müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmiş, həmin şikayətdə əmlakların dövlət nəfinə əvəzsiz müsadirə olunması mübahisələndirilmiş və kassasiya şikayətinə baxılan zaman həmin əmlaklarla bağlı dəlillər qiymətləndiriləcəkdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1-1-(102)-2/2021 saylı qərarından görünür ki, məhkum BBB oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, məhkum BBB oğlu barəsində Bakı Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı qismən yəni, əmlaklara dair tətbiq edilmiş xüsusi müsadirəyə aid hissədə dəyişdirilmiş, məhkum BBB oğlunun və qohumlarının adına olan Gəncə şəhəri Kəpəz rayonu Nizami küçəsi “Xalça” firma mağazasının cənub hissəsində yerləşən qeyri-yaşayış binasının (Gəncə şəhəri Nizami rayonu Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsindəki 131,2 m2 torpaq sahəsində yerləşən 111,3 m2 faydalı sahəsi olan mağaza), Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən daşınmaz əmlakın, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsinin, Göygöl rayonu Qızılca kəndində yerləşən 0.32 ha torpaq sahəsinin, Qusar rayonu Duztahir kəndində yerləşən 0,74 ha, 0,85 ha, 0,76 ha, 0,42 ha, və 0,30 ha torpaq sahələrinin, ünvan 4 ünvanında yerləşən evin, ünvan 5 ünvanında yerləşən evin, ünvan 6rləşən qeyri-yaşayış sahəsinin və ünvan 7 ünvanında yerləşən evin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmündən xaric edilmiş, həmin əmlakların üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs ləğv olunmuş, kassasiya şikayətləri qalan hissədə təmin edilməmiş və qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyyət hüququ ilə xx.xx.2013-cü il tarixdə AAA oğlunun adına qeydiyyata alınmışdır. AAA oğlunun qohumu olan BBB oğlu Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, 23 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ona məxsus olan əmlaklar, o cümlədən, ünvan 2 (indiki Gəncə şəhəri Nizami və Azərbaycan Bayrağı küçələrinin kəsişməsi) ünvanında yerləşən ümumi sahəsi 225,1 m2 olan qeyriyaşayış sahəsinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Həmin hökmdən verilmiş apellyasiya şikayəti təmin olunmamış, kassiyasiya şikayəti isə qismən təmin olunsa da sözügedən əmlakla bağlı hissədə şikayət təmin olunmamışdır. Hazırda iddiaçı mülki məhkəmə icraatı qaydasında əmlakın ona mənsub olmasını mübahisələndirir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə əsasən, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında qeyd olunan hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir. Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olubolmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində preyudisial xarakter daşıyır. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi müsadirə olunması müəyyən olunmuş konkret əmlakın hökmdə göstərilməsinin üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlarını sübut etməyə maneə yaratmasına səbəb olmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəllə) 248.1.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir. Qeyd olunan maddədə əmlak üzərinə həbs qoyulmasını şərtləndirən tələb həm də ondan ibarətdir ki, bu tədbir cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsinin təmin edilməsi məqsədi ilə həyata keçirilir. Əmlak üzərinə həbs qoyulmasının əsası qismində mülki iddiaçının və ya əmlak müsadirəsinin təmin edilməsi məqsədilə üzərinə həbs qoyula bilən əmlakın gizlədilməsinə, özgəninkiləşdirilməsinə və ya məhv edilməsinə dair əsaslandırılmış ehtimalların olması çıxış edir. Əmlak üzərinə həbs qoymanın hüquqi əsasını isə təxirəsalınmaz hallarda müstəntiqin, digər bütün hallarda isə məhkəmənin qərarı təşkil edir. Cinayət-Prosessual Məcəllənin 253-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması məsələsinə baxılır. Bu zaman mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlərə məhkəmə müvafiq hüquqi qiymət verməlidir. Qeyd edilənlər məhkəmənin hazırlıq iclasında baş vermədiyi halda, məhkəmə baxışı zamanı siyahıya alınmış əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmaması yoxlanılmalı, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməli, gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməlidir. Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. Məhkəmə iş materiallarında olan sənədlərə və yuxarıda göstərilən hüquq normalarına istinad edərək belə qənaətə gəlir ki, sözügedən əmlak üzərinə həbs qoyulmasını şərtləndirən vacib əsaslardan biri məhz həmin əmlakların cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə edilmiş olmasıdır. Həbsdən azad edilməsi xahiş olunan əmlakın məhz təqsirləndirilən şəxs tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlak olduğu iş materialları ilə öz təsdiqini tapır. Belə ki, Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmü ilə dövlət nəfinə xüsusi müsadirə olunmuş ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi kimi rəsmiləşdirilmiş AAA oğlu müvafiq cinayət işi üzrə cinayət mühakimə icraatı zamanı işdə iştirak etməyə cəlb olunmuş, eyni zamanda həmin əmlakın cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilmişdir. Əmlakların dövlət nəfinə əvəzsiz müsadirə olunması mübahisələndirilən kassasiya şikayətinə baxılan zaman Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyun 2021-ci il tarixli, 1-1(102)-2/2021 saylı qərarı ilə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 225,1 m2 olan qeyri-yaşayış sahəsi ilə bağlı dəlillərə də qiymət verilərək onun məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair məhkəmənin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bununla yanaşı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). İş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı AAA oğlunun cavabdeh Azərbaycan Respublikası ** Nazirliyinə qarşı "daşınmaz əmlakın üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Qaralov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar