Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-18/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı1, İddiaçı - İddiaçı3, Cavabdehin nümayəndəsi - X2 iştirakları ilə, İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı5 cavabdeh "xxxx" QSC-yə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı5 cavabdeh "xxxx" QSC-yə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıların mülkiyyətində olan Yevlax rayon X3 31 yanvar 1998-ci il tarixli qərarı ilə mülkiyyətlərinə verilmiş, JN-104, Kod 90104048 saylı dövlət aktına əsasən 12,43 ha torpaq sahəsinin zəbt edilmiş 9,10 ha torpaq sahəsindən 2013-2020-ci il dövr üçün vurmuş olduğu zərərin 108119,24 manat məbləğin, həmçinin torpaq sahəsini özündə saxlamaqla qaytarılma mümkünsüzlüyünü nəzərə alaraq, həmin torpağın maya dəyərinin real bazar qiyməti ilə 109200 manat məbləğin cavabdehdən alınaraq iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2013-2020-ci illər ərzində mübahisəli torpaq sahəsində yonca bitkisinin əkilib-becərilib satış vəziyyətinə gətirilməsi üçün 16966.92 manatın, qeyd edilən illər ərzində yonca bitkisindən əldə oluna biləcək 108119.24 manat məbləğində maddi ziyanın (əldən çıxmış fayda) və mübahisəli torpaq sahəsinin müqabilində real bazar qiyməti nəzərə alınmaqla, yəni 95.500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, iddiaçılar Yevlax rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 27 saylı qərarı ilə 12,43 ha torpaq sahəsi JN-104, Kod 90104048 saylı 22 iyun 2000-ci il tarixli 104 saylı qeydlə torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə pay torpağı olaraq mülkiyyətlərinə verilmişdir. Həmin pay torpağı verildiyi tarixdən 2013-cü ilədək tam istifadələrində olmaqla həmin torpaq sahəsindən şəxsi mülkiyyəti olaraq istifadə edilmiş, ailələrinin tələbatı təmin edilmişdir. Pay torpağı dövlət tərəfindən onlara verilən mülkiyyətləri olaraq onların yeganə iş və qazanc yeri olmaqla istifadə edilmişdir. Hazırkı iddia tələbinin əsası odur ki, 2012-ci ilin aprel ayından etibarən 2013, 2014, 2015, 2016, 2017,2018, 2019, 2020-ci illər ərzində torpaq sahəsinin 9,10 ha torpaq sahəsi cavabdeh tərəfindən hasarlanaraq, tam olaraq həmin torpaq sahəsi üzərində olan hüquqları məhdudlaşdırılaraq əllərindən alınmışdır. Nəticədə həmin ərazilər cavabdehin şəxsi əmlakı olaraq istifadə edilməklə, bu günə kimi qanuni torpaqları boşaldılaraq onlara verilmir. Torpaqları qanunsuz olaraq istifadə edilir və qazanc götürülür. Nəticədə hər il iş və qazanclarından məhrum olmaqla bərabər ağır maliyyə sarsıntısı keçirdirlər. Bundan sonra bütün işləri və fəaliyyətləri dayanmış, son qazanc yerləri əllərindən alındığından, maliyyə vəziyyətləri hədsiz dərəcədə korlanmışdır. Dəfələrlə cavabdehə rəsmi müraciətlər etmişlər. Onlara aid torpaq sahəsinin boşaldılmasını, qanuni mülkiyyətlərinin zəbt edilməsi ilə əlaqədar çoxsaylı dövlət orqanlarından kömək istəmişlər. Bu gün 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019, 2020ci illərdə istifadə etdikləri hər il üçün hər hektardan real olaraq əldə edəcəyləri gəlir və mənfəətdən məhrum olmuşlar. Bu barədə "xxxx" MMC-nə 8 il üçün itirmiş olduğu gəlirin hüquqi və iqtisadi bazada qiymətləndirilməsini, bu barədə əsaslandırılmış rəyin verilməsi ilə əlaqədar müraciət etmişlər. Həmin müəssisənin xx.xx.2020-ci il tarixli ƏQ-140/2020 saylı mütəxəssis rəyi ilə 2013-cü il tarixdən, 2020-ci il sentyabr ayına kimi 9,10 ha torpaq sahəsindən əldə ediləcək gəlirin miqdarı 108119,24 manat müəyyən edilmişdir. Artıq həmin torpaqdan istifadə edə bilmirlər. Çünki, torpaq sahəsi onlara verilmir. Onların torpaq sahəsi əllərindən alınaraq istismar edilir. Hesab edir ki, artıq bu məsələ nizamlanmır, onların tərəfindən istifadə edilmir. Torpağın mayə dəyərini, yəni real bazar dəyəri olaraq 109200 manat məbləği cavabdehdən istəyir. Həm torpaq onlara verilmir, həmdə istismar edilir. 9,10 ha torpaq sahəsinin qiymətləndirilməsi ilə bağlı "xxxx" MMC-nin ƏQ-139/2020 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində əmlakın qiymətləndirilməsi 109200 manat dəyərləndirilmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, Cəmiyyət 08 iyul 2013-cü il tarixli 14/3042 nömrəli məktubla «Yevlax» hava limanının uçuş-enmə zolağının beynəlxalq standartlara uyğun olaraq yenidən qurulması ilə əlaqədar əlavə 13 ha torpaq sahəsinin ayrılması üçün Yevlax rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Yevlax rayon İcra Hakimiyyəti bununla əlaqədar, Cəmiyyəti cəlb etmədən, müstəqil şəkildə Yevlax rayonunun Cırdaxan bələdiyyəsi ərazisində iddiada qeyd olunan torpağın mülkiyyətçiləri olan İddiaçılarla müvafiq danışıqlar aparmış, onlara yaşadıqları Cırdaxan bələdiyyəsinin ərazisində eyni ölçüdə, keyfiyyətdə torpaq sahəsi təqdim etmək şərti ilə torpağı boşaltdırmışdır. Bundan sonra İddiaçılara boşaldılmış torpağın əvəzində 20 may 2014-cü ildə Cırdaxan bələdiyyəsinin ərazisində eyni ölçüdə və keyfiyyətdə torpaq sahəsi təqdim edilmiş, torpağın iddiaçılar tərəfindən bəyənilməsi və qəbulu barədə akt tərtib edilmiş, bu akt Yevlax rayon İcra Hakimiyyətinin, Cırdaxan bələdiyyəsinin səlahiyyətli nümayəndələri və iddiaçılar tərəfindən imzalanmışdır. Torpaq sahəsi iddiaçılar tərəfindən akta uyğun olaraq qeyd-şərtsiz qəbul edilmişdir, bu günə qədər onların de-fakto istifadəsində və sahibliyindədir, öz sahibkarlıq məqsədləri üçün istifadə edib, gəlir götürürlər. Yevlax rayon İcra Hakimiyyəti boşaldılan torpaq sahəsini bundan sonra faktiki yüklü olmayan sahə kimi Cəmiyyətə təqdim etmişdir. İddiaçıların öz əvvəlki torpaqlarından məhrum olmaları nəticəsində 109200 manat maddi zərərin Cəmiyyət hesabına kompensasiya edilməsi barədə iddialarını əsassız hesab edir. Cəmiyyət «Yevlax» hava limanının uçuş-enmə zolağının uzadılması məqsədilə İddiaçılarla onlara məxsus torpağın boşaldılıb tikinti üçün verilməsi istiqamətində heç bir danışıq və sövdələşmə aparmamış, torpaq üzərində mülkiyyət hüquqlarını pozan hər-hansı bir hərəkətə (deliktə) yol verməmişdir. İddiaçılarla torpağın tikinti üçün verilməsi məqsədilə boşaldılması yönümündə bütün danışıqlar, onların yeni torpaq sahələri ilə təmin edilməsi Yevlax rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilmişdir. Yevlax rayon İcra Hakimiyyəti yarana biləcək bütün vəzifə və öhdəliklər üçün dövlət adından çıxış edən bir qurum kimi təmsilçi və təminatçı olmuşdur. İddiaçılardan onlara məxsus torpaq sahəsinin faktiki olaraq Yevlax rayon İcra Hakimiyyəti tərəfindən alındığını, bu ərəfədə hər hansı bir hüquqpozmanın baş verməsində Cəmiyyətin bilavasitə iştirakı istisna olunmalıdır. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı3 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddiaya etiraz edərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı4 və İddiaçı5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə iddiaçıların və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: J seriyalı 104 saylı 90104048 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 27 saylı qərarı ilə Yevlax rayonu, Cırdaxan kəndində yerləşən 12,43 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə iddiaçıların mülkiyyətinə verilmişdir. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli ƏQ-139/2020 saylı Daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, iddiaçıların mülkiyyətində olan Yevlax rayonu, Cırdaxan kəndində yerləşən 12,43 ha torpaq sahəsinin zəbt edilmiş 9,10 ha hissəsinin xx.xx.2020-ci il tarixə real bazar dəyəri 109200 manat təşkil etmişdir. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli ƏQ-140/2020 saylı Dəymiş maddi zərərin hesablanması barədə mütəxəssis rəyindən görünür ki, 9,10 ha torpaq sahəsinə kənd təsərrüfatı məhsullarına aid yonca bitkisinin əkilib satış vəziyyətinə gətirilməsinə qədər çəkilən xərclər 2013-cü il tarixdən 2020-ci ilin sentyabr ayına kimi 16966 manat, 9,10 ha torpaq sahəsindən kənd təsərrüfatı məhsullarına aid yonca bitkisindən əldə oluna biləcək gəlirlər 2013-cü il tarixdən 2020-ci ilin sentyabr ayına kimi müqayisə yanaşması ilə orta bazar dəyəri 108119,24 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsi tərəfindən Yevlax rayonu Cırdaxan bələdiyyəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, X7 yenidənqurulması və genişləndirilməsi məqsədi ilə uçuşenmə zolağına daxil edilmiş 2 ailənin xüsusi mülkiyyətində olan ümumilikdə 14,07 ha torpaq sahəsinin sənaye, nəqliyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına keçirilməsinə, habelə həmin torpaq sahəsinin əvəzinə vətəndaşlara xüsusi mülkiyyətə verilməsi nəzərdə tutulan bələdiyyə mülkiyyətində olan örüş uqodiyali 10,74 ha torpaq sahəsinin əkin uqodiyasına keçirilməsinə dair qərar qəbul edilmişdir. Lakin mövcud qanunvericiliyin tələblərinə zidd olaraq bələdiyyə mülkiyyətinə aid olmayan xüsusi mülkiyyətdə olan torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsinə dair qərar qəbul edilmiş, eyni zamanda bələdiyyənin örüş uqodiyali torpaq sahəsinin, vətəndaşlara məxsus olan torpaq sahələrinin əvəzinə verilməsi nəzərdə tutulmuşdur. Hazırki məktub 15 gündən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə çıxarılmaqla, bələdiyyənin xx.xx.2019-cu il tarixli 07 nömrəli iclas qərarının ləğv edilməsi təklif edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)- 1075/2020 saylı qətnaməsinin məzmunundan müəyyən olunur ki, “Cırdaxan bələdiyyəsinin aktına inzibati nəzarət qaydasında baxılmasının nəticələri barədə” Yevlax rayon Cırdaxan Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Cırdaxan Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 07 nömrəli qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 7/1324, 9/9561 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Nəsimi Rayon Məhkəməsinin 2(006)-3285/2021 saylı mülki iş materialında(səhifə 28-45) "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən İddiaçı1 və qeyrilərinin xüsusi mülkiyyətində olan Yevlax rayonu, Cırdaxan kəndində yerləşən 12,43 ha torpaq sahəsinin, zəbt edilmiş 9,10 ha hissəsində kənd təsərrrüfatı məhsullarına aid yonca bitkisinin əkilib satış vəziyyətinə gətirilməsi üçün 2013-cü ildə torpaq sahəsinin becərilməsi, dırmıqlanması, su arxının çəkilməsi, toxumun səpilməsi, sahənin suvarılması, məhsulun biçilməsi, məhsulun dırmıqlanması, məhsulun bükülməsi(preslənməsi), 2014-2015-ci, 2017-2020-ci ci illər üçün torpaq sahəsinin suvarılması, məhsulun biçilməsi, məhsulun dırmıqlanması, məhsulun bükülməsi (preslənməsi), 2016-cı il üçün torpaq sahəsinin şumlanması, dırmıqlanması, su arxının çəkilməsi, toxumun səpilməsi, sahənin suvarılması, məhsulun biçilməsi, məhsulun dırmıqlanması, məhsulun bükülməsi (preslənməsi) kimi aqrotexniki qulluqlar edilmişdir. Tədqiqata təqdim edilmiş Nəsimi Rayon Məhkəməsinin 2(006)-3285/2021 saylı mülki iş materialında (səhifə 28-45) "xxxx" MMCnin mütəxəssis rəyindəki məlumatlara əsasən 2013-cü ildə kənd təsərrüfatı məhsullarına aid yonca bitkisinin əkilib satış vəziyyətinə gətirilməsinə 2798,20 manat, 2014-cü il üçün 1569,70 manat, 2015-ci il ildə kənd təsərrüfatı məhsullarına aid yonca bitkisini suvarılıb satış vəziyyətinə gətirilməsinə qədər çəkilən xərclər 1569,70 manat, 2016-cı ildə kənd təsərrüfatı məhsullarına aid yonca bitkisinin yenidən əkilib satış vəziyyətinə gətirilməsinə qədər çəkilən xərclər üçün 3210,87 manat, 2017-cı ildə kənd təsərrüfatı məhsullarına aid yonca bitkisinin suvarılıb satış vəziyyətinə gətirilməsinə qədər çəkilən xərclər üçün 1881,37 manat, 2018-cı ildə kənd təsərrüfatı məhsullarına aid yonca bitkisinin suvarılıb satış vəziyyətinə gətirilməsinə qədər çəkilən xərclər üçün 1881,37 manat, 2019-cu ildə kənd təsərrüfatı məhsullarına aid yonca bitkisinin suvarılıb satış vəziyyətinə gətirilməsinə qədər çəkilən xərclər üçün 2027,37 manat, 2020-ci ilin sentyabr ayına kimi kənd təsərrüfatı məhsullarına aid yonca bitkisini suvarılıb satış vəziyyətinə gətirilməsinə qədər çəkilən xərclər 2027,87 manat təşkil edir. Ekspertiza tədqiqatlarının 100 manat təşkil etmişdir. “X4” MMC-nin xx.xx.2022-ci il tarixli 147 nömrəli mütəxəssis rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində 2013-2020-ci illər ərzində İddiaçı1 və qeyrilərinin xüsusi mülkiyyətində olan Yevlax rayonu, Cırdaxan kəndində yerləşən 12.43 ha torpaq sahəsinin, zəbt edilmiş 9.10 ha ve 1.0 ha torpaq sahəsindən biçilən yonca bağlamasının sayı və əldə oluna biləcək faydanın müqayisə yanaşması ilə orta bazar qiyməti (əldən çıxmış fayda) 245430 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatlar nəticəsində İddiaçı1 və qeyrilərinin xüsusi mülkiyyətində olan Yevlax rayonu, Cırdaxan kəndində yerləşən 12 43 ha torpaq sahəsinin, zəbt edilmiş 9.10 ha hissəsinin real bazar qiyməti 37856 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatlarının 500 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8441 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı1 və qeyrilərinin xüsusimülkiyyətində olan Yevlax rayonu, Çırdaxan kəndində yerləşən 9,10 ha torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 95500 manat (910,0x105) məbləğində müəyyən edilmişdir. Ekspertiza tədqiqatlarının 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 100-cü maddəsinə əsasən, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində aşağıdakılar ola bilər: torpaq sahələri, yaşayış evləri, mənzillər, bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı, şəxsi istehlak predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri, sair qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində və sahibkarlıq fəaliyyətinin başqa sahələri üzrə müəssisələr, əmlak kompleksləri, binalar, tikililər, avadanlıq, nəqliyyat vasitələri və digər istehsal vasitələri, habelə vətəndaşa və hüquqi şəxslərə məxsus ola bilməməsi qanunvericilik aktlarında nəzərdə tutulmuş əmlakdan başqa istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı istənilən əmlak. 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 211-ci maddəsinə əsasən, mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə əsasən, əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla icazə verilmir. Həmin Məcəllənin 242.2-ci maddəsinə əsasən, istifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər. Həmin Məcəllənin 459.1-ci maddəsinə əsasən Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə görə isə, əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: - 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; - 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; - 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; - 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; - 3.1.5. dəniz limanının ərazisinin artırılması. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 27 saylı qərarı ilə Yevlax rayonu, Cırdaxan kəndində yerləşən 12,43 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə iddiaçıların mülkiyyətinə verilməklə J seriyalı 104 saylı 90104048 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə rəsmiləşdirilmişdir. Göstərilən torpaq sahəsinin 9,10 ha hissəsi cavabdeh tərəfindən hasara alınmaqla «Yevlax» hava limanının sahəsinə daxil edilmiş və həmin sahədə uçuş-enmə zolağı inşa edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh, iddiaçılara məxsus torpaq sahəsinin 9,10 ha hissəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada alınmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə görə hava limanı üçün torpağın dövlət ehtiyaclarına görə alınması nəzərdə tutulmamışdır. Belə olan halda, qeyd edilən torpaq sahəsinin cavabdehin sahibliyinə qanuni əsaslarla keçmədiyi və iddiaçıların bu torpaq sahəsinin qanuni əsaslarla mülkiyyətçisi olaraq qaldığı müəyyən olunur. Lakin, hazırda iddiaçılar torpaq sahəsinin müqabilində kompensasiya ödənilməsini tələb etməklə həmin torpaq sahəsinin qeyd edilən hissəsinin cavabdehin istifadəsində qalmasını qəbul edir. Eyni zamanda cavabdeh həmin sahənin geri qaytarılacağı təqdirdə bunun hava limanının fəaliyyətinə təhlükəsizlik baxımından mənfi təsir göstərəcəyini bildirir. Bundan başqa, iddiaçıların torpaq sahəsinin bir hissəsindən məhrum edilməsi ona maddi ziyanın vurulması kimi də qiymətləndirilə bilər və hazırkı halda mövcud olacaq vəziyyətin bərpa edilməsi tənasübsüz surətdə böyük xərclər tələb edir ki, bu halda kreditora pul əvəzi verilə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin istifadəsində qalmış torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi hissəsində iddia təmin edilməlidir. Bu zaman kompensasiya, həm torpaq sahəsinin dəyərindən, həmçinin torpaq sahəsində yonca bitkisinin əkilib-becərilib satış vəziyyətinə gətirilməsi üçün çəkilən xərclərdən ibarətdir ki, torpaq sahəsinə münasibətdə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8441 nömrəli ekspert rəyində qeyd edilən 95500 manat məbləğində, çəkilən xərclərə münasibətdə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 7/1324, 9/9561 nömrəli ekspert rəyində qeyd edilən 16966 manat məbləğində müəyyən edilməlidir. Belə ki, tərəflər həmin məbləğlərin əsassızlığına dair hər hansı sübut təqdim etməmişlər. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbinə görə hüququ pozulmuş şəxsin əmlakından məhrum olmasına görə ondan səmərəli istifadə etmək imkanından məhrum olması nəticəsində məruz qaldığı ziyan hüquqpozan tərəfindən ödənilməlidir. Göstərilən səbəbdən hüququ pozulmuş şəxsin əldən çıxmış faydası, maddə də göstərildiyi kimi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin miqdarı ilə ölçülür. Adi mülki dövriyyə dedikdə bazar münasibətlərinə əhəmiyyətli təsir göstərə biləcək heç bir fövqəladə hadisə baş vermədən malların, işlərin və xidmətlərin sabit qiymətlərlə adi qaydada dövr etməsi nəzərdə tutulur. Lakin məlumdur ki, bazar münasibətləri bu və ya digər səbəbdən dəyişikliklərə məruz qala bilər, malların, işlərin və xidmətlərin dəyəri dəyişə bilər. Buna görə də Mülki Məcəllənin 443-cü maddəsində nəzərdə tutulmuşdur ki, zərər müəyyənləşdirilərkən borclu öz öhdəliyini könüllü icra etdiyi yerdə mövcud olan qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olan qiymətlər nəzərə alınmalıdır. Şərh olunan maddədə nəzərdə tutulduğu kimi bir qayda olaraq hüququ pozulmuş şəxsə vurulmuş zərərin əvəzi tam həcmdə ödənilməlidir. Qeyd olunmalıdır ki, iddiaçılar tərəfindən onlara məxsus torpaq sahəsində yonca bitkisini becərmək üçün istifadə olunur və nəticə etibarilə həmin bitkinin satışından gəlirin əldə edilməməsi iddiaçıları bu gəliri dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, 9,10 ha torpaq sahəsini zəbt etməklə cavabdeh, iddiaçılara faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Ona görə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində (torpaq sahəsinin zəbt olunması) iddiaçıların hüquqları pozulmuş və bu pozuntu nəticəsində iddiaçılar maddi itkilərə məruz qalmışlar. Belə ki, həmin maddi itkilər cavabdehin iddiaçılara məxsus olan torpaq sahəsinin zəbt edilməsindən yaranan maddi itkilərdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən torpaq sahəsi zəbt edilməklə iddiaçılara faktiki olaraq əldən çıxmış fayda şəklində vurulmuş zərər ödənilməlidir. Məhkəmə zərərin məbləği ilə bağlı qeyd edir ki, “X4” MMC-nin xx.xx.2022-ci il tarixli 147 nömrəli mütəxəssis rəyi ilə müəyyən edilmiş zərərin məbləği tələb olunan məbləğdən dəfələrlə artıqdır. Bundan başqa, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli ƏQ-140/2020 saylı Dəymiş maddi zərərin hesablanması barədə mütəxəssis rəyindən də müəyyən olunur ki, 9,10 ha torpaq sahəsindən kənd təsərrüfatı məhsullarına aid yonca bitkisindən əldə oluna biləcək gəlirlər 2013-cü il tarixdən 2020-ci ilin sentyabr ayına kimi müqayisə yanaşması ilə orta bazar dəyəri 108119,24 manat təşkil etmişdir. Lakin, tələb üzrə əldən çıxmış faydanın əvəzinin 108119.24 manat ödənilməsi tələb olunduğundan, verilmiş tələb üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əldən çıxmış faydanın əvəzi kimi 108119.24 manat cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Məhkəmə həmçinin, qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında iştirak edən iddiaçılar məhkəməyə ərizə təqdim edərək, iddia tələbində kompensasiya ödənilməklə "xxxx" QSC tərəfindən zəbt olunmuş 9,10 ha torpaq sahəsin münasibətdə mülkiyyət hüquqlarına xitam verilməsini nəzərdə tutduğunu bildirmişlər. (cavabdehin nümayəndəsi də öz növbəsində kompensasiya veriləcəyi təqdirdə mülkiyyət hüquqlarına xitam verilməsini xahiş etmişdir). Bundan başqa, məhkəmə cavabdehin torpaq sahəsinin əvəzində bələdiyyə tərəfindən iddiaçılara torpaq sahəsinin verilməsi barədə dəlilini iş materiallarına əsasən əsassız hesab edir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsi tərəfindən Yevlax rayonu Cırdaxan bələdiyyəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)-1075/2020 saylı qətnaməsinin məzmunundan göründüyü kimi cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahələrinin əvəzində mülkiyyətçilərə torpaq sahəsinin verilməsi barədə Yevlax rayon Cırdaxan Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 07 nömrəli qərarı qanunsuz olduğundan həmin bələdiyyənin xx.xx.2019-cu il tarixli qərarı ilə ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir, həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 700 (yeddi yüz) manat məbləğində vəsait cavabdeh "xxxx" QSC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 2013-2020-ci illər ərzində mübahisəli (Yevlax rayon X3 31 yanvar 1998-ci il tarixli qərarı ilə iddiaçıların mülkiyyətlərinə verilmiş, JN-104, Kod 90104048 saylı dövlət aktına əsasən 12,43 ha torpaq sahəsinin zəbt edilmiş 9,10 ha torpaq sahəsindən) torpaq sahəsində yonca bitkisinin əkilib-becərilib satış vəziyyətinə gətirilməsi üçün 16966.92 manat, qeyd edilən illər ərzində yonca bitkisindən əldə oluna biləcək 108119.24 manat məbləğində maddi ziyan (əldən çıxmış fayda) və zəbt olunmuş 9,10 ha torpaq sahəsinin müqabilində real bazar qiyməti nəzərə alınmaqla, yəni 95.500 manat məbləğində pul vəsaiti "xxxx" QSC-dən tutularaq İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı5 ödənilsin. JN-104 saylı 90104048 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Yevlax rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli 27 saylı qərarı ilə iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı5 mülkiyyətlərinə verilmiş Yevlax rayonu Cırdaxan kəndi ərazisində yerləşən "xxxx" QSC tərəfindən zəbt olunmuş, məhz - 9,10 ha sahəsi üzərində iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı5 mülkiyyət hüquqlarına xitam verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 700 (yeddi yüz) manat məbləğində vəsait cavabdeh "xxxx" QSC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. (X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-18/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-18/2023
18.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver