Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1803/2022 14.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahlarından anadan olmuş 17.08.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit məbləğdə 200 manat alimentin, 29.04.2016-cı il tarixdən etibarən yığılmış 7000 (yeddi min) manat aliment borcunun birdəfəlik Cavabdeh tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 28.03.2016-cı il tarixli 2(051)-201/2016 saylı qətnaməsi ilə tərəflərin 19.04.1991-ci il tarixdə Mingəçevir şəhər nikah evində bağlanmış və 81 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahları pozulmuş, birgə nikahlarından anadan olmuş 17.08.2007-ci il təvəllüdlü X1 anasının yanında qalması və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Lakin, qətnaməyə əsasən müəyyən edilmiş aliment 17.08.2007-ci il təvəllüdlü X1 tələbatlarının ödənilməsi üçün kifayət etmir. Həmçinin son illərdə ölkə üzrə yetkinlik yaşına çatmayanların yaşayış minimumu da artırılmışdır. Aliment təyin edərkən uşağın yaşayış minimumunu deyil, onun əvvəlki yaşayış səviyyəsinin maksimal saxlanmaqla alimentin müəyyən edilməsi zəruridir. Uşağın maddi tələbatlarını ödəmək tək qadın olaraq İddiaçı çox çətindir. İddiaçı bu məsələ ilə bağlı mediasiyaya da müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, uşağın saxlanılması üçün ödənilən alimentin onun tələbatının ödənilməsi üçün kifayət etmədiyini, uşağı ilə qaldıqları mənzil üçün hər ay 300 manat kirayə haqqı ödədiyini, eləcə də uşağın böyüdükcə xərclərin artmasını və uşağın skolioz boyunda əyilmə) xəstəliyindən müalicə almasını nəzərə alıb iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, təmin edilməməsini xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçının və cavabdehin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1803/2022 saylı, 14 aprel 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı iddia tələbinin “Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 201/2016 saylı, 28.03.2016-cı il tarixli qətnaməsinə əsasən 17.08.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün yığılmış 7000 (yeddi min) manat aliment borcunun birdəfəlik Cavabdeh tutularaq ödənilməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir. Mülki işin materiallarında olan AZ-İ seriyalı 964910 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X3 17.08.2007-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası qrafasında Cavabdeh, anası qrafasında X2 qeyd edilmişdir. Mülki işin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 28.03.2016-cı il tarixli 2(051)-201/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 19.04.1991-ci il tarixdə Mingəçevir şəhər nikah evində bağlanmış və 81 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahları pozulmuş, birgə nikahlarından anadan olmuş 17.08.2007-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 28.03.2016-cı il tarixli 2(051)-201/2016 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan uşağın saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 120 manat sabit pul məbləğində aliment tutulur. Hazırda iddiaçı uşağın saxlanılması üçün tutulan alimentin uşağın tələbatının ödənilməsi üçün kifayət etmədiyini, aliment təyin edərkən yetkinlik yaşına çatmayan uşağın yaşayış minimumunu deyil, onun əvvəlki yaşayış səviyyəsinin maksimal saxlanmaqla alimentin müəyyən edilməsini tələb edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddələrinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin qərarın 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, iddiaçı əvvəllər müəyyənləşdirilmiş alimentin uşağın tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla alimentin miqdarının artırılmasını tələb etmişdir. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 28.03.2016-cı il tarixli 2(051)-201/2016 saylı qətnaməsi ilə 17.08.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını, uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə uşaq böyümüş və ehtiyacları artmışdır. Göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək xeyli müddət keçməsi, artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü, həmçinin iddiaçının uşağı ilə birlikdə kirayə yaşamaqla hər ay əlavə xərclərin yaranması nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdehin maddi vəziyyətinin yaxşı olmaması onun qanunla müəyyən edilmiş uşağın lazımi səviyyədə saxlaması vəzifəsindən azad etmir və ya əsas vermir ki, uşaq qanunla müəyyən edilmiş yaşayış minimumundan aşağı səviyyədə təmin olunsun. Uşağın iddiaçının himayəsində qalması uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndəncavabdehdən tutulmasına əsas ola bilər. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2022-ci il üçün yaşayış minumumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, tərəflərin birgə nikahından olan uşağın anasının himayəsində olmasını, alimentin məbləğinin müəyyən olunduğu tarixdən xeyli müddət keçməsini, 2022-ci il üzrə uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddinin 193 manat olmasını, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, uşağın mənafeyini, onun saxlanması üçün cavabdehdən hər ay 120 manat sabit pul məbləğində alimentin tutulmasını hazırki dövrdə kifayət etmədiyini, iddiaçının uşağı ilə birlikdə kirayə yaşamaqla hər ay əlavə xərclərin yaranması kimi nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 28.03.2016-cı il tarixli 2(051)-201/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq 17.08.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Aliment məbləği artırılaraq, tərəflərin birgə nikahlarından anadan olmuş 17.08.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1803/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1803/2022
14.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver