Məhkəmə qərarları › İş №2(006)-1839/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1839/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1839/2022 24.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-yə qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “öhdəliyə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 24 may 2022-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “öhdəliyə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 13 mart 2006-cı il tarixli, 92/F10 nömrəli kredit müqaviləsi üzrə adına olan kredit borcu öhdəliyinə xitam verilərək "AKB” MMC-nin çıxarışında qeyd olunan 1228.34 ABŞ dolları məbləğində kredit borcunun silinməsi, "xxxx" MMC-də İddiaçı adına olan kredit borcunun silinməsi öhdəliyinin LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Bank of Azerbaijan'’ ASC ilə onun arasında bağlanmış 13 mart 2006-cı il tarixli, 92/E10 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən İddiaçı 12 (on iki) ay müddətinə, illik 24 %-lə 7.500 USD (yeddi min beş yüz ABŞ dolları) məbləğində kredit verilmişdir. Lakin bu günə qədər bank tərəfindən İddiaçı qarşı heç bir iddia tələbi qaldırılmamışdır və iddia tələbinin verilməsi üçün iddia müddəti bank tərəfindən ötürülmüşdür. Aşağıda göstərilənlərə əsasən adına "AKB” MMC-nin çıxarışında qeyd olunan 1228.34 ABŞ dolları olan borc məbləğinin silinməsi barədə iddia tələbi təmin edilməlidir. Belə ki, kredit müqaviləsindən də göründüyü kimi kredit müqaviləsi 13 mart 2006-cı il tarixində 12 ay müddətinə bağlanmışdır və həmin kredit müqaviləsinin müddəti 13.03.2007-ci il tarixində bitmişdir. Azərbaycan Rcspublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinin tələbinə əsasən isə müqavilələr üzrə ümumi iddia müddəti 10 ildir və bu müddət bitdikdən sonra öhdəliyə müddətin ölürülməsi nəticəsində xitam verilə bilər. Göründüyü kimi burada bank tərəfindən kredit müqaviləsi üzrə üzrə həm 3 illik iddia müddəti, həm də öhdəliyə xitam verilməsinə əsas olan 10 illik iddia müddəti ölürülmüşdür. Buna görə də adına olan borc məbləği "xxxx" MMC-dən silinməlidir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh olan LPO Cavabdeh1 ASC ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 ASC arasında bağlanmış 13.03.2006-cı il tarixli, 92F10 saylı kredit müqaviləsi üzrə öhdəliyinin müddətinin keçməsi ilə əlaqədar öhdəliyə xitam verilməsi, həmin kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin LPO Cavabdeh1 ASC-yə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə cavabdehin nümayənədəsinin iştirakı olmadan baxılması və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanılmış 13.03.2006-cı il tarixli, 92F10 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank borcalana- İddiaçı 18 ay müddətinə illik 24% olmaqla 7.500 ABŞ dolları məbləğində kredir verməyi, borcalan isə borc və faizləri vaxtında banka qaytarmağı öhtəsinə götürmüşdür. LPO Cavabdeh1 ASC-nin İddiaçı ünvanladığı 24.01.2022-ci il cavab məktubundan görünür ki, "Bank of Azerbaijan ASC ilə X1 arasında 13 mart 2006-cı ıl tarixdə bağlanmış 92F10 saylı Kredit müqaviləsinə əsasən 7.500 (yeddi min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Bank əməliyyatı sistemində 14.01.2022-ci il tarixinə 719,17 (yeddi yüz on doqquz ABŞ dolları 17 sent) ABŞ dolları əsas borc və 509,17 (beş yüz doqquz ABŞ dolları 17 sent) ABŞ dolları faiz borcu mövcuddur. "xxxx" MMC-dən 01.02.2022-ci il tarixli SF-2561 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı LPO Cavabdeh1 ASC-yə 13.03.2006-cı il tarixli kredit müqaviləsinə əsasən kreditin qalıq məbləği üzrə 719,17 ABŞ dolları, faiz məbləği üzrə 509,17 ABŞ dolları məbləğində borcu vardır. Beləliklə, məhkəmə tərəfindən araşdırılmış iş materiallarından görünür ki, "xxxx" MMC-nin iddiaçının adına tərtib edilmiş 01.02.2022-ci il tarixli SF-2561 saylı çıxarışı əsasında İddiaçı LPO Cavabdeh1 ASC-yə 13.03.2006-cı il tarixli kredit müqaviləsinə əsasən kreditin qalıq borcu üzrə 719,17 ABŞ dolları, faiz borcu üzrə 509,17 ABŞ dolları məbləğində borcunun olması müəyyən edilmişdir. Hazırda iddiaçı LPO Cavabdeh1 ASC ilə aralarında bağlanmış 13.03.2006-cı il tarixli müqaviləsi üzrə yaranmış öhdəliyə iddia və tələbetmə müddəti keçdiyinə görə xitam verilməsi və bununla əlaqədar məlumatı "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iddia müddətinin keçməsinə istinadən öhdəliyə xitam verilməsi tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci və 373.2-ci maddələrinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05.06.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.05.2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Bu hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Qərarda həmçinin qeyd olunur ki, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Mülki Məcəllə; maddə 375.2.). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Qeyd edilən maddi hüquq normalarının, həm də Konstitusiya Məhkəməsinin mövqeyindən müəyyən olunur ki, iddia müddətinin tətbiqi, iddiaçının məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etməsi və iddia tələbinin yönəldiyi tərəfin “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə verməsindən asılıdır. Lakin hazırki iş çərçivəsində bu hallar müşahidə olunmur. Belə ki, iş üzrə cavabdeh olan Bank borcun iddiaçıdan tutulması məsələsini məhkəmə qaydasında mübahisələndirməmiş, başqa sözlə iddiaçıya qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Göstərilənlər əsasında isə məntiqi olaraq bu nəticəyə gəlinir ki, “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə vermək hüququ iddianı qaldıran şəxsə deyil, yalnız iddia tələbinin yönəldiyi tərəfə məxsusdur. Belə olmadığı, yəni Bank tərəfindən məhkəmədə müvafiq iddia qaldırılmadığı halda, hazırki iş üzrə iddiaçının iddia müddətinin tətbiqinə əsasən borcun silinməsi tələbi istisna edilir. Məhkəmə iddianın qanuni əsası kimi iddiaçının iddia müddətinin tətbiqinə istinadı ilə razılaşmasa da, Mülki Məcəllənin 550-ci maddəsinə əsasən, yaranmış öhdəliyin icrasını tələb etmək hüququna dair müddətin keçməsi ilə əlaqədar öhdəliyə xitam verilməsi və onun əsasında yaranmış borcun silinməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Bu Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 553.1-ci maddəsinin tələblərinə görə mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə və ya ixtiyarlı şəxs məhkəməyə iddia verirsə müddətin axımı kəsilir. Bu Məcəllənin 554.1-ci maddəsinin tələblərinə görə müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki öhdəlik hüquq münasibətlərindən irəli gələn tələblərin qüvvədə olması müddəti əsas borc üzrə 551.1-ci maddəsinə əsasən 10 il, faiz borcu üzrə 551.2.1-ci maddəsinə əsasən isə 5 il kimi müəyyən edilməlidir və baxılan iş üzrə həmin müddətlərin keçməsi halı aşkardır. Belə ki, Mülki Məcəllənin 368-ci və 552.1-ci maddələri ilə qanunverici öhdəliklərin xitamı üçün müddətin axımının başlanmasını tələbin icra müddətinin çatması ilə əlaqələndirir. İş materiallarından göründüyü kimi 13.03.2006-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrası müddətinin sonu 13.09.2007-ci il tarixi kimi müəyyən edilmişdir. İcra müddətinin keçməsindən 10 ildən artıq müddət ötdüyündən, kreditor öhdəliyin icrasını tələb etmədiyindən, iddiaçı həmin öhdəliklərə xitam verilməsini tələb etməkdə tam haqlı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, tələb üzrə müddətin axımının kəsilməsinə və ya onun hesablanması qaydasının dəyişilməsinə əsas verən halların mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə iddianın “kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. İş materiallarından göründüyü kimi, tərəflər kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. Cavabdeh tərəf kredit müqaviləsi üzrə iddiaçının banka borclu olmasına baxmayaraq kredit məbləğinin qaytarılması üçün mülki qanunvericiliyə uyğun olaraq vaxtında müvafiq hərəkətləri yerinə yetirmədiyindən öhdəliyin icrasını tələb etmək üzrə müddəti ötürmüşdür. Məhkəmə hesab edir ki, 13.03.2006-cı il tarixli, 92F10 saylı kredit müqaviləsi üzrə öhdəliyinin müddətinin keçməsi ilə əlaqədar öhdəliyə xitam verilməli olması halı müəyyən edildiyindən, cavabdeh bu barədə müvafiq məlumatı "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalara uyğun olaraq "xxxx" MMC-yə verməklə Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməlidir. Belə ki, yuxarıda qeyd edilən normativ aktlara əsasən fiziki və hüquqi şəxs olan borcalanların istənilən valyutada hər bir krediti, həmçinin, fiziki şəxs olan borcalanların kredit kartları üzrə istənilən valyutada hər bir krediti, kredit müqaviləsi üzrə öhdəliyin olmaması haqqında Büroya məlumat vermək vəzifəsi bankların, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olan bankların vəzifələrinə aid edilmişdir. Beləliklə qeyd edilənlərə uyğun olaraq məhkəmə hesab edir ki, 13.03.2006-cı il tarixli, 92F10 saylı kredit müqaviləsi üzrə İddiaçı Cavabdeh1 ASC qarşısında yaranmış öhdəliyə müddətin keçməsi ilə əlaqədar xitam verilməli və bu barədə müvafiq məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi məlumat təchizatçısı olan LPO Cavabdeh1 ASC-yə həvalə edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh1 ASC ilə bağladığı 13.03.2006-cı il tarixli, 92F10 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyə xitam verilsin. İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış 13.03.2006-cı il tarixli kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi LPO Cavabdeh1 ASC-yə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar