Məhkəmə qərarları › İş №2(006)-1842/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1842/2023

04.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1842/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3202/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğini dəyişərək, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 220 manat sabit pul məbləğində alimentin və mediasiya xərci olaraq ödədiyi 60 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3202/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi qət edilmişdir. Lakin uşağın böyüməsi, təhsillə əlaqədar zəruri və digər xərclər, həmçinin sağlamlıq və tərbiyə edilməsi, qayğısına qalınması üçün hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment kifayət etmir. Belə ki, yuxarıda qeyd olunan qətnamə ilə övladlarının saxlanılması üçün qət edilən aliment məbləği bugünki günün iqtisadi göstəriciləri ilə uzlaşmır. Qiymətlərin qalxması və digər zəruri amillər onun maddi təminatının artmasına səbəb olmuşdur. Uşağın saxlanılmasında onun bir valideyn kimi iştirak etməsinə baxmayaraq, onun maddi təminatının təminində bəzi problemlərlə üzləşir. Uşağın maddi təminatının təmini onunla yanaşı cavabdehin də borcudur. Cavabdeh ilkin mediasiya sessiyası barədə rəsmi olaraq məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün tərəfindən 60 manat ödəniş edilmişdir. Qeyd olunanları və “2023-cü il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-3202/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği məhkəmə tərəfindən dəyişdirilərək, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğinə çatdırılması müəyyən edilməlidir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etdiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

5. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 3202/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-2232/2020 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X1 saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

7. Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/2-2296/2023 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışından görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etsə də, cavabdeh tərəf ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən ümumilikdə 60 manat məbləğində mediasiya xərci ödənilmişdir (mediator G.Həsənova). Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

9. Tərəflərin əvvəllər rəsmi nikahda olması, birgə nikahdan 1 övladlarının olması, uşağın iddiaçının yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

11. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

12. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 220 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir.

13. Bununla yanaşı məhkəmə iclasında iştirak edərkən Cavabdeh azyaşlı övladının saxlanılması üçün tərəfindən ödənilən alimentin miqdarının dəyişdirilməsinə etirazının olmadığını məhkəmənin diqqətinə çatdırmışdır. Tətbiq edilən prosessual normalar:

14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

15. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

16. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

17. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

18. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X1 saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3202/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır.

19. İddiaçı tərəfindən mediasiya xərci qismində ödənilmiş 60 manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.

20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X1 saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3202/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 220 manat sabit pul məbləğində aliment tutulsun. İddiaçı tərəfindən mediasiya xərci qismində ödənilmiş 60 manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar