Məhkəmə qərarları › İş №2(006)-1842/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1842/2024

07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1842/2024 07.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət Mərkəz qeydiyyat şöbəsində 478 nömrə də rəsmi nikaha daxil olmuşlar. Rəsmi nikahdan xx.xx.2020-ci il doğum tarixli X2 dünyaya gəlmişdir. Aralarında olan ailə münasibətləri 2023-cü ilin yayından faktiki olaraq pozulmuşdur. Bununla bağlı xx.xx.2023-cü il tarixdə hər ikimiz "nikahın pozulması və digər tələb" üzrə Mediasiyaya müraciət etdilər. Həmin vaxt mediasiyada xx.xx.2023-cü il tarixli, MŞB/2- 3322/2023 saylı barışıq sazişi bağlanıldı. Həmin sazişə əsasən tərəflər nikahın məhkəmə qaydasında pozulmasına və aliment tələbinin olmamasına razılıq verdilər. Bu sazişlə birgə tərəfindən "nikahın pozulması" tələbi üzrə Nəsimi rayon məhkəməsinə müraciət etdi. Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-3161 saylı qətnaməsi ilə aralarında olan nikah pozuldu. İddiaçı qeyd olunan tarixdən övladı ilə birgə valideynlərinin himayəsində yaşayır. Qanunvericiliyin tələbinə görə hər bir valideyn öz uşaqlarmı saxlamağa, onların maddi təminatlarını ödəməyə borcludurlar. Ancaq cavabdeh övladı ilə bağlı öz vəzifə borcunu yetirmir. Ona görə də hal-hazırda uşağının bütün maddi və mənəvi tələbatlarını valideynləri ödəyir. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini iddiaçı təkbaşına edə bilməz. Uşağın maddi ehtiyaclarını ödəməsi üçün həyat yoldaşının maddi imkanı və gəlirləri kifayət qədər yaxşıdır. Bütün bunlara əsasən hesab edir ki, uşağı və iddiaçının diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqlarının saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşaqlarının saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. Göstərilənlərə əsasən yetkinlik yaşına çatmayan – xx.xx.2020-ci il doğum tarixli X1 yetkinlik yaşına çatanadək hər ay 235 manat məbləğində alimentin ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə aralarında xx.xx.2020-də rəsmi nikah bağlanmaqla ailə qurulmuşdur. Birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehlə aralarında nikahın pozulması, uşağın onun yanında saxlanması və aliment tələbi üzrə mediasiyada barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən aralarında nikahın pozulması və aliment tələbinin olmaması barədə razılıq əldə edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikahın pozulması və birgə nikahdan doğulmuş uşağın onun yanında saxlanması qət edilmişdir. Həmin vaxtdan etibarən övladı ilə birlikdə valideynlərinin yanında yaşayır. Cavabdeh uşağın saxlanılması üçün heç bir maddi yardım göstərmir. O, tək valideyn kimi övladının ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Hesab edir ki, cavabdeh də, öz övladının saxlanmasında iştirak etməlidir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir və iddia tələbinin təmin edilməsinə etiraz etmir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

5. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin rəsmi nikahdan xx.xx.2020-ci il təvəllüdlü X2 adlı bir övladları dünyaya gəlmişdir. Məhkəmənin xx.xx.2023cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Hal-hazırda uşaq ananın himayəsindədir. İddiaçı uşağın saxlanılmasında maddi çətinlik çəkir və uşaq yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 235 manat məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul edir.

b) Mülki işin materialları:

6. Mülki işin materiallarında olan 1 saylı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 14 yanvar 2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 559052 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2020-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır.

7. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3161/2023 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 1 saylı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində 478 nömrə ilə qeydə alınan nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş-xx.xx.2020-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması müəyyən edilmişdir.

8. Mülki işin materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/11/2023-02207 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, həmin tarixdə keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir (Mediator: G.İsmayılov).

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

9. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

11. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

12. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

13. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

14. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

15. Bundan əlavə, Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

16. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

17. Belə olan halda, məhkəmə uşağın mənafeyini, iddiaçının tələbini, cavabdehin etiraz etmədiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməlidir.

18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

19. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixində daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır.

20. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

24. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

25. Odur ki, qətnamə dərhal icra edilməlidir.

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar