Məhkəmə qərarları › İş №2(006)-1857/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1857/2023

14.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1857/2023 14.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 1889 (min səkkiz yüz səksən doqquz) manat, iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödədiyi 39 (otuz doqquz) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "KİA CEED" markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomaşın onun sahibliyində və mülkiyyətindədir. 06 noyabr 2022-ci il tarixdə saat 23:45 radələrində sonradan tanıdığı Cavabdeh "KİA FORTE" markalı **-ET-*** qeydiyyat nişanlı avtomobillə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələbini pozaraq Ziya Bünyadov pr. ilə hərəkətdə olarkən ara məsafəsi qaydalarını pozub, onun idarə etdiyi avtomobilin arxa-sol hissəsindən vurmuşdur. Zərbənin təsirindən o idarəetməni itirərək, avtomaşını özündən qabaqda olan "Opel" markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəyərək dayanmışdır. Hadisə nəticəsində avtomaşınlara maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı DYP əməkdaşları tərəfindən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh 40 manat məbləğində cərimə olunmuşdur. “KİA FORTE" markalı avtomobilin icbari sığortası (Azsığorta) tərəfindən avtomobillərə dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə "xxxx" ə müraciət edildi. Avtoservis tərəfindən avtomobillərə dəymiş maddi ziyanın məbləği 5520 manat müəyyən edildi. Daha sonra cavabdehin icbari sığortası tərəfindən avtomobilinə 3631 (üç min altı yüz otuz bir) manat ödəniş edildi, qalıq 1889 manatın ödənilməsini isə cavabdehdən tələb etməli olduğunu bildirildi. O dəfələrlə Cavabdeh müraciət edərək, avtomaşınıma dəymiş maddi ziyanın ona ödənilməsini bildirsə də, o buna razı olmamışdır. Bu səbəbdən məcburiyyət qarşısında məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh etiraz ilə məhkəməyə müraciət edərək, iddiaçının qanunsuz, əsassız və həqiqəti əks etdirməyən, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi aşağıdakı səbəblərə görə əsassız və qanunsuzdur: 1) İlkin olaraq qeyd etmək istəyirəm ki, iddiaçının iddia etdiyi yol nəqliyyat hadisəsi 06 noyabr 2022-ci il tarixdə baş verməsinə baxmayaraq, iddiaçı 5 ay sonra məhkəməyə müraciət etmişdir. Bu da onun avtomobil düzələndən sonra artıq pul istəməsini göstərir. Belə ki, iddiaçı iddia edir ki, avtomobil düzəlmişdir. Lakin qeyd etdiyi ehtiyat hissələrinin alınmasına dair hər hansı qəbz məhkəməyə təqdim edilməmişdir. 2) Digər bir tərəfdən isə iddiaçı iddia edir ki, avtomobilə dəymiş ziyan 5520 manatdır. Lakin bununla bağlı məhkəməyə yalnız, qiymətləndirici ekspert tərəfindən hazırlanmış həqiqəti əks etdirməyən ekspert rəyini məhkəməyə təqdim etmişdir. İddiaçı qeyd edir ki, siğorta tərəfindən ona 3631 manat ödəniş olunmuşdur. İlkin məhkəmə iclasındada özü də etiraf etmişdir ki, bu ödənişlərdən əlavə ona cavabdeh tərəfindən ona 300 ( üç yüz ) manat ödəniş olunmuşdur. 300 manat ödəniş olunmasına baxmayaraq, bunu iddia ərizəsində qeyd etməmişdir. Yalnız ilkin məhkəmə iclası zamanı özü bunu etiraf edir. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı şəhər DYPİ YNH inspektoru polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 23:45 radələrində “KİA FORTE" markalı **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Mülki işin materiallarında olan Bakı şəhər DYPİ YNH inspektoru polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarar əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 23:45 radələrində “KİA FORTE" markalı **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Mülki işin materiallarında olan “GOLD avto servis" tərəfindən verilmiş dəymiş zərərin hesabatından görünür ki, KİA CEED" markalı, ** UD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın məbləği 5520 manat edir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş aktından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 3631 AZN sığorta ödənişi ödənilmişdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən görünür ki, cavabdeh tərəfindən İddiaçı 300 ( üç yüz ) manat ödəniş olunmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3829 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxışlı “Kia Ceed” minik markalı, **- UD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4500 manat məbləğində müəyyən edilir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 39 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İşin müəyyən olunmuş və tərəflərin mübahisələndirmədiyi halları ondan ibarətdir ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu sübuta yetirildiyindən (yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarda var) həmin hadisə nəticəsində iddiaçının əmlakına vurulmuş zərərə görə də onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verməklə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının əmlakına vurulmuş zərərin həcmi kimi ekspert rəyi (avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4500 manat məbləğində müəyyən edilir) əsas götürülməli, həmçinin "xxxx" ASC tərəfindən İddiaçı 3631 AZN sığorta ödənişini və cavabdeh tərəfindən İddiaçı 300 ( üç yüz ) manat ödənişi nəzərə almalı və müvafiq olaraq iddia tələbi qismən təmin olunmaqla iddiaçıya məxsus “Kia Ceed” minik markalı, **-UD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin əvəzi kimi 569 manat Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. .Azərbaycan Respublikası MPM-nin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 40 AZN dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq İddiaçı xeyrinə 569 (beş yüz altmış doqquz) manat və 40 (qırx) manat ödənilmiş dövlət rüsumu tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq İddiaçı xeyrinə 569 (beş yüz altmış doqquz) manat və 40 (qırx) manat ödənilmiş dövlət rüsumu tutulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar