Məhkəmə qərarları › İş №2(006)-1862/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1862/2025

09.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1862/2025 09.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X5 oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, İddiaçı X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş zərərə görə cavabdehdən 2.855 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mercedes-Benz C200 CD” minik markalı, 90LB203 dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətidir. Həmin avtomobili cavabdehə etibarnamə əsasında idarə etmək üçün vermişdir. Cavabdeh isə xx.xx.2024-cü il tarixdə, saat 15:00 radələrində Qobu-Lökbatan yolunda nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydalarını pozmaqla qəza törətmiş və avtomobilə ciddi ziyan vurmuşdur. Avtomobilə vurulan ziyana görə iddiaçı dəfələrlə cavabdeh ilə söhbət aparmış, cavabdehin təqsiri üzündən iddiaçıya məxsus avtomobilə ziyan dəydiyinə görə iddiaçı 2.855 manat məbləğində xərc çəkdiyini bildirmişdir. Lakin cavabdeh həmin məbləği iddiaçıya ödəməkdən boyun qaçırmışdır. Hətta iddiaçıya bildirmişdir ki, xərci ödəməyəcək, hara istəyirsə, müraciət etsin. Buna görə də iddiaçının məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. a) Məhkəmə prosesi: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, hər biri ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. İddiaçı ərizəsində iddianın təmin olunmasını xahiş etmiş, cavabdeh isə iddianı qismən qəbul etdiyini, 2.644 manat pulun ondan tutulmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizələri nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları: X8 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, istehsal ili 1999-cu il olan “Mercedes-Benz C200 CD” minik markalı, 90LB203 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın məbləği 2.855 manat müəyyən edilmişdir. X4 haqqında xx.xx.2024-cü il tarixli, TP6927040 №-li qərardan görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. AD seriyalı, 325100 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, istehsal ili 1999-cu il olan “Mercedes-Benz C200 CD” minik markalı, 90LB203 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. Nəqliyyat vasitəsinin istifadə edilməsinə dair xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, “Mercedes-Benz C200 CD” minik markalı, 90LB203 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 etibarnamə verilmiş, sonuncu da həmin avtomobilin idarə edilməsi üçün səlahiyyətlərini Cavabdeh ötürmüşdür. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan və ekspert rəyindən görünür ki, “Mercedes-Benz C200 CD” minik markalı, 90LB203 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın (zədələnmiş hissələrin təmiri üçün ehtiyyat hissələrinin (1194 manat) və təmir işləri üçün xidmətlərin (1450 manat) dəyərinin) ümumilikdə məbləği 2.644 manat, ekspert rəyinin verilməsi üçün xidmət haqqının məbləği isə 300 manat müəyyən edilmişdir. İş materiallarına nəqliyyat vasitəsinin fotoşəkilləri də əlavə edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı öz mülkiyyətində olan “Mercedes-Benz C200 CD” minik markalı, 90LB203 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixli etibarnamə əsasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 etibar etmiş, sonuncu da həmin avtomobilin idarə edilməsi üçün səlahiyyətlərini Cavabdeh ötürmüşdür. Cavabdeh Qobu-Lökbatan yolunda həmin avtomobili idarə edərkən qəza törətmiş və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xx.xx.2024-cü il tarixli inzibati tənbeh növü tətbiq edilmişdir. Avtomobilə dəyən ziyanın məbləği X8 tərəfindən 2.855 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırmaları zamanı rəyi əldə edilmiş "xxxx" MMC isə avtomobilə dəyən zərərin ümumi məbləğini 2.644 manat məbləğində müəyyən etmişdir. Məhkəmə araşdırmaları müddətində cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddia tələbini 2.644 manat hissəsində qəbul etdiyini və ondan həmin məbləğdə pul tutulmasına razı olduğunu etiraf etmişdir. Bundan başqa məhkəmə iclasında iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs də "xxxx" MMC-nin rəyi ilə razı olduqlarını bildirmişdirlər. c) Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, məhkəmə araşdırmaları nəticəsində iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə cavabdeh tərəfindən ziyan vurulduğu təsdiq edilmiş, dəymiş ziyanın məbləği müstəqil ekspert rəyi əsasında 2.644 manat müəyyən edilmiş, bütün proses iştirakçıları rəy ilə razı olduqlarını bildirmişlər. Cavabdeh ərizə ilə müraciət edərək, iddia tələbini 2.644 manat hissəsində etiraf etmişdir. Məhkəmə cavabdehin ərizəsini qanunauyğun olduğu, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul etmişdir. Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəyini və cavabdehin etirafını digər iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iddianın təmin edilməyən hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən qüsur aktında qeyd olunan məbləğ ədalətli və tərəfsiz akt kimi qiymətləndirilə bilməz. Buna görə də məhkəmə iddiaçının və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin "xxxx" MMC-nin müstəqil rəyi ilə razı olduqlarını nəzərə alaraq, həmçinin "xxxx" MMC-nin müstəqil rəyini ağlabatan və ədalətli olmaqla, mötəbər sübut kimi qiymətləndirərək hesab edir ki, iddia tələbi 2.644 manat hissəsində təmin edilməlidir. d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarındandır. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 52.2, 52.5. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.3-106.4. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh maddi ziyanın əvəzi kimi 2.644 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, mütəxəssis rəyi üçün tələb edilən 300 manat məbləğində pulun 279 manat hissəsi Cavabdeh, qalan 21 manat hissəsi isə İddiaçı alınaraq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2.644 (iki min altı yüz qırx dörd) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mütəxəssis rəyi üçün tələb edilən 300 (üç yüz) manat məbləğində pulun 279 (iki yüz yetmiş doqquz) manat hissəsi Cavabdeh, qalan 21 (iyirmi bir) manat hissəsi isə İddiaçı alınaraq "xxxx" MMC-nin hesabına (Uniprice MMC, VÖEN: **********, İBAN: AZ77AİİB400600C**********218, bank: "xxxx" ASC, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ********************, Kod: 201296, SWİFT: AİİBAZ2XXXX) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar