Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1875/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Bədəlov Nurəddin Natiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X2 üçün, o yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan aliment məbləğinin artırılaraq hər ay 235 manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 sentyabr 2016-cı il tarixli 2(006)-7614/2016 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ayda 117 (yüz on yeddi) manat aliment məbləğinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Sonradan İddiaçı müraciəti əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(006)-1903/2020 nömrəli qətnaməsi ilə aliment məbləği 170 manat müəyyən edilmişdir. Hal-hazırda X3 10 yaşı olmaqla, o, orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. İddiaçı Zəngilan rayon 8 nömrəli tam orta məktəbdə təşkilatçı müavin olaraq çalışır. İddiaçı əvvəllər maddi gəlirinin yetərli olması səbəbindən 2020-ci ildən sonrakı dövrdə aliment məbləğinin artırılması üçün məhkəməyə müraciət etməmişdir. Lakin cari 2023-2024-cü tədris ilində məktəbdə şagird sayının az olması səbəbindən İddiaçı yarımştata düşməklə əmək haqqısı azalmışdır və hazırda o, 330 (üç yüz otuz) manat maaş alır. Həmçinin, 2023-cü ildən etibarən İddiaçı sağlamlığı ilə bağlı bəzi çətinliklər yaşayır və o, Milli Onkoloji Mərkəzdə qeydiyyatda olmaqla səhhəti ilə əlaqədar 6 (altı) aydan bir məcburi müayinələrdən keçməli olduğundan onun əlavə xərcləri yaranmışdır. Bütün bunların nəticəsində iddiaçı övladının maddi ehtiyaclarını heç cür qarşılaya bilmir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Nəsimi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir, əlavə olaraq aliment məbləği Cavabdeh tərəfindən qeyri-müntəzəm şəkildə ödənilməkdədir. Belə ki, cavabdehin 2024-cü ilin fevral ayınadək olan müddət üçün 1830 (bir min səkkiz yüz otuz) manat borcu yaranmışdır. Cavabdeh övladı qarşısında mənəvi ata borcunu da yerinə yetirmir. İddiaçı uşağın bütün qayğısını çəkir və ehtiyacını ödəyir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə iddiaçı “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə 10 saylı Mediasiya Təşkilatına müraciət etməyə məcbur qalmışdır. 16 fevral 2024-cü il tarixində təşkil olunan görüşdə Cavabdeh razılığa gəlməmiş və bununla bağlı tutarlı səbəblər də gətirmədiyindən iddiaçı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Doğum haqqında AZ-İİİ seriyalı 166529 nömrəli şəhadətnamədən görünür ki, X4 xx.xx.2013cü il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası X5r. Nikahın pozulması haqqında AZ-İ seriyalı 245442 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh X7 ilə olan nikahı xx.xx.2016-cı il tarixdə ləğv edilmiş, nikah ləğv olunandan sonra qadına “Məmmədova” soyadı verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(006)-1903/2020 nömrəli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3297/2018 saylı 14 may 2018-ci il tarixli qətnaməsi ilə 10 sentyabr 2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh 10 sentyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmasına görə hər ay 170 manat pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli tomosintez adlı sənədindən görünür ki, İddiaçı “Hər iki süd vəzinin fibroadenomatozu. Sağ süd vəzidə fokal assimetrik adenoz sahəsi izlənilir”. Dinamiki mammoqrafiya və USM tövsiyə olunur. Cavabdeh ambulator kitabçasından xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, ona “şəkərli diabet, tip-2, insulin tələbli” diaqnozu qoyulmuşdur. xx.xx.2021-ci il tarixindən 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında qeydiyyatdadır. 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkim-psixiatrının xx.xx.2024-cü il tarixli, 1202 №-li rəyindən (arayış) görünür ki, Cavabdeh “postkomission sindrom, posttravmatik stress pozuntusu” diaqnozu ilə dispanser müşahidədədir. Mediasiya Şurası Bakı 10 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasından (ims) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/10/2024-00093 nömrəli arayışından görünür ki, tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının: - xx.xx.2023-cü il tarixli “USM” sənədindən görünür ki, hər iki süd vəzilərinin parenximasında vəz və piy toxuması bərabər göründü, birləşdirici toxuma stroması bir qədər qalınlaşıb, fibroqlandulyar toxuma bir qədər bərkiyib, exostrukturu həmcinsdir. Sol süd vəzinin parenximasında yuxarı-lateral kvad-da 15x9 mm ölçüdə kistoz blok müşahidə edildi. Mərkəzi süd axarları genişlənib, sağda max d=2.7 mm və k., solda fraqmentar olaraq göründü, max d=2.3 mm və k. Hər iki q/altı nahiyyələrdə l/d-ləri patologiyasızdır. - xx.xx.2024-cü il tarixli “ultrasəs müayinə protokolu”ndan görünür ki, İddiaçı hər iki süd vəzin müayinə zamanı parenximalarda fibroz-kistoz mastopatiya fonunda sağ süd vəzidə saat 10-rad 3.9x3,0 mm, 3,5x2,4 mm ölçülü kistoz strukturlar, saat 10-rad 9,0x3.4 mm ölçülü exogenliyi aşağı olan kistoz komponentli sahə qeyd edilir. Sol süd vəzidə saat 1-rad 4.9x2,8 mm ölçülü kistoz struktura izlənilir. Hər iki süd vəzidə subareolyar nahiyyədə axarların d-2,2-2,6 mm-ə qədərdir. Regionar nahiyələrdə limfa düyünləri patologiyasızdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə olan birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X4 anadan olmuş, sonradan tərəflərin nikahı pozulmuş, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan X4 anasının yanında saxlanılmış və onun saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə cavabdehdən tutulması qət edilmişdir. Sonradan isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2(006)-1903/2020 nömrəli qətnaməsi ilə alimentin miqdarı artırılmış, 10 sentyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmasına görə cavabdehdən hər ay 170 manat pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı xx.xx.2013-cü il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin uşağın tələbatının ödənilməsi üçün kifayət etmədiyini bildirərək, ölkə üzrə yetkinlik yaşına çatmayanların yaşayış minimumunun artırılmasına, özünün yarımştat vəzifəyə keçirilərək maaşının azaldılmasına və onkoloji mərkəzdə qeydiyyatda olmasına istinad edərək, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment məbləğinin miqdarının artırılaraq, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini tələb edir. Cavabdeh isə insulin tələbli ikinci tip şəkərli diabet xəstəsi olduğunu, posttravmatik stress pozuntusu diaqnozu ilə dispanser müşahidədə olduğunu bildirərək, nəinki iddiaçının tələb etdiyi məbləği, hətta 170 manat məbləğində alimenti ödəməyə imkanı olmadığını, aylıq 120 manat sabit pul məbləğində alimenti ödəməyə imkanı çatdığını qeyd edib, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbinə münasibətdə hesab edir ki, iddiaçı əvvəllər müəyyənləşdirilmiş alimentin uşağın tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2(006)-1903/2020 nömrəli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsini müəyyənləşdirərkən məhkəmə həmin dövrün həyat standartlarını, uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür. Hazırda uşağın böyüməsi ilə əlaqədar xərcləri artmış, həmçinin, ölkədə gündəlik tələbat mallarının qiymətləri və yaşayış minimumunun məbləği artırılmışdır. Göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Ötən müddət ərzində, həmçinin, iddiaçının səhhəti və işi ilə əlaqədar maddi vəziyyətində də dəyişiklik baş vermişdir. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, cavabdeh əmək qabiliyyətli olduğundan, onun maddi imkanının olmaması və xəstə olması barədə dəlilləri iddianın rədd edilməsi üçün əsas təşkil edə bilməz. Belə ki, bu dəlillər cavabdehi qanunla müəyyən edilmiş azyaşlı uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağın lazımi səviyyədə saxlanması, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir və ya əsas vermir ki, uşaq qanunla müəyyən edilmiş yaşayış minimumundan aşağı səviyyədə təmin olunsun. Mübahisəsiz haldır ki, təyin olunmuş alimentin məbləği uşağın minimum yaşayış tələbatını ödəyə bilmir. Azərbaycan Respublikasında 2024-cü il üçün müəyyən olunmuş bir uşaq üçün yaşayış minimumu 235 manat olduğu dövrdə, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 170 manat aliment məbləğinin artırılmaması uşaqlarla bağlı Beynəlxalq Konvensiyaların tələblərinə də zidd olar. Cavabdeh xəstə olsa da belə, onun əmək qabiliyyətli olduğu müəyyən edildiyindən, bu dəlil alimentin tələb edilən qaydada təmin edilməməsi üçün əsas deyil. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin, digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan, qanunverici onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə, həmçinin, hesab edir ki, uşağın iddiaçının himayəsində qalması uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərcləri həddində məbləğin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsasdır. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Göstərilən bütün diqqətəlayiq halları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(006)-1903/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulması ədalətli və məqsədə müvafiqdir. Alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olarsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər. Həqiqətən də, iddiaçının maddi vəziyyətində dəyşiklik olmuş, yəni 4 il keçdiyi üçün uşağın artan tələbatını qarşılamaq çətinləşmiş və qayğıları artmış, maddi vəziyyəti isə yaxşılaşmamışdır. Demək ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulan dəyişiklik dedikdə iddiaçının maddi vəziyyətinin pisləşməsi nəzərə alınır. Buna baxmayaraq, cavabdeh tərəf xəstə olduğuna və maddi vəziyyətində yaxşılığa doğru dəyişiklik olmadığına görə iddiaya etiraz edir. Məhkəmə onun dəlillərini həm də ona görə qəbul etmir ki, uşaq tam olaraq hər iki valideynin qayğısı və sevgisi ilə əhatə olunmadığından, başqa sözlə, uşaq yalnız anası ilə birgə yaşadığından, onsuz da az qayğı ilə əhatə olunan və hər iki valideyni ilə birgə yaşamaq hüququndan məhrum olan uşağın maddi vəziyyətini bir qədər də ağırlaşdıracaq qərarın qəbul edilməsi yolverilməz hesab olunmalıdır. Məhkəmə iddia tələbinin “aliment məbləğinin iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən artırılaraq tutulması” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən) miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablandığından, tələb bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun: 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür; 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1903/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin hazırki qətnamə ilə müəyyən edilmiş qaydada tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1903/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin hazırki qətnamə ilə müəyyən edilmiş qaydada tutulması bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1875/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1875/2024
09.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver