Məhkəmə qərarları › İş №2(006)-1879/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1879/2022

02.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1879/2022 02.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı X2 cavabdeh Bakı Slavyan Universitetinə qarşı “ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx.xx.2022-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X6 iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Bakı Slavyan Universitetindən 2200 manat məbləğində maddi ziyanın və 42 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması” Qaydalarına uyğun olaraq Rusiya Federasiyasının vətəndaşı kimi Bakı Slavyan Universitetinin tərcümə fakültəsinə "İngilis dili” ixtisası üzrə qəbul edilmişdir. “Azərbaycan Respublikasının təhsil müəssisəsi ilə əcnəbi tələbə arasında ödənişli təhsil almaq haqqında” müqaviləyə əsasən həmin tədris ili üçün qeyd olunan ixtisas üzrə illik təhsil haqqı ödənişi 2.200 manat məbləğində müəyyən edilmişdir. S.Piriyeva həmin ali təhsil müəssisəsində 2015/2016 tədris ilini tam (2 semestr), 2016-2017-ci il tədris ilini isə natamam (1 semestr) oxumuş. 2017-ci ildə universitetdə oxuduğu vaxt onun Azərbaycan Respublikası vətəndaşılığından imtinası barədə ərizəsi AR Miqrasiya Xidməti tərəfindən qəbul edildiyi üçün o, Rusiya vətəndaşı olduğundan Azərbaycan Respublikasını tərk etmək məcburiyyətində qalmış və Rusiyanın İjevsk şəhərinə getmişdir. Lakin o Rusiya Federasiyasının pasportu ilə getdiyi üçün sərhəd xidməti onu geri qaytarmışdır. Onun ikili vətəndaşlığı olduğu üçün o Azərbaycan vətəndaşlığından çıxma barədə ərizəni 2016-cı ildə təqdim etmiş, lakin cavab 2017-ci ildə verilmişdir. Həmin sənədləşmənin getdiyi prosesdə isə o, Azərbaycan Respublikasının pasportunu almışdır. Nənəsi 2017-ci ildə onu Azərbaycana dəvət etdi ki, o, sənədlərini təhsil aldığı ali məktəbdən götürüb Rusiya Federasiyasında olan ali məktəblərdən birinə qəbul olunsun. Rusiyadan qayıtdıqdan sonra cavabdeh ali təhsil müəssisəsi dekanlığına müraciət edərək ona məxsus olan tam orta təhsil barədə attestatı geri istəmiş, ona bildirilmişdir ki, 2-ci kursun 2-ci semestrində təhsillə bağlı ödəniş ödənilmədiyi halda həmin sənədlər geri qaytarılmayacaq. O, Rusiyadan 2017-ci ilin oktyabr ayında gəlmiş və həmin vaxt xarici tələbələr üzrə dekan Ülviyyə Məmmədova ona zəng vurmuş və onu dəvət etmişdir. O, nənəsi ilə Ülviyyə xanımın göstərişi əsasında dekan Cəfər müəllimin qəbulunda olmuş, onlara bildirilmişdir ki, “Sizin təhsilinizdə heç bir problem yoxdur, o, bundan sonra da bizim universitetdə təhsilini davam etdirəcəkdir. Buna görə təhsil haqqını ödəməlisiniz.’' Həmin vaxt Cəfər və Ülviyyə müəllimin tapşırığı əsasında universitetin mühasibatlığından ödəniş qəbzini götürmüş, həmin qəbz əsasında da ödəməni həyata keçirmişdir. O cavabdeh təhsil müəssisəsinə artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması itə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə və universitetə müraciət etmiş, xx.xx.2021-ci il tarixli cavab məktubunda cavabdeh bildirmişdir ki, o, xx.xx.2018-ci il tarixli 36/3 saylı əmrlə (əlavə olunur) o, Bakı Slavyan Universitetinin tələbələri sırasından xaric edilmiş, eyni zamanda, onun sənədlərini qəbul etmiş əcnəbi tələbələrlə iş üzrə dekan dos. L.Quliyeva vəzifəsindən kənarlaşdırılmışdır. O, 5 akademik tədris semestri ərzində Bakı Slavyan Universitetində təhsil almış və qeyd olunan müqaviləyə əsasən 2015-2018-ci illər ərzində universitetin büdcəsinə 5500 (beş min beş yüz) manat məbləğində təhsil haqqı ödəmişdir, ümumi 5500 manat məbləğindəki ödəniş tələbənin Bakı Slavyan Universitetində 5 semestr ərzində aldığı təhsil müddəti üçün ödənilmiş məbləğdir. Ödəniş haqqında qəbzlər hansısa əlavə və ya qalıq ödənişin olmadığını təsdiq edir və buna görə də 2.200 manat pul geri qaytarılmamalıdır. Cavabdehin verdiyi bu cavab tam əsassızdır çünki o, cəmi 3 semestr təhsil almış və təhsil haqqı 3300 manat olduğu halda (3 semestr) 5500 manat ödəniş aparılmışdır, bu səbəbdən də artıq ödənilmiş 2200 manat pul geri qaytarılmalıdır. Onun həmin müddətdə başqa ali təhsil müəssisəsində aldığını təsdiq edən sübutlar məhkəməyə təqdim olunacaqdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə yuxarıda qeyd olunan məzmunda izahat verərək əlavə olaraq bildirmişdir ki, iddiaçı 2016-2017-ci ilin fevral-iyun aylarında və 2017-2018-ci ilin sentyabr-fevral aylarında universitetə dərsə getməyib. İddiaçıya cavabdeh universitet tərəfindən dərsə gəlməməsini və ya gəlmədiyi dövrə görə pul ödənilməsini deyən olmamışdır. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Daxili İşlər Nazirliyi tərəfindən verilmiş PC tipli, AZE seriyalı, CO1549824 nömrəli pasportun surətindən görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X4 xx.xx.2027-ci il tarixədək etibarlı olan pasport xx.xx.2017-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün MYİ seriyalı, 0****** nömrəli icazə vəsiqəsindən görünür ki, Rusiya Federasiyasının vətəndaşı Səbinə Piriyevaya xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamasına icazə verilmişdir. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün MYİ seriyalı, ******* nömrəli icazə vəsiqəsindən görünür ki, Rusiya Federasiyasının vətəndaşı Səbinə Piriyevaya xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamasına icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən X4 verilmiş xx.xx.2016-cı il tarixli arayışın surətindən görünür ki, o, Azərbaycan Respublikasının vətəndaşlığından çıxma ilə bağlı müvafiq sənədləri Dövlət Miqrasiya Xidmətinə təqdim etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri Baş İdarəsi tərəfindən X4 ünvanlanan xx.xx.2017-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 02 noyabr 2017-ci il tarixli 3338 nömrəli Sərəncamı ilə onun Azərbaycan Respublikasının vətəndaşlığından çıxma haqqında vəsatəti təmin edilmişdir. Bakı Slavyan Universitetinin Vətəndaş Nümayəndə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, X7 (ərizəçinin qız nəvəsi) xx.xx.2015-ci il tarixli 287/3 saylı əmrlə (əlavə olunur), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydalarına uyğun olaraq Rusiya Federasiyasının vətəndaşı kimi Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinə “İngilis dili” ixtisası üzrə qəbul edilmişdir. “Azərbaycan Respublikasının təhsil müəssisəsi ilə əcnəbi tələbə arasında “Ödənişli təhsil almaq haqqında” müqaviləyə əsasən (əlavə olunur), həmin tədris ili üçün qeyd olunan ixtisas üzrə illik təhsil haqqı ödənişi 2200 (iki min iki yüz) manat məbləğində müəyyən edilmişdir. 2017-ci ildə Dövlət Miqrasiya Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində X3 universitetə qəbul zamanı eyni zamanda Azərbaycan Respublikasının vətəndaşı olduğu da müəyyən edilmişdir, Sabina Piriyeva və əcnəbi tələbələrlə iş üzrə dekanlıq tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Qaydaların” gözlənilməməsi faktını nəzərə alaraq, universitet üzrə xx.xx.2018-ci il tarixli 36/3 saylı əmrlə (əlavə olunur) X7 Bakı Slavyan Universitetinin tələbələri sırasından xaric edilmiş, eyni zamanda, onun sənədlərini qəbul etmiş əcnəbi tələbələrlə iş üzrə dekan dos. L.Quliyeva vəzifəsindən kənarlaşdırılmışdır. X7 5 akademik tədris semestri ərzində Bakı Slavyan Universitetində təhsil almış və qeyd olunan Müqaviləyə əsasən 2015-2018-ci illər ərzində universitetin büdcəsinə 5500 (beş min beş yüz) manat məbləğində təhsil haqqı ödəmişdir. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, iddiaçının ərizədə qeyd etdiyi ümumi 5500 (beş min beş yüz) manat məbləğindəki ödəniş tələbənin Bakı Slavyan Universitetində 5 (beş) semestr ərzində aldığı təhsil müddəti üçün ödənilmiş məbləğdir. Ödəniş haqqında qəbzlər hansısa əlavə və ya qalıq ödənişin olmadığını təsdiq edir. xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il və xx.xx.2015-ci il tarixli qəbzlərdən görünür ki, X6 tərəfindən Bakı Slavyan Universitetinin hesabına müvafiq olaraq 951 manat, 1.101 manat, 2.200 manat və 1.251 manat məbləğində pul ödənilmişdir. Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın xx.xx.2018-ci il tarixli, 36/3 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 125 saylı “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın İİİ bəndini və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2017-ci il tarixli xx-xx-2436/17 saylı məktubunu rəhbər tutaraq, 2015/2016-cı tədris ilində 287/3 saylı xx.xx.2015-ci İl tarixli əmrlə Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinin “İngilis dili” ixtisasına Rusiya Federasiyasının vətəndaşı kimi qəbul olmuş Pirieva Sabinanın və 2016/2017-ci tədris ilində 178/3 saylı xx.xx.2016-cı il tarixli əmrlə Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin “Beynəlxalq münasibətlər” ixtisasına Rusiya Federasiyasının vətəndaşı kimi qəbul olmuş Kerimova Bakharın Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Universitetə qəbul zamanı Azərbaycan Respublikasının vətəndaşı olduqları müəyyən edilmişdir. Yuxarıda, qeyd olunan sənədləri nəzərə alaraq Pirieva Sabina və Kerimova Bakhar tələbələr sırasından xaric edilməsi əmr edilmişdir. Bakı Slavyan Universiteti ilə X7 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli “Azərbaycan Respublikasının təhsil müəssisəsi ilə əcnəbi tələbə arasında ödənişli təhsil almaq haqqında” müqavilənin surətindən görünür ki, təhsil müəssisəsi ödənişli əsaslarla əcnəbi tələbəyə Azərbaycan Respublikasının dövlət standartlarına cavab verən təhsil proqramları əsasında bakalavr təhsil səviyyəsinə uyğun tərcümə (ingilis dili) ixtisas üzrə təhsil verməyi, əcnəbi tələbə isə seçdiyi ixtisas üzrə dövlət standartlarına uyğun təhsil almağı, hər tədris ili üçün 2.200 manat məbləğində təhsil haqqının təhsil müəssisəsinə ödənilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Sabina Piriyevaya ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizənin surətindən görünür ki, Bakı Slavyan Universitetinə qəbul olunarkən Azərbaycan vətəndaşlığı olduğu üçün onun hazırda təhsilinin BSU-da davam etdirməyi qanunauyğun hesab edilmir. İşin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı X6 xarici vətəndaş kimi 2015-ci il tarixdə Bakı Slavyan Universitetinin “tərcümə” fakültəsinə ödənişli şərtlərlə qəbul olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Azərbaycan Respublikasının təhsil müəssisəsi ilə əcnəbi tələbə arasında ödənişli təhsil almaq haqqında” müqaviləyə əsasən cavabdeh ödənişli əsaslarla iddiaçıya əcnəbi tələbə kimi Azərbaycan Respublikasının dövlət standartlarına cavab verən təhsil proqramları əsasında bakalavr təhsil səviyyəsinə uyğun tərcümə (ingilis dili) ixtisası üzrə təhsil verməyi, iddiaçı isə seçdiyi ixtisas üzrə dövlət standartlarına uyğun təhsil almağı, hər tədris ili üçün 2.200 manat məbləğində təhsil haqqını təhsil müəssisəsinə ödəməyi öhdəsinə götürmüşdür. Dövlət Miqrasiya Xidməti tərəfindən 2017-ci ildə aparılan araşdırmalar nəticəsində X2 universitetə qəbulu zamanı həm də Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmiş, bununla əlaqədar, o, Bakı Slavyan Universitetinin rektorunun xx.xx.2018-ci il tarixli, 36/3 saylı əmrinə əsasən X6 universitetdən xaric edilmişdir. İşin mübahisələndirilməyən hallarından həmçinin görünür ki, X2 2015-2016 tədris ilində hər iki semestrdə və 2016-2017 tədris ilinin yay semestrində dərslərdə davamlı olaraq iştirak etmiş, 2016-2017 tədris ilinin qış və 2017-2018 tədris ilinin yay semestrində dərsə gəlməmiş, tərəfindən 5 semestr üzrə cəmi 5.500 manat məbləğində ödəniş edilmişdir. İddiaçının nümayəndəsinin verdiyi izahata əsasən eyni zamanda müəyyən edilmişdir ki, iddiaçıdan növbəti tədris illəri üçün ödənişin həyata keçirilməsini cavabdeh tələb etməmiş, o, müqaviləyə əsasən müvafiq ödənişlərin edilməsinə dair öhdəliyi könüllü şəkildə icra etmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oxumadığı iki semestr üzrə ödənilmiş 2.200 manat məbləğində pulun Bakı Slavyan Universitetindən alınaraq onda verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllənin 443.1 və 443.2-ci maddələrinin tələblərinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Beləliklə məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətlərinə daxil olmuşlar. Belə ki, tərəflər arasında bağlanmış “Azərbaycan Respublikasının təhsil müəssisəsi ilə əcnəbi tələbə arasında ödənişli təhsil almaq haqqında” müqavilədən göründüyü kimi Bakı Slavyan Universiteti ödənişli əsaslarla iddiaçıya əcnəbi tələbə kimi bakalavr təhsil səviyyəsinə uyğun tərcümə (ingilis dili) ixtisası üzrə təhsil verməyi, iddiaçı isə seçdiyi ixtisas üzrə hər tədris ili üçün 2.200 manat məbləğində təhsil haqqını təhsil müəssisəsinə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən tərəflər razılığa gəlmişlər ki, əcnəbi tələbə hər hansı səbəbdən təhsilini davam etdirə bilmədiyi və ya istəmədiyi halda, habelə yuxarıda göstərilən əsaslara görə təhsil müəssisəsindən xaric olunduqda, ödənilmiş təhsil haqqı geri qaytarılmır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh təhsil haqqı kimi ödənilmiş pulun qaytarılmasından imtina etməklə müqavilənin hər hansı şərtini pozmamış, müqavilənin 3.2-ci bəndi ilə ona verilmiş hüququndan istifadə edərək razılaşdırılmış şərtlərə uyğun şəkildə hərəkət etmişdir. Əksinə iş materialları əsasında müəyyən edilmiş hallardan göründüyü kimi, müqaviləyə vaxtından əvvəl xitam verilməsinə əsas iddiaçının Bakı Slavyan Universitetinə qəbul olunarkən Azərbaycan Respublikasının vətəndaşı olduğu, bu səbəbdən də tərəf olduğu müqavilə üzrə əcnəbi tələbə kimi BSU-da təhsilini davam etdirməsinin qanunauyğun hesab edilmədiyi olmuşdur. Mülki Məcəllənin 448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin sadalanan maddələrin məzmunundan göründüyü ki, borclu özünün risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün, öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Yuxarıda qeyd edilənlərdən müəyyən edildiyi kimi mübahisəli müqavilənin lazımi qaydada icra edilməməsi vəziyyəti Bakı Slavyan Universitetinin cavabdeh olmadığı hallar əsasında yaranmışdır. İddiaçının məhkəmədə öz təsdiqini tapan halları təkzib etmək üçün istinad etdiyi dəlillər isə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır. Belə ki, hazırki işdə cavabdeh tərəfindən öhdəliyin pozulmasına səbəb ola biləcək qanuna zidd hərəkətə (hərəkətsizliyə) yol verilməsi faktını iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərə əsasən müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Qeyd olunanlara uyğun olaraq məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 cavabdeh Bakı Slavyan Universitetinə qarşı “ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar