Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1885/2022 23.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni mobil qurğunun xüsusi proqram təminatı ilə dəyəri 1346,03 (min üç yüz qırx altı manat, üç qəpik) manat, qolbağın dəyəri 637,91 (altı yüz otuz yeddi manat, doxsan bir qəpik) manat, ümumilikdə 1983,94 (min doqquz yüz səksən üç manat, doxsan dörd qəpik) manat məbləğində pulun dövlət nəfinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahatında bildirdi ki, Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.06.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilinmiş və 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. 03.08.2021-ci il tarixdə idarənin icra məmuru T.Rüstəmova məhkumun iştirakı ilə müvafiq protokol tərtib etmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah olunmuşdur. Həmin gün müvafiq protokol tərtib edilərək məhkum Cavabdeh “Şans” markalı elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, 3 ədəd ev siqnal ötürücüsü, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli və başlığı təhvil verilmişdir. Nəzarət vasitələrindən istifadə qaydaları cavabdehə izah edilmiş, hər hansı bir müdaxilənin və cizahın üzərindən çıxarılmasının yolverilməzliyi və vurulmuş ziyana görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. 15.11.2021-ci il tarixdən etibarən məhkum Cavabdeh izlənmə məlumatları gəlməmiş, 30.12.2021-ci il tarixdə izahatı alınarkən mobil qurğunu itirdiyini bildirmişdir. 26.01.2022-ci il tarixdə məhkum Cavabdeh tətbiq edilmiş qolbağa müdaxilə edilərək yararsız hala salındığı müəyyən edilmiş, verdiyi izahatında məhkum qolbağa özünün müdaxilə etdiyini bildirmişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat idarəsinin verdiyi maliyyə arayışına əsasən mobil qurğunun xüsusi proqram təminatı ilə dəyəri 1346,03 (min üç yüz qırx altı manat, üç qəpik) manat, qolbağın dəyəri 637,91 (altı yüz otuz yeddi manat, doxsan bir qəpik) manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından tərəflərindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinimn təmin olunması barədə qətnamə çxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci madəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 341/2021 saylı, 09 iyun 2021-ci il tarixli Hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilinmiş və 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İş materiallarında olan 03.08.2021-ci il tarixli Protokola əsasən, məhkum Cavabdeh elektron nəzarət vasitəsinə aid elektron qolbaq, 1 ədəd mobil qurğu, 3 ədəd ev siqnal ötürücüsü, 1 ədəd yükləyici başlıq və kabel təhvil verilmişdir. İş materiallarında olan Akta əsasən, məhkum Cavabdeh tətbiq edilmiş qolbağı təhvil alarkən qolbağa müdaxilə olunaraq çıxarıldığı, mobil nəzarət qurğusunun məhkum tərəfindən itirildiyi məlum olmuşdur. Müdaxilə olunmuş qolbağın üzərində izlər və klipsi olan hissə sınmış vəziyyətdə aşkarlanmışdır. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda onun dəyəri həmin şəxs tərəfindən tutulur. Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında AR NK-nin 10.04.2018-ci il tarixli qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda o, yenisi ilə əvəz edilə bilər. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Məhkəmə araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır və iddia ərizəsində göstərilən 1983,94 manat məbləğində vurulmuş maddi ziyan cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni mobil qurğunun xüsusi proqram təminatı ilə dəyəri 1346,03 (min üç yüz qırx altı manat, üç qəpik) manat, qolbağın dəyəri 637,91 (altı yüz otuz yeddi manat, doxsan bir qəpik) manat, ümumilikdə 1983,94 (min doqquz yüz səksən üç manat, doxsan dörd qəpik) manat məbləğində pul dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1885/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1885/2022
23.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver