Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1890/2023 20.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2110 manat pulun və 42 manat ödəmiş olduğu dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən mülkiyyətində ‘TOYOTA” markalı, “Prius” (hibrid) modelli, **-UU- *** dövlət qeydiyyat nişanlı, boz göy metallik rəngli minik avtomobili vardır. 25 dekabr 2022-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan “TOYOTA” markalı, “Prius” (hibrid) modelli, **-UU-*** dövlət qeydiyyat nişanlı, boz göy metallik rəngli minik avtomobilimi onun razılığı ilə günü 30 manata icarəyə götürmüşdür. Bu barədə cavabdehə həmin avtomobilin idarə edilməsi üçün etibarnamə də verilmişdir. 23 yanvar 2023-cü il tarixdə saat 11:00-da Cavabdeh mülkiyyətində olan yuxarıda qeyd etdiyi nəqliyyat vasitəsini idarə edərkən yol nəqliyyat hadisəsi törədərək nəqliyyat vasitəsinin mülkiyyətçisi olaraq ona 1420 manat ziyan vurmuşdur. Bununla bağlı Cavabdeh barəsində Binəqədi DYPŞ tərəfindən 27 yanvar 2023-cü il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol və 07 fevral 2023-cü il tarixdə isə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Hazırda həmin inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəsini almışdır. Bundan başqa Cavabdeh 25 dekabr 2022-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən ona gündəlik 30 manat icarə pulundan ümumilikdə 690 manat borclu qalmışdır. Dəfələrlə Cavabdeh ümumilikdə 2110 manat borcu tələb etsə də cavabdeh həmin borcu ona qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, iddiaçı “Toyota Prius (hibrid) minik” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili 30 manat günlük icarə haqqı ilə cavabdehə icarəyə vermişdir. xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, iddiaçı cavabdehə “Toyota Prius (hibrid) minik” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ vermişdir. İXP seriyalı, ******* saylı İnzibati xəta haqqında protokolun surətindən görünür ki, cavabdeh Binəqədi, Biləcəri, M.Aslanov küçəsində xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində idarə etdiyi “Toyota Prius (hibrid) minik” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddələrinin tələblərini pozmuşdur. TP seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Saatlı Avtoservis Xidməti tərəfindən tərtib edilmiş Ziyan aktından görünür ki, “Toyota Prius (hibrid) minik” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin həcmi 1420 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3022 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan Saatlı Avtoservis Xidməti tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Toyota Prius” markalı, **- UU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1420 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatlarının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 701.2.5-ci maddəsinə əsasən əgər qəbul edilmiş ləvazimatla qaytarılmalı ləvazimatın ümumi qiymətləndirmə dəyərləri arasında fərq vardırsa, o, pulla kompensasiya edilir. Qiymətləndirmə dəyərləri üçün icarəyə xitam verildiyi məqamda qüvvədə olan qiymətlər əsas götürülməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə tədqiqatı müəyyən olundu ki, iddiaçı xx.xx.2022-ci il tarixli Nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən “Toyota Prius (hibrid) minik” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobili 30 manat günlük icarə haqqı ilə cavabdehə icarəyə vermişdir. xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Binəqədi, Biləcəri, M.Aslanov küçəsində cavabdeh icarəsində olmaqla idarə etdiyi iddiaçıya məxsus “Toyota Prius (hibrid) minik” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçıya məxsus nəqliyyat vasitəsinə zərər dəymişdir. Belə olan halda bu, iddiaçıya Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş cavabdehdir ki, bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı, ona məxsus nəqliyyat vasitəsinə dəymiş ziyanı cavabdehdən tələb edə bilər. Maddi ziyanın məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı maddi ziyana görə cavabdehdən 1420 manat tələb edir ki, həmin ziyan da Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3022 nömrəli ekspert rəyi ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin dəymiş zərərin məbləği ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya məxsus “Toyota Prius (hibrid) minik” markalı, **-UU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən ziyana görə 1420 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə icarə haqqı borcuna münasibətdə qeyd edir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gəlir. İş materiallarının tədqiqindən görünür ki, icarə müqaviləsinə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən avtomobili cavabdehə icarəyə vermiş, cavabdeh isə üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya icarə müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbində icarə müqaviləsi bağlansa da, ona 690 manat məbləğində icarə haqqının ödənilmədiyini bildirmişdir. Cavabdehin müqavilə şərtlərinin ziddinə olaraq icarə haqqını ödəmədiyi halda iddiaçı müqaviləni dərhal ləğv etməklə icarə münasibətlərinə xitam verilməsini tələb edə bilər. Bu halda icarə haqqının ödənildiyini sübut etmək vəzifəsi cavabdeh tərəfin üzərinə düşür. Cavabdeh tərəf isə bu halı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, icarə müqaviləsində nəzərdə tutulan müddətdə icarə haqqını tam ödəmədiyindən və bu hallar iş materialları ilə təsdiq olunduğundan iddia icarə haqqı borcuna aid hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərcləri cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1420 manat məbləğində dəymiş ziyan, 690 manat məbləğində icarə haqqı olmaqla, cəmi 2110 manat məbləğində pul vəsaiti və 42 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərcləri Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-1890/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1890/2023
20.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver