Məhkəmə qərarları › İş №2(006)-1893/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1893/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1893/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 27/357 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00940 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı, **********5 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İBnin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə də cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməklaşları tərəfindən «Təbii X3nın pozulması haqqında» müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 604,80 AZN; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 AZN; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 AZN; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 AZN; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 AZN; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 AZN; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 AZN; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 AZN; xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 295,20 AZN; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 AZN; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 AZN; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 AZN; cəmi 2122,20 AZN məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci üçün 24 manat borcu qalmışdır. Cavabdeh 2019-2020-ci illər ərzində təbii qaza cəmi 18 manat pul ödəmişdir (aktlar yazıldığı dövrü əhatə edir). Buda ona göstərir ki, cavabdeh mütəmadi olaraq qaz xəttinə sayğacdan kənar rezin boru vasitəsi ilə qoşulmuşdur. Dəfələrlə qaz təminatı dayandırılıb (bu barədə kəsim aktları tərtib olunub), lakin o yenidən qanunsuz xətti bərpa etmişdir (onun bu əməli qaz itkisindən əlavə həyat təhlükəsi ilə yanaşı həm də qaz xətlərinədə ziyan vurur). Cavabdeh tərəfindən cuzi ödəniş edildikdən sonra İddiaçı İB-yə ödənilməli borc r-9c əqi (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo üzrə ümum 2142,20 AZN təşkil etməkdədir. İddiaçı” İB-nın nümayəndələri tərəfindən cavabdehə 2142,20 AZN pul məbləğinin könüllü saydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 2142,20 AZN məbləğində zərərin, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 AZN xərcin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2472,20 AZN məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı Şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NAZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, borcun bir hissəsini etiraf edir, lakin borcun yarısını ödəməyə imkanın çatdığını, iddiaçı tərəfindən sərfiyyatın maximum yazıldığını və məhkəmədən məbləğin azaldılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı İB ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 07/357 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-ü yarımbəndində istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. İş materiallarındakı Cavabdeh adına olan **********00940 saylı abonentin saldosundan görünür ki, cavabdehin sərf edilmiş təbii qaza görə 2142,20 AZN borcu yaranmışdır. İşdə olan aktlardan görünür ki, Cavabdeh ünvanında quraşdırılmış qaz sayğacının abonent tərəfindən açılaraq birbaşa qoşulması, sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə etməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh yaşadığı mənzilində təbii qazdan qeyri-qanuni istifadə etmiş və nəticədə onun iddiaçı təşkilata 2142,20 AZN borcu yaranmışdır. Cavabdehə edilmiş xəbərdarlığa baxmayaraq, borcu ödəməkdən boyun qaçırmışdır. Hazırda iddiaçı tərəfindən 2142,20 AZN məbləğində borc cavabdehdən tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş “X3nın” 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Məhkəmə həm paylayıcının, həm də istehlakçının qanunla qorunan mənafelərini nəzərə alaraq bu qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən tələb edilən məbləğ tam olaraq deyil, ağlabatan məbləğdə tutulmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, istehlakçının qaz sayğacına müdaxilələr etməsi və paylayıcıya zərər verməsi ilk olaraq xx xxxxx 2019-cu il tarixdə aşkar edilmişdir. Yuxarıda sadalanan aktlar və abonentin saldosu isə sözügedən pozuntunun 2020-ci ilin mart ayınadək davam etdiyini göstərir. Belə olan halda, iddiaçı tərəfindən tələb edilən məbləğ istehlakçının xx xxxxx 2019 – xx xxxx 2020-ci il tarixləri arasında yol verdiyi pozuntulara görə tutulmalıdır. Məhkəmə hesab edir ki, istehlakçıdan, yəni cavabdehdən xx xxxxx 2019 – xx xxxx 2020-ci il tarixləri üçün tutulmalı məbləğ hər aya görə ortalama ağlabatan məbləğ kimi 30 (otuz) manat olmalıdır (yay ayları üçün sərfiyyatın az olduğunu nəzərə alaraq, yay aylarında aylıq 10 (on manat), qış aylarında sərfiyyatın artdığını nəzərə alaraq, qış ayları üçün 40 (qırx) manat). Məhkəmə istehlakçının yaşadığı mənzilin sahəsini, istifadə etdiyi qaz cihazlarını nəzərə alaraq hər aya görə 30 (otuz) manat ağlabatan məbləğ, ümumilikdə 11 ay (11x30=330) üçün 330 (üç yüz otuz) manat məbləğinin tutulmasını ədalətli hesab edir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia tələbində 12 akt göstərilsədə ilkin tərtib olunan akta görə pulun tutulmasını əsassız hesab edir. Çünki ilkin tərtib olunan xx.xx.2019-cu il tarixli aktda hesablanmış məbləğ əvvəlki 30 günü əhatə etdiyindən və pozuntunun ilkin olaraq nə zaman başlandığı iddiaçı tərəfindən sübuta yetirilə bilinməmişdir. Həmçinin məhkəmə cavabdehin 2020-ci ilin aprel ayından 2020-ci ilin oktyabr ayına kimi İddiaçı İB-yə 20 AZN (iyirmi manat) məbləğində qalıq borcunun akt üzrə hesablanmadığını, həmin məbləğin abonentin sayğac üzrə qalıq borcu olduğunu və məbləğin tutulmasını zəruri hesab edir. Məhkəmə iddiaçının pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərc tələbi ilə bağlı bu qənaətə gəlir ki, istər iş materiallarında, istərsə də məhkəmə baxışı zamanı iddiaçı maddi zərərin tutulması üçün əsas ola biləcək sübutları məhkəməyə təqdim edə bilmədiyindən, iddia tələbi bu hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 350 (üç yüz əlli) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 380 (üç yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı İB-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 350 (üç yüz əlli) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 380 (üç yüz səksən) manat məbləğində pul alınaraq İddiaçı Azərbaycan Beynəlxalq Bankı İddiaçı Şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar