Məhkəmə qərarları › İş №2(006)-1896/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1896/2023

29.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1896/2023 29.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində «Mercedes Benz-220» markalı ** LA *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə vurulmuş 5.894 manat maddi zəzərin və ödənilmiş 80 manat dövlət rüsumunun Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-4045/2022 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh tərəf həmin qətnamənin ləğv edilməsi, mülki işin təzələnərək mahiyyəti üzrə baxışa təyin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-1896/2023 saylı qərardadı ilə cavabdeh tərəfin ərizəsi təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-4045/2022 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «Mercedes Benz-220» minik markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsusdur. 08 avqust 2019-cu il tarixdə saat 24 radələrində ona məxsus «Mercedes Benz-220» minik markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə ilə idarə edən Beyləqan rayonu 1-ci Aşıqlı kənd sakini X1-Horadiz avtomobil yolu ilə Horadiz istiqamətində hərəkətdə olarkən həmin avtomobil yolunun Beyləqan rayonunun 1ci Şahsevən kəndi ərazisindən keçən hissəsində, qarşıdan əks istiqamətdə hərəkətdə olan Gürcüstanın Dmanisi rayonunda qeydiyyatda olan X2 idarə etdiyi, Azərbaycan Respublikası DİN BDYP İdarəsinin verdiyi AD 111876 №-li, xx.xx.2017-ci il tarixli texniki pasporta əsasən ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh MMC-nin mülkiyyətində olan, «X11 1835LS» markalı ** JN *** dövlət qeydiyyat nişanlı yük maşını və həmin yük maşınına aid Azərbaycan Respublikası DİN BDYP İdarəsinin verdiyi AC 499680 №-li, xx.xx.2015-ci il tarixli texniki pasporta əsasən ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh MMC-nin mülkiyyətində olan «SCHMİTZ» markalı ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə yolun kənarında yerləşən pambıq zavoduna tərəf dönmə əməliyyatı apararkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 7-ci hissəsinin tələblərini pozmuş və nəticədə idarə etdiyi «X11 1835LS» markalı ** JN *** dövlət qeydiyyat nişanlı yük maşınının qoşqusu qarşı hərəkət zolağına çıxmış və qoşqunun sol arxa hissəsi ilə ona məxsus «Mercedes Benz-220» markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobili ön sol tərəfdən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə ona məxsus «Mercedes Benz-220» markalı ** LA *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ön bamperi, ön kapotu, ön qanadı, ön paneli, ön sol qapısı, mühərrik hissəsi, alt işlək hissəsi, arxa sol qanadı, dam hissəsi, arxa sol qanadı və digər hissələri zədə alaraq yararsız hala düşmüşdür. Hadisə barədə dərhal ona məxsus 10 «Mercedes Benz-220» markalı ** LA *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sığortaçısı "xxxx" Sığorta Şirkətinə mobil telefon vasitəsilə məlumat verilmiş və həmin sığorta şirkətinin əməkdaşları hadisə yerinə gələrək hadisə yerinə və avtomaşına baxış keçirmişlər. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Beyləqan rayon X8 Bölməsində araşdırma aparılmaqla, toplanmış material üzrə 29 avqust 2019-cu il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək, ünvan 1 ünvanda qeydiyyatda elan Cavabdeh MMC-nin mülkiyyətində olan «X11 1835LS» markalı ** JN *** dövlət qeydiyyat nişanlı yük maşınının sürücüsü X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Beyləqan RPŞ-nin DYPB-yə göndərilmiş və həmin bölmədə müvafiq tədbir görülmüşdür. Həmin yol-nəqliyyat hadisəsi zamanı ona məxsus «Mercedes Benz-220» markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 tərəfindən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. "xxxx" Sığorta Şirkətinin sifarişi ilə müstəqil sığorta eksperti tərəfindən ona məxsus «Mercedes Benz-220» markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5.894 manat qiymətləndirilmiş və bu barədə xx.xx.2019-cu il tarixli qüsur aktı verilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsindən sonra avtomaşınına dəymiş zərərlə bağlı sığorta ödənişinin hesablanması üçün lazım olan sənədlər "xxxx" Sığorta Şirkətinə göndərilmiş, lakin sığorta hadisəsinin baş verdiyi tarixdə Cavabdeh MMC-nin mülkiyyətində olan, «X11 1835LS» markalı ** JN *** dövlət qeydiyyat nişanlı yük maşını və həmin yük maşınına aid Cavabdeh MMC-nin mülkiyyətində olan «SCHMİTZ» markalı ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun heç bir sığorta şirkətində icbari sığorta müqaviləsi mövcud olmadığına görə sığorta ödənişinin verilməsi mümkün olmamışdır. Bundan sonra o, eləcə də hadisə zamanı avtomobilini idarə etmiş X7 tərəfindən Cavabdeh MMC-nin rəhbəri Mehmet Koçla görüşüb ona avtomaşınına dəymiş zərərin ödənilməsini təklif etmişlər. Mehmet Koç iki aya kimi ona məxsus «Mercedes Benz-220» markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərəri ödəyəcəyinə söz vermiş və xx.xx.2019-cu il tarixdə əlyazma olaraq ona məxsus avtomobilə dəymiş maddi ziyanı 2 ay müddətində ödəcəyi barədə qəbz yazıb təqdim etmişdir. Lakin cavabdeh söz verdiyi vaxtda dəymiş zərəri ödəmədiyinə görə sonradan dəfələrlə cavabdehin ünvanına gedərək avtomobilinə dəymiş zərəri tələb etsə də, heç bir əsas olmadan avtomobilə dəymiş zərərin verilməsindən qərəzli surətdə imtina edilmişdir. İşdə olan 29 avqust 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh MMC-nin mülkiyyətində olan «X11 1835LS» markalı ** JN *** dövlət qeydiyyat nişanlı yük maşınının sürücüsü X5 «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Beyləqan RPŞ-nin DYPB-yə göndərilmiş, ona məxsus «Mercedes Benz-220» markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində isə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq aşkar edilməmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli qüsur aktından görünür ki, ona məxsus «Mercedes Benz-220» markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5.894 manat qiymətləndirilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli 739 və 740 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktlarından görünür ki, sürücülər X7 və X5 baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sərxoş olmamışlar. İşdə olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin surətindən görünür ki, «Mercedes Benz-220» markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobil icbarı qaydada "xxxx" Sığorta Şirkətində sığorta etdirilmişdir. İşdə olan AD № 111876 nömrəli xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2008-ci il buraxılışlı, «X11 1835LS» markalı ** JN *** dövlət qeydiyyat nişanlı yük maşını ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh MMC-nin mülkiyyətindədir. İşdə olan AC № 499680 nömrəli xx.xx.2015-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2004-cü il buraxılışlı, tentlifurqon tipli «SCHMİTZ» markalı ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqu ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh MMC-nin mülkiyyətindədir. İşdə olan xx.xx.2019-cu il tarixli əlyazmadan görünür ki, Cavabdeh MMC-nin rəhbəri Mehmet Koç həmin əlyazmada «avtoqəza nəticəsində qarşı tərəfə dəymiş ziyanı, 5.900 manatı ödəməyə 2 ay ərzində razıyam, 1-2 aya ödəyəcəm» məzmunlu qəbz vermişdir. İşdə olan "xxxx" Sığorta Şirkətinin zərərlərin tənzimlənməsi idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli P46\19 saylı məktubdan görünür ki, sığorta hadisəsinin baş verdiyi tarixdə Cavabdeh MMC-nin mülkiyyətində olan «X11 1835LS» markalı ** JN *** dövlət qeydiyyat nişanlı yük maşını və həmin yük maşınına aid Cavabdeh MMC-nin mülkiyyətində olan «SCHMİTZ» markalı ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqu heç bir sığorta şirkətində icbari qaydada sığorta edilməmişdir. İşdə olan 29 avqust 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan, işdə olan AC № 499680 nömrəli xx.xx.2015-ci il tarixli və AC № 499680 nömrəli xx.xx.2015-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin surətindən görünür ki, «X11 1835LS» markalı ** JN *** dövlət qeydiyyat nişanlı yük maşını və «SCHMİTZ» markalı ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqu Cavabdeh MMC-nin mülkiyyətindədir və X5 baş vermiş yol-nəqliyyat hadisəsi zamanı həmin Cavabdeh MMC-də sürücü işləmişdir. Göründüyü kimi, Cavabdeh MMC-nin sürücüsü X2 əmək vəzifələrinin icrası zamanı ona məxsus olan «Mercedes Benz-220» markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurması işçinin öz etirafı və 29 avqust 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarla öz təsdiqini tapmışdır. İştirak etdiyi əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus avtomobil təmir edilmişdir. Avtomobilin fotoşəkilləri vardır. Avtoqəza zamanı inzibati xəta haqqında qanun pozuntusu məhz X5 tərəfindən törədilmişdir. X5 Cavabdeh MMC-nin əməkdaşıdır, işçisinin vurduğu zərər üçün maddi cavabdehlik və mülki məsuliyyət daşıyır. Bu səbəbdən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, X5 Cavabdeh MMC-də işləmişdir. Yol hərəkəti vərəqəsi verilmiş və onun əsasında M.Qurbanov avtomobili idarə etmiş və bu hadisə baş vermişdir. İnzibati xəta haqqında protokol X2 barəsində tərtib edilmişdir. Hesab edir ki, Cavabdeh MMC-nin səlahiyyətli şəxsi qəbz versə də, o, Türkiyə vətəndaşı olmuş və Azərbaycan Respublikasının qanunlarından xəbərdar olmamışdır. Hansı sənədi imzalaması barədə məlumatı olmamışdır. O, Azərbaycan dilində yaza bilmir. Göstərilənlərə əsasən cavabdeh X5 olmalıdır. Bu səbəbdən, iddianın Cavabdeh MMC-yə münasibətdə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə baxış iclasının təxirə salınması xahiş edilmişdir. Məhkəmə MPM-nin 188.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə baxışının 3 dəfədən artıq təxirə salınmasına yol verilməməsini, eyni zamanda mülki işin uzun müddət məhkəmənin icraatında olmasını və iş üzrə bir neçə məhkəmə baxış iclasının keçirilməsini nəzərə alaraq hesab edir ki, mülki işə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməlidir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş ƏN-İV seriyalı, 535524 saylı nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən X6 mülkiyyətində olan «Mercedes Benz-220» markalı ** LA *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair 11 ay 7 gün müddətinə etibarnamə verilmişdir. Etibarnamənin qüvvədə olma müddəti 31 avqust 2019-cu il tarixədək müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş AD seriyalı 111876 nömrəli xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «X11 1835LS» markalı ** JN *** dövlət qeydiyyat nişanlı yük avtomobili Cavabdeh MMC-nin mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş AC seriyalı 499680 nömrəli xx.xx.2015-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Schmitz» markalı ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqu Cavabdeh MMC-nin mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı C.C.İsmayılzadənin 29 avqust 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tərkibi olduğundan, barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul olunmuş qərarın surətinin aidiyyəti üzrə Beyləqan RPŞ-nin DYPB-yə verilməsi, yol-nəqliyyat hadisəsi zamanı avtomobilinə dəymiş ziyanın ödənilməsi məsələsi ilə bağlı X6 Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə əsasən rayon məhkəməsinə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş müstəqil sığorta eksperti Ə.Talıblı tərəfindən tərtib olunmuş 01 noyabr 2019-cu il tarixli qüsur aktının surətindən görünür ki, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində «Mercedes Benz-220» markalı ** LA *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə ümumilikdə 5.894 manat məbləğində ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş "xxxx" Sığorta Şirkəti tərəfindən verilmiş 20 noyabr 2019-cu il tarixli P 46/19 saylı məktubdan görünür ki, xx.xx.2019-cu il tarixdə «X11» markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobil və «Schmitz» markalı ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqusu ilə «Mercedes Benz 220D» minik markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verdiyi, iş materiallarının araşdırılması zamanı sığorta hadisəsinin baş verdiyi tarixdə «X11» markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobil və «Schmitz» markalı ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun "xxxx" Sığorta Şirkətində icbari sığorta müqaviləsinin mövcud olmadığı, bu səbəbdən "xxxx" Sığorta Şirkətinin bu hadisə ilə bağlı sığorta ödənişinin verilməsi öhdəliyinin yaranmadığı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi haqqında çıxarışdan görünür ki, Cavabdeh MMC xx.xx.2014-cü il tarixdə ********** VÖEN nömrəsi ilə AZ 1102 ünvan 1 ünvanı üzrə qeydiyyata alınmışdır və qanuni təmsilçisi Mehmet Koçdur. İş materiallarına əlavə olunmuş 21 dekabr 2019-cu il tarixli əlyazmadan görünür ki, Cavabdeh MMC-nin rəhbəri Mehmet Koç tərəfindən həmin əlyazmada «avtoqəza nəticəsində qarşı tərəfə dəymiş olan 5.900 manat məbləğində ziyanı ödəməyə 2 ay ərzində razı olduğu, 1-2 aya ödəyəcəyi» məzmunda qəbz verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2023-cü il tarixli 9/3831 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli arayışdakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1995-ci il buraxılışlı, 1996-cı il buraxılışlı «Mercedes Benz 220D» minik markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5.604 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, 09 avqust 2019-cu il tarixində yolnəqliyyat hadisəsi baş vermiş və həmin hadisənin baş verməsində X5 təqsirli bilinmişdir. M.Qurbanov idarə etdiyi Cavabdeh MMC-yə məxsus «X11» markalı ** JN *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Beyləqan rayonu 1-ci Şahsevən kəndi ərazisində yerləşən pambıq zavoduna tərəf dönərkən təhlükəli manevr edərək, yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuş və bununla da, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci bəndini pozmuşdur. Hadisə ilə əlaqədar aidiyyəti orqanlar tərəfindən müvafiq araşdırmalar aparılmış və Azərbaycan Respublikası DİN Beyləqan RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı C.C.İsmayılzadə tərəfindən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməklə, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tərkibi olduğundan, barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul olunmuş qərarın surətinin aidiyyəti üzrə Beyləqan RPŞ-nin DYPB-yə verilməsi barədə qərar qəbul edilmişdir. Eləcə də müəyyən edilmişdir ki, X5 yol-nəqliyyat hadisəsini əmək funksiyalarının icrası zamanı, Cavabdeh MMC-yə məxsus avtomobili idarə edərkən törətmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, maddi hüquq norması hüquqi şəxsin öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıdığını və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməli olduğunu imperativ şəkildə təsbit etmişdir. Məhkəməyə təqdim olunmuş ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçıya məxsus avtomobilə 5.604 manat məbləğində maddi ziyan dəymişdir və iddiaçı qeyd edilən məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş 5.604 manat maddi ziyan və ödənilmiş dövlət rüsumunun 76 manatı Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. 50 manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş 5.604 manat maddi ziyan və ödənilmiş dövlət rüsumunun 76 manatı Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. 50 manat ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar