Məhkəmə qərarları › İş №2(006)-1901/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1901/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1901/2021 26.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh a qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 iyul 2019-cu il tarixli borc müqaviləsi üzrə iddiaçıya ödənilməli olan 2.386.000 (iki milyon üç yüz səksən altı min) çex kronu, 30 (otuz) manat dövlət rüsumu, çəkilən hüquqi və məhkəmə xərcləri cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 10 iyul 2019-cu il tarixli borc müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən Borc verən şəxs (İddiaçı) bu Borc müqaviləsi əsasında borc alan şəxsə (Cavabdeh u) 2 386 000 (iki milyon üç yüz səksən altı min) çex kronu məbləğində pul verir və borc alan şəxs bu müqavilədə göstərilən şərtlər və bəlli müddət ərzində həmin vəsaitin geri qaytarılmasını öz öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə tərəfləri razılaşmışlar ki, borc verən şəxs bu müqaviləni imzalamadan öncə borc alan şəxsə borcu təslim edəcək. Borc alan tərəf də bu müqaviləni imzalamaqla bu faktı təsdiq etmiş olacaq. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən borc alan şəxs bu borc müqaviləsindən geri çəkilmək hüququndan qabaqcadan imtina edir, həmçinin bu müqaviləni xətm etmək və ya öz öhdəliklərini tanımamaq kimi imkanlardan istifadə etməyi qabaqcadan rədd edir. Borc müqaviləsinə əlavə edilən borcu qəbul etmə faktını təsdiq edən sənəddən görünür ki, Cavabdeh bu sənədin qarşılığında etiraz etmədən İddiaçı ******* (iki milyon üç yüz səksən altı min) çex kronu 09 yanvar 2020-ci il tarixində ödəmək öhdəliyini üzərinə götürmüşdür. Lakin, həmin tarixdə iddiaçıya heç bir məbləğ qaytarılmamışdır. Bildirmək istəyir ki, daha öncə cavabdehə 03.04.2020-ci il tarixində pretenziya məktubu göndərilmiş, 06.04.2020-ci il tarixində pretenziya ünvana çatdırılmışdır. Təəssüf ki, qeyd olunan məktuba cavabdeh tərəfindən hər hansı bir münasibət bildirilməmişdir və bu günə kimi heç bir ödəniş həyata keçirilməmişdir. Ümumiyyətlə, cavabdeh ilə dəfələrlə görüşlər keçirilmiş, o isə öz növbəsində əlavə vaxt istəmiş və hər dəfə konkret tarixdə borcunu qaytaracağını bildirmişdir. Lakin, cavabdeh verdiyi vədləri yerinə yetirməmiş, hər dəfə hansısa bəhanə gətirərək borcunu qaytarmaqdan yayınmışdır. Bu səbəbdən, iddiaçı Müqavilə üzrə ödənişin məhkəmə yolu ilə təmin edilməsi məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış, Praqa notariusu Vera Sablikova tərəfindən təsdiqlənmiş, 10.07.2019-cu il tarixli borc müqaviləsindən görünür ki, “Borc verən” İddiaçı “Borclu” Cavabdeh 2.386.000 çex kronu məbləğində borc verməyi, “Borclu” isə borc müqaviləsi üzrə aldığı borcun 09.01.2020-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər borc müqaviləsini imzaları ilə təsdiq etmişlər. 10.07.2019-cu il tarixli vekseldən görünür ki, 31 Avqust 1991-ci il tarixdə anadan olmuş Cavabdeh, bu sənədin qarşılığında etiraz etmədən xx xxx 1988-ci il tarixdə anadan olmuş İddiaçı cənablarına 2.386.000 Çex kronu 09.01.2020-ci il tarixdə ödəyəcək. İddiaçı nümayəndəsi “X1” MMC-nin idarəedici partnyoru Fərid Nəbili tərəfindən Cavabdeh Bağır oğluna ünvanlanmış 26.03.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh Bağır oğlundan İddiaçı olan borcunun ödənilməsi xahiş olunmuş, əks təqdirdə isə məsələnin məhkəmə qaydasında mübahisələndiriləcəyi barədə xəbərdar olunmuşdur. Ödəniş qəbzindən (№ 7497) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında 10.07.2019-cu il tarixində borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən “Borc verən” İddiaçı “Borclu” Cavabdeh Bağır oğluna 2.386.000 çex kronu məbləğində borc verməyi, “Borclu” isə borc müqaviləsi üzrə aldığı borcun 09.01.2020-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış borc müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdehə borc məbləğini versə də, cavabdeh ödəməli olduğu borc məbləğini iddiaçıya ödəməkdən yayınmışdır. Göründüyü kimi, müqavilə üzrə pulun verilməsi halı məhkəmə tərəfindən müəyyən edilməsinə baxmayaraq, cavabdehin həmin müqaviləyə əsasən pulun qaytarılmasına dair üzərinə götürdüyü öhdəliyin lazımi qaydada icra etdiyi halının işdə olan materiallara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Halbuki sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, borc müqaviləsi üzrə alınmış pulun iddiaçıya qaytarılmış olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Beləliklə məhkəmə, pulun qaytarılmasına dair sübut etmək yükünü cavabdehin daşıdığını, lakin onun, məhkəmə tərəfindən məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlmədiyini və beləliklə də pulun iddiaçıya qaytarılmasını təsdiq edən sübutların iş materiallarında mövcüd olmadığını, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən notariat qaydasında bağlanmış borc müqaviləsinə əsasən verilmiş məbləğdə pulun iddiaçıya qaytarılması halı sübuta yetirilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən borc müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, borc müqaviləsi üzrə borc verənin müəyyən məbləğdə pulu borc olaraq verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 2.386.000 çex kronu (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş çex kronunun manata məzənnəsi nəzərə alınmaqla) məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat Cavabdeh Bağır oğlundan tutularaq İddiaçı ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. 2.386.000 çex kronu (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş çex kronunun manata məzənnəsi nəzərə alınmaqla) məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar