Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1905/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 may 2016-cı il təvəllüdlü X3 və 08 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-2590/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, Cavabdeh onun xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq hər uşaq üçün hər ay 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-1189/2021 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarında xx.xx.2013-cü il tarixdə 1 saylı Bakı Asan Xidmət X1 1301 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 onun himayəsində saxlanılmış, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün hər uşaq üçün 175 manat sabit pul məbləğində olmaqla, hər ay cəmi 350 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)- 2590/2022 saylı qətnaməsi ilə alimentin məbləği hər uşaq üçün artırılaraq 193 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdən uşaqlar üçün minimum ehtiyac meyarının məbləği 220 manat müəyyən edildiyindən, alimentin məbləğinin artırılaraq hər uşaq üçün 220 manat məbləğində ödəməyi Cavabdeh təklif etmiş, lakin 10 gündən çox zaman keçməsinə baxmayaraq Cavabdeh təklifinə heç bir münasibət bildirməmişdir. Beləliklə, Cavabdeh onun təklifinə bu günə kimi heç bir cavab verməmiş və təklifini icra etməmişdir. Ona görə də, ailə mübahisəsi ilə bağlı mediasiya təşkilatına müraciət etməli olmuşdur. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün imtina barədə xx.xx.2023-cü il tarixi MŞB 18/2023-00229 saylı arayış verilmişdir. Hesab edir ki, məhkəmənin qətnaməsinə əsasən hər uşaq üçün müəyyən edilmiş 193 manat alimentin məbləği artırılaraq hər uşaq üçün 220 manat sabit pul məbləğində müəyyən edilməlidir. İddiaçının nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-2590/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X5 Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası qismən təmin edilmiş, 17 may 2016-cı il təvəllüdlü X3 və 08 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-1189/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh X5 xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər uşaq üçün hər ay 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, bu nikahdan 2 övladlarının olması, nikah pozulandan sonra uşaqların iddiaçının yanında qalması, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Bakı 18 saylı Mediasiya Təşkilatının 16 fevral 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə saat 11.40-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdeh mediasiya prosesinə gəlməmişdir. İddiaçının nümayəndəsi 50 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşaqların günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 17 may 2016-cı il təvəllüdlü X3 və 08 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-2590/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər uşaq üçün hər ay 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulmalıdır. 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, bu qəbildən olan işlər üzrə məbləği artırılmış aliment tutulmasına qətnamə qanuni qüvvəyə mindikdən sonra başlanılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 17 may 2016-cı il təvəllüdlü X3 və 08 dekabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-2590/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər uşaq üçün hər ay 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulsun. 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-1905/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1905/2023
11.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver