Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1906/2023 30.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abbasov Nail İbad oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun düzgün hesablanması, cərimənin təmin olunmaması və borcun hissə-hissə ödənilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun düzgün hesablanması, cərimənin təmin olunmaması və borcun hissə-hissə ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üzərinə qoyulan kredit borcunun əsas, faiz və cərimə borcu ilə razı olmadığını, mühasibatlıq ekspertizasının keçirilməsini, tələbin cərimə hissəsinin təmin olunmamasını, kreditin hesablanaraq 60 aya bölünüb öhdəliyinə verib ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməmişdir. İş materiallarından görünür ki, mübahisələndirilən kredit borcu Bakı şəhəri 23 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli icra qeydləri üzrə 7054.14 manat təşkil edir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilir. Məhkəmə qeyd edir ki, hazırki iddianın qiyməti 7054.14 manat təşkil etməklə, iddia ərizəsinə 90.68 manat məbləğində dövlət rüsumu əlavə edilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsində cavabdehin poçt ünvanı göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Göründüyü kimi, iddia ərizəsində cavabdehin poçt ünvanı göstərilməlidir. Bu, məsələ işdə iştirak edən şəxslərin məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilməsi, iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməli olduğu hallarda isə həm də işin ərazi üzrə məhkəmə aidiyyətinin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. İddiaçı tərəfindən verilmiş iddia ərizəsindən görünür ki, ərizədə iddiaya cavab verməli olan şəxs kimi cavabdeh "xxxx" ASC göstərilməmiş, lakin cavabdehə yönələn konkret tələb göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia ərizəsində sənədlərin ümumi sayı qeyd edilməklə siyahısı göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi həmçinin onun forma və məzmununa uyğun məhkəməyə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən, iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı "xxxx" ASC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-1906/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1906/2023
30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver