Məhkəmə qərarları › İş №2(006)-1929/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1929/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1929/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 17.01.2020-ci il tarixli 001A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 1450.71 manat məbləğində kredit borcu, 187.76 manat məbləğində faiz borcu və 336.61 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1975 (bir min doqquz yüz yetmiş beş) manat 08 (səkkiz) qəpik məbləğində borcun və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə 17.01.2020-ci il tarixdə bağladığı 001A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.9167% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1500 (min beş yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 17.03.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 49.29 manat ödəniş etmiş və onun iddiaçıya 1450.71 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 05.11.2020-ci il tarixə 233 gün üçün hesablanmış faiz borcu 187.76 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 05.11.2020-ci il tarixə 233 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 336.61 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSCnu nümayəndəsi X3 yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 17.01.2020-ci il tarixli, 001A********** saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh aylıq 1,9167% hesablanmaqla 20 ay müddətinə 1500 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul edib, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı QSC-nin təqdim etdiyi 07.01.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 17.01.2020-ci il tarixli, 001A********** saylı müqavilə üzrə cavabdehin banka əsas borc üzrə 1450,71 manat, 187,76 manat məbləğində faiz borcu, cərimə borcu 336,61 manat olmaqla, ümumilikdə isə 1975,08 manat məbləğində borcu yaranmışdır. İddiaçı QSC-nin Cavabdeh ünvanladığı 02.11.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcu barədə xabərdar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.06.2021-ci il tarixli, 09/3118 saylı ekspertiza rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli, 0017A********** saylı Kredit Müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh Maliyyə arayışı müddətinədək banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən 05.11.2020-ci il tarixinədək ümümilikdə 1.667,72 manat məbləğində olan borcu: əsas borc üzrə - 1.449,75 manat; faiz borcu üzrə - 217,97 manat. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Ödəniş qəbzindən (№ 7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 17.01.2020-ci il tarixli, 001A********** saylı kredit müqaviləsinə əsasən bank borc alan Cavabdeh kredit verməyi, borc alan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun İddiaçı QSC-yə 17.01.2020-ci il tarixli, 001A********** saylı kredit müqaviləsi üzrə 05.11.2020-ci il tarixinə əsas borc üzrə 1450,71 manat, faiz borcu üzrə 187,76 manat, cərimə borcu üzrə 336,61 manat olmaqla, ümumilikdə 1975,08 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.06.2021-ci il tarixli, 09/3118 saylı ekspert rəyinə əsasən isə qeyd olunan kredit müqaviləsi üzrə, Cavabdeh İddiaçı QSC-yə olan borcu 1.667,72 manat, o cümlədən əsas kredit borcu 1.449,75 manat, faiz borcu 217,97 manat təşkil edir. Beləliklə, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Ekspert rəyi ilə cavabdehin əsas borcu 1.450,71 manat deyil, 1.449,75 manat məbləğində müəyyən edildiyindən, ekspert rəyi ilə müəyyən olunan məbləğ cavabdehdən tutulmalıdır. Baxmayaraq ki, ekspert rəyi ilə müəyyən olunan faiz borcu tələb olunan faiz borcundan yüksəkdir, məhkəmə hesab edir ki, irəli sürülmüş tələb həddində işə baxıldığından, cavabdehdən faiz borcu iddiaçının tələb etdiyi, yəni 187,76 manat məbləğində tutulmalıdır. MM-in 462.1 və 462.3-cü maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hal üçün dəbbə pulunun hesablanması nəzərdə tutulduğundan, iddiaçının həm də dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və 17.01.2020-ci il tarixli, 001A********** saylı kredit müqaviləsi üzrə 30 manat məbləğinədək azaldılmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq iddianın “cavabdehlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi” tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə hesab edir ki, Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən və bununla da müqavilə şərtlətini faktiki pozduğundan iddiaçının şərtləri pozulmuş əsas kredit müqaviləsi və onun əsasında tərtib edilmiş 17.01.2020-ci il tarixli, 001A********** saylı kredit müqaviləsinin birtərəfli qaydada ləğv edilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 17.01.2020-ci il tarixli, 001A********** saylı kredit müqaviləsi ləğv edilməli, həmin müqavilə əsasında yaranmış əsas borc üzrə 1.449,75 manat, faiz borcu üzrə 187,76 manat, cərimə borcu üzrə 30 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 25 manatı məbləğində pul, ümumilikdə 1692,51 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Həmçinin iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 16 manatı İddiaçı QSC-dən, 84 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 17.01.2020-ci il tarixli, 001A********** saylı kredit müqaviləsi ləğv edilsin. Əsas borc üzrə 1.449,75 manat, faiz borcu üzrə 187,76 manat, cərimə borcu üzrə 30 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 25 manatı məbləğində pul, ümumilikdə 1692,51 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 16 manatı İddiaçı QSC-dən, 84 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar