Məhkəmə qərarları › İş №2(006)-1930/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1930/2023

02.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1930/2023 02.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati işə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(007)- 2225/2021 saylı qərarı ilə təqsirliliyinin sübuta yetirilməməsi ilə əlaqədar barəsində Bakı şəhəri BPİ DYPİ tərəfindən qəbul edilmiş 07.08,202l-ci il tarixli İQ N ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edildiyinə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verildiyinə görə, ona dövlət orqanlarının vəzifəli şəxslərinin günahı üzündən vurulmuş ziyanın - 1 il ərzində dövlət orqanlarına və məhkəməyə gedib-gəlmək üçün çəkdiyi 1300 manat xərcin, rabitədən (poşt, teleqram, telefon və s.) istifadəyə çəkdiyi 400 manat xərcin, sahibkarlıq fəaliyyətindən itirdiyi qazanca görə (əldən çıxmış fayda) 18000 manat ziyanın və 12000 manat fiziki mənəvi ziyanın, cəmi 31700 (otuz bir min yeddi yüz) manatın, dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə, təxminən saat 15:39-da Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi ilə ona məxsus “Mercedes Benz E280 Minik” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində hərəkət edərək, “Xan sarayı” şadlıq sarayının həyətinə giriş qapısının qarşısından sola dönərkən Bakı şəhəri BPİ DYPİ-nin YPX əməkdaşları ona “saxla” işarəsi vermiş və o avtomobilini saxlamışdır. YPX inspektoru tərəfindən ona Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin (İXM) 327.2-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola əsasən Bakı şəhər BPİ DYPİ-nin inzibati qaydada 60 manat cərimə olunmağı barədə qəbul etdiyi xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə şikayət vermişdir. Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(010)-1259/2020 saylı qərarı ilə Bakı şəhəri BPİ DYPİ-nin qəbul etdiyi qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinə geri qaytarılmışdır. 12 mart 2021-ci İl tarixdə Bakı şəhər BPİ DYPİ-nin inzibati binasının 19-cu otağında xx.xx.2020-ci il tarixdə tərtib olunmuş İXP ******* saylı protokola əsasən qərar qəbul edilməsi üçün iştirakı ilə işə baxılmışdır. O, birlikdə həmin küçədə yolun üftiqi nişanlanmasının vəziyyətinə yerində baxmaq barədə şifahi vəsatət vermiş,lalin vəsatətim təmin edilməmişdir. 05 aprel 2021-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsi tərəfindən qəbul edilmiş N ******* saylı inzibati tənbeh vermə haqqımda qərarla (qərardan"çıxarış TP 4288816) yenidən 60 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Bakı şəhəri BPİ DYPİ-nin 05 aprel 2021-ci il tarixli, N ******* saylı inzibati tənbeh vermə haqqında qərarından xx.xx.2021 -ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə şikayət vermişdir. Şikayəti baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərildi. Nizami rayon Məhkəməsinin (hakim: Rauf Əhmədov) xx.xx.2021-ci il tarixli, N 3(007)-1586/2021 saylı iş üzrə qəbul etdiyi qərarla şikayəti qismən təmin edilərək, Bakı şəhəri DYPİ tərəfindən barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli, ******* N-li inzibati tənbeh vermə haqqında qərar ləğv edildi və inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhəri DYPİ-nə göndərilmişdir. 07 avqust 2021-ci il tarixdə Bakı şəhəri BPİ DYPİ tərəfindən qəbul edilmiş İQ N ******* saylı inzibati tənbeh vermə haqqında qərarla yenidən, üçüncü dəfə 60 manat məbləğində İnzibati qaydada cərimə olunmuş və qərarı xx.xx.2021ci il tarixdə rəsmi qaydada aldıqdan sonra xx.xx.2021-ci il tarixdə həmin qərarın ləğv edilməsi və başlanmış inzibati işə xitam verilməsi üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(007)-2225/2021 saylı qərarı ilə təqsirliliyimin sübuta yetirilməməsi ilə əlaqədar barəmdə Bakı şəhəri BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli İQ N ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edildi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Qeyd etdiklərimdən aydın olur ki, Bakı şəhəri BPİ DYPİ-nin YPX inspektoru X1 tərəfindən barəsində tərtib edilmiş qanunsuz inzibati xəta haqqında protokola görə bir il ərzində 38 dəfə Bakı şəhəri BPİ-nin DYPİ-nə və DİN-in BDYPİ-nə, 25 dəfə Suraxanı Rayon Məhkəməsinə, Nizami Rayon Məhkəməsinə və Bakı Apellyasiya Məhkəməsinə gedib-gəlməkdən, bundan başqa xx.xx.2021-ci il tarixdə ** HT *** dövlət qeydiyyat nişanlı avtomobilimi texniki baxışdan keçirən zaman DİN BDYPİ-nin Zabrat qəsəbəsindəki texniki baxış sahəsində Bakı şəhəri DYPİ-nin 60 manat cərimə olunmağı barədə İQ N ******* saylı inzibati tənbeh vermə haqqında qərarının Nizami rayon Məhkəməsi tərəfindən ləğv edilməsi və İnzibati işin icraatına xitam verilməsinə baxmayaraq həmin məbləğin ödənilməsinin tələb edilməsinə görə oradan Bakı şəhəri DYPİ-nə və DİN-in BDYPİ-nə gedib-gəlməyindən və bu bir il müddət ərzində çoxlu sayda telefon danışığına, "xxxx" vasitəsilə etdiyi müraciətlərə və eyni zamanda elektron müraciətlərə sərf etdiyi vaxt və çəkdiyi xərclərə görə xeyli miqdar maddi və mənəvi ziyan çəkmişdir, psixoloji sarsıntı keçirmişdir. Texniki baxış sahəsində məhkəmə qərarına əsasən 60 manat cərimənin ödənilməməsi üçün etdiyi cəhdlər heç bir nəticə vermədiyindən çarəsiz qalaraq həmin məbləği ödəmiş, lakin bununla əlaqədar DİN-in rəhbərliyinə ünvanladığım müraciətim araşdırıldıqdan sonra həmin məbləğ qanunauyğun şəkildə ona qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: İnzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2020-ci il tarixli protokolun surətindən görünür ki, Həziyev X3 Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-1259/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhər DYPİ-nin polis mayoru X2 İddiaçı Azərbaycən Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat miqdarında cərimə edilməsinə dair 12 sentyabr 2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv edilməsi və hazırkı qərarın surəti müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin xx.xx.2021-ci il tarixli ******* №-li inzibati tənbeh vermə haqqında qərarı ilə İddiaçı inzibati xəta üzrə məsuliyyətə cəlb edilmiş və iddiaçı tərəfindən həmin qərardan məhkəməyə şikayət verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1586/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri DYPİ-nin polis mayoru X4 tərəfindən İddiaçı barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli ******* №-li inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və İnzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X8 idarəsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin xx.xx.2021-ci il tarixli ******* №-li inzibati tənbeh vermə haqqında qərarı ilə İddiaçı inzibati xəta üzrə məsuliyyətə cəlb edilmiş və iddiaçı tərəfindən həmin qərardan məhkəməyə şikayət verilmişdir. Bakı şəhəri Nizami Rayon Məkəməsinin 3(007)-2225/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı təqsirliliyinin sübuta yetirilməməsi ilə əlaqədar barəsində Bakı şəhəri BPİ-nin DYPİ-nin polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2021-cİ il tarixli İQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2598/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin rəisi Rəşid Piriyev tərəfindən apellyasiya qaydasında verilmiş şikayətin təmin edilməməsi, Bakı şəhəri Nizami Rayon Məkəməsinin 3(007)-2225/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixli elektron ərizə ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edərək ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, mövcud qanunvericilikdə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş ziyanın ödənilməsi ilə əlaqədar Maliyyə Nazirliyinin öhdəlik daşıması nəzərdə tutulmamışdır. Bildirlmişdir ki, "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar bütün mübahisələr məhkəmə qaydasında həll olunur. "xxxx" MMC-nin mədaxil qəbzlərin surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə – 1,57 manat, xx.xx.2021-ci il tarixdə – 1,27 manat, xx.xx.2021-ci il tarixdə – 1,24 manat, xx.xx.2021-ci il tarixdə – 2,34 manat manat rabitə xərci ödənilmişdir. İş materiallarında olan xəbərnamələrin surətlərindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Baş Dövlət Yol Polis İdarəsinin rəisi Ramiz Zeynalova, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Daxil X7 Eyvazova sifarişli-xəbərnaməli məktublar göndərmişdir. İşin mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə idarə etdiyi “Mercedes Benz E280 Minik” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobillə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələbini, üfüqi nişanlama xəttinin tələbini pozduğuna görə barəsində nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Nəticədə İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və barəsində 60 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Araşdırma zamanı İddiaçı yol hərəkəti qaydasını pozmasına dair hər hansı bir videogörüntünün əldə olunmaması və eləcə də bu xətaya yol verməsinin şahidi olmaması səbəbindən bu hal qanunvericiliklə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyindən onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçı ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Məhkəmə İddiaçı qanunsuz olaraq inzibati məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Odur ki, məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 1-ci maddəsinin 8-ci bəndinə əsasən şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinin 3-cü bəndinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Konvensiyanın 7 saylı Protokolunun 3-cü maddəsinə əsasən, şəxs cinayət əməli törətməyə görə yekun qərarla məhkum edildikdə və sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə, yaxud o, yeni və ya təzədən ortaya çıxmış faktın qəti olaraq məhkəmə səhvi olduğunu göstərməsi əsasında əfv edilibsə, belə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs, əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, qanuna və ya müvafıq dövlətin mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iddianın rabitədən istifadəyə çəkdiyi 400 manat xərcin tutulması hissəsində qeyd etməyi zəruri hesab edir ki, iddiaçı vurulmuş zərəri 400 manat qiymətləndirsə də, bununla bağlı müvafiq sübutları tam təqdim edə bilməmiş, rabitəyə 6,42 manat məbləğində xərc çəkdiyini sübuta yetirə bilmişdir. Lakin məhkəmə mübahisənin xarakterini, inzibati xəta üzrə icraat və məhkəmə icraatının prosessual qaydalarını nəzərə alaraq rabitə xərcləri (poçt, teleqram və mobil rabitə) hissəsində iddianın 50 manat həcmində təmin olunmasını məqsədəuyğun hesab edir. Məhkəmə həmçinin iddianın digər hissəsi olan iddiaçının dövlət orqanlarına və məhkəməyə gedib-gəlməsi üçün ödənilmiş 1.300 manat məbləğində pulun tutulması hissəsində isə qeyd etməyi zəruri hesab edir ki, təqribi göstəricilər hazırki reallığa uyğun olmadığıdan həmin məbləğ çox olmaqla real qiymətləndirilmir. Odur ki, iddianın bu hissədə tələb olunan məbləğdə deyil, 200 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Belə ki, mövcud reallıq, aparılmış hər bir icraat zamanı ümumilikdə məhkəmə və inzibati orqanlara gediş-gəlişin sayının təxminən 20 (iyirmi) dəfə olmasını və hər bir gedişgəliş üçün ortalama 10 (on) manat pul xərcləndiyini (nəzərə almaq lazımdır ki, iddiaçının şəxsi avtomobili var, ehtimal ki o, bu gediş-gəlişlərdə şəxsi avtomobilindən və ya taksi xidmətindən istifadə etmişdir) nəzərə alaraq məhkəmə, dəymiş ziyanı bu hissədə 200 manat məbləğində müəyyən edilməsini məqbul hesab edir. Məhkəmə həmçinin iddianın sahibkarlıq fəaliyyətindən itirdiyi qazanca görə (əldən çıxmış fayda) 18.000 manat ziyanın tutulması hissəsində qeyd etməyi zəruri hesab edir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq vergi orqanı tərəfindən verilmiş VÖEN Şəhadətnaməyə malik olsa da, hazırda aktik vergi ödəyicisi olub-olmaması, eləcə də həmin fəaliyyətdən əldə etdiyi qazancı ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Odur ki, iddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən təmin edilməli və dövlət büdcəsi vəsaiti hesabına iddiaçının dövlət orqanlarına və məhkəməyə gedib-gəlməsi üçün ödənilmiş 200 manat və rabitədən istifadəsi üçün ödənilmiş 50 manat, cəmi 250 manat məbləğində maddi ziyanın əvəzi ödənilməlidir. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçının əsassız olaraq inzibati məsuliyyətə cəlb edilməsi və dəfələrlə məhkəmə çəkişmələrinə məruz qalması nəticəsində, o, mənəvi sarsıntı və iztirablar keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 300 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Məhkəmə həmçinin iddiaçının bu tələbini cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə münasibətdə təmin edərək qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Оnа görə də maddi ziyanın əvəzi olan 250 manat, mənəvi zərərin əvəzi оlаn 300 mаnаt məbləğində pul məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən maddi ziyana görə 250 manat, mənəvi zərərə görə isə 300 manat pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən maddi ziyana görə 250 manat, mənəvi zərərə görə isə 300 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar