Məhkəmə qərarları › İş №2(006)-1933/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1933/2021

18.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1933/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin həcminin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin həcminin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2002-ci il təvəllüdlü X3 və xx xxxx 2006-cı il təvəllüdlü X4 hər biri üçün hazırkı iddia ərizəsinin məhkəmə tərəfindən icraata qəbul edildiyi tarixdən etibarən hər ay 175 manat olmaqla, 350 manat sabit pul məbləğində alimentin, xx xxxxxx 2002-ci il təvəllüdlü X3 əlavə xərcləri üçün hər ay 150 manat, təhsil xərci olaraq 2020-2021-ci təhsil ilinin ikinci yarısına aid təhsil haqqı olaraq 400 manat, 2021-2022-ci təhsil ilinin təhsil haqqının yarısı olaraq 450 manat məbləğində pulun Cavabdeh alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim Pərviz Hüseynov) xx xxx 2015-ci il tarixli 2(006)-339/2015 saylı qətnaməsi ilə borclu Cavabdeh ilə nikahları pozulmuş, birgə nikahdan doğulmuş övladları xx xxxxxx 2002-ci il təvəllüdlü X3 və xx xxxx 2006-cı il təvəllüdlü X4 onun yanında qalmaları, onların saxlanılması üçün hazırkı iddia ərizəsi üzrə cavabdehdən hər uşaq üçün 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. «Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən Respublikada 2018-ci il üçün yaşayış minimumu uşaqlar üçün 154 manat məbləğində müəyyən edildiyindən, iddia ərizəsinə əsasən alimentin məbləği Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim Tağıyeva Natəvan) xx xxx 2018-ci il tarixli 2(006)-3382/2018 saylı qətnaməsi ilə artırılaraq hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən Respublikada 2021-ci ilin yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Ona görə də, uşaqlar üçün təyin edilmiş alimentin aylıq miqdarının artırılması barədə hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Məhkəmə tərəfindən qətnamə çıxarılarkən oğulları xx xxxxxx 2002-ci il təvəllüdlü X5 üçün alimentin hazırda Azərbaycan Maliyyə-İqtisad Kollecində mühasibat uçotu ixtisası üzrə ödənişli əsaslarla əyani təhsil alması nəzərə alınaraq, xx xxxx 2022-ci il tarixdə başa çatması nəzərdə tutulmuş təhsil müddəti ərzində ödənilməsi müəyyən edilməlidir. Əlizadə Gündüzün illik təhsil haqqı 900 manatdır. xx xxxxxx 2020-ci il tarixədək təhsil haqqının 500 manatını ödəmişdir. İkinci yarım ili üçün 400 manat da ödənilməlidir. 2021-2022-ci tədris ili üçün də 900 manat təhsil haqqı ödənilməlidir. Cavabdeh 2020-2021-ci tədris ilinin təhsil haqqının ödənilməsində iştirak etməyib. Həmçinin, 2021-2022-ci tədris ilinin təhsil haqqının ödənilməsində də iştirak etməlidir. Ona görə də, məhkəmə tərəfindən qətnamə çıxarılarkən göstərilənlər nəzərə alınmalıdır. Oğulları X1 əyani təhsil alması ilə əlaqədar gündəlik xərcləri (nəqliyyat xərcləri, zəruri dərs ləvazimatlarının alınmasına, asudə vaxtının təşkilinə və s. çəkilən xərclər) artmışdır. Ona görə də, cavabdeh oğulları X5 təhsilini başa vuranadək ona hər ay əlavə olaraq 150 manat da ödəməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(006)-3382/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası təmin edilmiş, xx xxxxxx 2002ci il təvəllüdlü X3 və xx xxxx 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2015-ci il tarixli 2(006)-339/2015 saylı qətnaməsində göstərilən alimentin tutulma qaydası dəyişdirilərək, xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, 2 övladlarının olması, uşaqların iddiaçının yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli Qərarında (Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair) qeyd olunmuşdur ki, təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. «Təhsil haqqında» Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. «Uşaq hüquqları haqqında» Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Göründüyü kimi, iddiaçının cavabdehdən övladının ödənişli təhsili bağlı vəsait tələb etməsi əsassızdır. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 8-2/2016 saylı Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd edilən Plenum Qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 175 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxx 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(006)-3382/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 175 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddianın qalan hissəsi rədd edilməlidir. Belə ki, qanunvericiliyə əsasən alimentin məbləği dəyişdirilərkən tutulmalara başlama anı qətnamənin qanuni qüvvəyə mindiyi andan başlanılır. Bu səbəbdən, iddiaçının «hazırkı iddia ərizəsinin məhkəmə tərəfindən icraata qəbul edildiyi tarixdən etibarən» aliement tutulması barədə iddiası əsassızdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, xx xxxxxx 2002-ci il təvəllüdlü X5 artıq yetkinlik yaşına çatmışdır və onun saxlanılması üçün aliment tutulması mümkün deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxx 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(006)-3382/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 175 manat sabit pul məbləğində aliment tutulsun. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar