Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1941/2022 21.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması və s.» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "borcun qaytarılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 22,500 manat borcun, gecikdirilmiş vaxt üçün 2,250 manat faiz borcunun və ödənilmiş 165 manat dövlət rüsumunun, cəmi 24,915 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış və Bakı şəhəri 20 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 27.10.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə 27.04.2021-ci il tarixinədək qaytarmaq şərti ilə faizsiz olaraq 22,500 (iyirmi iki min beş yüz) manat məblğində pul vəsaitini borc vermişdir. Lakin pulun qaytarılması barədə razılaşdırılmış vaxtdan, yəni 27.04.2021-ci il tarixindən xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etməmişdir. İddiaçı tərəfindən 08.02.2022-ci il tarixində cavabdehə pretenziya məktubu ünvanlanmış, müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməsi təklif edilmişdir. Cavabdeh 16.02.2022-ci il tarixində pretenziya məktubunu qəbul etsə də, bu günədək öhdəliyini icra etməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, iddiaçı 22,500 manat əsas borcla yanaşı, 2020-ci il tarixindən 2022-ci ilədək keçən 2 il üçün əsas borcun 5 %-ni, yəni 2,250 manat faiz borcunun (22,500 x 5% x 2 il) və ödənilmiş 165 manat dövlət rüsumunun cavabdehdən tutularaq öna ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddiaçının 27.10.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh 27.04.2021-ci il tarixinədək qaytarmaq şərti ilə faizsiz olaraq 22,500 manat borc verdiyini, cavabdehin isə həmin borcu qaytarmadığını bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş, teleqram vuraraq iddianı qəbul etdiyini, işə onun iştirakı olmadan baxılmaqla qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, cavabdehin teleqramını nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan Bakı şəhəri 20 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş 3M-110 reyestr nömrəli 27.10.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh faizsiz olaraq 22,500 (iyirmi iki min beş yüz) manat vermiş, Cavabdeh qeyd edilən borcu 27.04.2021-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan 08.02.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə məktub ünvanlayaraq tərəflər arasında bağlanmış 27.10.2020-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə borc verilmiş 22,500 manat məbləğində pul vəsaitinin 27.04.2021-ci il tarixinədək qaytarmalı olduğu halda bunu etmədiyini, bununla da qanunla müəyən edilmiş öhdəliyini icra etmədiyini bildirmiş, 3 (üç) gün müddətində müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək ona olan borcunu qaytarmasını tələb etmiş, əks təqdirdə bununla bağlı məhkəməyə müraciət olunaraq həm əsas borc məbləği, həm də əlavə olaraq faiz məbləğləri, o cümlədən vəkilə çəkilmiş xərclər də daxil olmaqla ondan tələb olunacağı barədə cavabdehi xəbərdar etmişdir. Mülki işin materiallarında olan 23.02.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 165 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarında olan 04.04.2022-ci il tarixli teleqramdan görünür ki, Cavabdeh iddianı qəbul etdiyini və onun iştirakı olmadan qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Mülki qanunvericiliyin tələblərinə görə, müqavilə ödəliyin yaranma əsaslarından biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 324.1 və 324.2-ci maddələrinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Sözügedən Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1 və 390.5-ci maddələrinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Sözügedən Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1 və 740.2-ci maddələrinin tələblərinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər kredit müqaviləsini mülki qanunvericiliyin tələblərinə riayət etməklə yazılı formada bağlamışlar. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış, Bakı şəhəri 20 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiqlənmiş, 3M-110 reyestr nömrəli, 27.10.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, “Borc verən” İddiaçı “Borc alan” Cavabdeh faizsiz olaraq 22,500 manat məbləğində pul borc vermiş, “Borc alan” krediti 27.04.2021-ci il tarixinədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər borc müqaviləsini imzaları ilə təsdiq etmişlər. Beləliklə, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh borcu vaxtında qaytarmamış, bununla da müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə tərəfindən işdə olan sübutlara əsasən, iddiaçı tərəfindən cavabdehə borcun verilməsi müəyyən edilmiş, lakin cavabdeh tərəfindən iddiaçıya borcun qaytarılması müəyyən edilməmişdir. Öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəliyi daşıyan şəxsə aid olduğundan, cavabdeh iddiaçıya olan borcunun qaytarılmasına dair heç bir sübut təqdim etməmiş, eyni zamanda teleqram vuraraq iddianı qəbul etdiyini bildirmişdir. Bununla da müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyini qəbul etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsas borca münasibətdə təmin edilməli, 22,500 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin “2020-ci il tarixindən 2022-ci ilədək keçən 2 il üçün əsas borcun 5 %i, yəni 2,250 manat faiz borcunun (22,500 x 5% x 2 il) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, faiz borcuna münasibətdə iddia qismən təmin edilməlidir. Belə ki, 27.10.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, tərəflərin razılaşmasına əsasən, müqavilənin müddəti 27.04.2021-ci il tarixinədək müəyyən olunmuş və cavabdeh müqavilə üzrə müəyyən edilmiş tarixədək öhdəliyini yerinə yetirməmişdir. Müqavilə müddəti bitəndən sonra da cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş edilməmiş, bununla da öhdəliyin icrası gecikdirilmişdir. Müqavilə müddəti ərzində borc məbləği cavabdehə faizsiz verilmiş və o, öz növbəsində həmin məbləği iddiaçıya 27.04.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Belə ki, icranın gecikdirilməsi 27.04.2021-ci il tarixindən başladığından, bu günədək keçən 359 gün üçün ödənişi gecikdirilmiş məbləğə münasibətdə faiz borcunun məbləği “22,500 x 5% / 365 gün x 359 gün” kimi hesablanmalı və cavabdehdən 1,106 manat məbləğində pul vəsaiti faiz borcu qismində tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Mülki Məcəllənin 445.1 və 445.7-ci maddələrinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İddia tələbinin “ödənilmiş 165 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 165 manat dövlət rüsumunun 157 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 8 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunun qaytarılması barədə müqavilədə göstərilən müddətdən, yəni 27.04.2021-ci il tarixindən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq borcunu ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, cavabdeh qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürdüyündən kredit müqaviləsi üzrə yaranmış əsas və gecikdirilmiş vaxt üçün faiz borcu iddiaçıya ödəməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 22,500 manat məbləğində əsas borc, 1,106 manat məbləğində faiz borcu və 157 manat məbləğində dövlət rüsumu, cəmi 23,763 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməli və ödənilmiş 165 manat dövlət rüsumunun qalan 8 manat hissəsi iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 22500 manat borc, icranın gecikdirilməsi ilə bağlı 1106 manat faiz borc, cəmi 23606 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Ödənilmiş 165 manat dövlət rüsumunun 157 manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilsin, qalan 8 manat hissəsi isə İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1941/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1941/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver