Məhkəmə qərarları › İş №2(006)-1946/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1946/2022

27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1946/2022 27.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi - X1, Cavabdeh LPO QSC "xxxx" KB-nin nümayəndəsi X2, Cavabdeh3 MMC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, LPO "xxxx" KB QSC-yə və Cavabdeh3 MMC-yə qarşı «borcun olmamasının müəyyən edilməsi və sistemdən silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, LPO "xxxx" KB QSC-yə və Cavabdeh3 MMC-yə qarşı «borcun olmamasının müəyyən edilməsi və sistemdən silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MMC tərəfindən verilmiş çıxarışa əsasən 24.07.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə 386 manat 68 qəpik məbləğində faiz borcunun silinməsi, borcun olmaması barədə məlumatın Cavabdeh3 MMC-yə verilməsi vəzifəsinin LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, LPO "xxxx" KB QSC-yə və Cavabdeh3 MMC-yə həvalə edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, LPO "xxxx" KB QSC-dən və Cavabdeh3 MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB QSC-dən 11.650 manat dəyərində «Lifan» markalı avtomobili almış, ilkin ödəniş kimi isə 3.000 manat ödəmişdir. Qalan məbləğə dair isə onunla "xxxx" KB QSC arasında 24.07.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən ona 36 ay müddətinə 8.650 manat məbləğində kredit verilmişdir. Təxminən 1 il 8 ay sonra Bankın vasitəçiliyi ilə qeyd edilən avtomobil başqa bir şəxsə satılmışdır. Bundan sonra Banka olan borcu isə tam olaraq ödənilərək bağlanmışdır. Həmin məsələdən sonra isə bank tərəfindən borcunun qalması ilə bağlı ona heç bir məlumat daxil olmamışdır. 12.07.2021-ci il tarixdə kreditlə mebel dəsti götürmək istəyən zaman kredit şöbəsindən ona adında borcun görsənməsi bildirilmişdir. Bundan sonra isə «ASAN xidmət» mərkəzinə müraciət edərək Kredit Bürosunun çıxarışını əldə etmişlər. Çıxarışda isə 386,68 manat məbləğində banka faiz borcunun olması qeyd edilmişdir. Daha sonra məsələni araşdırmaq üçün "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etsə də, əvvəlcə məsələni araşdıracaqlarını bildirsələr də, sonradan ona heç bir köməklik göstərə bilməyəcəklərini, bununla bağlı məhkəməyə müraciət etməsini bildirmişlər. Məsələ ilə bağlı DİN BDYPİ-yə müraciət etmişdir. DİN BDYPİ isə ona məktub ünvanlayaraq, kompüter uçot bazasına görə onun adında nəqliyyat vasitəsinin qeydiyyatdan keçmədiyi bildirilmişdir. Kredit bürosunun çıxarışında qeyd olunan faiz borcunun necə yaranması ilə bağlı heç bir fikri yoxdur və başqa vasitələrlə də bu haqda heç bir məlumat əldə edə bilməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh LPO "xxxx" KB QSC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddianın əsassız olduğunu bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 MMC-nin nümayəndəsi X6 məhkəmə iclasında iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (banka borcunun qalmamasına) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarına əlavə olunmuş 30 mart 2022-ci il tarixli **********899 saylı maliyyə arayışından görünür ki, "xxxx" KB QSC ilə İddiaçı arasında bağlanmış 24 iyul 2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə 17 mart 2022-ci il tarixə mövcud olan borc aşağıdakı kimidir: müqavilə üzrə əsas borc – 0 manat; müqavilənin müddəti üçün (24 iyul 2008-ci il – 24 iyul 2011-ci il) hesablanmış və tələb olunan faiz – 386 manat 68 qəpik; digər bəndlər üzrə 0 manat; Cəmi: 386 manat 68 qəpik. Göründüyü kimi, iddiaçının LPO "xxxx" KB QSC qarşısında yuxarıda qeyd olunan müqavilə üzrə icra edilməmiş 386 manat 68 qəpik məbləğində öhdəliyi var. Bu səbəbdən, iddia əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, LPO "xxxx" KB QSC-yə və Cavabdeh3 MMC-yə qarşı «borcun olmamasının müəyyən edilməsi və sistemdən silinməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, LPO "xxxx" KB QSC-yə və Cavabdeh3 MMC-yə qarşı «borcun olmamasının müəyyən edilməsi və sistemdən silinməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar