Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1949/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş 14.11.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 200 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi; birgə nikahlarından doğulmuş 14.11.2019-cu il təvəllüdlü X8 3 yaşına çatana qədər hər ay 100 manat məbləğində vəsaitin Cavabdeh tutularaq ona ödənilməsi; mediasiyaya ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 24.12.2017-ci il tarixində nikaha daxil olmuşlar. Onların birgə nikahlarından 14.11.2019-cu il təvəllüdlü X8 dünyaya gəlmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 30.07.2021-ci il tarixli 2(006)- 5035/2021 saylı qətnaməsi ilə birgə nikahından doğulmuş 14.11.2019-cu il təvəllüdlü X2 üçün 175 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda övladı Ləmanın 2 yaşı var. Sözügedən qətnamədə qeyd olunmuş aliment məbləği hal-hazırda uşağın tələbatlarının ödənilməsinə yetmir. Uşaq böyüyür və təbii olaraq da məsrəfləri artır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 195 manat müəyyən edilmişdir. Buna görə də görə "aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ona qarşı vermiş olduğu iddia tələbi əsassızdır. Belə ki, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 30.07.2021-ci il tarixli 2(006)5035/2021 saylı qətnaməsi ilə onunla İddiaçı birgə nikahlarından doğulmuş 14.11.2019-cu il təvəllüdlü X2 üçün ondan 175 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Həmin məbləğdə alimenti bir qayda olaraq o işlədiyi vaxtlarda ödəmişdir. Özü ödəyə bilmədikdə də, valideynləri pensiyalarından ödəmişlər. Əvvəllər "xxxx" MMC-də satıcı işləyirdi və aylıq əmək haqqı 300 manat təşkil edirdi. Hazırda oradan işdən azad olunmuşdur, heç bir yerdə işləmir. Valideynlərinin ona göstərdikləri maddi yardım hesabına yaşayır. Bir daha bildirir ki, yuxarıda qeyd etdiyi kimi o hazırda heç bir yerdə işləmir, valideynlərinin maddi yardımı hesabına yaşayır. Onun maddi vəziyyətində hər hansı bir artım olmamış, əksinə onun maddi dururmu çox acınacaqlı və pis vəziyyətdədir. Hazırda məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş 175 manat sabit pul məbləğində alimenti ödəməkdə çox çətinlik çəkir. Valideynləri yardım etməsə, bu məbləği də ödəyə bilməz. Aliment məbləğinin artıılması və əlavə pulun verilməsi onun tərəfindən qeyri-mümkündür. Əksinə, onun bu günki vəziyyəti nəzərə alınmalı, alimentin məbləğ həcmi azaldılmalıdır. Tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bir daha bildirir ki, onun hazırkı vəziyyətdə maddi vəziyyəti olduqca çətindir, alimentin artırılması və əlavə pul tələb edilməsi hazırkı maddi vəziyyəti ilə böyük uyğunsuzluq təşkil edir. Həmin məbləğdə pul artırıldığı halda bunu ödəmək onun tərəfindən tamamilə qeyri-mümkün olduğunu bildirmiş, məhkəmədən iş üzrə yekun qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. AA serialı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 14.11.2019-cu il tarixdə anadan olmuşdur. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-5035/2021 saylı, 30.07.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 02.07.2021-ci il tarixdən başlayaraq, 14.11.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X9 ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 18.02.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə baxışı zamanı toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından bir uşağı anadan olmuşdur. Hazırda tərəflər arasında nikah pozulmamışdır, uşaq iddiaçının himayəsindədir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-5035/2021 saylı, 30.07.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh 14.11.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X9 ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı 14.11.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin, həmçinin 14.11.2019-cu il təvəllüdlü X6 3 yaşına çatana qədər hər ay 100 manat məbləğində vəsaitin və ilkin mediasiya sessiyasında iştirak etmək üçün ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin (bundan sonra – AM) 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AMnin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddənin məzmunundan göründüyü kimi alimentin sabit pul məbləğində tutulması uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar isə məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2022-ci il üçün yaşayış minumumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəbdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarına əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin aliment məbləğinin müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-5035/2021 saylı, 30.07.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, cavabdeh X7 14.11.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddianı qismən təmin etməklə gəldiyi qənaəti həmçinin iddiaçı tərəfin cavabdehin əlavə gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etmədiyi və bununla da onun alimenti uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan artıq məbləğdə ödəmək imkanına malik olmasını sübuta yetirmədiyi ilə əsaslandırır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Məhkəmə həmçinin iddianın “14.11.2019-cu il təvəllüdlü X8 3 yaşına çatanadək əlavə 100 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Belə ki, AM-nin 84.1, 84.2.2 və 86-cı maddələrinə müvafiq ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ərarvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə uşaq üç yaşına çatanadək 100 manat məbləğində pulun iddiaçının xeyrinə ödənilməsi ilə əlaqədar qeyd edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, arvadın hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvadın alimentin ödənilməsini tələb etmək üçün digər tərəfin zəruri vəsaitə malik olmasını təsdiq edən sübutlar təqdim olunmalıdır. Beləliklə məhkəmə iddiaçı tərəfin cavabdehin zəruri vəsaitə malik olması barədə hər hansı sübutu məhkəməyə təqdim etmədiyini nəzərə alaraq iddianın bu hissəsində əsassız olduğu üçün rədd edilməsi qənaətinə gəlmişdir. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5035/2021 saylı, 30.07.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh 14.11.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Həmçinin mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.07.2021-ci il tarixli, 2(006)-5035/2021 saylı qətnaməsi ilə 14.11.2019-cu il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə Cavabdeh tərəfindən ödənilən alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 14.11.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Mediasiya xərci kimi ödənilmiş 50 məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1949/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1949/2022
28.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver