Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1950/2022 01.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «mərkəzləşdirilmiş kredit reyestrində aparılmış qeydlərin silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «mərkəzləşdirilmiş kredit reyestrində aparılmış qeydlərin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə X2 arasında 5598nkMDK/13 saylı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi bağlanmış, kredit məbləği Fikrət Əliyevə verilmiş, kredit müqaviləsinin təminatı kimi onunla zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə ödənişlər borclu tərəfindən vaxtlı-vaxtında ödənilmiş, lakin xx.xx.2015-ci il tarixdə borclu Fikrət Əliyev vəfat etmişdir. Onun vəfatından sonra dərhal banka məlumat verilmiş və bununla da mərhum Fikrət Əliyevlə bank arasında olan 5598nkMDK/13 saylı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərə və kredit münasibətlərinə xx.xx.2015-ci il tarixdən xitam verilmişdir. Daha sonra "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, guya iddiaçı ilə bank arasında bağlanmış 5598nkMDK/13 saylı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və bankın xeyrinə 2988,47 manat əsas borcun və 20 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. Xətai rayon Məhkəməsinin 2(011)-429/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə "xxxx" KB ASC-nin iddiaçıya qarşı iddiası təmin edilməmiş, "xxxx" KB ASC həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5811/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Xətai rayon Məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra "xxxx" KB ASC kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-7105/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Lakin, qanuni qüvvəsini almış məhkəmə qərarlarına baxmayaraq, Azərbaycan Respublikasının X1 Kredit Reyestrində (MKR) olan qeydə görə guya iddiaçının banka borcunun olması qeyd edilmişdir. Belə ki, bu yaxınlarda o, kredit almaq məqsədi ilə bankların birinə müraciət etmiş və oradan digər banklar qarşısında öhdəliyinin olub-olmamasını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) sorğu edilmiş və müəyyən edilmişdir ki, MKR-də olan məlumata görə guya iddiaçının "xxxx" KB ASC qarşısında öhdəliyi qalmışdır. O, rəsmi qaydada cavabdeh təşkilata müraciət edərək "xxxx" KB ASC ilə X2 arasında bağlanmış 5598nkMDK/13 saylı xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə xitam verildiyindən, həmin müqavilə əsasında X1 Kredit Reyestrində aparılmış qeydlərin silinməsini xahiş etmişdir. Cavabdeh təşkilat özünün xx.xx.2021-ci il tarixli məktubu ilə bildirmişdir ki, yaranmış problemi məhkəmə müstəvisində mübahisələndirə bilər. Artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçının "xxxx" KB ASC qarşısında heç bir borc və öhdəliyi yoxdur. Göstərilənlərə əsasəq "xxxx" KB ASC ilə X2 arasında bağlanmış 5598nkMDK/13 saylı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə onun barəsində X1 kredit reyestrində aparılmış qeydlərin silinməsinə (çıxarılmasına) dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan Xətai rayon Məhkəməsinin 2(011)-429/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, "xxxx" Kommersiya Bankı ASCnin cavabdeh İddiaçı qarşı kreditin və ona hesablanmış faizlərin ödənilməsi tələbinə dair iddiasının təmin olunmaması, qarşılıqlı iddianın qismən təmin olunması, "xxxx" KB ASC ilə X2 və zamin İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 5598nkMDK/13 saylı kredit və bank hesabı müqaviləsi üzrə öhdəliyə və zaminliyə xitam verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
7. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 5811/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" KB ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qismən, qarşılıqlı iddianın qismən təmin edilmiş, "xxxx" KB ASC ilə X2 və zamin İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 5598nkMDK/13 saylı kredit və bank hesab müqaviləsi üzrə öhdəliyə və zaminliyə xitam verilməsi hissəsində ləğv edilmiş, qarşılıqlı iddia həmin hissədə də təmin edilməmiş, qalan hissədə qətnamə "xxxx" KB ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-7105/17 saylı qərarın surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx.xx.2017-ci il tarixli, 2(103)-5811/2017 saylı qətnaməsi mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, müraciətində qeyd olunan məsələ ilə bağlı müvafiq aaraşdırma aparılması üçün tərəflərdən banka sorğu məktubu göndərilmişdir. Həmin sorğu ilə əlaqədar bank tərəfindən təqdim edilmiş zəruri sənədlərə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-7105/2017 saylı qərarına əsasən İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli. 2(103)-5811/2017 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və sözügedən qətnamə mübahisələndirilən hissədə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Müraciətində mübahisələndirilən hissə ilə əlaqədar nəzərinə çatdırırlar ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-5811/2017 saylı qətnaməsində qarşılıqlı iddialar üzrə mülki işə baxılmış və bankın apellyasiya şikayəti qismən təmin edilərək kredit və bank hesabı müqaviləsi üzrə öhdəliyə və zaminliyə xitam verilməsi hissəsində ləğv edilmiş, qalan hissədə banka münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirirlər ki, müraciətində sözügedən məsələ ilə əlaqədar məhkəmə qərarı mövcud olduğundan tərəflərdən hər hansı münasibətin bildirilməsi mümkün olmamışdır. Odur ki, sözügedən məsələlərə məhkəmə orqanları tərəfindən hüquqi qiymət verildiyindən banka arasında yaranmış narazılığı məhkəmə müstəvisində mübahisələndirə bilər.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" KB ASC ilə X2 arasında xx.xx.2013-cü il tarixdə kredit müqaviləsi bağlanılmış, həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilmə üsulu kimi iddiaçı ilə zaminlik müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsi üzrə borclu Fikrət Əliyev xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə "xxxx" KB ASC-nin cavabdeh İddiaçı qarşı kreditin və ona hesablanmış faizlərin ödənilməsi tələbinə dair iddiasının təmin olunmamış, qarşılıqlı iddia qismən təmin olunmuş, "xxxx" KB ASC ilə X2 və zamin İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 5598nkMDK/13 saylı kredit və bank hesabı müqaviləsi üzrə öhdəliyə və zaminliyə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qismən, qarşılıqlı iddianın qismən təmin edilmiş, "xxxx" KB ASC ilə X2 və zamin İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 5598nkMDK/13 saylı kredit və bank hesab müqaviləsi üzrə öhdəliyə və zaminliyə xitam verilməsi hissəsində ləğv edilmiş, qarşılıqlı iddia həmin hissədə də təmin edilməmiş, qalan hissədə qətnamə "xxxx" KB ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı Banka olan borcun olmamasını iddia edərək, Mərkəzi Kredit Reyestrində aparılmış qeydlərin silinməsi tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
12. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.
13. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər-hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Göstərilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.
17. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.(maddə 470.2).
19. Qeyd edilən Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarına əsasən əsasən borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də, miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Eyni zamanda vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə faiz borcuna görə də məsuliyyət daşıyırlar.
21. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarına əsasən borclunun ölümü zaminliyin xitamına səbəb deyil, Mülki Məcəllənin 477-ci - zaminliyə xitam verilməsi maddəsi genişləndirici maddə olmamaqla konkretdir və qanunvericilikdə nəzərdə tutulmuş 10 (on) illik ( MM 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il keçdikdən sonra qüvvəsini itirir. ) müddət isə bitməmişdir.
22. Göründüyü kimi İddiaçı Banka olan borcun olmamasını iddia etsə də, iş materiallarından görünür ki, iddiaçının Bank qarşısında öhdəliyi hələdə mövcuddur. Bu səbəbdən iddia tələbinin təmin edilməsi mümkün deyil.
23. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «mərkəzləşdirilmiş kredit reyestrində aparılmış qeydlərin silinməsi» tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
26. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
32. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı «mərkəzləşdirilmiş kredit reyestrində aparılmış qeydlərin silinməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov