Məhkəmə qərarları › İş №2(006)-1957/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1957/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1957/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "bank əmanətlərinin qaytarılması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "bank əmanətlərinin qaytarılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və hazırda ləğv prosesində olan «xxxx» ASC arasında bağlanmış 08.05.2015-ci il tarixli 129056/08/05/02 №-li Bank əmanəti müqaviləsinə əsasən, 10 000 (on min) ABŞ dolları məbləğində pul vəsaiti illik 12% (on iki faiz) ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə Banka əmanətə qoyulmuşdur. Əmanət iddiaçı tərəfindən Bankda yerləşdirilərkən, o, Əmanət müqaviləsinin 9-cu bəndi ilə müəyyənləşdirilmiş tələblərinə uyğun olmuş, buna müvafiq olaraq, «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən qorunan əmanət hesab edilmiş və sığortalanmışdır. Əmanət müqaviləsinin 4.2-ci bəndinə əsasən əmanət müddətinin bitdiyi gün əmanət məbləği hesablanmış faizlərlə birlikdə əmanətçinin Bankda olan cari hesabına köçürülməlidir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən müqavilə müddəti bitdiyi günədək əmanət əmanətçi tərəfindən tələb olunmazsa, növbəti gündən etibarən müqavilə eyni müddətə uzadılmış hesab olunur, bu şərtlə ki, bank müqavilənin müddətinin uzadılmasına razı olsun. Bank müqavilənin müddətinin uzadılmasına razı olmadıqda, müqaviləyə xitam verilir və 4.2-ci bəndlə müəyyənləşdirilən qaydada əmanət əmanətçiyə qaytarılmaqla əmanət hesabı bağlanır. Əmanət müqaviləsi müddətinin ilk dəfə bitdiyi 08.05.2017-ci il tarixdə əmanət iddiaçı tərəfindən geri götürülməmiş, yalnız cari hesabına köçürülmüş faizlər əldə edilmişdir. Əmanət müqaviləsinin müddəti isə növbəti 24 (iyirmi dörd) ay müddətinə uzadılmışdır. İddiaçı əmanət müqaviləsi müddətinin növbəti dəfə bitdiyi 08.05.2019-cu il tarixdə əmanətin götürülməsi üçün Banka müraciət etsə də, ona əmanətin qaytarılması və hesablanmış faizlərin ödənilməsi üçün Bankda nağd vəsaitin olmadığı bildirilmiş, müəyyən qədər gözləməyi xahiş edilmiş, bu müddət (gözləmə müddəti) ərzində isə əmanət üzrə illik 4,25% hesablanacağı söylənilmişdir. Bundan sonra iddiaçı mütəmadi olaraq Banka müraciət etsə də, hər dəfə eyni cavabı almışdır. Nəhayət, hamıya məlum olduğu kimi Azərbaycan Respublikası Mərkəzi X5 28 aprel 2020-ci il tarixli qərarı ilə «xxxx» ASC-yə bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziya ləğv edilmişdir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin gün «xxxx» ASC-də sığorta hadisəsinin baş verdiyi gün kimi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-(103)- 129/2020 saylı qərarı ilə «xxxx» ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu «xxxx» ASC-nin ləğvedicisi təyin edilmişdir. Qeyd edilən hal baş verdikdən sonra iddiaçı tərəfindən dəfələrlə həm Banka, həm də Fonda, hətta Mərkəzi Banka müraciətlər edilmişdir. Banka müraciət etdikdə iddiaçıya əmanətinin qaytarılan əmanətlər siyahısında olmadığı bildirilmiş, ondan pulunun qaytarılması xahişi ilə bağlı ərizə alınsa da, bütün suallarla bağlı Fonda müraciət etmək məsləhət görülmüşdür. İddiaçının ötən müddət ərzində Fonda etdiyi yazılı müraciətlərin heç birinə bu günədək hər hansı cavab verilməmişdir. Göstərilənlərə əsasən iddiaçı ilə «xxxx» ASC arasında bağlanmış 08.05.2015-ci il tarixli, 129056/08/05/02 №-li Bank əmanəti müqaviləsinə əsasən əmanətə qoyulmuş 10 000 (on min) ABŞ dolları məbləğində pul vəsaitinin və həmin məbləğə illik 4,25% hesablanmış faizlərin, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, onunla «xxxx» ASC arasında bağlanmış 08.05.2015-ci il tarixli, 129056/08/05/02 №-li Bank əmanəti müqaviləsinə əsasən əmanətə qoyulmuş 10 000 (on min) ABŞ dolları məbləğində pul vəsaitinin, habelə həmin məbləğə 08 may 2017-ci il tarixdən 07 may 2019-cu il tarixinədək olan dövr üçün illik 7% (yeddi faiz) dərəcəsilə hesablanmış 1 342 (bir min üç yüz qırx iki) ABŞ dolları və 08 may 2019-cu il tarixdən 19 mart 2021-ci il tarixindək olan dövr üçün illik 4,25% dərəcəsilə hesablanmış 787 ABŞ dolları məbləğində faizlərin, cəmi 12.129 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan «xxxx» ASC-nin “Yeni Həyat” filialı ilə əmanətçi İddiaçı arasında bağlanmış 08.05.2015-ci il tarixli, 129056/0803/02 saylı bank əmanəti müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 10.000 ABŞ dolları) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Bank əmanətçiyə illik 12 % ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilənin müddəti 24 aydır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, «xxxx» ASC ilə əmanətçi İddiaçı arasında 08.05.2015-ci il tarixli əmanət müqaviləsi bağlanmış, iddiaçı (əmanətçi) əmanət məbləğini Banka illik 12% ödənilməsi şərti ilə yerləşdirmiş, sonradan «xxxx» ASC müflis elan olunmuş, yəni sığorta hadisəsi baş vermiş və hazırda iddiaçı (əmanətçi) banka qoyduğu əmanətin qorunan əmanətlərə aid olduğunu iddia edərək cavabdehdən əmanət məbləğinin və ona hesablanmış faizlərin ödənilməsini tələb edir. İddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatdan və işin materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçının Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Eyni Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Göstərilən Qanunun 8.1.20-ci maddəsinə əsasən X4 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli Qərarına əsasən, X4 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 01 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X2 2016-cı il 16 sentyabr tarixli qərar ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir. «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Göründüyü kimi, bankla əmanətçi arasında illik 12% dərəcəsi nəzərdə tutulan əmanətin tam sığortalanması ilə əlaqədar müqavilə bağlanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının 2015-ci il tarixdə Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Məhkəmə iddia tələbinin “08 may 2017-ci il tarixdən 07 may 2019-cu il tarixinədək olan dövr üçün illik 7% (yeddi faiz) dərəcəsi ilə hesablanmış 1 342 ABŞ dolları və 08 may 2019-cu il tarixdən 19 mart 2021-ci il tarixindək olan dövr üçün illik 4,25% dərəcəsi ilə hesablanmış 787 ABŞ dolları məbləğində faizlərin, cəmi 12.129 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının banka qoyduğu əmanət üzrə məbləğ 17702,10 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının banka qoyduğu 10.000 ABŞ dolları əmanətə hesablanmalı olan məbləğ 413 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 08.05.2015-ci il tarixli, 129056/0803/02 saylı bank əmanəti müqaviləsinə əsasən iddiaçının «xxxx» ASC -yə qoyduğu 10.000 (on min) ABŞ dolları məbləğində əmanət və ona hesablanmalı olan 413 (dörd yüz on üç) ABŞ dolları məbləğində kompensasiya məbləği olmaqla, cəmi 10.413 (on min dörd yüz on üç) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 08.05.2015-ci il tarixli, 129056/0803/02 saylı bank əmanəti müqaviləsinə əsasən iddiaçının «xxxx» ASC -yə qoyduğu 10.000 (on min) ABŞ dolları məbləğində əmanət və ona hesablanmalı olan 413 (dörd yüz on üç) ABŞ dolları məbləğində kompensasiya məbləği olmaqla, cəmi 10.413 (on min dörd yüz on üç) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar