Məhkəmə qərarları › İş №2(006)-1967/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1967/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1967/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı AAA-nın nümayəndəsi X1 və cavabdeh BBB-nİn nümayəndəsi X2 iştirakları ilə İddiaçı AAA-nın cavabdeh BBB-yə qarşı "pulun tutulması və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı AAA cavabdeh BBB-yə qarşı "pulun tutulması və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə “xxxx” ASCyə on min manat pul vəsaitini depozit hesaba yerləşdirmişdir. İddiaçı əmanəti müqavilə bağlayarkən sığortalı əmanətə qoymuşdur. Lakin, iddiaçı 2020-ci ilin may ayında kütləvi informasiya vasitəsi ilə (bankdan yox) məlumat aldı ki, “xxxx” ASC “bağlanılıb”. Sonra öyrəndi ki, (yenə KİV-dən) xx.xx.2020-ci il tarixi sığorta hadisəsi kimi qeydə alınıb. İddiaçı Bankın əlaqə nömrələrinə zəng vurdu, lakin heç bir cavab ala bilməmişdir. İddiaçı BBB-yə müraciət etdi (ora getdi). BBBnun yanında çoxlu insanlar var idi. İddiaçı bir neçə saat gözləyərək məlumat aldı ki, harada onun əmanətini qaytaracaqlar. Həmçinin, iddiaçı məlumat verir ki, sığorta fondunun işçiləri vətəndaşlarla çox kobud rəftar edirdi və çox məlumatdan xəbərsiz idilər. Axırda bilindi ki, iddiaçının əmanətini “xxxx” ASC vasitəsi ilə qaytaracaqlar. İddiaçı “xxxx” ASC-nin filialına yaxınlaşmışdır. Ona bildirdilər ki, bütün onlara təqdim etdiyi sənədlərdən başqa, əsas “xxxx” ASC-dən çıxarış almalıdır. İddiaçı “xxxx” ASC-nin baş ofisinə yollandı və oradan çıxarış aldı. Çıxarışdan görünür ki, iddiaçıya əmanətin tam məbləği verilməlidir (yəni 10000 manat). Çıxarışı və bütün sənədləri toplayaraq iddiaçı yenə “xxxx” ASC-yə yaxınlaşdı və bütün ağlasığmaz hadisələr də bundan sonra baş verdi. Tam məbləğ çıxarışda göstərilib və sığortalanıb (yəni 10000 manat), “xxxx” ASC isə iddiaçıya cəmi 7360 manat məbləğ qaytardı. İddiaçı buna etirazını bildirdi, yalnız onlar da təəcüblənərək bildirdilər ki, hesablamanın hamısını BBB aparıb və araşdırmaq üçün Fonda müraciət etməyi tövsiyə etdilər. İddiaçı yenə Fonda getdi. Yenə saatlarla gözlədikdən sonra şikayəti ilə bağlı onu ümumi şöbəyə yönəltdilər. Yalnız ümumi şöbənin cavan, peşəkarsız işçiləri onun etirazına cavab verə bilmədilər. İddiaçı tələb etdi ki, BBBnun məsul işçisi və ya sədri ona cavab versin. Lakin, iddiaçıya heç kim sübutlu, qanuni cavab verə bilmədi və o, ərizə ilə onlara yazılı müraciət etdi. İddiaçı BBB-dən xahiş etdi ki, onun ərizəsinə heç olmasa bir həftə ərzində cavab yazsınlar. Yalnız, bir ay keçdi ona cavab vermədilər. İddiaçı ikinci dəfə yazılı surətdə (məktub ilə) Fonda müraciət etdi. Yenə bir ay keçdi, ona cavab vermədilər. İddiaçı Fondun əlaqə nömrələrinə müraciət edəndə telefonu ya götürmürdülər ya da məsul şəxsin olmadığını bildirirdilər. İddiaçı üç dəfə yazılı surətdə Fonda müraciət etdi və indiyə qədər ona cavab verməyiblər. Bu, onu göstərir ki, BBB iddiaçının əmanətinin bir hissəsini mənimsəmişdir. Sığorta hadisəsi baş verəndə, yəni xx.xx.2020-ci ildə müddəti qurtarmamış əmanətin müddəti başa çatmış hesab olunur. Bu iddiaçının “xxxx” ASC ilə müqaviləsində (5-ci bəndində) əks olunub. Yəni iddiaçının əmanəti tam sığortalanıb, bir hissəsi yox və iddiaçı “xxxx” ASC-dən kredit götürməmişdir, onlara borcu yoxdur. Bu bankın verdiyi çıxarışda özünü əks etdirir. Qanunda da göstərilir ki, (sığorta haqqında qanunu - maddə 2.1.1) “Əmanət hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vasitələridir”. İddiaçı “xxxx” ASC-yə yenə müraciət edəndə, onlar onun dediyini düz hesab edirdilər. Sadəcə, BBBnun hesablanmasına heç bir təsir edə bimədiklərini göstərdilər. Həmçinin, iddiaçı bildirir ki, BBB onun əmanətinin bir hissəsini mənimsəyərək Konstitusiyanın 57-ci maddəsini də pozmuşdur. Yəni, iddiaçının üç dəfə müraciətinə cavab verilməyib. İddiaçı BBB-yə görə vaxt itirmişdir, stres keçirmişdir və s. Göstərilənlərə əsasən iddiaçının üç dəfə hüququnu pozaraq BBBnda heç bir müraciətinə cavab verilməməsinə görə, vaxını itirməyə görə, depressiyaya düşməyinə görə 1500 (min beş yüz) manatın, iddiaçının əmanətinin ümumi məbləğindən 2640 manat mənimsənildiyi məbləğin və ödədiyi 30 manat dövlət rüsumunun BBB-dən tutularaq iddiaçı AAA-na ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı AAA-nın nümayəndəsi X3 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh BBBnun nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” ASC ilə əmanətçi AAA arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 00/SDM2020/0243 nömrəli “Sığortalı” bank əmanəti müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş 10000 manat pul məbləğini (əmanəti) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 2.2-ci maddəsinə əsasən əmanət xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, 36 ay müddətinə, illik 9 (doqquz) faizlə qoyulmuşdur. “xxxx” ASC ilə əmanətçi AAA arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 00/SDM2020/0243 nömrəli “Sığortalı” bank əmanəti müqaviləsinə xx.xx.2020-ci il tarixli 1 saylı Əlavədən görünür ki, əmanətçi AAA-nın adına olan əmanətə görə yatırımları nəzərə almadan əmanətin müddətindən asılı olmayaraq 1-ci il müddətinin əvvəlində birdəfəlik illik 2 (iki) % mükafat ödənilir. xx.xx.2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, sığorta hadisəsinin baş verdiyi xx.xx.2020-ci il tarixə iddiaçının əmanət hesabında 10000 (on min) manat qalıq pul (depozit) olmuşdur. xx.xx.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, bank tərəfindən əmanətçiyə müqavilə müddətinin əvvəlində 3 illik faiz məbləği olan 2700 manat və birdəfəlik mükafat olaraq 200 manat ödəniş verilmişdir. Həmin hesabdan çıxarışdan görünür ki, BBB tərəfindən AAA-na sığorta hadisəsi ilə bağlı 7340 manat kompensasiya ödənişi verilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, “xxxx” ASC ilə AAA arasında xx.xx.2020-ci il tarixdə bank əmanəti müqaviləsi bağlanmış, iddiaçı (əmanətçi) 10000 manat əmanət məbləğini Banka illik 9% ödənilməsi şərti ilə 36 ay müddətinə depozitə qoymuş, bank əmanətçiyə müqavilə müddətinin əvvəlində 3 illik faiz məbləği olan 2700 manat və birdəfəlik mükafat olaraq 200 manat ödəniş vermişdir. Sonradan “xxxx” ASC müflis elan olunmuş, sığorta hadisəsi baş vermiş, BBB sığorta hadisəsi ilə bağlı, əmanətçiyə əvvəlcədən ödənilmiş faiz və mükafat məbləğini əmanətdən çıxmaqla 7340 manat kompensasiya ödənişi vermişdir. Hazırda iddiaçı (əmanətçi) banka qoyduğu əmanətin tam qaytarılmasını cavabdehdən tələb edir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçının Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 944.1ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Mülki Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə BBB tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Eyni Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Göstərilən Qanunun 8.1.20-ci maddəsinə əsasən X5 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Qeyd olunan Qanunun 27.2-ci maddəsinə əsasən əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, kompensasiya bu qanunun 26.1-ci maddəsində göstərilən məbləğdən artıq olmasın. Qeyd olunan Qanunun 27.10-cu maddəsinə əsasən kompensasiya ödənilməsi haqqında elanın ilk dəfə dərc olunduğu günə müddəti qurtarmamış əmanətlərin müddəti başa çatmış hesab olunur. BBBnun Himayəçilik Şurasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən etdiyi illik faiz dərəcəsi milli valyutada qorunan əmanətlər üzrə 10%, xarici valyutada qorunan əmanətlər üzrə 2,5% müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair x xxxxxxxx 2018-ci il tarixli qərarında qeyd edilir ki, müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Bank əmanətçiləri cəlb etmək üçün öz təşəbbüsü ilə digər ödənişlər edə bilər. Belə ki, əmanətdən əldə edilən digər növ gəlirlər (hədiyyə, bonus) bankın əmanət siyasətinin bir formasıdır. Bu baxımdan əmanətçi (müştəri) tam sərbəst şəkildə əlavə gəlir əldə etmək məqsədi ilə bankla əlavə müqavilə bağlamaq hüququna malikdir. Bank ilə əmanətçilər (müştərilər) arasında bağlanılan 2 faiz bonus (mükafat) müqavilələri mülki qanunvericiliyin əsas prinsiplərindən biri olan müqavilə azadlığı prinsipinə əsaslanmışdır. Belə olan halda məhkəmə qeyd edir ki, əmanətçiyə müqavilə müddətinin əvvəlinə faiz və mükafat məbləğinin ödənilməsi bankın əmanət siyasətinin bir forması olduğundan, həmin məbləğlər mövcud əmanətə hesablanmış kompensasiyadan çıxılmamalıdır. Beləliklə məhkəmə hesab edir ki, sığorta hadisəsi baş verdiyi üçün iddiaçının əmanətinin müddəti başa çatmış hesab olunur. Sığorta hadisəsinin baş verdiyi gün iddiaçının bank hesabında 10000 manat əmanəti olduğundan, iddiaçıya (əmanətçiyə) sığorta hadisəsi ilə bağlı olaraq kompensasiya kimi əmanəti tam olaraq geri qaytarılmalıdır. Lakin Fond tərəfindən iddiaçıya əmanətdən 2640 manat müqavilə müddətinin əvvəlinə ödənilmiş faiz və mükafat məbləği çıxılmaqla kompensasiya ödənilmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilməli və iddiaçıya əlavə olaraq 2640 manat sığorta ödənişi verilməlidir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx xxxxxx 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, yuxarıda qeyd olunan Plenum qərarlarının müddəalarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Odur ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin olunduğundan, məhkəmə xərcləri də (iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilən dövlət rüsumu) həmin nisbətdə tərəflərə aid edilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh BBB-dən 2640 (iki min altı yüz qırx) manat kompensasiya və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manatın 20 (iyirmi) manatı iddiaçı AAA-na ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia tələbi qismən təmin edilsin. Cavabdeh BBB-dən 2640 (iki min altı yüz qırx) manat kompensasiya və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2660 (iki min altı yüz altmış) manat pul tutularaq iddiaçı AAA-na ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar