Məhkəmə qərarları › İş №2(006)-197/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-197/2022

18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-197/2022 18.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 yanvar 2008-ci il tarixli 401 №-li kredit müqaviləsi üzrə cəmi 10.698 manat, bundan 5.089,52 manat əsas, 2.527,79 manat faiz, kredit müqaviləsi bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış 3080,69 manat faiz borcu, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 30 yanvar 2008-ci il tarixli, 401 saylı kredit müqaviləsinə əsasən borcluya 12 ay müddətinə, illik 30 faiz dərəcəsi ilə 5.090 manat məbləğində gündəlik tələbatlarının ödənilməsi məqsədilə kredit verilmişdir. Bank tərəfindən bağlanmış müqaviləyə əsasən üzərinə düşən öhdəliklər tam yerinə yetirilsə də, cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi, habelə 21.12.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmiş, nəticədə Cavabdeh kredit müqaviləsi üzrə 5.089,52 manat əsas, 2.527,79 manat faiz, kredit müqaviləsi bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış 3.080,69 manat faiz borcu olmaqla, cəmi 10.698 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 yuxarda qeyd edilən məzmunda izahat verərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçı iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etdiyindən iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən kredit üzrə borcun tutulması müqaviləsinə görə iştirakçılardan biri (kredit üzrə borcun tutulması verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (kredit üzrə borcun tutulması alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (kredit üzrə borcun tutulması alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində kredit üzrə borcun tutulması verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 30.01.2008-ci il tarixli, 401 saylı “Təminatsız kredit müqaviləsi”nə əsasən borc verən (iddiaçı) borc alana (Cavabdeh) 12 ay müddətinə illik 30 faizlə 5.090 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüş, borc alan isə krediti qəbul etməyi, verildiyi gündən etibarən 12 ay ərzində qaytarmağı, kredit üzrə hesablanmış faizləri ödəyəcəyini öhdəsinə götürmüşdür. "xxxx" ASC tərəfindən təqdim edilmiş 22.12.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" ASC-yə 30.01.2008-ci il tarixli, 401 saylı “Təminatsız kredit müqaviləsi”nə əsasən əsas borc üzrə 5.089 manat, faiz borcu üzrə 2.527 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu üzrə 3.080 manat olmaqla, ümumilikdə isə 10.698 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1536 №-li, 27 dekabr 2021-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, "xxxx" ASC-nin 10 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 30.01.2008-ci il tarixli, 401 saylı “Təminatsız kredit müqaviləsi”ndə “Borc alan” qrafalarındakı imzalar – ehtimal ki, Cavabdeh tərəfindən icra olunmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəyə əsasən onun iş üzrə iddia müddətinin edilməsini, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyi müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin kredit müqaviləsi 12 ay müddətinə bağlanmış, müqaviləyə əsasən icra müddətinin sonu 30.01.2009-cu il tarixi kimi müəyyən edilmişdir. Məhkəmənin yuxarıda qeyd olunanlara əsasən gəldiyi qənaətə görə iddiaçı icra müddəti bitdikdən sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Cavabdeh tərəfindən təqdim edilmiş ərizəyə əsasən isə məhkəmədən iddia müddətinin tətbiqi edilməsi xahiş edilmişdir. Mülki Məcəllənin 372.1, 372.2, 373.2, 377.2 və 375.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir: “...iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.”. Azərbacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun digər qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən zidiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci istansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə MM-nin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. MM-nin 373.2-ci və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və müqavilə öhdəliyini pozmuşdur. Lakin iddia müddəti keçdiyindən və tərəf iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən iddia rədd olunmalıdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə icra müddəti 30.01.2009-cu il tarixdə bitir və iddiaçı icra müddəti bitdikdən 13 il sonra iddia verməklə iddia müddətini ötürmüşdür. Həmçinin iddia müddətinin axımının kəsilməsinə əsas verən halların mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar