Məhkəmə qərarları › İş №2(006)-1976/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1976/2023

23.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1976/2023 23.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızları xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ay 220 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Nuşiravan oğlu ilə xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Cavabdehlə xx.xx.2007-ci il tarixdən xx.xx.2022-ci il tarixədək birgə təsərrüfat aparmışdır. Ailədə baş vermiş söz-söhbətlər məhkəmə mübahisəsinə gətirib çıxarmışdır. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü qızları X2 doğulmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-4427/2022 saylı qətnaməsinə əsasən nikahları rəsmi olaraq pozulmuşdur. Cavabdeh ilə ayrılandan sonra qızları onun himayəsindədir. O, maddi cəhətdən çətinlik çəkir, cababdeh ona yardım göstərmir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət olunmuşdur. Həmin vaxtdan onun maddi vəziyyəti pisləşmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia ərizəsini əsassız olduğu üçün qəbul etmir. Belə ki, o, vərəm xəstəliyindən əziyyət çəkir. Həmçinin ikinci qrup daimi əlildir. Bundan başqa ağır şəkər xəstəsidir. Heç bir yerdən gəliri yoxdur. Əlavə olaraq onu da qeyd edir ki, yenidən ailə qurmuşdur və yaxın zamanda övladı dünyaya gələcəkdir. Məhkəməyə sağlamlıq durumu ilə bağlı bütün sənədləri təqdim etmişdir. Yuxarıda qeyd etdiyi kimi, əvvəllər işləmişdir, lakin hal-hazırda işdən çıxmışdır. Xəstəxanada qeydiyyatdadır. 220 manat pensiya alır. İddiaçıya 193 manat aliment ödəyir. İddiaçının iki mənzili var. İddiaçı bir mənzilində yaşayır və digər mənzilini isə kirayəyə verir. Xəstəliyi ilə bağlı heç bir yerdə işləyə bilmir və başqa gəliri yoxdur. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)- 4427/2022 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və s.» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Nəsimi rayon VVADQ şöbəsində 183 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2013-cü il təvəllüdlü X1 anası İddiaçı yanında qalması müəyyən edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin 1 övladlarının olması, uşağın iddiaçının yanında qalması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Bakı 18 saylı Mediasiya Təşkilatının 18 mart 2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2023-cü il tarixdə saat 13.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etsələr də, prosesin davam etdirilməsi mümkün olmamışdır. Təqdim olunmuş tibbi sənədlərdən göründüyü kimi, cavabdeh İİ qrup əlildir, vərəm və şəkər xəstəliyindən əziyyət çəkir, 220 manat təqaüd alır. Cavabdeh sağlamlıq durumu ilə bağlı əmək fəaliyyəti ilə məşğul ola, işləyə bilmir. Cavabdehin adına qüvvədə olan əmək müqaviləsi yoxdur. 4 saylı Bakı DOST Mərkəzinin bu barədə arayışı iş materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)-4427/2022 saylı qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması üçün əsaslar mövcud deyil. Cavabdehin maddi durumu hər ay ondan tutulan aliment miqdarının artırılmasına imkan vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiası təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar