Məhkəmə qərarları › İş №2(006)-1983/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1983/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1983/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ilin avqust ayında X17in adına əmanət bank 053 nömrəli filialının 010 nömrəli şöbəsində H-1 nömrəli hesabına məqsədli uşaq əmanətinə 50000 manat milli pul qoymuşdur. Əmanətin mədaxil orderini iddiaçı 50000 manat rəqəminin qarşısında manat yazdığı zaman iddiaçıdan pulu qəbul edən bankın işçisi 50000 rəqəminin qarşısında «publ» sözünü tyazmasını demiş və iddiaçı «rubl» yazmağa məcbur olmuşdur. Manatla ifadə etdiyi orderi bank işçisi «rubl» eləmişdir. İddiaçıya demişdir ki, bankın müdiriyyəti onlara tapşırıb ki, qəbul etdikləri əmanətlərin qarşısında «rubl» yazmaqla qəbul edin. Beləliklə, müqavilələr belə olmuşdur ki, əgər iddiaçı bu əmanəti 2003-cü ilə kimi bankdan çıxarsa həmin əmanət hər il üçün 200% artmaqla 2003-cü ildə ödəniləcək. 50000 hər il üçün 200% hesablanmaqla ödəniləcəkdir. Daha sonra 2003-cü ildə iddiaçı əmanətini tələb etdikdə bank işçiləri bir daha təsdiq etmişlər ki, əmanətləri rubla qəbul etməsi onlara tapşırmışlar. Deməli qoyduğu əmanətlərin mənimsənilməsi üçün birindi addam idi. 2003-cü ildə iddiaçı əmanətini tələb etdikdə ona demişlər ki, onun əmanətin öz dəyərini itirmiş və iddiaçı 12 manat almalıdır və bu əmanəti iddiaçya verə bilməzlər. Ona görə ki, pulun buraxılması üçün Preziddentin Xüsusi Sərəncamı olmalıdır. Lakin iddiaçı əmanəti banka qoyarkən müqaviləsində Prezidentin Sərəncamı olsa «sizə əmanətin verməyəcəyik» ifadəsi olmamışdır. Beləliklə, iddiaçı əmanətini 2003-cü ildən sonra ala bilməmişdir. Bu barədə Respublikasının bütün səlahiyyətli orqanlarına müraciət etmişdir. İddiaçının əmanətinin hesablanması aşağıdakı kimi olmalıdır. 11.12.1993-cü il 58 nömrəli Respublika Prezidentinin Fərmanına əsasən hər 10 publ 1 AZN manatına qiymətləndirilərsə, iddiaçının 50.000 rublun 5000 və 1994-cü il üçün 5000 manata bərabər olur. 1994-cü il = 5000 1995-ci il = 5000 x 200%=10000 1996-cı il = 10000 x 200% = 20000 1997-ci il = 20000 x 200% = 40000 1998-ci il = 40000 x 200% = 80000 1999-cu il = 80000 x 200% = 160000 2000-ci il = 160000 x 200% = 320000 2001-ci il = 320000 x 200% = 640000 2002-ci il = 640000 x 200% = 1280000 2003-cü il = ******* x 200% = ******* (iki milyon beş yüz altmış min) manat ödənilməlidir. Cavabdeh bağladıqları müqaviləyə 1993-cü ildə 80 faiz, 1994-cü ildə 200% hesablamaqla iddiaçı ilə bankın arasında müqaviləni bank birtərəfli qaydada pozmuş, müqaviləni pozarkən müqavilənin bağlanması və pozulması qaydalarına əməl etməmiş, iddiaçıya məlumat verməmiş və nəticədə iddiaçının əmanətin bank tərəfindən məqsədli formada mənimsənilmişdir. İddiaçı ilə bank arasında bağlanmış müqaviləyə görə ona 2003-cü ildə iki milyon beş yüz altmış min manat ödənilməli idi. Lakin hər hnsı səbəb olursa olsun bank iddiaçıya məlumat verməli olsaydı ki, 1995-ci ildə onun bank arasında müqavilə pozuluq, iddiaçı həmin ildə qoyduğu pulu alardı və iddiaçıya o qədər ziyan dəyməzdi. Məlumat vermədən müqavilənin pozulması və iddiaçıya vurulan ziyan üçün bank günahkardır. İddiaçı 1992-ci ilin fevral ayında əmək-əmanət kitabçasına 1100 publ bankın 349 nömrəli filialın 10 nömrəli şöbəsinin 805 nömrəli hesaba 1100 rubl pul qoymuşdur. Bu pulun üstünə aylıq əmək haqqından əlavə etməklə 08 yanvar 1993-cü il tarixədək 24476 pul qoymuşdur. Respublika Prezidentinin Fərmanına əsasən bu pulun 7030 publ iddiaçıya bu vaxta kimi qaytarılması idi. Halbuki, 24476 manat tam məbləğdə iddiaçıya ona verilə bildiyi halda heç 7030 rublu da ona ödəməkdən Cavabdeh imtina etmişdir. Bu da onu göstərir ki, həqiqətən də onunla bank qərəzlidir. Ona görə də iddiaçı haqqını tələb edir. Bir daha demək olar ki, bank iddiaçının əmanətlərini ona vermək istəsəydi, onlar iddiaçıya məcbur surətdə bildiriş göndərib, pulu almasına israrlı olardılar. İddiaçı əmanətini 2003-cü ildə almalı olduğuna görə 2005-ci ilin bank əmanətləri ona aid ola bilməz. Göründüyü kimi, iddiaçının cavabdehdən ziyan tələbi əsaslıdır. Ona görə ki, iddiaçı banka pul qoymuşdur. Pulun geri qaytarılma vaxtında ona qaytarılmamış, denominasiya nəticəsində həmin pullar qəpik quruş olmuş, iddiaçı bu barədə 2003-cü ildən müraciət etdiyi orqan yoxdur. Lakin bunun heç bir nəticəsi olmamışdır. Oğlu X1 torpaqların işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə 28.09.2020-ci ildə şəhid olmuşdur. Quba Regional ASAN xidmət mərkəzinin notariat kontorunda vərəsəlik işi açılmış notariat kontorunun verdiyi məktuba əsas iddiaçı da oğlunun vərəsələri sırasına daxildir. Göstərilənlərə əsasən 1992-ci ilin fevral ayında X14 rayon şöbəsinin Alpan filialına öz adına qoyduğu 1100 (min yüz) rus rublunun və 1993-cü ildə X14 rayon şöbəsinin Alpan filialına X4nun adından birdəfəlik uşaq əmanəti üzrə qoyduğu 50.000 (əlli min) manat məbləğində pulun qaytarılması, həmin pulların vaxtında Azərbaycan Respublikasında denominasiya getməmişdən əvvəlki hesabla 200% hesablanmaqla geri qaytarılması, həmin pulların vaxtında geri qaytarılmadığı üçün bank uçot dərəcəsinin hesablanaraq qaytarılacaq pulların üzərinə əlavə olunması, 2003-cü ildən bu vaxta kimi ona və oğluna məxsus pul vaxtında geri qaytarılmadığı üçün dəymiş mənəvi və maddi ziyan olaraq 50.000 (əlli min) manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X9 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X6 iddianı qəbul etməyərək, iddia ərizəsinə qarşı yazılı etiraz ərizəsini təqdim etmiş və iş üzrə izahat verərək göstərmişdir ki, İddiaçı iddia edir ki, 17.08.1993-cü il tarixdə əmanət bankına 053 nömrəli filialın 010 nömrəli şöbəsinə H-1 nömrəli hesaba uşaq əmanəti üzrə 50000 manat pul qoymuş, lakin bank əməkdaşı ondan 50000 rəqəminin qarşısına manat yox, rubl yazmasını tələb etmiş və bundan sonra o, rubl yazmışdır. İddiaçının əmanəti manatla qoyması barədə iddiası tam əsassızdır.1.İddiaçının sübut etdiyi kimi məhkəməyə təqdim etdiyi AR Milli Bankın 30.12.2008-ci il tarixli, 06/15-2739 saylı məktubundan da məlum olur ki, əmanətin valyutası manat yox, rublolmuşdur. 2. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində mədaxil orderinə rubl yazdığını könüllü olaraq etiraf etmişdir. Bu hal bir daha əmanətin həqiqətən də rublla qoyulmasını təsdiq edir. İddiaçı iddia ərizəsində qeyd etsə də, bank əməliyyatçısının hərəkətləri barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. İddianın bu hissəsi heç bir sübutla təsdiq etmədiyi üçün tam əsassız hesab edilməlidir. Belə ki, qanunun tələbinə əsasən iddiaçı öz iddiasını sübut etmək vəzifəsi daşıyır. 3. Əmanətin qoyulduğu tarixdə (17.08.1993) manatın rubula nisbəti 1:10 olmuşdur. Belə olan halda 50000 manat pul vəsaitinin rubulla qəbul edilməsi qoyulmuş əmanətin dəyərinin 10 dəfə azalmasına (5000 manat dəyərinə düşməsi) səbbə olur. Qoyulan vəsaitin həmin andaca 10 dəfə dəyər itirməsini isə hnç bir əmanətçi qəbul etməz. Bu da əmanətin həqiqətən də rublla qoyulmasını bir daha təsdiq edir. İddiaçı ərizəsində özünəməxsus, hüquqi əsası olmayan hesablama qaydasında istifadə edərək on il müddətində əmanətə iki yüz faiz hesablamışdır. Halbuki, Milli Bankın məktubunda faiz məbləğlərinin illər üzrə dəyişməsi əks olunmuşdur. Cavabdeh iddiaçının hesablanmasının heç bir hüquqi əsası olmadığını qeyd edərək öz arqumentlərinin xülasəsini aşağıdakı kimi təqdim edir: 1.İddiaçının Banka qoyduğu əmanətlər Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında pul islahatlarına dair Fərmanlarına uyğun hesablanmalıdır.

2. 15.08.1992-ci ildən etibarən Azərbaycan Respublikasının milli valyutası – manat dövriyyəyə buraxılmışdır. Rubbla yanaşı manat öz nominal dəyəri ilə Azərbaycan Respublikasının ərazisində bütün hesablaşmalarda bərabərhüquqlu tədiyyə vasitəsi kimi müəyyən edilmişdir. Yəni dövriyyədə həm rubl, həm də manat olmuşdur. Həmin vaxtdan etibarın bütün hesablaşmalarda 1(köhnə) manat 10 rubl nisbətində müəyyən edilmişdir. 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikasında milli valyutanın – manatın denominasiyası həyata keçirilmişdir və nəticədə 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur.

3. Bank iddiaçının hesabında olan əmanət məbləğini müvafiq fərmanlara nəzərən tam həcmdə ödəməyi təklif etmiş, lakin iddiaçı öz növbəsində vəsaiti qəbul etməkdən imtina etmiş və əsassız iddia qaldırmaqla bu təklifi rədd etmişdir. Qanunveriliciyin tələbi üzrə bu tip əmanətlər üzrə hər hansı bir hesablamada həyata keçirilərkən yuxarıdakı Fərmanların tələblərinə riayət olunmalıdır. Bu Milli Bank tərəfindən göndərilmiş məktubda da öz əksini tapmışdır. Beləliklə, məktubda qeyd edilmişdir ki, X5 adına 17.08.1993-cü il tarixdə açılmış «məqsədli uşaq» əmanəti üzrə hesabında həmin tarixə 13,56 manat vəsaiti vardır. Bundan əlavə Bank iddiaçının müraciətlərinə cavab olaraq bildirmişdir ki, o, istənilən vaxt pul islahatlarını nəzərə almaqla və müvafiq təsdiqedici sənədləri təqdim etməklə əmanət qalığını bankdan təhvil ala bilər. Lakin iddiaçı bu günədək əmanət qalığını götürməkdən imtina etmişdir. Göründüyü kimi, Bank iddiaçının hesabında olan əmanət məbləğini müvafiq fərmanlara nəzərən tam həcmdə ödəməyi təklif etmiş, lakin iddiaçı öz növbəsində əsassız iddia qaldırmaqla bu təklifi rədd etmişdir. İddiaçı tərəfindən əmanətə qoyulmuş vəsaitin qaytarılmamasının və dəyərdən düşməsinin təqsirkarı Bank deyildir. Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra keçmiş Sovet İttifaqından miras qalmış problemlərdən biri ötən əsrin doxsanıncı illərinin əvvəllərində keçmiş SSRİ məkanında yaşanan iqtisadi və siyası böhran, milli zəmnində törədilmiş iğtişaşlar, İttifaq tərkibində olan respublikaların ayrılması nəticəsində uzun illər ərzində formalaşmış təsərrüfat əlaqələrinin pozulması və bir ictimaiiqtisadi inkişaf modelindən digərinə keçilməsi ilə əlaqədar baş vermiş yüksək inflyasiya səbəbindən Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətlərinin kəskin şəkildə ucuzlaşması olmuşdur. Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında saxlanılmış bank əmanətləri ötən dövrlərdə Azərbaycan dövləti tərəfindən bir neçə dəfə indeksləşdirilmiş və onlara görə kompensasiyalar verilmiş (1993-1997-ci illərdə) əmanətçilərin bir qismi qeyd olunan kompensasiyanı almış, böyük bir hissəsi əmanətləri və onlara görə verilən kompensasiyaları almaq hüquqlarından istifadə etməmiş və keçən müddət ərzində həmin əmanətlərin dəyəri xeyli azalmışdır. İddia ərizəsinin «maddi və mənəvi zərərə görə 50000 manat pulun ödənilməsi» hissəsi ilə bağlı qeyd edirlər ki, məhkəməyə iddiaçının cavabdehin təqsirli hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini sübuta yetirən hər hansı sənəd təqdim edilmədiyindən, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar kifayət qədər mötəbər, ardıcıl və inandırıcı olmadığından onun tərəfindən irəli sürülmüş iddia təmin edilə bilməz. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanuna zidd hərəkətləri nəticəsində həqiqətən də iddiaçıya maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etəmişdir. Bank bir daha əmanət qalıq məbləğini pul islahatları qaydalarına uyğun olaraq götürməyi iddiaçıya təklif edir. İddiaçı qalıq məbləği müvafiq təsdiqedici sənədləri təqdim etməklə istənilən vaxt Bankdan təhvil ala bilər. Bu səbəbdən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə iddiaçı tərəfindən təqdim edilmiş əmanət kitabçasından görünür ki, X5 adına «məqsədli uşaq» əmanəti üzrə H-1 saylı hesabda 17.08.1993-cü ildə 50000 rubl vəsait yerləşdirilmişdir. İş üzrə Cavabdeh ASC-nin Quba rayon filialı tərəfindən İddiaçı ünvanlanmış 15.03.2005-ci il tarixli məktubun kserosurətindən görünür ki, X12 Alpan filialı tərəfindən 17.02.1992-ci ildə və 17.08.1993-cü ildə İddiaçı tərəfindən əmanətə qoyulmuş 400 rubl məbləğində sertifikatın və 50.000 rus rublun qəbulu zamanı heç bir qanun pozuntusuna yol verilməmiş, əmanətə qoyulan pullar qanuna müvafiq surətdə rəsmiləşdirilmişdir. İddiaçı sorğu etmişdir ki, 17.02.1992-ci ildə əmanətə qoyulmuş 400 rubl sertifikatın dəyəri hazırda hansı miqdarda ödənilməlidir. Bildirirlər ki, hazırda bu pulların ödənişi saxlanılmışdır və onların hansı miqdarda ödəniləcəyi barədə İddiaçı heç bir məlumat verə bilmərlər. Məktubunda 17.08.1993-cü ildə əmanətə qoyduğu 50.000 rublun əvəzində İddiaçı nə qədər pul ödəniləcəyi ilə bağlı sorğusuna əsasən bildirilər ki, hazırda İddiaçı əmanətinin məbləği ötən illərdə hesablanmış faizlərlə birlikdə 62.000 manatdır. İstədiyi vaxt bu pula ala bilər. Daha bir məsələ barədə məlumat vermək istəyirlər. O dövrlərdə qoyulmuş əmanətlərin qaytarılması ilə bağlı hazırda höküməti müvafiq işlər aparır. Qanunverici orqanlarda bu məsələlər vaxtaşırı olaraq müzakirə edilir. Əmanətlərin ödənilməsi ilə bağlı hər hansı qərar qəbul edilərsə bütün vətəndaşları kimi bu İddiaçı da şamil ediləcəkdir. İş üzrə Azərbaycan Respublikası Milli Bankı tərəfindən İddiaçı ünvanlanmış 30.12.2008-ci il tarixli məktubundan görünür ki, 17.08.1993-cü ildə X8 adına keçmiş Azərbaycan Səhmdar Kommersiya Əmanət Bankının 053 №-li Quba rayon şöbəsinin Alpan kəndində yerləşən 010 №-li filialında «Məqsədli uşaq» əmanət növü üzrə H-1 №-li hesab açılmışdır. Həmin dövrdə qüvvədə olan «Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun «Əhalinin əmanət qoyuluşları» adlanan 20-ci maddəsinin 2-ci maddəsinin 2-ci bəndinə əsasən əmanətlər üzrə faiz dərəcələri və digər şərtlər bankların özləri tərəfindən müəyyən edilirdi. Belə ki, əmanətlərə tətbiq olunan faiz dərəcələri, makroiqtisadi vəziyyət, mərkəzləşdirilmiş kredit resurslarının uçot dərəcəsi, həmçinin inflayasiya səviyyəsi nəzərə alınmaqla 4%-dən 200%-ə qədər yüksəldilmişdir. Beləliklə, 17.08.1993-cü il tarixdə «məqsədli uşaq» əmanət növü üzrə illik faiz dərəcəsi 80% olmuş, 01.01.1994 – 01.10.1995-ci il tarixlərində 200%-ə qədər yüksəlmişdir. Lakin sonradan ölkədə maliyyə sabitliyinin bərpa edilməsi və maliyyə bazarında faiz dərəcələrinin aşağı düşməsi ilə əlaqədar əmanətlərə tətbiq olunan faiz dərəcələri da aşağı salınmışdır. Bununla əlaqədar İddiaçı hesabı üzrə əmanətə aşağıdakı faiz dərəcələri tətbiq olunmuşdur: - 17.08.1993 - 31.12.1993-cü il – 80% - 01.01.1994 – 30.09.1995-ci il - 200% - 01.10.1995 – 30.03.1996-cı il – 100% - 01.04.1996 – 14.07.1996-cı il – 50% - 15.07.1996 – 31.12.1996-cı il – 25% - 01.01.1997 – 30.04.1997-ci il – 15% - 01.05.1997 – 31.05.1997-ci il - 12% - 01.06.1997 – 30.06.2000-ci il – 10% - 01.07.2000 – 17.08.2003-cü il – 8% Qeyd olunanları, eləcə də Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı əsasında 01.01.2006-cı il tarixdən etibarən manatın 5000 : 1 nisbətində denominasiya olunması da nəzərə alınaraq, A.Məlikovun adına olan əmanət hesabı üzrə bu günə olan əmanət qalığı 13 manat 56 qəpik (AZN) təşkil edir. Onu da nəzərinə çatdırırlar ki, A.Məlikovun adına açılan «məqsədli uşaq» əmanət növü üzrə hesabın bağlanma tarixi 17.008.2003-cü il tarixi müəyyən edilmişdir. Sözügedən hesab bu tarixdə bağlanmadığı üçün Qaydalarla nəzərdə tutulmuş şəkildə hesab bağlananadək əmanət qalığına illik 2% olmaqla faiz hesablanacaqdır. Əmanət hesabının valyuta növünə gəldikdə isə, nəzərinə çatdırırlar ki, bank əmanət hesabına 50.000 (əlli min) məbləğiində vəsaitin manatla (AZM) deyil, Rus rublu ilə qoyulduğunu bildirir. Bu məsələ ilə bağlı təsdiqedici sənəd kimi şəxsi hesabın surəti olsa da, ilkin mədaxil orderi bankın daxili sənədlərində tapılmamışdır. Bununla əlaqədar, bankın Quba filialının izahat məktubu alınmış və hadisə aktlaşdırılmışdır. Akta əsasən, İddiaçı filiala müraciət etdiyi zaman ilkin mədaxil orderi bankın mühasibatlığında olmuş və İddiaçı göstərilmişdir. İş üzrə Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış 09.04.2013-cü il tarixli məktubun kserosurətindən görünür ki, vətəndaş İddiaçı1993-cü il 17 avqust tarixdə X4nun adına (məqsədli uşaq əmanətinə) 50.000 rubl mədaxil etmişdir. Milli pula keçirməsi ilə əlaqədar olaraq 50.000 rubl 01.01.1994-cü il tarixə 5.000 manat, 2005-ci ilin sonuna isə faizlərlə birlikdə 65.504 manat olmuşdur. 2005-ci ilin sonuna bu məbləğ denominasiya nəticəsində 13.10 manat, 2006-cı ilin sonuna 0,26 qəpik faiz əlavə edildikdən sonra isə 13,36 manat olmuşdur. İstədiyi vaxt bu hesabda olan 13,36 manat məbləği ala bilərdi. Bank tərəfindən heç bir qanun pozuntusuna yol verilməmiş, əmanətə qoyulan pullar qanuna müvafiq surətdə rəsmiləşdirilmişdir. İş üzrə Cavabdeh ASC tərəfindən İddiaçı ünvanlanmış 16.12.2014-cü il tarixli məktubun kserosurətindən görünür ki, əmanətçi əmanətini pul istahatları (AR Prezidentinin 15.07.1992-ci il tarixli 48 №-li və 11.12.1993-cü il tarixli 58 №-li Fərmanlarına əsasən 01.01.1994-cü il tarixdən 10 rubl = 1 AZM; 7 fevral 2005-ci il tarixli 189 №-li Fərmana əsasən 01.01.2006-cı il trixdən 5000 AZM=1 AZN) nəzərə alınmaqla, müraciəti tarixinə olan qalığı ilə istənilən bir vaxt maneəsiz olaraq şəxsiyyətini təsdiq edən sənədi və əmanət kitabçasını təqdim etməklə Cavabdeh ASC-nin Quba rayon filialından ala bilər. İş materiallarında olan Beyləqan rayon qeydiyyat şöbəsi tərəfindən 22.10.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 28.09.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 22.10.2020-ci il tarixdə 555 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: baş beyin əzilməsi, kəllə sümüklərinin sınıqları, hərbi əməliyyat nəticəsində qəlpə zədələnmələr göstərilmişdir. İş üzrə Quba regional «ASAN xidmət» Mərkəzində notariat ofisi tərəfindən 18.12.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 17.08.1993-cü ildə uşaq əmanəti üzrə X14 rayon şöbəsinə 50.000 rubl məbləğində əmanət yerləşdirilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, 1992-ci ilin fevral ayında öz adına qoyulmuş 1100 rubl və 1993-cü ildə uşağın adına qoyulmuş 50.000 manat məbləğində əmanətin denominasiyadan əvvəlki hesabla 200% hesablanmaqla, eyni zamanda həmin pullar vaxtında qaytarılmadığı üçün bank uçot dərəcəsinə uyğun olaraq əlavə faiz hesabanmaqla geri qaytarılmasını, habelə maddi və mənəvi ziyan olaraq 50.000 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, «Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikası vətəndaşalrı olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 14.03.2012-ci il tarixli 602 saylı Fərmanına əsasən 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin Bankın hüquqi varisi «xxxx» ASC-də bu Fərman qüvvəyə mindiyi tarixə şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə, həmin hesabdakı qalıqlar nəzərə alınmaqla, bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq fərdi birdəfəlik ödəmələr verilsin. AR Prezidentinin 2012-ci il 14 mart tarixli, 602 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları»nın 1-ci bəndinə əsasən bu Qaydalar 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin bankın hüquqi varisi «xxxx» ASC-də bu Qaydaların nüvvəyə mindiyi tarix şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan Respublikası vətəndaşlarına və ya onların vərəsələrinə, həmin hesabdakı qalıqlar nəzərə alınmaqla, fərdi birdəfəlik ödəmələrin verilməsinin prinsiplərini, hallarını və şərtlərini müəyyən edir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən əmanətçi – 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Bankının Azərbaycan Respublikası Bankında əmanəti olan və bu Qaydalar qüvvəyə mindiyi tarixə Bankda əmanət qalığını saxlamış Azərbaycan Respublikası vətəndaşları və ya onların vərəsələri. Məhkəmə qeyd edir ki, AR Prezidentinin 2012-ci il 14 mart tarixli, 602 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları»na əsasən Azərbaycan Respublikası vətəndaşlarının Əmanət Banklarının filiallarına qoyduqları əmanətin qaytarılması müəyyən edilmişdir və həmin əmanətlər 01.01.1992-ci il tarixədək qoyulmuş əmanətlərə aid edilmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında» 15.07.1992-ci il tarixli 48 №-li Fərmanına əsasən:

1. 1992-ci il avqustun 15-dən Azərbaycan Respublikasının milli valyutası – manat dövriyyəyə buraxılsın.

2. Müəyyən edilsin ki, rublla yanaşı manat öz nominal dəyəri ilə Azərbaycan Respublikasının ərazisində bütün hesablaşmalarda bərabərhüquqlu tədiyə vasitəsidir.

3. bütün hesablaşmalarda 1 manat: 10 rubl nisbəti müəyyən edilsin. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında» 11.12.1993-cü il tarixli 58 №-li Fərmanına əsasən:

1. 1994-cü il yanvar ayının 1-də saat 00-dan etibarən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının Mərkəzi Bankının pul nişanı – manat yeganə ödəniş vasitəsi elan edilsin.

2. Azərbaycan Respublikası Mərkəzi Bankına tapşırılmışdır ki, 1993-cü il dekabrın 15-dən etibarən keçmiş SSRi Dövlət Bankının 1961-1992-ci illərə aid pul nişanlarının dvriyyəyə buraxılmasını dayandırsın.

3. 1993-cü il dekabr ayının 31-dək dövriyyədə olan keçmiş SSRİ Dövlət Bankının 1961- 1992-ci illərə aid pul nişanları respublika ərazisində qanuni ödəniş vasitəsi hesab edilsin və mülkiyyət formasından asılı olmayaraq bütün idarələrdə, müəssisələrdə və təşkilatlarda heç bir məhdudiyyət qoyulmadan qəbul edilsin. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında» 07.02.2005ci il tarixli Fərmanına əsasən 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikasında millik valyutanın – manatın denominasiyası həyata keçirilməsi və yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulması qərara alınmışdır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından qeyd edir ki, iddiaçının uşağın adına əmanət 17.08.1993-cü ildə qoyulduğundan, faizlər nəzərə alınmaqla hazırki əmanətin məbləği 13,56 manata bərabərdir. Məhkəmə hesab edir ki, iddiaçının 17.08.1993-cü ildə qoyduğu əmanətin dəyəri hazırki milli valyuta ilə 13,56 manata bərabər olduğundan, onun tələbi yalnız həmin həcmdə əsaslı hesab edilə bilər. Həmin məbləğin verilməsindən isə cavabdeh tərəfindən imtina edilməmişdir. Məhkəmə iddianın 1992-ci il tarixdə əmanət kimi yerləşdirdiyi 1100 rus rublunun qaytarılması ilə bağlı hissəsində qeyd edir ki, iddia tələbi bu hissədə heç bir əsasla sübuta yetirilmədiydən, iddiaçı bununla bağlı rəsmi sənəd təqdim etmədiyindən iddia tələbi bu hissədə əsassız olduğundan təmin oluna bilməz. Məhkəmə həmçinin iddianın əmanətlərin qaytarılmadığı üçün bank uçot dərəcəsinin hesablanaraq əlavə pulların qaytarılması hissəsində də iddianı əsaslı hesab etmir. Belə ki, cavabdeh tərəfindən 50.000 rus rublunun sırf bank tərəfindən qəsdən verilməməsini təsdiq edən mötəbər sübutlar təqdim edilməmiş, hətta bunun əksinə olaraq cavabdeh tərəfindən iddiaçıya 13,56 manat məbləğin ödəbilməsi təklif olunmuşdur. Bu halın özü məbləğin qəsdən verilməməsi kimi qiymət verilməməli, həmin məbləğin mübahisələndirilməsi hüququnun yaranmasına gətirib çıxarmalıdır. Məhkəmə vurulmuş maddi və mənəvi ziyan görə 50000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh təşkilatın hərəkətləri nəticəsində maddi və mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 50000 manat maddi və mənəvi ziyanın tutulması hissəsində tələb təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu qayda onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı). Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmaqla, Cavabdeh ASC-dən İddiaçı xeyrinə 17.03.1993-cü ildə bankın Quba rayon şöbəsində X4nun adına açılmış «məqsədli uşaq» əmanət növü H-1 №-li hesabı üzrə 13,56 (on üç manat, əlli altı qəpik) manat məbləğində pul vəsaiti tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin olunsun. Cavabdeh ASC-dən İddiaçı xeyrinə 17.03.1993-cü ildə bankın Quba rayon şöbəsində X4nun adına açılmış «məqsədli uşaq» əmanət növü H-1 №-li hesabı üzrə 13,56 (on üç manat, əlli altı qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar