Məhkəmə qərarları › İş №2(006)-1989/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1989/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1989/2023 06.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "borcun qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "borcun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 24 may 2022-ci il tarixində Bakı şəhəri 32 №-li notariat ofisində 3M-651 reyestr nömrəsi ilə qeyd edilmiş kredit müqaviləsi ilə ondan 2000 (iki min) manat məbləğində faizsiz borc pul almışdır. “Kredit müqaviləsi”nin 3-cü maddəsinə əsasən borc alan Cavabdeh xx.xx.2022-ci il tarixədək hər ay 400 (dörd yüz) manat məbləğində pulu ona ödəməyi öhdəsinə götürmüşdür. Lakin indiyədək 2000 (iki min) manat borc puldan hissə-hissə ödəməklə cəmi 200 (iki yüz) manat pul vermişdir. Hazırda 1800 (bir min səkkiz yüz) manat məbləğində borcu qalmışdır. Eyni zamanda notariatda kredit müqaviləsi bağlayarkən 115 (yüz on beş) manat dövlət rüsumunu cavabdehin pulu olmadığından o ödəmişdir. Beləliklə, Cavabdeh ona 1915 (bir min doqquz yüz on beş) manat məbləğində borc pul ödəməli olduğu halda, indiyədək borc pulu vermir, pulunu tələb etdikdə isə müxtəlif bəhanələrlə verməkdən imtina edir. Ona görə də həmin borcun qaytarılması və ona dəymiş maddi zərərin ödənilməsi məhkəmə qaydasında həll edilməlidir. Göstərilənlərə əsasən Cavabdeh 1800 manat məbləğində borc, kredit müqaviləsi bağlanarkən notariat üçün ödədiyi 115 manat dövlət rüsumu, ümumilikdə 1915 manat məbləğində borcun və dövlət rüsumu üçün ödədiyi 40 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir.

5. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

7. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 2000 (iki min) manat məbləğində borc pul vermişdir. Cavabdeh iddiaçıya olan borcunu xx.xx.2022-ci il tarixinədək qaytarmağı öz üzərinə öhdəlik götürməsinə baxmayaraq, həmin tarixdən xeyli müddət keçmiş, lakin cavabdeh öhdəliyini tam icra etməyərək, borcun az hissəsini ödəyərək, qalan borcu iddiaçıya müqavilədə nəzərdə tutulmuş qaydada tam şəkildə ödəməmişdir.

b) Mülki işin materialları:

8. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 2000 (iki min) manat məbləğində borca pul vermişdir.

9. Həmin müqavilənin 3-cü bəndinə əsasən “borc alan” krediti xx.xx.2022-ci il tarixinədək hər ay 400 (dörd yüz) manat “borc verənə” qaytarmağı öz öhdəsinə götürmüşdür.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

11. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

12. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

13. Eyni Məcəllənin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

14. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

15. Göstərilən Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

16. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən borcun ödənilməsi barədə qəbz və s. sübutlar təqdim olunmadığı üçün iddia tələbi təmin edilməli, cavabdeh 1800 (bir min səkkiz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir.

19. Məhkəmə iddia tələbinin kredit müqaviləsi bağlanarkən notariat üçün ödədiyi 115 manat dövlət rüsumunun tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir.

20. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən 115 manat dövlət rüsumu ödənilməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmadığından, həmin hissədə tələb əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş kredit müqaviləsinin 12-ci bəndindən də görünür ki, notariat qaydasında təsdiq edilən xərcləri “borcalan” (Cavabdeh) çəkir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

24. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. «Dövlət rüsumu haqqında» AR Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir.

26. Belə olan halda, iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də tələb qismən təmin edilməli, ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq 38 (otuz səkkiz) manat Cavabdeh tutulmalı, 2 (iki) manatı isə İddiaçı aid edilməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1800 (bir min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 38 (otuz səkkiz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetindən istifadə etməklə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar