Məhkəmə qərarları › İş №2(006)-20/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-20/2022

10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-20/2022 10.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 1248.12 (min iki yüz qırx səkkiz manat, on iki qəpik) manat, faiz borcu üzrə 872.78 (səkkiz yüz yetmiş iki manat, yetmiş səkkiz qəpik) manat, cərimə borcu üzrə 156.57 (yüz əlli altı manat, əlli yeddi qəpik) manat, cəmi 2277,47 (iki min iki yüz yetmiş yeddi manat, qırx yeddi qəpik) manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh1 arasında bağlanmış YA-398/14 nömrəli, 13.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 illik 24 faizlə 12 ay müddətinə 10.000 manat kredit verilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin, kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı nə qədər səy göstərsə də, cavabdeh öz öhəliyini bugünədək yerinə yetirməmişdir. Yuxarıda adı çəkilən YA-398/14 nömrəli, 13.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 əsas borc üzrə 1248.12 manat, faiz borcu üzrə 872.78 manat, cərimə borcu üzrə 156.57 manat, cəmi 2277,47 manat borcu mövcuddur. İddiaçı LPO İddiaçı ASC vəsatətlə məhkəməyə müraciət edərək, 20 dekabr 2015-çi il tarixdə vəfat etmiş Cavabdeh1, onun hüquqi varisi olan Cavabdeh3 və Cavabdeh2 Bahadur qızı ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçı LPO İddiaçı ASC 29 aprel 2022-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 13 noyabr 2014-cü il tarixli Kredit müqaviləsi üzrə cəmi 2710.29 manat – bundan 1248.12 manat əsas, 105.76 manat faiz, 963.37 manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 393.04 manat faiz borcu, 19.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 2914.83 manat – bundan 132.08 manat əsas, 28.88 manat faiz, 2704.79 manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 49.08 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə AR Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq, “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəni mümkün hesab edir və icraata qəbul edir. Belə ki, AR MPM-in 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mülki iş üzrə cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə baxış iclasında iştirak etməmişlər. Məhkəmə AR MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, toplanmış sübutlara hüquqi qiymət verərək və iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan YA-398/14 nömrəli, 13.11.2014-cü il tarixli “Plastik kart kredit müqaviləsi”nə əsasən, bir tərəfdən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə digər tərəfdən Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, borcverən borcalana xüsusi kart hesabı üzrə 10.000 manat məbləğində kredit xəttinin açılmasını öhdəsinə götürmüşdür. Borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqaviləyə əsasən, borcalan tərəfindən plastik kartdan istifadə edilmiş məbləğ və ona hesablanmış faizlər hər ayın sonu tam şəkildə ödənilməli idi. İş materiallarında olan iddiaçı LPO İddiaçı ASC tərəfindən məhkəməyə təqdim etmək üçün verilən 05.06.2018-ci il tarixli məktubdan görünür ki, iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 04.06.2018-ci il tarixə yaranmış tələb aşağıdakı kimidir:

1. Əsas borc qalığı- 1248.12 manat;

2. Faiz qalığı- 872.78 manat;

3. Borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan cərimə- 156.57 manat;

4. Müqavilənin tələbləri əsasında yaranmış ümumi borc isə- 2277.47 manat.

İş materiallarında olan Cavabdeh1 ünvanlanan 18 may 2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, 17 may 2018-ci il tarixədək hesablanmış 1248.12 manat əsas, 858.63 manat borcun xəbərdarlıq məktubunu alınan vaxtdan etibarən 5 gün müddətində LPO İddiaçı ASCyə tam şəkildə ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 26.01.2016-cı il tarixli, AZ-İ № 779498 seriyalı ölüm haqqında şəhdaətnamənin qanunla müəyyən olunmuş qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh1 20.12.2015-ci il tarixdə “mexaniki asfiksiya” səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 26.01.2016-cı il tarixdə 28 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-912/2019 saylı, 29.08.2019-cu il tarixli qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin cavabdeh Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Cavabdeh1 hüquqi varisi müəyyən edilənə kimi hazırki mülki iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Bakı şəhəri 13 saylı Notariat Ofisi tərəfindən verilən 55 №-li, 09.03.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, 20.12.2015-ci il tarixdə vəfat etmiş mərhum Cavabdeh1 adına vərəsəlik işi açılmış və vərəsələri – arvadı Cavabdeh2, oğlu X3 və qızı Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bunu iş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr də təsdiq edir. İş materiallarında olan iddiaçı LPO İddiaçı ASC tərəfindən verilən 14 mart 2022-ci il tarixli yazılı vəsatətə əsasən, iddiaçı LPO İddiaçı ASC icraatda olan mülki iş üzrə Cavabdeh1, ünvan 1 ünvanında qeydiyyatda olanlar arvadı- Cavabdeh2 və qızı- Cavabdeh3 ilə əvəz olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan iddiaçı LPO İddiaçı ASC tərəfindən məhkəməyə təqdim etmək üçün verilən 18.04.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 13.04.2022-ci il tarixə yaranmış tələb aşağıdakı kimidir:

1. Əsas borc qalığı- 1248.12 manat;

2. Faiz qalığı- 393.04 manat;

3. Müqavilənin tələbləri əsasında yaranmış ümumi borc isə- 2710.29 manat. İş materiallarında olan iddiaçı LPO İddiaçı ASC tərəfindən məhkəməyə təqdim etmək üçün verilən 18.04.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə 13.04.2022-ci il tarixə yaranmış tələb aşağıdakı kimidir:

1. Əsas borc qalığı- 132.08 manat;

2. Faiz qalığı- 49.08 manat;

3. Müqavilənin tələbləri əsasında yaranmış ümumi borc isə- 2914.83 manat. İş materiallarında olan borclular Cavabdeh2 və Cavabdeh3 İlqar qızına ünvanlanan 13 aprel 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank qarşısında 13.04.2022-ci il tarixə 2.914,83 manat icra edilməmiş borc mövcuddur. Həmin borcun 3 gün müddətində banka ödənilməsi tələb olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəlikləri yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 1133.1-ci maddəsinin tələbinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinin tələbinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinin tələbinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinin tələbinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1, 11591.1-ci maddələrinin tələbinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinin tələbinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunur: “nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir. Dəbbə pulunun hesablanması qaydası müqavilədə müxtəlif müəyyən oluna bilər: müqavilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında; öhdəlik üzrə icra edilməyən və ya lazımınca icra edilməyən məbləğdən dəfələrlə artıq miqdarda; sabit pul məbləğində.” Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə kredit müqaviləsinin qüvvədə olma müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmaqla faiz borcunun tutulması hər hansı şərtlə məhdudlaşdırılmamışdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında 13.11.2014-cü il və 19.06.2014-cü il tarixli kredit müqavilələri bağlanmış, birinci müqavilə üzrə cəmi 2710.29 manat, ikinci müqavilə üzrə isə 2914.83 manat qalıq borc mövcuddur. Həmin müqavilələrin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 20.12.2015-ci il tarixdıə vəfat etdiyindən onun borcu mərhumun qanun üzrə vərəsələri təyin edilmiş Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalıdır. Məhkəmə iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 13.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1248.12 manat əsas, 105.76 manat faiz, 96.33 manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 393.04 manat faiz borcu, 19.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə 132.08 manat əsas, 28.88 manat faiz, 270 manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 49.08 manat faiz borcu və dövlət rüsumu olaraq iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 13.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1248.12 manat əsas, 105.76 manat faiz, 96.33 manat cərimə, Azərbaycan Respuyblikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 393.04 manat faiz borcu, 19.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə 132.08 manat əsas, 28.88 manat faiz, 270 manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 49.08 manat faiz borcu və dövlət rüsumu olaraq iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar