Məhkəmə qərarları › İş №2(006)-2002/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2002/2024

17.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2002/2024 17.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Qaralov İlqar Zahid oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı AAA oğlunun və cavabdeh BBB qızının iştirakları ilə, İddiaçı AAA oğlunun cavabdeh BBB qızına qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı AAA oğlu cavabdeh BBB qızına qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı AAA oğlu 13 mart 2010-cu ildə BBB qızı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X4 dünyaya gəlmişdir. Əvvəllər ailə münasibətləri yaxşı olsa da, sonradan ailə münasibətləri kəskin şəkildə pozulmuşdur. Bu səbəbdən iddiaçı nikahın pozulmasını və böyük qızı X1 onun himayəsinə verilməsi tələbi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Yekun məhkəmə qətnaməsi ilə nikah pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X1 atasının himayəsində saxlanılması qət edilmişdir. X2 xx.xx.2021-ci il tarixdən onun himayəsindədir. Bu günə qədər cavabdeh uşağın maddi ehtiyacları və sosial inkişafına heç bir maraq göstərməmişdir. Bundan əlavə digər uşaqları X4 cavabdehin himayəsində qalmasına baxmayaraq ona da ana nəvazişi, ana qayğısı göstərmir. Cavabdeh işlədiyi üçün balaca qızları qonşuların ümidinə qalmışdır. Bu da iddiaçını bir ata kimi narahat edən məsələlərdən biridir. Güründüyü kimi cavabdeh bir valideyn kimi uşaqların böyüməsində, sosial inkişafında heç bir maraq göstərmir. Sonradan iddiaçı aliment tələbi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh BBB qızından iddiaçı AAA oğlunun xeyrinə xx.xx.2023-cü il tarixdən (iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən) başlayaraq hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini, alimentin miqdarının artırılaraq xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərcinin cavabdeh BBB qızından alınaraq iddiaçı AAA oğluna verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı AAA oğlu iddia tələbini müdafiə edərək, onun himayəsində olan uşağın xərclərinin çox olduğunu bildirmişdir. Eyni zamanda o, aliment borcu olduğundan cavabdeh tərəfin onu sıxışdırdığını və borcun ödənilməsini tələb etdiyini, ona görə də alimentin artırılması yolu ilə cavabdehlə qarşılıqlı aliment borclarının əvəzləşdirilməsi məqsədi olduğunu bildirmişdir. Qeyd olunanları əsas gətirərək yaşayış minimumuna uyğun alimentin artırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh BBB qızı iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, alimentin artırılması ilə bağlı razı deyildir, buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3866/2023 saylı qətnaməsindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh BBB qızından iddiaçı AAA oğlunun xeyrinə xx.xx.2023-cü il tarixdən (iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən) başlayaraq hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 882/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı AAA oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3866/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru X6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞB/6-0148 saylı arayışdan görünür ki, AAA oğlu alimentin artırılması ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət etmiş lakin, tərəflər arasında ilkin mediasiya sessiyası baş tutmamışdır. Eyni zamanda, iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Birliyi 13 saylı Mənzil-Kommunal İstismarı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 215 saylı arayışdan görünür ki, AAA oğlu və X2 xx.xx.2021-ci il tarixdən bugünədək ünvan 1 ünvanında qeydiyyatsız yaşayırlar. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 14 yanvar 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı iki övladları dünyaya gəlmişdir. Daha sonra məhkəmə qətnaməsi ilə onların nikah münasibətlərinə xitam verilməsi, birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X1 atası AAA oğlunun yanında, xx.xx.2019-cu il təvəllüdlü X3 anası BBB qızının yanında saxlanılması qət edilmişdir. Eyni zamanda, xx.xx.2019-cu il təvəllüdlü X3 anası BBB qızının himayəsinə verilməklə, yetkinlik yaşına çatanadək saxlanılması üçün AAA oğlundan onun xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sonadan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh BBB qızından iddiaçı AAA oğlunun xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı cavabdehlə qarşılıqlı aliment borclarının olduğunu, onun cavabdehə aliment borcunun məbləğinin daha çox olduğunu bildirirək, artırılacaq məbləğ hesabına cavabdehlə aliment borclarının məbləğinin eyniləşməsi və bundan sonra borcların qarşılıqlı əvəzləşdirilməsi məqsədilə yaşayış minimumuna uyğun alimentin artırılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı AAA oğlunun xeyrinə tutulan alimentin məbləği Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 175 manat müəyyən edilmiş, həmin məbləğlə razı olmayan iddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış və alimentin məbləği 175 manat olaraq dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qətnamə qəti olduğundan dərhal qanuni qüvvəsini almışdır. Həmin qətnamənin qəbul edildiyi tarixdən 34 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə iddiaçı hazırkı iddia tələbi ilə alimentin artırılması üçün yenidən məhkəməyə müraciət etmişdir. İddia ərizəsində və məhkəmə iclasında tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğu əsaslandırılmamış və bu hal sübuta yetirilməmişdir. Əksinə olaraq tərəflərin ailə və ya maddi vəziyyətində hər hansı dəyişikliyin olmadığı müəyyən edilmişdir. Bununla yanaşı iddiaçının məhkəmə iclası vaxtı verdiyi izahatından da göründüyü kimi alimentin məbləğinin artırılmasına səbəb yetkinlik yaşına çatmayan uşağın xərclərinin ödənilməsi yox, tərəflər arasında qarşılıqlı olan aliment borclarının məbləğinin eyniləşdirilməsi məqsədi olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddiaçının xeyrinə tutulan alimentin məbləğinin qəti olaraq müəyyən ediliyi vaxtdan hazırkı tələblə məhkəməyə müraciət edilən vaxta qədər tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olmadığından, eyni zamanda aliment borcu ilə bağlı tərəflərin öhdəlikləri ilə onların bir valideyn kimi övladlarına qayğı göstərmək öhdəliklərinin eyniləşdirilməsi yolverilməz olduğundan iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı AAA oğlunun cavabdeh BBB qızına qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı AAA oğlunun cavabdeh BBB qızına qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Qaralov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar